525.Az

Rusiyanın fəlakətinin "süvari"ləri - Xaqani Cəfərli yazır


 

Rusiyanın fəlakətinin "süvari"ləri - <b style="color:red"> Xaqani Cəfərli yazır</b>

Xristian inancına görə, qlobal fəlakət (Apokalipsis) özünün dörd süvarisinin yer üzünə enişinin sonunda baş verəcək. Yer üzünə enən ilk süvarı taun (epidimiya), ikinci süvari müharibə, üçüncü süvari aclıq və nəhayət, dördüncü süvari ölüm gətirəcək.

Statistik məlumatların təhlili göstərir ki, koronavirus pandemiyasının tüğyan etdiyi 2021-2022-ci illərdə Rusiyada ən azı 1,2 milyon nəfər COVİD-19 virusunun qurbanı olub. Rusiya iqtisadiyyatı pandemiyanın iki ilində 10 trilyon rubl itirib.

Rusiya COVİD-19-dan xilas olmamış Kreml Ukraynaya qarşı fəlakətli müharibəni başlatdı. Nüfuzlu qurum və şəxslər müharibənin 11 ayı ərzində Rusiyanın 250 min nəfər itirdiyini bildirirlər. Müharibə başlayandan sonra Rusiyanı ən azı 1 milyon insan ölkəni tərk edib.

Müharibənin iqtisadi itkilərini tam hesablamaq mümkün deyil. Ehtimal edilir ki, müharibənin 11 ayı Rusiya Ümum Daxili Məhsulunun ən azı 3-6 faizini itirib. Bu isə o deməkdir ki, müharibənin 11 ayı ərzində Rusiyanın iqtisadi itkisi ən azı 45-50 trilyon rubl təşkil edir. Əksər ekspertlər isə Rusiyanın ÜDM-nin 6 faizini, yəni 100 trilyon rubl itirdiyinə əmindirlər. Bu rəqəm isə ən bədbin hesablamalar da deyil. Daha bədbin fikirlər də mövcuddur.

Müharibənin sonu görünmədiyi kimi, savaşın şiddətli mərhələsinin qarşıda olduğu da aydın görünür. Müttəfiqləri Ukraynanı sürətlə və kütləvi şəkildə müasir silahlarla silahlandırırlar. Qərbin yüksək texnologiyalı silahlarla silahlanmış Ukrayna ordusunun bir neçə həftədən sonra gözlənilən əks-hücumunun qarşısını almaq üçün Rusiya iqtisadiyyatını hərbi relslər üzərinə keçirməyə başlayıb və kütləvi hərbi səfərbərliyə hazırlaşır. Əksər iqtisadçılar iqtisadiyyatın hərbi relslər üzərinə keçirilməsi ideyasını avantüra hesab edirlər. Sovet İttifaqından fərqli olaraq azad iqtisadi münasibtlərin mövcud olduğu, korrupsiyanın və rüşvətxorluun tuğyan etdiyi Rusiyada iqtisadiyyatın hərbi relslər üzərinə keçirilməsi əks-nəticə verə bilər.

Ukrayna ordusunun əks-hücumunun  qarşısını almaq üçün keçiriləcək ikinci və daha kütləvi hərbi səfərbərlik də fəlakətli nəticələr doğuracaq. Məlumatlara görə, ən azı 500 min, bəzi məlumatlara görə isə 2 milyon nəfərin hərbi səfərbərliyə alınması gözlənilir. İddialara görə, həkim və tibb bacılarından ibarət 30 min qadının da səfərbər olunması nəzərdə tutulur. Kütləvi səfərbərliyin, o cümlədən, qadınların orduya çağırılmasının ölkədən daha böyük insan axınına səbəb olacağı şübhəsizdir. Ona görə də sərhədlərin bağlanması fikri gündəmə gəlib. Prezident Vladimir Putinin belə bir sərt addım atıb-atmayacağı bəlli olmasa da, Rusiya haimiyyətinin seçim imkanının olmadığı da aydın görünür. Çünki kütləvi səfərbərlikdən yayınmaq cəhdləri daha kütləvi olacaq və bunun nəticəsində 5 milyon insanın ölkəni tərk edə biləcəyi ehtimalı var. Sərhədlərin bağlanması ölkədən qaçışın qarşısını almaqda faydalı ola bilər, amma iqtisadi münasibətləri də tamamilə dağıdacaq. 

Rusiya üçün fəlakətin üçüncü suvarisi isə neft gəlirlərinin azalması olacaq. 5 dekabrda neft ixracına qarşı qüvvəyə minən embarqo və Rusiyanın ixrac etdiyi neftin satışına yuxarı hədd qiymətinin tətbiqi nəticəsində Rusiya gündəlik 170 milyon dollar itirir. Neft məhsullarının ixracına tətbiq edilən sanksiyanın qüvvəyə minəcəyi 5 fevraldan sonra Rusiyanın gündəlik itkiləri 280 milyon dollar və ya ildə təxminən 102 milyard dollar təşkil edəcək. Belə nəticəyə Enerji və Təmiz Hava Tədqiqatları Mərkəzi (Centre for Research on Energy and Clean Air-CREA) gəlib. CREA-nın hesablamaları ona əsaslanır ki, Rusiyanın Urals markalı nefti artıq bazar qiymətindən çox aşağı qiymətə satılır. Rusiya Maliyyə Nazirliyinin məlumatına görə, dekabr ayında "Urals" markalı neftin orta qiyməti bir barel üçün 50,5 dollar təşkil edib. Halbuki Brent markalı neft dekabrda orta hesabla 81,5 dollardan satılıb. Beləliklə də, Rusiya nefti "Urals Brent"lə müqayisədə təxminən 31 dollar və ya 38 faiz ucuz satılıb. Halbuki sanksiyalardan əvvəl bir qayda olaraq "Urals"la Brent arasında qiymət fərqi 20 faiz olub. İndi isə göründüyü kimi, qiymət fərqi təxminən iki dəfə artıb.

Maliyyə naziri Anton Siluanov bildirib ki, aşağı qiymətlər səbəbindən büdcə gəlirləri 400 milyard rubl azalıb. Nazir hesab edir ki, 2023-cü ildə vəziyyət daha da pisləşə bilər. Çünki yanvarın əvvəlində Urals neftinin bir barelinin dəyəri 38,7 dollara düşüb.

Ötən il Rusiyann dövlət büdcəsinin kəsiri Maliyyə Nazirliyinin bütün proqnozlarını üstələyərək 3,3 trilyon rubl və ya ÜDM-in 2,3 faizni təşkil edib və bu, fəlakətin xəbərçisi hesab olunur. Halbuki Maliyyə Nazirliyi büdcə kəsirini ÜDM-in 0,9 faizini keçməyəcəyini proqnozlaşdırırdı. İqtisadçılar hesab edirlər ki, Maliyyə Nazirliyinin və Mərkəzi Bankın rəhbərliyinin peşəkarlığı sayəsində hələlik ayaqda dayanan maliyyə-bank sistemi növbədi dalğaya davam gətirməyəcək. Maliyyə Nazirliyinin və Mərkəzi Bankın rəhbərliyi ordunun, hüquq-mühafizə orqanlarının və kəşfiyyat qurumlarının "iştahalarını" maliyyələşdirmək üçün mənbələr tapmaqda çətinlik çəkirlər. Neft gəlirlərinin kəskin azalması sonuncu ümidləri də öldürür. İqtisadçılar Rusiyanın büdcə "fəlakəti"nin bir addımlığında olduğu haqqında xəbərdarlıq edirlər.

Belə bir vəziyyətdə özəl strukturun sərmayəsinin müsadirə olunması ehtimalı gündəmə gəlib. Rusiyada aclıq və qıtlığın yaranmamasının yeganə səsbəbi olan özəl biznesin müharibəni maliyyələşdirmək üçün müsadirə olunması 145 milyon insanın yaşadığı bir ölkədə qıtlığa səbəb olacaq. Avropa ölkələri belə bir vəziyyətin yarana biləcəyi ehtimalını yüksək qiymətləndirirlər. Avropa ölkələri belə olacağı halda Rusiyadan "köhnə qitə"yə insan köçünün dəfələrlə artacağından qorxurlar.

Rusiya fəlakətin üçüncü süvarisinin addımları altında titrəyərkən üfüqdə dördüncü süvarinin silueti görünür. Dördüncü süvari Rusiya ordusunun Ukraynaya qarşı müharibədə məğlubiyyəti olacaq. 

 





16.01.2023    çap et  çap et