525.Az

Ermənilər fransalı spikerin səfərindən məyus olublar


 

SUREN SURENYANTS: "BU SƏFƏR ERMƏNİ QƏRBPƏRƏSTLƏRİNİN SAXTA GÜNDƏMİNİ DƏ İFŞA ETDİ"

Ermənilər fransalı spikerin səfərindən məyus olublar<b style="color:red"></b>

Ermənilər Fransa Milli Assambleyasının sədri Yael Braun-Pevet İrəvana səfərindən narazı qaldıqlarını gizlətmirlər. Erməni siyasətçilərin, ekspertlərin açıqlamalarından səfərin onlarda dərin məyusluq yaratdığı aydın şəkildə sezilir. Görünür, İrəvanda fransız spikerin səfərindən gözləntilər daha böyük imiş. Əslində, Fransanın Azərbaycan əleyhinə son addımlarını, regionda sülhə deyil, qarşıdurmaya, gərginliyə hesablanmış    siyasətini izlədikdə, Braun-Pevet səfərinin də bu məqsədə xidmət edəcəyini, Azərbaycan əleyhinə daha çox qərəzli bəyanatlar eşidəcəyimizi ehtimal etmək mümkün idi. Çünki qeyd etdiyimiz kimi, Fransa hər zaman Ermənistanın yanında olub, işğala, separatizmə haqq qazandırıb, hətta ATƏT-in Minsk qrupunun fəaliyyəti dövründə həmsədr kimi neytral qala bilməyib. İkinci Qarabağ müharibəsi günlərində, ondan sonrakı müddətdə Paris Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına deyil, pozucu addımları ilə yeni gərginlik ocağı yaratmağa çalışıb. Bunun nümunələrindən biri də Brüssel formatının işini dondurmasıdır. Brüssel formatının davamı olaraq Praqada baş tutmuş sonuncu görüşdə Makronun peyda olması onun heç də sülhpərvərliyindən xəbər vermirdi. Məqsəd aydın idi: prosesi pozmaq. Qısa müddət sonra isə "France2" telekanalına müsahibəsində səsləndirdiyi fikirləri ilə əslində rəsmi Parisin hansı mövqedə olduğunu bir daha ortaya qoydu. Fransa prezidenti açıq etiraf etdi ki, beynəlxalq hüququn, haqqın-ədalətin deyil, terror dövləti olan Ermənistanın tərəfindədir. Ardınca Fransa Senatının  Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan bədnam qətnaməsi, Makron və komandasının BMT Təhlükəsizlik Şurasında Azərbaycana başlatdığı çirkin kampaniya. Bir sözlə, Parisin qərəzi bitib-tükənmək bilmir, amma Azərbaycan öz haqlı mövqeyini müdafiə etməyi və bunu bütün dünyaya qəbul etdirməyi bacardı. Belə ki, ötən il dekabrın 20-21-də Fransa və Ermənistan Laçın yolundakı vəziyyətlə bağlı BMT TŞ-nın iclasını çağırmağa nail oldu. Həmin müzakirələrindən dərhal sonra Fransa BMT TŞ-nın daimi üzvü və hazırda TŞ-nın sədri kimi (daimi və qeyri-daimi üzvlərin hərəsi bir ay sədr olur) Laçın-Xankəndi yolundakı vəziyyəti "humanitar fəlakət" kimi təqdim edən riyakar və tam ermənipərəst mətn hazırlamışdı. 10 günlük diplomatik mübarizə Azərbaycanın qələbəsi ilə başa çatdı.

Ermənilər əlbəttə ki, Parisdən bütün bunların davamını gözləyirdilər. Yəqin ki, xanım spikerin "Qarabağ erməniləri müstəqil olmalıdır" və sair kimi açıqlamalar verəcəyinə ümid edirdilər. Amma olmadı.  İrəvanda jurnalistlərin suallarını cavablandıran Fransa Milli Assambleyasının sədri Yael Braun-Pevet bildirdi ki, "Paris Bakıya qarşı sanksiyalar tətbiq etməyi planlaşdırmır və "Qarabağın müstəqilliyini" tanımaq niyyətində deyil. Çünki Fransa beynəlxalq hüquq normalarını rəhbər tutur".

Erməni politoloq Suren Surenyants hesab edir ki,  İrəvan ölkə üçün mühüm əhəmiyyət kəsb edən bu səfəri sözün həqiqi mənasında yola verib. Onun sözlərinə görə, Braun-Pevet İrəvanda keçirdiyi mətbuat konfransında iki diqqətçəkən bəyanatla çıxış edib: "Birincisi, o, Laçın dəhlizinin bağlanması ilə əlaqədar Azərbaycana qarşı sanksiyaların tətbiqi məsələsindən danışarkən "problemin sülhlə həlli yolları tükənməyib" deyib. Qarabağın "müstəqilliyinin" tanınmasına gəlincə, Parisin bunun beynəlxalq hüquq normalarına zidd olduğu üçün qondarma rejimi tanımayacağını bəyan edib. Nəticədə İrəvana səfər zamanı bizdən çox düşmənimizin xarici siyasət arsenalında istifadə oluna biləcək bəyanatlar səsləndi. Bu, diplomatiyamızın, xarici siyasətimizin keyfiyyətindən xəbər verir".

Surenyants əlavə edib ki, xüsusilə Qərbin Azərbaycana qarşı heç bir sanksiya tətbiq etməyəcəyinə dair aydın mesaj var. Braun-Pevetin səfəri erməni qərbpərəstlərinin saxta gündəmini də ifşa etdi: "Biz gördük ki, bir neçə ay ərzində Ermənistanın siyasi arenasında hakimiyyət tərəfindən idarə olunan "Qərb seqmenti" cəmiyyətimizi vaxtaşırı saxta gündəmlə təmin edirdi. Deyirdilər ki, əgər biz xarici siyasət oriyentasiyamızı dəyişsək, bu, Qarabağ probleminə müsbət təsir göstərəcək. Onlar bəyan edirlər ki, Qərb təhlükəsizlik məsələlərində bizə dəstək verməyə hazırdır.

Rusiyanın imicini pozur və Qərbi xilaskar kimi təqdim edirlər. Xanım spikerin səfəri kontekstində və onun verdiyi açıqlamalarda gördük ki, bizim "saray qərbpərəstlərimiz" saxta gündəmlə məşğuldurlar".

Politoloqun sözlərinə görə, məlum səfər nəticəsində erməni cəmiyyətində antifransa ab-havasının yaranması mümkündür. Halbuki Ermənistanla Fransa arasında həmişə xüsusi münasibətlər olub.

Surenyantsın fikrincə, Ermənistanda daim antirusiya əhval-ruhiyyəsinin, daha sonra hansısa başqa ölkəyə qarşı əhval-ruhiyyənin olması rəhbərliyin günahıdır: "Bu, bizim hakimiyyət orqanlarının yanlış siyasətinin nəticəsidir, çünki hökumət öz fəaliyyətsizliyini gizlədir, bu və ya digər ölkəyə hansısa missiyanı həvalə edir, amma həmin ölkələrin birinci şəxslərinin heç biri bizim hakimiyyət orqanlarına bu barədə söz verməyiblər. Ermənistan hökuməti məsuliyyəti başqa ölkələrin üzərinə atmamağı öyrənməli və bu ölkələrdən ictimai gözləntiləri üçün düzgün zolaq qurmalıdır".

Erməni ekspert onu da əlavə edib ki, bu gün Ermənistanın dünyada iki məlum ölkədən başqa düşməni yoxdur: "Dost ölkələr arasında isə Rusiya, Fransa və ABŞ dayanır. Sadəcə olaraq onlarla düzgün işləmək, cəmiyyətə düzgün gözləntilər təqdim etmək lazımdır".

 

 

 





17.01.2023    çap et  çap et