525.Az

Heç nəyi sabaha saxlamayaq - Sevda Sultanova yazır


 

TEATRIMIZIN BUGÜNKÜ PROBLEMLƏRİNİ DƏ

Heç nəyi sabaha saxlamayaq - <b style="color:red"> Sevda Sultanova yazır</b>

İctimai Televiziyanın (İTV) efirində 2019-cu ildən yayımlanan, həftənin dörd günü efirdə olan "Sabaha saxlamayaq" verilişi Azərbaycan teleməkanında azsaylı peşəkar müzakirə platformalarından biridir. Zövqsüz şouların, məişət söz-söhbətlərinin, manipulyativ sosial verilişlərin çoxluğu "Sabaha saxlamayaq" kimi ciddi verilişlərinin vacibliyini zərurətə çevirir. Müxtəlif problemləri (elm sahəsindən tutmuş dərsliklərin vəziyyətinədək) mütəxəssislərlə birgə araşdıran layihə adətən gərgin polemikalar üzərində qurulur. Verilişin keyfiyyətli alınmasında yaradıcı, texniki heyətin əməyi ilə yanaşı, şübhəsiz ki, aparıcılar - Vüsalə Məmmədova və Ürfan Məmmədlinin hazırlıq səviyyəsi, mövzuya bələd olmaları və peşəkarlıqlarının da rolu əhəmiyyətlidir. Peşəkarlıq deyəndə həm də aparıcıların iştirakçılara təmkinli, sayğılı münasibətini, danışmaq üçün bərabər imkanların, demokratik mühitin yaradılmasını, redaksiyanın günün reallıqlarına çevik reaksiyasını nəzərdə tuturam. Ona görə "Sabaha saxlamayaq" ildən ilə plankası aşağı düşən televiziyamızda az proqramlardandır ki, öz sahəmlə bağlı müzakirələrdə qonaq qismində iştirakdan məmnunluq duyuram...

Ötən həftələrdən birində efirə gedən bir verilişdə "Teatrımız bu gün: tamaşaçı razıdırmı?" mövzusunda maraqlı müzakirə keçirildi. Verilişə dəvət olunan teatrşünaslar, rejissor və yazarlar teatrın problemlərini, mövcud vəziyyətini aydınlaşdırmağa və araşdırmağa cəhd göstərdilər. Müzakirəni gərginləşdirən məqamlardan biri tərəflərin tənqidlə bağlı fikirlərinin üst-üstə düşməməsiydi. Teatrşünasların ümumi fikri bundan ibarət oldu ki, hazırda teatrları tənqid etmək doğru deyil. Əslində isə səsləndirdikləri fikirlər bir-birini təkzib eləyirdi. Bir tərəfdən teatrşünaslar tənqidin teatrda olan-qalan prosesi məhv edəcəyindən, yaradıcı insanı ruhdan salacağından narahatlıq keçirdiklərini, teatrda vəziyyətin onsuz da qənaətbəxş olmadığını dilə gətirir, bir yandan da tənqidlə məşğul olacaqları təqdirdə teatrlarda onlara iş verilməyəcəyini, bütün hallarda teatr tənqidçisinin güc sahibi, bu peşənin dəyəri olmadığını, qəzetlərin, saytların teatrı tənqid-təhlil yazılarına görə qonorar ödəmədiyini (halbuki ödənilir) deyirdilər. Üçüncü ziddiyyət doğuran fikir isə bu idi ki, ümumən ölkədə teatr batıb və o, problemlər içində boğulur.

Eyni kontekstdə səslənən əks tezislər ilk növbədə klassik "nə etməli" və "həqiqət hardadır" suallarını doğurur. Əgər teatrda böhranlı vəziyyət yaranıbsa, o zaman problemləri kim dilə gətirməlidir, bu barədə kim yazmalıdır? Yoxsa susmağın həqiqi səbəbi, doğrudan da sənətşünasın işsiz qalmaq əndişəsi, teatrda hər hansı vəzifə tutmaq hesabına asan və rahat başa gələn karyera qurmaq iddiasını əldən vermək istəməməsidir? Bəs onda "tənqidlə teatr adamlarını ruhdan salmayaq, prosesi tənqidlə məhv etməyək" fikri nə qədər səmimidir? Yoxsa yazmamaq özünü narahat vəziyyətə salmamaq, kimlərləsə üz-göz olmamaqdan ötrü bəhanədir?

Yadıma düşmüşkən, orda daha bir fikir səslənmişdi: "Zəif tamaşalardan yazmaq maraqlı deyil". Əgər teatrşünaslara zəif tamaşalardan yazmaq maraqlı deyilsə, onda tamaşadakı boşluqları, qüsurları kim göstərməli, mövcud vəziyyəti kim analiz etməlidir? Rejissor quruluşu, aktyor oyunu, dramaturq pyesi, rəssam səhnə tərtibatı haqda peşəkar dəyərləndirməni necə bilməlidir, rəyi kimdən almalıdır? Bədii məhsul ictimai müzakirəyə çıxarılmırsa, tənqidçi öz funksiyasını yerinə yetirməkdən boyun qaçırırsa, onda həmişə olmadığından şikayətləndiyimiz yaradıcı, polemik mühit necə yaranmalıdır? Əlbəttə ki, zəif, pis əsəri oxumaq, yaxud izləmək peşəkara əziyyət verir. Amma tənqidçinin vəzifəsi əsəri analiz edib hansı nöqtələrdə, niyə pis olduğunu əsaslandırmaq, ümumi mənzərəyə baxış və yaradıcı prosesə köməkdir.

Sənətşünaslıqda nəzəriyyələr, elmi araşdırmalar əlbəttə ki, mütləqdir. Bizim teatrın, eləcə də kinonun hazırkı situasiyasında isə sənətşünaslığın tənqid istiqaməti daha vacibdir. Çünki nəzəriyyə, akademik yanaşma məhdud peşəkar publika üçün nəzərdə tutulur. Bir bədii əsərin sadə və peşəkar dillə ifadəsi, təhlil-tənqidin saytlarda, qəzetlərdə yayımlanması həmin əsəri populyarlaşdırmaq, fikir toqquşmalarına yol açmaq, bütün hallarda yaradıcı insana öz işini mənfisiylə, müsbətiylə kənardan göstərmək baxımından əhəmiyyətlidir.

Qəribədir ki, teatrşünaslar bu sahə üzrə ixtisaslaşmayan yazarların, jurnalistlərin teatrdan yazmasını çətin qəbul edirlər və ya ümumiyyətlə, qəbul etmirlər. "Arqument" isə ondan ibarətdir ki, tamaşaya qeyri-peşəkar yanaşma (tutaq ki, zəif tamaşanın müsbət kimi dəyərləndirilməsi) ictimai fikri çaşdırır. Məsələ ondadır ki, sosial media istənilən şəxsə öz fikrini yaymaq (video, bloq, podkast formatında) imkanını verir. Tamaşanın, filmin, ədəbi əsərin istehlakçısı sıravi insandır və bədii məhsul haqda qeyri-peşəkar, subyektiv fikir söyləmək onların təbii haqqıdır. Mədəniyyət sahəsində yazan jurnalist isə sıravi tamaşaçıdan fərqli olaraq, yaradıcı akta daha dərin yanaşır. Teatr tənqidçisini mövcud vəziyyət qane etmirsə, onun vəzifəsi tamaşanı özünün peşəkar təhlili və kütləvi baxışın yanlışlığını ciddi arqumentlərlə əsaslandırmaqdır. İcazənizlə, bu yerdə öz təcrübəmi bölüşüm. Kinorejissor Elşən Zeynallının geniş tamaşaçı kütləsi tərəfindən bəyənilən "Soyuq günəş" bədii filmi sosial şəbəkələrdə xeyli müzakirə edilərək müsbət rəylər almışdı. E.Zeynallı istedadlı rejissordur, maraqlı sənədli filmlərin müəllifidir. Amma təəssüf ki, "Soyuq günəş" filmi çox cəhətdən peşəkar səviyyədə çəkilməmişdi və bu haqda tənqidi məqalə yazmalı oldum. Yəni teatr tənqidçiləri nə özləri yazır, nə digərlərini yazdıqlarını qəbul edir, hələ üstəlik, boşluğu doldurduqları üçün mədəniyyət yazarlarına təşəkkür etmək əvəzinə irad tuturlar...

Peşəkarın sıravi yazardan, yaxud tamaşaçıdan fərqi nədir və niyə onun mətni vacibdir? Müasir sənət dünyasında da tənqidin təsiri, gərəkli olub-olmaması haqda suallar qoyulur. Bütün hallarda peşəkar yanaşmaya həmişə ehtiyac var. Peşəkar tənqidin həvəskar yanaşmadan fərqi odur ki, sənətşünas estetik zövqə, analitik təfəkkürə malikdir, sənətin dərinliklərini hiss edir, bədii əsərə səthi yanaşmır, arqumentlərlə danışır, sənət tarixinə istinad edir, müəlliflərin üslublarını bilir və bu mənada sənətin təmizliyini qoruyur. Müasir tamaşalardan, həm də gələcək araşdırmaçılar üçün baza yaratmaq məqsədilə yazmaq vacibdir. Axı, filmdən fərqli olaraq, bizdə tamaşalar sadəcə oynanılır, unudulur və çoxu lentə çəkilmir. Gələcəyin araşdırmaçısı dövrün teatr mühiti, tamaşalar haqda çoxtərəfli fikirləri, rəyi hardan əldən etməlidir?

Maraqlıdır, niyə gənc teatrşünaslar yazmaqdan çox, teatrda işləməyi, teatrla bağlı qurumlarda özlərini rəhbər görməyi mütləq qayda kimi qəbul edirlər? Müşahidə etdiyim qədər, yeni nəsil sənətşünaslar hazır, əziyyətsiz yolla getməyi arzulayırlar. İstər yerli, istər başqa ölkələrin sənətşünaslarının təcrübəsi göstərir ki, peşədə avtoritet, nüfuz sahibi olmaq uzun, zəhmətli prosesdir. Bundan ötrü əmək sərf etməlisən, öz üzərində işləyib ifadə tərzini, üslubunu tapmalısan, araşdırmalısan, məqalələr, kitablar yazmalısan və ən əsası peşəni sevməlisən. Lakin iddialı gənc teatrşünasların mediada, heç olmasa, beş sanballı məqaləsini tapmaq çətindir.

İndi bizdə elə vəziyyət yaranıb ki, müqayisədə az film çəkilir, daha çox tamaşa qoyulur. Teatrlarlmız bu mənada məhsuldardır. Söhbət tamaşaların keyfiyyətindən getmir, əsas odur ki, pis-yaxşı proses gedir. Yəni teatrşünasların  (ölkəmizdə özəl teatrlarla birlikdə 30-dan çox teatr fəaliyyət göstərir), işin ən azı yaradıcı tərəfindən yazması üçün bol material var. Və teatrşünasların imkanı var ki, prosesi müntəzəm analiz etməklə, tənqidi materiallarla müsbət mənada dinamik, çevik yaradıcı mühit formalaşdırmaq prosesinə yardımçı olsunlar.

Sonda "tənqid niyə lazımdır" sualına bir də qayıdıram.

Məşhur rus kinorejissoru Nikita Mixalkov çıxışlarından birində tənqidin gərəksizliyini qeyd edərək, kino tənqidçilərini daim dişləyən, qaniçən rəzil həşərat adlandımışdı. Dünyaca məşhur kinotənqidçi Andrey Plaxov ona maraqlı cavab vermişdi: "Bəli, biz dişləyən, rəzil həşəratlarıq. Lakin biz  kinematoqrafın piylənmiş bədəninin qəflət yuxusunda olmasına imkan verməyən həşəratlarıq. Biz ona görə dişləyirik ki, o, tamamilə piylənib cəsədə çevrilməsin, əksinə, daim canlı, təravətli qalsın".

 





16.01.2023    çap et  çap et