525.Az

Can Yücelin Datçası - Türkan Turan yazır


 

Can Yücelin Datçası - <b style="color:red"> Türkan Turan yazır</b>

Qıvrıla-qıvrıla gedilən hər yol, beqonvillərin, rəngli çiçəklərin, sarmaşıqların, qızılgüllərin qucaqladığı bir kəndə, bir qəsəbəyə aparıb çıxardır insanı. Sahilə enməzdən nələrlə qarşılaşacağını az-çox təxmin edirsən. Ayağını torpağa basanda isə adalardan keçib, dənizlərdən ötüb gəlməyinə görə peşman olmursan. Bura Gökova və Hisarönü körfəzləri, Ağdəniz və Ege dənizi ararında yerləşən Datçadır.

 

Bir az yavan, bir az yalın, bir az sərxoş...

 

Şəhər Mardin kimi Köhnə və Yeni Datça adı altında iki yerə bölünür. Yeni Datça yeni tikilən binalardan, ütülü yollardan, orda-burda rast gəldiyimiz mağazalardan ibarətdir. Küçələri boş, sahilləri dolu, dənizi şəffaf, tikinti şirkətlərinin hələ ki zəbt etmədiyi yerdir. Buna baxmayaraq, şəhərdə bir yavanlıq və yalınlıq olduğunu hiss edirsən. Gəldiyim qənaət isə bu oldu ki, bütün məna şəhərin ətrafında, şərab bağlarının olduğu ərazilərdə və Köhnə Datçadadır. Şəhərin təməli sanki şərabçılıq üzərinə qurulub. Hətta deyərdim ki, bura şərabçılığın ana vətənidir. Böyük üzüm bağları, şərab emalatxanaları ilə məşhurdur. Datça şərabları sadəcə içərkən yox, qoxlayanda da insanı məst edəcək gücdədir.

 

Beqonvillərin qucaqladığı kənd

 

Köhnə Datça isə açıq hava altında bir muzeydir sanki. Sehrini küçələrə girməzdən öncə hiss edirsən. Sadəliyi, özünəməxsus aurası ilə insanı heyran edir. Daş döşəməli yollar, daş evlər, həyətlərin bir metri keçməyən hündürlükdə olan divarları, divarlara pərdə kimi sərilən beqonvillər, sarmaşıqlar, qırmızı güllər, rəngli çiçəklər insanı valeh edir. Gəzərkən beyninə bir fikir dolaşır: bəlkə, ömrümün qalan hissəsini burada yaşayım?

Can Yücelin Datçası...

 

Can Yecəl etdiyi kimi... Köhnə Datçaya addımını atan kimi küçədəki bütün ox işarələri səni, datçalılardan daha çox datçalı olan, Datça sevdalısı Can Yücelin evinə yönəldir. Hətta Datça deyəndə ağıla ilk növbədə Can Yücel gəlir. Şairin yaşadığı evin küçəsinə dönəndə ilk bu şeirlə qarşılaşırsan; "En uzak mesafe iki kafa arasındaki mesafedir - bir-birini anlamayan".

Bir-birindən maraqlı misralarla, cümlələrlə qarşılaşdıqca özünü kiçik, amma möhtəşəm bir macəranın içində hiss edirsən. Kəndin sehri yavaş-yavaş yüksələn su kimi insanı ağuşuna alır.

Uzaqdan izdihamı görəndə şairin evinə necə girəcəyini düşünürsən, lakin yaxınlaşanda öyrənirsən ki, bu qədər insan seli sadəcə şairin qapısını görmək üçün bura axın edib. Çünki qapıya buranın muzey olmadığı, içəridə yaşayış olduğu, anlayışla qarşılanmasına dair xahiş dolu bir lövhə asılıb. Buna rəğmən, yüzlərlə insan buraya gəlməyə davam edirdi.

 

Yarımçıq şərab, sərxoş ömür...

 

Yaxınlıqda vaxtilə şairin getdiyi kafe olduğunu öyrəndim. "Orhanın yeri" adlı kafe kəndin girişində, böyük bir tut ağacının altında yerləşir. Şairin yarımçıq qalmış bardağı, şərabı, masanın üstündən asılan şüşə qutuda saxlanır. Qutunun üstündə Yücelin büstü var, içərisində "Can babanın yarımçıq qalan şərabı" yazılıb. Dünyadan köçmüş bir insanın yerində oturmaq, onu hiss etməyə çalışmaq, bardağını, əlyazmalarını görmək çox təsirlidir. Bir qəhvə içib ağlıma gələn bütün sonları iliklərimə qədər hiss etdim. Və ustadın uzun zaman öncə yaddaşımdan asılı qalan o ölümsüz misralarını fikirləşərək daha da hüzünləndim.

 

"Yaşadıklarını kar sayma:

Yaşadığın kadar yakınsın sonuna; ne kadar yaşarsan-yaşa,

Sevdiğin kadardır ömrün...

Gülebildiğin kadar mutlusun.

Üzülme, bil ki ağladığın kadar güleceksin

Sakın bitti sanma her şeyi,

Sevdiğin kadar sevileceksin"

- deyirdi  şeirlərindən birində.

 

Təsadüflər...

 

Məkanın sahibi Orxan Qaradağdır. "Köhnə Datça"ya da "Can Yücel" deyiləndə ağıla ilk o gəlir. Şairlə necə tanış olduğunu soruşanda kim bilir yüzlərlə insana danışdığı hekayəni eyni həyəcanla mənə də danışdı. On ilin, demək olar ki, hər günü içki masalarında bir araya gəliblər, söhbətləşiblər, görünən isə odur ki, şairin ölümündən sonra danışılan xatirələr bir növ Orxan bəyin həyatının bir parçasına çevrilib. Kasımpaşada əsgərlik çəkərkən bir komandirin hər gün təkrar-tərar oxuduğunü görüb, müəllifin kim olması ilə maraqlanıb. Komandir: "Şair Can Yücel, təhsil naziri Həsən Əli Yücelin oğlu" deyir. Datçaya dönür. Vaxt keçir, zaman ötür Orxan bəy Datçada kənd muxtarı olur.

Təsadüfə bax, 1990-cı ildə bir ailə dostu ilə Datçaya gələn Can Yücellə tanış olurlar: "Divarın dibində bir adam otururdu. Başqa yerdə görsəm, qorxub qaçardım. Saçı, saqqalı bir-birinə qarışmış, üstü-başı tör-töküntü idi. Onu Datçaya gətirən Mətin bəy keçmiş təhsil nazirinin oğlu Can Yücel olduğunu deyəndə barmağımı dişlədim, komandirin kitabını oxuduğu müəllif olduğunu xatırladım".

Orxan bəy əlini öpmək istəyir, şair icazə vermir, ayağa qalxıb muxtarın boynunu qucaqlayır. Üç gün ard-arda içki süfrələrində görüşürlər. Üçüncü günün tamamında Yücel, "buranı çox bəyəndim, Muxtar, məni datçalı edərsənmi" deyə sual verir. Orxan bəy isə "səni datçalı etməyib kimi edəcəm, Can baba" deyə cavab verir.

Ertəsi gün Orxan bəy satılıq evlə maraqlanır. Mustafa adlı şəxsin evini satdığını deyirlər. Muxtar evi almaq üçün onunla bazarlığa girir. Can Yücel həmin vaxt oteldə yatmış olur. Otuz iki min türk lirəsinə razılaşırlar. Can Yüceli o qədər çox sevir ki, onun üçün özünü oda-közə vurur, sağa-sola qaçır. Axşam süfrədə "artıq datçalısan, Can baba, evin də hazırdır" deyir. Növbəti gün evi görməyə gedirlər. İki otaqlı, dərin quyulu gilənar ağacları ilə dolu olan həyət evini görürlər. Yücel, "Ulan, bu evi alıram" deyir. Evin gözəlliyinə necə heyran qalırsa, heç qiymətini də soruşmur.

Banka gedib alış-satış işlərini həll edirlər. Pulun qalığı ilə yenə süfrələr açılır. Geriyə qalan min lirəni geri qaytarmaq istəyən muxtara "Ulan, on beş gün daha buradayam, bu pulu bərabər yeyək" deyir. Orxan bəy dilinə içki vuran adam olmur. Can Yücelin isə şərabla bütünlənmiş şair olduğunu bilməyən yoxdur. Tezliklə İstanbula dönən Yücel bir həftə orada qalır, sonra həyat yoldaşı Güləri və qızı Sunu götürərək Datçaya gəlir. Evi təmir etdirir. Əşyalar yenilənir və şair ömrünün sonuna qədər burada yaşayır.

Hər səhər yatağından qalxır, saat 10-11 arası qəhvəyə gəlir, çantasında gətirdiyi içkini masaya qoyur və axşama qədər içir. Arada yuxulayır, bəzi gecələr onu evinə Orxan bəy aparır. Şeirlərini axşamlar yazır şair. Daha çox sərxoş halda. Ancaq kimsəyə göstərməyəcək qədər də ayıq olur. Təməlini qəhvəxanada atdığı şeirləri gəlib evdə tamamlayır.

Datçalıların Yüceli çox sevdiyini deyir Orxan bəy: "Dostcanlı, sadə, hər kəslə qardaş kimi rəftar edən insan idi. Bircə o məşhur söyüşləri mənə qəribə gəlirdi, amma zamanla ona da alışmışdım. Hər şeyimizi danışırdıq bir-birimizə. Arada sahilə enirdi. Üç-beş qədəh deyərkən gecəyə qalırdı, sonra mənə zəng edərək, "Ulan, dolmuşu yenə qaçırdım, gəl, Can babanı apar" deyirdi".

Yeri gəlmişkən, yenə həmin içki məclislərinin birində məlum olur Yağhanə küçəsinə Can Yücelin adının veriləcəyi. Bu iş üçün də Orxan bəy qollarını çirməyir, yazılı müraciət edir və bir həftə sonra küçənin adının dəyişdirilməsinə təsdiq cavabı gəlir. Bu, şairi ən çox duyğulandıran məqamlardan biri olur.

 

Ayrılıq vaxtı...

 

Can Yücel öləndə Orxan bəy məkanı qapadır. Yas saxlayır. "Ürəyim çox yandı. Ölümündən sonra çox göz yaşı tökdüm" -  deyir. Yaxınlarının israrı ilə kafeni yenidən açır. Amma həmişə bir yanı əskik qalır. Hələ də ağlayır, məzarını ziyarət edir, otlarını təmizlədiyini deyir.

Gözü dolan Orxan bəyi dinlədikcə bütün duyğularım bir-birinə qarışır. Və aydın olur ki, 82 yaşlı Orxan bəyin həyatının ən gözəl dönəmi Can Yücel ilə olan, bir də həmin xatirələri anlatdığı anlardır. Orxan bəy şairi datçalı edən deyil, onu öldüyü gündən bəri yaşadan dəyərli bir insandır.

Dərin duyğular, kövrək hisslərlə ayrıldım Köhnə Datçadan. Can Yücelin dəfn edildiyi məzarlığın qapısından içəri girərkən ayrıldım beynimdə çək-çevir etdiyim düşüncələrdən.

Əsrarəngiz bir memarlıq ilə qarşılaşdım. Heykəltaraş Mehmet Aksoy tərəfindən ərsəyə gətirilən məzarın baş daşında ana bətnində bir döl, önündə isə su daşı var. Yalnız gün işığı düşəndə dölü aydın görmək olur. Doğulandan ölənə qədər mənasını verən məzar, böyük əksəriyyət tərəfindən yanlış başa düşülüb. Guya, şair ölmədən əvvəl vəsiyyət edib ki, məzarıma şərab tökülsün. Halbuki nə yazılı, nə də sözlü vəsiyyətinə heç bir yerdə rast gəlinmir. Hətta qırmızı şərab tökülməkdən məzarda kirli görüntü yaranıb. Yan tərəfə şərab tökülməməsinə dair yazılan məlumat lövhəsini isə demək olar ki, görən yoxdur. Əslində görülməməsi mümkün deyil, əhəmiyyət verən yoxdur desək, daha doğru olar. Çünki hər gələn əlində bir şüşə şərab gətirir.

Can Yücel İzmirdə müalicə aldığı xəstəxanada 12 avqust 1999-cu ildə vəfat edir. Datçada dəfn olunur.

Axşam düşürdü. Günəşin qürub etdiyini görəndə bir az rəngli, bir az hüznlü, bir az həzin günün sona yaxınlaşdığını hiss elədim. Şairin misraları gəldi ağlıma:

Vakti gelince

Gitmenin adıdır gün batımı,

Ömürden,

Gönülden,

Günden...

Və saat 18:00 feribotuna yetişmək üçün yola düşdüm.

 





16.01.2023    çap et  çap et