525.Az

"Əsas məqsədimiz Ukraynanın yenilənməsi ilə məşğul olan bütün tərəflərin səylərini birləşdirməkdir"


 

"Əsas məqsədimiz Ukraynanın yenilənməsi ilə məşğul olan bütün tərəflərin səylərini birləşdirməkdir"<b style="color:red"></b>

Həmyerlimiz Anar Rəfiyevin rəhbərlik etidiyi "Ukrayna Enerji Səmərəliliyi və Enerjiyə Qənaət Fondu" Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin ilk günündən xeyriyyə işi ilə məşğuldur. Bu təşkilat əsasən hərbi qulluqçular və mülki şəxslərə qida, gigiyenik vasitələr, tibbi ləvazimatların verilməsi, o cümlədən, hücumdan zərərçəkən şəhərlərin rəhbərliyinə "Starlink" avadanlıqlarının hədiyyə olunması, əhalinin təhlükəli zonalardan təxliyəsi, yardımların rahat çatdırılması üçün yol xəritələrinin hazırlanması kimi işlər görüb. Müharibə davam etdiyindən Fond da öz missiyasını yekunlaşdırmayıb, amma xeyriyyə işi ilə paralel olaraq, Ukraynanın bərpası istiqamətində yeni layihələr həyata keçirirlər.

Bunun üçün də "ONOVA" Yenilənmə Liqasını təsis ediblər. Anar Rəfiyev "525"ə müsahibəsində görülən işlər, yeniliklər barədə məlumat verib.

 

 

- Hazırda Ukrayna nəinki rus qoşunlarının hücumuna uğurla müqavimət göstərir, həm də hərbi əməliyyatlar zamanı dağılmış evləri və infrastrukturu bərpa edir. Sizin təşkilat bu prosesdə fəal iştirak edir. Zərərləri aradan qaldırmaq və məhv edilmiş obyektləri bərpa etmək üçün konkret hansı addımları atırsınız?

- Rus işğalçılarının infrastruktura və yaşayış obyektlərinə həftəlik, bəzən hətta gündəlik kütləvi raket hücumları onların və əlaltılarının Ukraynanı dağıtmaq və Ukrayna xalqını məhv etmək niyyətləri heç kəsdə şübhə yaratmır. Ukrayna məktəbləri, universitetləri, xəstəxanaları, uşaq meydançaları və evləri işğalçılar üçün elektrik stansiyaları qədər strateji hədəflərdir. Ukraynalılar, mübaliğəsiz, 11 ay ərzində nəinki hər gün sağ qalıb, Ukraynanın mövcudluğu, onun orijinal mədəniyyəti, dili və tarixi uğrunda mübarizə aparırlar. Və bu cəbhə bütün ölkəni əhatə edir.

"Ukraynanın Enerji Səmərəliliyi və Enerjiyə Qənaət Fondu" İctimai Birliyi ukraynalıların öz azadlıqları, müstəqillikləri və Avropa dəyərləri uğrunda mübarizəsində fəal iştirak edir.

İctimai Birlik fəaliyyətə başladığı gündən öz səylərini enerji səmərəliliyi və enerjiyə qənaət səviyyəsinin artırılmasına, yaşıl, bərpa olunan enerji mənbələrinə mümkün qədər tez keçidə və Ukraynanın Rusiya qazı və neftindən asılılığının azaldılmasına yönəldib.

Ötən ilin fevralından təşkilatımızın prioritetləri müvəqqəti olaraq dəyişdi. Müharibə dövründə bizim bütün resurslarımız, biliyimiz, təcrübəmiz Ukraynaya, onun müdafiəçilərinə və mülki əhaliyə maksimum mümkün hərtərəfli yardıma yönəldilib. Məcburi köçkünlərə ünvanlı yardım, mühüm infrastruktur obyektlərinin fasiləsiz enerji təchizatını təmin etmək üçün generatorların axtarışı və satın alınması, dağılmış binaların bərpası, Ukraynanın 16 bölgəsini əhatə edən genişmiqyaslı pəncərə dəyişdirmə layihəsi -  bu günlərdə operativ şəkildə həll etdiyimiz vəzifələrin natamam siyahısıdır. Burada aydınlıq gətirək ki, əsasən bombalanma zamanı zədələnən pəncərələr yeniləri ilə əvəz olunur.

- "Ukrayna Enerji Səmərəliliyi və Enerjiyə Qənaət Fondu" "ONOVA" Yenilənmə Liqasının yaradılması təşəbbüsü ilə çıxış edib. Liqa, onun məqsədləri haqqında ətraflı məlumat verə bilərsinizmi?

- "ONOVA" ölkənin bərpası naminə müxtəlif fəaliyyət və təsir sahələrinin nümayəndələrinin qarşılıqlı əlaqəsi üçün yaradılmış ictimai platformadır. Burada əsas məqsəd Ukraynanın yenilənməsi ilə məşğul olan bütün tərəflərin səylərini birləşdirməkdir. Məqsədimiz təkcə məhv edilmiş hər şeyi bərpa etmək deyil, biz ölkəni səmərəli şəkildə yeniləmək, onu daha da yaxşılaşdırmaq istəyirik. ABŞ-ın ESRI və "Elektron Ukrayna" Açıq Səhmdar Cəmiyyət kimi tərəfdaşlarla əməkdaşlıq edərək liqa iştirakçılarının birgə işi üçün şəffaf və rahat alətlər dəsti hazırlamışıq.

GIS HUB - Coğrafi İnformasiya Habı zədələnmiş obyektlərin bərpası və daha da yenilənməsi üçün innovativ İT xidmətidir. Ukrayna yeniləmə portalı "ONOVA" liqa üzvləri arasında layihələr və qarşılıqlı əlaqə portalıdır. "ONOVA" Ukraynanın yenilənməsinə qoşulmaq və https://onova.org.ua/en portalında təqdim olunan layihələrdən birində iştirak etmək istəyən hər kəs üçün açıqdır.

- "ONOVA" Liqası hansı dövlət təşkilatları ilə əməkdaşlıq edir? Liqada başqa kimlər var?

- Hazırda Ukraynanın İnfrastruktur Nazirliyi, Energetika Nazirliyi, Gənclər və İdman Nazirliyi, İcmaların və Ərazilərin İnkişafı Nazirliyi bizim fəaliyyətimizə qoşulub. Müvəqqəti işğaldan təsirlənən, bombalanmış və məhv edilmiş 20 icmada dağıdıcılığın rəqəmsallaşdırılması üzrə işlər davam edir. Artıq 12 mindən çox zədələnmiş və ya tamamilə məhv edilmiş obyektlər GIS HUB veb xidmətinin interaktiv zədələnmə xəritəsində qeydə alınıb.

Dövlət təşkilatlarından əlavə, biz beynəlxalq donorlar, xarici və Ukrayna biznes nümayəndələri, ictimai təşkilatlar və media ilə əməkdaşlıq edirik. Ukraynalı tanınmış futbolçu Andrey Yarmolenko "ONOVA" Liqasının səfiridir. Andrey dünya səviyyəli ulduz kimi beynəlxalq ictimaiyyəti Ukraynanın yenidən qurulması layihələrinə cəlb etmək imkanına malikdir. Onun fəaliyyəti sayəsində daha çox insan təkcə bizim rus işğalçılarına qarşı mübarizəmizi deyil, həm də özlərinin bizə necə kömək edə biləcəklərini və ölkəmizin bərpasında iştirak edə biləcəklərini öyrənəcəklər.

- "ONOVA" hazırda hansı layihələr üzərində işləyir? Azərbaycan şirkətləri bu layihələrin həyata keçirilməsində iştirak edirmi?

- Bizim bütün resurslarımız Ukraynaya hərtərəfli yardıma yönəlib. Biz BMT ilə birlikdə hərbi əməliyyatlar nəticəsində zədələnmiş pəncərə və qapıların yeni metal-plastik pəncərələrlə əvəzlənməsi üçün genişmiqyaslı layihəyə start vermişik. Təcili həyata keçirilməsini tələb edən digər layihə əhalinin, dövlət orqanlarının, icmaların elektrik enerjisinin yığılması, saxlanması və istehsalı vasitələri ilə təmin edilməsidir. İcmalardan və nazirliklərdən ərizələri toplayıb Energetika Nazirliyi ilə birlikdə sabit elektrik təchizatına (yəni generatorlarla təminata) kritik dərəcədə ehtiyacı olan ən problemli və tələbatda olan infrastruktur obyektləri üçün müraciət hazırladıq. Bunlar Xarkov, Çerniqov, Nikolayev, Buça, İrpen, Kremençuk şəhərləri və Makarov qəsəbəsidir. Biz Almaniya, Türkiyə və ABŞ-dan generator istehsalçıları ilə danışıqlar apardıq. Eyni zamanda, biz Türkiyə Respublikasının Ukraynadakı səfirliyi və Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Ukraynadakı ofisi ilə enerji istehsal edən avadanlıqların, humanitar yardımın çatdırılmasını sürətləndirmələrinə dəstək barədə razılıq əldə etdik. Liqa iştirakçısı, Ukraynanın modul evlər istehsalçısı, "Chornomorsk Stroy Group" ilə birlikdə biz Ukraynanın bölgələrində "Yenilməzlik nöqtələri" adlı məntəqələrində istilik mərkəzlərinin istehsalına və quraşdırılmasına başlayırıq. Həmçinin, dağılmış ictimai binaların bərpası və təmiri ilə bağlı çoxlu layihəmiz var. Çerniqovdakı "Desna" Olimpiya stadionu və gənclər mərkəzi, İrpendəki dağıdılmış lisey və Makarovdakı uşaq bağçası. Biz və Ukraynanın "ONOVA" Yenilənmə Liqasının digər üzvləri artıq hərbi əməliyyatların bitməsini gözləmədən onların bərpası üzərində işləyirik. "ONOVA" Liqası üzvlərinin birgə səylərinin gözəl nümunəsi isə İrpendə Zərifə Əliyeva adına məktəbin bərpasıdır. Məktəb Azərbaycanın Dövət Neft Şirkəti - SOCAR-ın iştirakı və Azərbaycan Respublikasının Ukraynadakı səfirliyinin dəstəyi ilə bərpa edilib.

- Ukraynanın hazırkı sosial, kommunal vəziyyəti barədə məlumat vermənizi istərdik. Doğrudur, biz, müxətlif KİV-dən oradakı vəziyyətlə tanışıq, amma siz bilavasitə hadisələrin iştirakçısına çevrilmisiniz. Elektrik enerjisi, rabitə, su və istilik təchizatındakı son durumu danışmanızı istərdik. Ukraynalılar bu resursların yoxluğundan əziyyət çəkir. İnsanlar bu çətinliklərlə necə mübarizə aparırlar? Dövlət hansı tədbirləri görür?

- Ukraynalılar artıq bütün dünyaya sübut etdilər ki, bu xalqı sındırmaq, qorxutmaq olmaz. Rusiyanın Ukraynanın enerji sisteminə hücumları yalnız Ukrayna cəmiyyətini konsolidasiya edir. Generatorlarla təchiz edilmiş hər bir ofis, mağaza və ya kafe pulsuz isinmə və qacetlərin şarjlanması məntəqəsinə çevrilir. Qarşılıqlı yardım, Ukrayna Silahlı Qüvvələrinə dəstək və Ukraynanın qələbəsinə inam - ukraynalıların bu gün yaşadıqlarıdır.

 

 

 

 





17.01.2023    çap et  çap et