|
|
|
|
Ermənistanın Baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının "Sarsılmaz qardaşlıq-2023" hərbi təliminin keçirilməsini məqsədəuyğun saymayarq ləğv etməsi İrəvanla Moskva arasında gərginliyi artırdığı kimi, Ermənistanda da siyasi qüvvələr arasında gərginliyi artırıb. Moskvanın narazı qalmasının səbəbi Paşinyanın KTMT-nin təliminin Türkiyə-Azərbaycan tandemi tərəfindən doğru anlaşılmayacağı bəhanəsi ilə ləğv etməsidir. Paşinyanın fikrinin açması o deməkdir ki, Cənubi Qafqazda söz sahibi Türkiyə-Azərbaycan tandemidir və İrəvan onu narahat edəcək hərbi təlimin keçirilməsindən ehtiyat edir. Paşinyan bununla Moskvaya mesaj verib ki, Rusiya daha Cənubi Qafqazın hakimi deyil.
Rusiya prezidentinin köməkçisi Dmitri Peskov Paşinyanın qərarını şərh edərkən deyib ki, Ermənistanın Baş nazirinin bəyanatı kifayət qədər yenidir. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova mətbuat üçün brifinqdə İrəvanın KTMT-nin təlimlərini qəbul etməkdən imtina etməsini şərh edərkən deyib ki, Ermənistanın bu qərarı təşkilatdakı müttəfiqlərini razılaşdırılmış planları yenidən nəzərdən keçirmək məcburiyyətində qoyur və çətinliklər yaradır.
Rusiya istisna olmaqla KTMT-nin digər üzvləri hələlik İrəvanın bu qərarına münasibət bildirməyiblər. Hazırda KTMT-nin Birləşmiş Qərargahı "Sarsılmaz qardaşlıq-2023" hərbi təliminin təşkilata üzv olan digər dövlətlərin ərazisində keçirilməsi imkanlarını araşdırır.
Paşinyanın KTMT-nin təliminin Türkiyə-Azərbaycan tandemi tərəfindən doğru anlaşılmayacağı bəhanəsi ilə ləğv etməsi Ermənistanda da birmənalı qarşılanmayıb. Rusiyayönümlü qüvvələr Paşinyanı kəskin tənqid etməyə başlayıblar. Rusiyayönümlü qüvvələrin öncüllərindən olan Seyran Ohanyan Paşinyana hücum edərək onu kəskin tənqid edib. Bədnam "DQR"in liderlərindən biri deyib ki, hərbi təlimlər çağırış və təhdidlərdən qaçmaq üçün deyil, onlara qarşı çıxmaq üçündür. Bununla Seyran Ohanyan "Sarsılmaz qardaşlıq-2023" hərbi təliminin həqiqətən də Azərbaycana qarşı keçirildiyini etiraf edib.
Paşinyanın KTMT-nin təlimini ləğv etməklə iki mesaj verib. O, Ermənistanın Rusiya ilə müttəfiqliyini sonlandırmağa hazır olduğu ilə bağlı bütün dünyaya mesaj verib. İkinci mesaj isə Türkiyə və Azərbaycana yönəlib. Paşinyan bundan sonra Türkiyə və Azərbaycan əleyhinə tədbirlərdə Ermənistanın yer almayacağını nümayiş etdirməyə çalışıb. Ermənistan bu mövqeyində səmimiliyini və sabitqədəm olduğunu sübut edə bilsə, Cənubi Qafqazda davamlı sülh və sabitlik yarana bilər.