525.Az

"Yaxşı, ya pis millət vəkili olmaq vicdan məsələsidir"


 

MİLLƏT VƏKİLİ VÜQAR İSKƏNDƏROV: "İNSAN ÇALIŞMALIDIR Kİ, NƏSLİNİN DAVAMÇILARI GƏLƏCƏKDƏ ONA GÖRƏ UTANMASINLAR"

"Yaxşı, ya pis millət vəkili olmaq vicdan məsələsidir"<b style="color:red"></b>

Millət vəkili Vüqar İskəndərovla söhbət

 

- Vüqar müəllim, siyasətə gələndən sonra həyatınızda nələr dəyişdi?

- İstər-istəməz nələrsə qismən dəyişib. Adam asudə həyatdan bir az uzaqlaşır. Qrafiklə işləməyə məcbur olub, vaxtı düzgün idarə etməyə çalışırsan. İnsanın statusu dəyişsə də, hisslərinin diktəsi ilə vəhdətdə qalmaq daha düzgündür. İnsan daxili sabitliyini heç nəyə qurban verməməli, bunları tənzimləməyə çalışmalıdır. Dəyişmək heç kimə başucalığı gətirmir.

- Övladlarınıza əvvəlki qədər zaman ayıra bilirsinizmi?

- Yox, çox az vaxt ayıra bilirəm. Daha çox kənara zaman ayırıram. Uşaqlara vaxt ayıranda isə çox rahat oluram, çox ürəyimcə olur. Övladlarımın biri 24, o biri 16 yaşındadır, biri alitəhsillidir, o biri orta məktəb şagirdidir.

- Hüquqşünas, iqtisadçı və idmançı. Bu peşələrin hansı sizə daha doğmadır?

- Siyasət (gülür). Karyerama idmanla başlamışam. Bir az gec təhsil almağımın səbəbi də idmanla bağlı olub. Çünki daha çox yarışlarda, məşqlərdə olurdum. Həyat tərzimə idman doğma gəlir. Əsasən şərq döyüşləri ilə məşğul olmuşam. Bunlar idman sayılmır. Şərq döyüş növünün əsas məqsədi kamil insan yetişdirməkdir. Daxilən samuray qalırsansa, səni əzmək çətin olur. Emosionallığında, ədalətli olmağa çalışmağında o sistemin izi qalır. Samuray ruhundan mənə nələrsə hopub. İllərlə məşğul olduğu sənət insanın istər ruhuna, istər də fiziki durumuna təsir göstərir, iz buraxır. Cəmiyyətdə tanınmağıma görə gənclik illərində məşğul olduğum döyüş sənətinə borcluyam.

- Özünüzü cəsarətli insan hesab edirsiniz?

- Bəli. Gənc vaxtlarımda komplekslərim vardı, nələrdənsə utanırdım, fikirlərimi ifadə etməkdə çətinlik çəkirdim. Özümdə güclü enerjinin olduğunu görürdüm, amma baxırdım ki, məni geri çəkən nəsə var. Bacarıqlı olmağıma rəğmən, sıxıldıqca o hiss daha da inkişaf edirdi. Anladım ki, cəsarətli olmasaydım, döyüş növünü seçməzdim, daha sakit işlə məşğul olardım. Komplekslər insanın təkmilləşməyinə çox ciddi mane olur. Cəsarətli olmaq faydalıdır. Hansı missiyanı daşıdığını anlamalısan. İnsan öz missiyanı bildikdən sonra yaşamaq rahat olur. İnsan mütləq töhfə verməyə çalışmalıdır. Yoxsa həyatın mənası olmaz.

- Həyatda daha çox nəyin arxasınca qaçmısınız?

- Çətin, həm də maraqlı sualdır. Daha çox özümü təsdiq etməyə çalışmışam. Ailəmə, yaxınlarıma, dostlarıma qarşı fədakar olmuşam. Onları arxamca aparmağa çalışmışam. Özümdən kənara çox vaxt ayırmışam. Fədakarlığın ziyanını da görmüşəm, xeyrini də. Amma heç vaxt tərəziyə qoymuram. Fədakar insanlar özünü ikinci yerə qoyur, özünə ziyan edir. Peşman deyiləm. Arxasınca ən az qaçdığım şey pul olub. Bütün məsələlərdə məndən qat-qat geri qalanlar məndən artıq pul qazanıbar. Mən daha çox tanınmışam, cəmiyyətə faydalı olmağa çalışmışam. Hərdən peşman olduğum anlar da olub. Amma tez də fikrimi dəyişib demişəm ki, mən güclü insanam. Anlamışam ki, pullu olmaq varlı olmaq demək deyil. Arxasınca ən çox qaçdığım fədakarlıq olub. Çoxlarının yerinə işləmişəm. Lakin bunların heç birini məqsədli şəkildə etməmişəm. Bəlkə elə buna görə də bu gün burdayam.

- İnanın, bu cavabınızda mən öz həyatımı gördüm.

- Əziyyətinizin heç zaman yerdə qalmamasını arzulayıram. Səmimiyyətimə inanın, bir iş görəndə düşünməmişəm ki, görəsən, qiymətini verəcəklərmi? Deyirdilər ki, görəcəklər, belə olmaz. Amma indiki halıma baxanda düşünürəm ki, gördülər və qiymətləndirdilər.

Mən dinamik insanam. Düşünürəm ki, bir gün hamımız əbədi yuxuya gedəcəyik, ona görə nələrsə etmək lazımdır. Həyata gəlmişiksə, qarşımıza məqsəd qoymalı, özümüzü sevdiyimiz işə həsr etməliyik. İnsan bir yol tutub o yolla da getməlidir. Ömür qısadır, hər şeyi çatdırmaq mümkün olmasa da, bir çox şeyləri etmək mümkündür.

- "Əsla etmərəm" dediyiniz nələrsə varmı?

- Çoxdandır "əsla" və "heç vaxt" sözlərini işlətmirəm. O ifadələr məqamı gəldikdə insanı utandırır. Ona görə məcazi mənada desək, o məsələdən müalicə olunmuşam (gülür).

- Neçə yaşınızdan sonra bu sözü işlətməyi özünüzə rəva bilmədiniz?

- Hardasa 27-28 yaşımdan sonra. Fikrimi "Belə düşünürəm ki", "məncə, belə ola bilər" sözləri ilə çatdırıram. Hamımızın içində bir müxalif var. Məsələn, mənim içimdə bir Vüqar, sizin içinizdə bir Aysel var. Onlardır bizim səhvlərimizi deyən və o səhvləri düzəltməyə çalışan. Biz həmin o müxaliflə mübarizəmizdə inkişaf edirik. Digər insanların fikirləri əksinə, adamı çaşdıra bilər. Mən çox az adamdan yaxşı tövsiyə almışam. Elə məsləhətlər var ki, mənə uğur gətirməyib. Eləsi də olub ki, həyatımda dönüş rolunu oynayıb. Nə bizi öldürmürsə, o, bizi gücləndirir. Ölənə qədər başımıza gələn hər şey bizi gücləndirmək üçündür. Belə fikirlər acizliyin daşını atmaqda insana kömək edir. Güclənirsən və həyata ürəkli atılırsan. Bir fikir necə də cəsarət verə bilir insana.

- İnsanlarda ən çox hansı keyfiyyətlərə üstünlük verirsiniz?

- Səmimiyyətə. Uzun illər araşdırmışam ki, görəsən, insanlar arasında münasibətləri dağıdan səbəb nədir? Bunun adi bir səbəbi var: səmimiyyətin olmaması. Səmimiyyət münasibətdə hər şeyin açarıdır.

- Maraqlı izahdır. Amma elə insan var, deyir ki, mən qarşımdakı insanla səmimi oldum, amma o, bu səmimiyyətdən sui-istifadə etdi.

- Düzdür, bu tərəfi də var. Adamları əslində, çox da dərindən tanımaq mümkün deyil. İnsan oxunmamış kitabdır. Nə qədər çox dərinə getsən, geriyə təəssüflə qayıda bilərsən. Elələrilə yoldaşlıq etməsək də, ən azından ünsiyyətimizdən necə biri olduğunu bilməliyik. Bilməliyik ki, kimin yanında nəyi demək olar, nəyi yox. Məsələn deyək ki, dostlarınızdan biri sizi aldadır və kimsə sizdən soruşur ki, ona niyə aldandın, bu dərəcədəmi sadəlövhsən? Qoy desinlər. Sən sadəlövh deyilsən, sadəcə o, namərddir. Əsas olan budur. Mən gənc vaxtlarımda aldadanda pis olurdum. Amma indi heç təəssüf etmirəm. Yenə də aldana bilərəm. Bir də ki, elə davrananlar bununla nə qazanacaqlar? Heç nə! Yük onların üstündə qalır. Əksinə, bu hərəkətlə adlarına damğa vurmuş olacaqlar. Ona görə də aldanmaqdan qorxmaq lazım deyil. Çalışın aldanmayın, amma aldananda da özünüzü çox qınamayın. İnsandan öncə mən prinsipi var. Bu, eqoizmə aparan yox, idarə olunan mən olmalıdır. Səndən öncə sənsən, çünki hər şey sənlə başlayır. İstər ruhən, istərsə də fiziki baxımdan yaxşı olmalısınız ki, insanlara dəstək ola biləsiniz. Fədakar olanda özünüzü unutmayın. Özünü unudarsan, heç kimə lazım olmazsan.

- Hansı dəyərləri üstün tutursunuz?

- Dəyər çoxşaxəli sözdür. Bir dəfə bir müsahibəmə belə başlıq qoymuşdular: "İnsan iki dəfə ölür". Biri fiziki ölümdür, amma ondan da ağır ölüm insanın gərəksiz olmasıdır. İnsan lazımsızlığını hiss etsə, mənən ölər. Ondan böyük zərbə isə yoxdur. Fiziki ölüm mənən ölümün yanında mükafatdır. Ən böyük dəyər insanın gərəkli olması və axtarılmağıdır. Axtarılırsansa, qiymətlisən.

- Özünüzdə dəyişdirmək istədiyiniz hansısa xüsusiyyət varmı?

- Var. Amma daha gecdir. Dostlaşıb dil tapmışıq. Ümumiyyətlə, insan çatışan və çatışmayan xüsusiyyətləri ilə insandır. Məsləhət görürəm ki, qətiyyən özünüzü qınamayın. Qınamaq insanı çox kiçildir. Nə öyünmək lazımdır, nə də narazılıq etmək. İnsan biliyi ilə üstündür. İstər görkəminə, istər pulunun çoxluğuna görə öyünəndə adam kənardan cılız görünür, bu, ətrafda ikrah doğurur. Ağıllı insan günəş kimi işıq saçır. Hər kəsin gözündə işıq olur, hörmət qazanır. Həyat bıçaq kimidir - qatilin əlində öldürür, cərrahın əlində həyata qaytarır. Eyni bıçaqla dadlı yemək də hazırlaya bilərsən. Baxır o bıçaq kimin əlindədir. Həyat və idrak da elədir. Baxır kim necə istifadə edir - müsbətmi, yoxsa mənfimi?

- Millət vəkili olmaq sizə nəyi öyrətdi?

- Millət vəkilliyi bir missiyadır. Mən bunu fürsət adlandırıram. Yaxşı, ya pis millət vəkili olmaq vicdan məsələsidir. İnsanlara faydalı olub, onların adından edə biləcəyin məsələlər var. Bəlkə də, fəlsəfi səslənəcək, hansısa qanunun qüvvəyə minməsi məni xoşbəxt edir. İstəyirəm, vəzifədən gedəndə insanların üzünə çıxa bilim, kiməsə yaxşılıq etmədiyimə görə utanmayım, alnım açıq olsun. Elə yaşaya bilərsən ki, 100 il sonra doğulanlara ziyanın da toxuna bilər, xeyirin də. Elə insan var ki, hansısa nəsildən gəldiyi üçün utanır. Hansısa mütəfəkkirin nəslindən olanlar isə bu gün onun xeyirini görür. Ona görə təkcə bu günü düşünmək lazım deyil. İnsan çalışmalıdır ki, nəslinin davamçıları gələcəkdə ona görə utanmasınlar. Adam kimi doğulmuşuq, insan kimi ölməyi bacarmalıyıq.

Aysel KƏRİM

 





16.01.2023    çap et  çap et