525.Az

Antik dünyanın parlaq şəxsiyyətləri - Telman Orucov yazır


 

Antik dünyanın parlaq şəxsiyyətləri - <b style="color:red"> Telman Orucov yazır</b>

(Əvvəli ötən şənbə sayımızda)

 

 Sezar cəsarətli hərəkət etdi, ordusunu iki yerə bölüb iki legionu düşmənin arxasına göndərdi, onlar germanların ərzaq təchizatı yolunu kəsdilər. Sezarın əsas qüvvələri gəlib çıxanda isə germanlar darmadağın edildilər. Arovistin qoşunlarının çoxu qaçdıqları və çaydan keçdikləri vaxt həlak oldu.

Qall rəhbərləri arasında ölkəni birləşdirmək və müstəqil Qall dövlətini qurmaq istəyən adamlar var idi. Gelvetin məğlub edildiyi və germanların Reyndən o tərəfə keçirildiyi bir vaxtda Roma ölkənin müstəqilliyinin başlıca təhlükəsinə çevrildi. Sezar şimal xalqı olan belqlərin hücumunu gözləmədən, Sena çayını keçib, öz legionlarını şimala apardı.

Belqlərin iri ordusu hücum edəndə Sezar qüvvələrini düşərgədə möhkəmləndirmişdi. O, hələlik döyüşdən qaçırdı. Tezliklə aclıq düşmən tayfalarının dağılmasına gətirib çıxardı. Belqlər ərzaq problemini həll edə bilmirdilər. Demək olar ki, qan axıtmadan Sezar Qalliyanın ən döyüşkən xalqını hissələrə bölməyə qadir oldu və bu vaxt onların tabe edilməsi yalnız zamanın məsələsi idi.

Əvvəlcə Sezar öz uğuruna inanmırdı və hərbi hiyləgərlikdən şübhələnərək, geri çəkilənləri təqib etməkdən qorxurdu. Legionlar şimala doğru hərəkət edəndə isə belqlərin bir hissəsi romalıların tərəfinə keçdi. Yalnız Şərq tayfaları müqavimət göstərirdi. Lakin onların taleyi artıq həll edilmişdi, çünki bu vaxt romalıların təkcə hərbi deyil, həm də canlı qüvvə sahəsində üstünlüyü var idi. Sezar onların şəhərlərini mühasirəyə alıb, onları silahlardan imtina etməyə məcbur etdi. Lakin Qalliyanın şimalında müharibə hələ bir il də davam etdi. Bir döyüşdə iki Roma legionu ağır vəziyyətdə olanda, Sezar şəxsi igidlik nümayiş etdirdi.

Konsulluqdan sonrakı ikinci ilini də (b.e.ə. 57-55-ci illər) Sezar birinci il kimi, Ön Alp Qalliyasında keçirdi. Lakin Romadan həyəcanlı xəbərlər gəlirdi. Sezarın Romada olmadığı müddətdə Krassla Pompeyin münasibəti yenidən pisləşmişdi. Romalıları razı salmaq üçün triumvirlər qalibiyyətli nailiyyətlərə imza atmalı idilər. Roma quldarları Asiya əyalətlərindən gələn böyük var-dövlətə aludə olmuşdular.

Sezarın ilk qələbələri İtaliyadan ərazi cəhətcə ikiqat böyük arealı əhatə etsə də, hələ heç də Qalliyanın bütün əhalisini tabe etmək demək deyildi. Lakin Sezar romalıların əhval-ruhiyyəsini qaldırmaq üçün ölkəni işğal etdiyini tezliklə elan etmək istədi. Axı bunu o, uzun müddət və səbirsizliklə gözləmişdi. Nəhayət, Sezar rəqiblərini qabaqlayıb, triumviratda birinci yerə çıxa bildi.

Anı əldən vermək olmazdı və Sezar hətta ondan utanmadı ki, Roma əsgərinin ayağı hələ Qərbi Qalliyaya dəyməmişdir, ölkənin cənubu da azad olaraq qalırdı. Hətta romalıları müttəfiq hesab edən tayfalar da heç də Romanı özlərinə ağa hesab etmirdilər. Sezara isə əyalətlə yanaşı, Romanın özündə birinci adam olmaq lazım idi.

Sezar senata məlumat göndərdi ki, Qalliyanın işğalı başa çatmışdır. Bu, İtaliyada xüsusi sevinc doğurdu. Senat qələbə münasibətilə 15 günlük bayram keçirməyi qərara aldı. Sezar bilirdi ki, hətta bu vaxt da təklikdə köhnə əyanların qüdrətini məhv edə bilməyəcək, Romanı hələ ələ keçirə bilməyəcəkdir. Hakimiyyətə yol yenə triumvirat vasitəsindən keçirdi. Onun xahişi ilə Pompey və Krass Qalliyanın sərhədinə gəldilər. Oraya həm də 200 senator gəlmişdi. Qərara alındı ki, gələn ilin konsulluğuna Pompey və Krass seçilsin. Konsulluqdan sonra isə Pompey idarə etmək üçün İspaniyanı, Krass isə Suriyanı almalı idi. Spartakın qalibi olan Krass Şərqdə Makedoniyalı Aleksandrın şöhrətinə yiyələnmək istəyirdi. Burada o, parfiyalılarla müharibəyə başlayacaq və onlardan varlı Mesopotamiyanı alacaqdı. Gələcək konsullar bir il keçdikdən sonra (b.e.ə.54-cü ildə) Qalliyadakı Sezar üçün prokonsulluğu daha 5 il uzadacaqdı. Həm də onun ordusunu 2 legion da artırmaq üçün ona vəsait də ayrılacaqdı. Son şərt bir qədər şübhəli görünürdü, lakin Sezar üçün bu, başlıca cəhət idi. Sezarla razılığa gəldikdən sonra Krass və Pompey Romaya qayıtdılar.

Qalliyanın cənubu olan Akvitaniyanı tabe etmək üçün onlarla aparılan mübarizə bir il də davam etdi. Dəniz döyüşündə romalıların yeni icadı köməyə gəldi. Uzun ağaclara orağı bərkidib, romalılar düşmən gəmilərinin yelkənlərini saxlayan kəndirləri kəsirdilər. Həmin gəmilər hərəkət etmələrini itirdiklərindən, romalılar onlara yaxın məsafədən hücum edə bilirdilər. Dalğa olmaması da, düşmənin bədbəxtliyini artırırdı və döyüşdə bütün düşmən donanması məhv oldu. Sezar tayfaların ağsaqqallarını edam etməyi əmr etdi. Sakinləri isə qul kimi satdı.

Müharibənin üçüncü ilinin yayında artıq bütün Qalliya Sezara tabe olmuşdu. Heç bir təhlükə hiss etmədiyindən o, qışı İtaliyanın şimalında keçirdi. Bu vaxt Reyndən o tərəfdə olan germanlar çayı keçib, Reyndən qərbdəki torpaqları tutdular. Qallar da germanlarla birləşə bilərdilər. Sezar qəflətən germanlara hücum etdi, çoxlu itki verəndən sonra onlar Reyn çayının arxasına qaçdılar. Sezar german torpaqlarını qarət etdi. O, ilk romalı idi ki, Atlantik okeanını keçib, Britaniya adalarına ayaq basdı. O, ilk dəfə, b.e.ə. 55 və 54-cü illərdə Qalliya sahilindən Britaniyaya keçdi, lakin burada elə bir var-dövlət tapmadı. Qallarla qohum olan Britaniya tayfaları kasıb idilər və onun əhalisi də az idi. Lakin onlar Sezara ciddi müqavimət göstərdilər. Qall tayfa başçılarının köməyi ilə onlarla sülh bağlamağa nail ola bildi. Brittlər ona xərac verəcəklərini vəd etsələr də, heç nə vermədilər.

Qalliyaya qayıdanda Sezar özünün gənc qızı, Pompeyin arvadı Yuliyanın ölüm xəbərini eşitdi. Bu, onun üçün ağır zərbə idi. Lakin qallarla mübarizə üçün pul lazım idi. Pompeyin köməyi olmasa, Qalliyadakı işğallar asanlıqla itirilə bilərdi.

Qalliya müharibəsinin başlıca qışı başladı, bu, b.e.ə. 54-53-cü illərinin qışı idi. Qallar gözlənilmədən hücum edib, 5 min romalını qırdı. Sezarın düşərgəsinə hücum edəndə isə onlar məğlubiyyətə düçar oldular. Bu qələbə şimal qallarını da bir müddətə sakitləşdirdi.

Çoxları elə güman edirdi ki, çətinliyə öyrənməmiş Sezar hərbi xidmətə yaramayacaqdır. Həm də onun tez-tez başı ağrıyırdı, ürək getməsi var idi. Lakin o, öz zəifliklərinə qalib gələ bildi, məhrumiyyətlərə isə asanlıqla dözürdü. Döyüşçüləri tərbiyə etməyin başlıca şərti, Sezara görə, sərkərdənin şəxsi nümunəsidir. Sərt həyat tərzi onun xəstəliklərdən müalicəsinin dərmanı rolunu oynadı. Ardı kəsilməyən yürüşlər, yalnız qədərindəki qidalanma, daim təmiz havada olmaq onun güclü və dözümlü olmasına kömək etdi. Onun sevimli əyləncəsi at çapmaq idi. At belində olanda, o, iki katibinə məktubları diktə edir, onlar çətinliklə bunu yaza bilirdilər. Belə bir rəvayət gəzirdi ki, Sezar eyni vaxtda iki, ya üç işi görə bilir.

Döyüşçüləri onun sadəliyindən ağız dolusu danışırdılar. Sezarın Qalliyada olduğunun altıncı ilində (b.e.ə. 53-52-ci illərdə) Parfiyanı işğal etmək istəyən Roma ordusunun məğlubiyyəti və Sezarın silahdaşı Mark Krassın həlak olduğu xəbəri gəldi.

Romalılar ikinci dəfə Reyni keçib, germanları qorxutmaq istədilər. Nə olursa olsun, qalların müqavimətini qırmaq lazım idi. Keçən ilki qiyamda iştirak edənlərin hamısını Sezar edam etdirdi, onların əmlakını öz silahdaşlarına payladı. Tacirlər də yaxşı qazandılar, döyüşçülərdən əsir düşənləri bir bardaq şəraba alırdılar. Təkcə bir şəhərin işğalı vaxtı 53 min adam qul kimi satılmışdı.

Sezar yenə də qışı keçirmək üçün İtaliyaya getdi. Qarətdən və edamlardan cana doyan qallar üsyan qaldırdılar. Tayfa başçılarından biri olan Vertsinqetoriq hakimiyyətə gəldi, romalılar bundan xeyli əvvəl onu ölkədən qovmuşdular. Vəziyyəti yalnız sürət və qətiyyətlilik xilas edə bilərdi. Sezarın sürətli hücumu qalları qorxutdu. Vertsinqetoriq ordusu ilə üsyançılara köməyə gəldi. Sezarın isə qoşunu 10 legiondan ibarət idi.

Qış vaxtı yad ölkədə vuruşmaq asan iş deyildi. Lakin Sezar əlverişli havanı gözləmədi. O, cənubdakı qall şəhərlərini viran qoymağa başladı. Lakin Sezar ordusu ilk dəfə məğlubiyyətə uğradı və geri çəkilməli oldu. Vertsinqetoriqin qələbəsi onu xalq qəhrəmanına çevirdi. Üsyan alovu Pireneydən Reynə qədər bütün ölkəni bürüdü. Sezar ordusunu şimala, belqlərə tərəf apardı. Öz adamlarını köməksiz qoysaydı, o, etimaddan məhrum olardı, bu vaxt onun ali hakimiyyətə yiyələnmək niyyəti də puç olardı. O, öz imkanlarından imtina etməkdənsə, həlak olmaq şansını da seçmək istədi.

Hər tərəfdən düşmənlə əhatə olunmuş, ərzaqsız, ölümcül yorulmuş Sezarın legionları inadkarlıqla şimala doğru irəliləyirdi. Onların bəxtindən şimal tayfaları məğlub edildi və onlardan çoxlu xərac alındı. Sezarın ac qoşunları, nəhayət, qida və istirahət şansını qazandılar.

Qallar həlledici döyüşə hazırlaşırdılar. Bütün üsyan qaldırmış tayfalar öz nümayəndələrini göndərmişdilər. Vertsinqetoriq bütün qall könüllülərinin komandanı seçildi. Döyüşçülər tələb edirdilər ki, Sezarın yolunu kəsmək və onun legionlarını məhv etmək lazımdır.

Qall başçısı Aleziya şəhəri yaxınlığında düşərgə tikməyi əmr etdi. Bura çoxlu ərzaq toplandı. Qoşun 15 min atlıdan və piyadaların yaxşı hissəsindən ibarət idi. Roma qoşunları Qalliyadan geri çəkiləndə onlara düşmən süvariləri hücum etdi. Bu, romalıları çaş-baş saldı. Düşməni geri oturdub, onlar 3 min döyüşçünü öldürdülər. Sezar qarşısında açılmış əlverişli şəraitdən ustalıqla istifadə etdi. Roma qoşunları Aleziyaya yaxınlaşdı.

Qall düşərgəsi yüksək təpənin üstündə yerləşirdi, ətrafda isə iki çay axırdı, bu, alınmaz qala təsiri bağışlayırdı. O, qalları mühasirəyə aldı. Düşmən ordusunun sayı və tərkibi qallardan bir neçə dəfə çox idi. Sezar iki cəbhəyə qarşı vuruşmağı qərara aldı. O, müdafiə xəttini tikməyə başladı, istehkamın həm xarici, həm də daxili xətlərində müdafiəni qurmaq lazım idi. Romalılarda döyüşçü azlığını texnikanın üstünlüyü kompensasiya edirdi. Üç geniş xəndək qazıldı, onlar bir-birindən 100 metr məsafədə yerləşirdi. Xəndəklərin dalında tökmə təpə ucalırdı. Təpənin üstündə hər 25 metrdən çoxmərtəbəli qüllələr tikilmişdi. müdafiə xəttinin tikilməsi altı həftəlik gərgin əmək tələb etdi. Qallar hücum edəndə romalılar asanlıqla hücumu dəf etdilər. Süvari dəstəsi qalların arxasına keçdi və gözləmədikləri halda onlara hücum etdi. Qızğın döyüşdən sonra qallar geri çəkildilər. Atlı dəstə onları təqib edir və qaçanları qılıncdan keçirirdi. Bu uğursuzluqdan sonra onlar qələbəyə olan bütün ümidlərini itirdilər. Qall könüllüləri evlərinə qayıtdılar, tezliklə Vertsinqetoriq də əsir düşdü. O, altı il həbsdə qaldı ki, onu triumf vaxtı meydandan keçirsinlər. Bu vaxt Roma kütləsi onu ələ salacaqdı, sonra isə qall sərkərdəsini edam etdilər.

Aleziya məğlubiyyətindən sonra Qalliyada mübarizə daha bir il davam etdi. Sezar ölkəni tabe etdirə bildi. 8 il ərzində o, hücumla 800 şəhəri götürmüş, 300 tayfanı özünə tabe etdirmişdi. Romalılara qarşı 3 milyon adam mübarizə aparırdı, Sezarın dediyinə görə, onlardan bir milyonu məhv edilmiş, daha bir milyon isə əsir götürülmüşdü. Aleziya vuruşundan sonra hər döyüşçüyə bir nəfər qul verildi. Qallar Roma xəzinəsinə külli miqdarda pul verməli idi. Qalliya Roma dövlətinin iqtisadi həyatına cəlb edildi. Qalların mədəniyyəti və dilləri də tezliklə dəyişildi, onlar güclü Roma təsirinə məruz qaldılar.

Qalliya müharibəsində həm də Sezar qoşunda bir neçə istedadlı gənc komandirlər yetişdirdi. Onların arasında Mark Antoni xüsusilə seçilirdi. Sezar olmayanda, onlar orduya komandanlıq edirdilər. Antoni həm də Romaya varlı adam kimi qayıtdı. O, xalq tribunu seçildi və Sezarın mənafelərini axıra qədər müdafiə etdi.

Sezarın Qalliyadakı qələbəsi Pompeydə narahatlıq yaratdı. Əvvəllər o, Sezara məhəl qoymurdu, onun yüksəlməsinin, əsasən, özünün himayəsinə rəğmən baş verdiyinə də tam əmin idi. Lakin Qalliyanın işğalından sonra Sezar şöhrətdə Pompeylə bərabərləşdi, qarətdən əldə etdiyi var-dövlətə görə isə onu ötüb keçmişdi. Bu isə Romada həlledici üstünlük hesab olunurdu. Çoxları respublikanı monarxiyaya çevirməyi təklif edirdi. Həm də daha uyğun gələn hökmdar kimi Pompeyi nəzərdə tuturdular. O, həmişə kübarların tərəfində olmuşdu, Sezar kimi yoxsullardan istifadə etmək istəməmişdi.

Aristokrat Katonun təklifi ilə senat Pompeyə iki konsulun hakimiyyətini verdi və onun prokonsulluğunu da Afrikada və İspaniyada keçirməsi şərti ilə artırdı. O, Romada ola-ola iki ölkəni idarə edirdi. Sezar da tələb etdi ki, onun da Qalliyadakı prokonsulluğunu artırsınlar. Senat Pompeyin tərəfini saxlayıb, Sezar üçün bunu etmədi. Bunu eşidən Qalliya ordusunun komandirlərindən biri qılıncın dəstəyinə zərbə vurub demişdi: "Bax bu, Sezarın prokonsulluğunu artıracaqdır". Bundan sonra senat öz tərkibindən Sezarın tərəfdarları olan Atonini və Kurionu qovmağı qərara aldı. Onlar öz həyatları üçün qorxub, qul paltarında Romadan qaçdılar.

(Ardı var)

 





16.01.2023    çap et  çap et