525.Az

Güllələnmiş cümhuriyyət nazirinin oğlu - Rəşid Rəfibəyli - Namiq Əhmədov yazır


 

Güllələnmiş cümhuriyyət nazirinin oğlu - Rəşid Rəfibəyli - <b style="color:red"> Namiq Əhmədov yazır</b>

Sovet hakimiyyəti illərində ən ağır sürgünlərə, mühacirət və ölümlərə məhkum edilsələr də, Ulu Tanrı onlara şöhrət pilləsinin zirvəsindən düşməyə imkan vermədi. Təqib və məruz qaldıqları  repressiyalardan qaçmaq üçün SSRİ məkanında 20-yə yaxın, Türkiyədə isə 3 soyadla yaşadılar, amma Rəfibəylisoy adından gələn qürur və şərəfi ləyaqətlə qoruya bildilər. Bu sırada haqqında ən az danışılan, hətta deyərdim ki, bəlkə də danışılmayan bir nəfər də olub: Rəşid Xudadat oğlu Rəfibəyli.

Xalq şairi Nigar Rəfibəylinin iki qardaşından biri olub Rəşid Rəfibəyli. 1911-ci ildə Gəncədə doğulub. Xudadat bəylə Cəvahir xanımın üç övladının ortancılıydı. Babaları Ələkbər bəy dövrünün tanınmış ziyalılarından idi. Sovet tarixçiləri Azərbaycan xalqının qəhrəman oğullarının adlarının unudulması üçün əllərindən gələnləri edəndə mühacir-publisist Hüseyn Baykara Azərbaycanın istiqlal mübarizəsinin fədakalarından olan,  Gəncədə "Difai" partiyası yarandığı zaman partiyanın rəhbərliyini üzərinə götürmüş və  sonralar bu partiyanın fəxri sədri seçilən Ələkbər bəy haqqında məhəbbətlə yazır və təəssüflə qeyd edirdi ki, "Azərbaycanda Ələkbər bəy kimi yüzlərlə igidlərin adları "adsız" şəhidlər siyahısına qarışmış və yox olmuşdur". Ələkbər bəyin oğlu Xarkov Tibb Universitetinin məzunu olan Xudadat bəy Rəfibəyli 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ilk səhiyyə və sosial təminat naziri, sonra isə Gəncə valisi olmuşdur. 1920-ci il 28 aprel bolşevik çevrilişindən bir ay sonra, iyunun 1-də 43 yaşlı Xudadat bəyi ermənilərin düzüb qoşduğu saxta ittihamlarla günahlandıraraq Nargin adasında güllələdilər. Lətif Şüküroğlu "Cümhuriyyət hökuməti repressiya məngənəsində" kitabında yazır ki, "X.Rəfibəylini sorğu-suala tutub istintaq aparan da, saxta ittihamlar əsasında ifadə verənlər də ermənilər idi. Onlar onun quldur dəstəsinin - Mustafabəyovun iştirakı ilə mal-qaralarını apardıqlarından, var-yoxlarını taladıqlarından şikayət edirlər".

Başsız qalan ailənin və 3 körpənin  yetimlik həyatının nə qədər acıncaqlı və keşməkeşli olduğunu təsəvvür etmək çətin deyil. Yüzlərlə yetimə-yesirə əl tutan ailə bir parça çörəyə möhtac olur. Bunlar az imiş kimi, 1930-cu ilin oktyabrında Gəncə Şəhər Soveti Rəyasət Heyəti ailənin əmlakı müsadirə olunmaqla keçmiş Gəncə dairəsi hüdudlarından sürgün edilməsi haqqında qərar qəbul edir. Üstəlik də, xalq düşməninin övladı olmaq... "uşaqlıq illərimiz yetimliklə, möhnətlə keçdi, gəncliyimiz qayğıyla, zəhmətlə", "nə ata çörəyi yedik, nə qardaş sovqatı gördük, qamçıladı bizi acı-acı sərt üzlü yetimlik həyatı" Nigar xanımın şeirlərində, eləcə də bütün yaradıcılığında dərin izləri ilə qalır. Zaman-zaman həbs və sürgün təhlükəsi onları izləmiş və NKVD-nin təqdim etdiyi saxta, iftiralarla dolu sənədin sonunda "sürgün edilsinlər" hökmü də yer alır. Amma M.C.Bağırovun "Ostavit", yəni "dəyməyin, qalsınlar" dərkanarının xilas etdiyi ailələrdən olsa-olsa biri onlar olur. Taleyin xoş bir təsadüfi ailəvi dostları Əhməd Cavadın, Müşfiqin, böyük Cavidin və başqalarının aqibətini onlara yaşatmadı. Ən acınacaqlısı və yaddan çıxarılması tövsiyə olunmayan fakt budur ki, Azərbaycan adlı məmləkətdə bu sənədləri hazırlayanlar "sapı özümüzdən olan baltalar" və "yanlar" idilər, eləcə də Nigar Rəfibəyliyə və onun anasını sürgünə göndərən sənədin də altında "Qriqoryan" imzası var idi. Xalq yazıçısı Anar 10 il bundan əvvəl "Ədəbiyyat" qəzetində yazırdı ki, "Bu həmin o Xoren Qriqoryandır ki, o illərdə Azərbaycan NKVD-sinin rəhbər işçilərindən biri idi. Bu həmin Xorendir ki, Azərbaycanda ziyalılara qarşı 37-ci il repressiyalarının fəal təşkilatçılarından biri olub və sonralar aşkar olunduğu kimi, azərbaycanlıları, özəlliklə də Azərbaycan ziyalılarını məhv etməyi qarşısına məqsəd qoymuş daşnak imiş. Xoren Qriqoryan 1956-cı ildə Mir Cəfər Bağırovun məhkəməsində ittiham olunaraq güllələndi".

Xudadat bəy Rəfibəyli öldürüləndən sonra ailənin böyük oğlu Kamil İrana, ordan da Türkiyəyə keçir və Azərbaycandakı qohumlarına xətər gəlməsin deyə soyadını dəyişib Kamil Arran olaraq həyatının sonunadək Türkiyədə yaşayır. Çox sonralar Nigar xanımın böyük bir cəsarət və nisgilli duyğularla yazdığı şeirlərində, eləcə də "Sağlıqla qal, yaxın qonşu" (1970) adlı Türkiyəyə səfər təəssüratlarında Kamillə, onun ailəsi ilə bağlı xatirələr yer alır.

Xudadat bəyin ortancıl oğlu Rəşid isə Rusiyaya gedir və Gəncədən olan tanışları Mircamal Qaşqay (dünya şöhrətli geoloq akademik Mirəli Qaşqayın qardaşı) onun Moskvada işə qəbuluna kömək edir, Moskva teleqraf şöbəsində 17 yaşlı Rəşid usta kimi işə qəbul edilir. Bu, fəhlə və kəndli sinfinə aid uşaqların ali məktəblərə qəbuluna imkan yaradırdı. 1932-ci ildə o, Mirəli Qaşqayın məsləhəti ilə Moskva Geoloji Kəşfiyyat İnistituna qəbul olunur və tələbəlik illərində də Mirəli müəllimin himayəsi ilə təqiblərdən qorunur. Ali təhsilini başa vurduqdan sonra SSRİ Ümumittifaq Geologiya İnstitununda (indi Rusiya Ümumittifaq Geologiya İnstitutu) geoloq kimi işə başlayır və ömrünün bir hissəsini Rusiya ilə bağlayır. Şimali Uralda, Baykal gölü sahillərində və Böyük Qafqaz silsiləsində geoloji fəaliyyətlə məşğul olur.

 Rusiya həyatı "düşmən oğlunu" bir qədər də "düşmən axtaranların" yaddaşından çıxartmış olur. Amma soyuq sözlərin dediyi bu amansız həqiqətin nə qədər çətin olduğunu söyləmək belə o qədər çətindir ki, buna nə fikirin, nə də hisslərin gücü çatasıdı. Sovet rejiminin düşmən adı verdiyi və   güllələdiyi bir kişinin övladı olmağın nə qədər böyük bir ağrı olmağını da izah etmək çətindir. Dostun, rəfiqən, qonşun, vaxtı ilə doğma və əziz bildiyin insanlar belə ürəyində sənə sevgi bəsləsələr də, ən yaxşı halda səndən kənar durmaq məcburiyyətindədirlər. "Düşmən övladı"na salam verməyin belə böyük təhlükə olduğunu bilənlər, istəməsələr belə o anları yaşamağa məhkum idilər. Amma Rəşid Rəfibəylinin bütün ömrünün qəm-kədər içində keçdiyini yazmaq da düzgün olmaz. Onun xoşbəxt illəri, ayları, günləri də az olmayıb. 30-cu illərdə Moskvada yaşadığı Malıy Kozixinski döngəsində yerləşən kommunal mənzildə ayrı-ayrı vaxtlarda bacısı Nigar xanım, onun həyat yoldaşı Rəsul Rza və onların yaxınları olan gənc ədəbiyyatçılar Mikayıl Müşfiq, Mehdi Hüseyn Rəşidə ara-sıra baş çəkib, ona qonaq olurlar. Bu təəssüratlar uzun illər Rəşidin həyatında həm ən xoş duyğular, həm də nisgilli xatirələr kimi qaldı.

Repressiya illərindən sonra, 1940-cı illərin əvvələrində geoloq kimi Zəngəzura ezam edilir və 40-cı illərin sonunda Bakıya qayıdır. Bu, onun vətənə həmişəlik dönüşü olur: Azərbaycan Geologiya İdarəsində Geoloji Ekspedisiyasının rəisi vəzifəsində çalışır. 1970-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə "Şərəfli əməyə görə", 1979-cu ildə isə "Əmək veteranı" medalları ilə təltif edilir. SSRİ-nin ən müxtəlif və çətin yerlərində apardığı geoloji tədqiqat işlərinə görə "Kommunist əməyi zərbəçisi" adına layiq görülür. Amma o, özünü həmişə repressiya qurbanları sırasında görmüş, hətta onu nümunəvi bir işçi kimi dəfələrlə kommunist partiyası sıralarına qəbul etmək istəsələr də, Rəşid müəllim müxtəlif bəhanələrlə bu təklifləri qəbul etməmişdir.

Məşhur geoloqun oğlu, 30 ilə yaxındır ki, tanıdığım Hacı İslam Rəfibəyli deyir ki, atam SSRİ məkanında geologiya üzrə məşhur mütəxəssis kimi məsul və rəhbər vəzifələrdə çalışdı. Çox qürurlu və əzmli bir insan idi, işini varlığı qədər sevərdi. Amma həmişə anlaya bilmədiyim qorxu-təşviş içərisində yaşayıb. Bu barədə danışmağı sevməzdi. Sonralar bu hisslərin uşaqlıq və repressiya illəri ilə bağlı olduğunu anladım. Onun bu hissləri təhsil aldığım 123 saylı orta məktəbdə oxuyanda da, uzun illər çalışdığım Ali Sovetdə də məni tərk etmədi.

Rəşid müəllimin rəssamlıq qabiliyyəti də olmuş, hətta boş vaxtlarında bu fəaliyyətini sevimli bir hobbi olaraq davam etdirmişdir. Bakıda Geoloji Ekspedisiyanın rəisi işlədiyi 60-cı illərdə iş kabinetində divara vurduğu rəsm işləri də özünə məxsus olmuşdur. Ağacların kök və gövdəsindən hazırladığı  pannolar, müxtəlif çeşidli rəsmləri Bakının sərgi salonlarında nümayiş etdirilmişdir. Hətta bu salonlardan birində keçirilən sərgi ətrafdakılarda geniş maraq doğurmuşdur.

Rəşid müəllim hələ Rusiyada çalışdığı illərdə geoloq həmkarı ilə ailə həyatı qurmuş, bu nigahdan 3 övladı olmuşdur. Hazırda bir oğlu, bir qızı Bakı şəhərində yaşayır. Zahirən xoşbəxt bir həyat yaşayan Rəşid Rəfibəyli ömrünün sonuna kimi rejimin haqsızlıq və amansızlıqları ilə barışa bilməmiş, böyük mücadilələr yaşayan Azərbaycanın istiqlalına qovuşacağına ümidlərini də itirməmişdi. Bakıda vafat etmiş, qəbri Yasamal qəbiristanlığındadır.

 

 





16.01.2023    çap et  çap et