Xəbər verildiyi kimi, bu günlərdə Bakıda "STEAM İnnovasiya Mərkəzi"nin açılışı olub. Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Bakıda "STEAM İnnovasiya Mərkəzi"nin açılışında iştirak ediblər. Açılış zamanı dövlət başçısına və birinci xanıma Mərkəzdə yaradılan şərait barədə ətraflı məlumat verilib. Bildirilib ki, "STEAM İnnovasiya Mərkəzi"nin dördmərtəbəli yeni binasında aviasiya məkanı, klassik Nyuton, uşaqlar üçün Nyuton, konfrans, oyun, konstruksiya, "Heureka Classics" otaqları, robotların hazırlanması laboratoriyası, "3D hologram", VR zonaları mövcuddur.
Qeyd edək ki, müasir dünya reallıqları gələcəkdə yüksəkixtisaslı mütəxəssislərin yetişməsi üçün təhsil qarşısında bir çox mühüm vəzifələr qoyur. Həyatın bütün sahələrində işlərin yeni dünya düzəninə uyğun qurulması üçün təhsil ocaqlarında öyrənmək maraqlı olmalı, bilik təcrübədə tətbiq edilməli, təlim maraqlı formada keçilməlidir. Yəni bu günün məzunları müasir tələblərə cavab verən, əmək bazarında özünü doğruldan şəxslər olmalıdır. Elə bu məqsədlə də Elm və Təhsil Nazirliyi 2019-2020-ci tədris ilindən başlayaraq Heydər Əliyev Fondunun dəstəyi ilə "STEAM Azərbaycan" layihəsinə start verib. STEAM - elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın birləşməsi nəticəsində yeni ideyaların reallaşdırılması, cəmiyyətdə müxtəlif problemlərin həllinə kömək edə biləcək təhsil yanaşmasıdır. Hazırda ölkəmizin bir sıra məktəblərində STEAM otaqları və mərkəzləri fəaliyyət göstərir.
"STEAM Azərbaycan" layihəsinin davamı olan "STEAM İnnovasiya Mərkəzi"nin fəaliyyəti orta məktəblərdə eyniadlı mövcud mərkəzlərin tədris proqramına görə fərqlənir. Bu Mərkəzə müraciət edən müxtəlif yaş kateqoriyasından olan məktəblilər və tələbələr XXI əsr bacarıqlarını - kreativliyi, əməkdaşlığın inkişaf etdirilməsini, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə qabiliyyətlərini yüksəldəcəklər. Uşaqlar real həyat problemləri ilə qarşılaşdıqda, STEAM metodu vasitəsilə onun rahatlıqla ən uyğun həlli yollarını tapmağa çalışacaq və yaradıcı yanaşmalarını nümayiş etdirəcəklər.
Bu Mərkəzin məqsədi şagirdlərin potensialını və maraqlarını cəmiyyətə xidmət işinə yönəltmək, onları öyrənməyə həvəsləndirməkdir. STEAM tədris üsulu müasir dövrdə ölkənin sosial-iqtisadi inkişafında çox böyük əhəmiyyətə malikdir. Belə ki, uşaqlar bu metod vasitəsilə elmin digər sahələri ilə yanaşı, beyinlərinin məhsulunu ortaya qoya biləcək, gələcəyin mütəxəssisləri kimi yetişəcək və ölkənin inkişafına töhfələrini verəcəklər. Sözügedən Mərkəzin yaradılması dövlətimiz tərəfindən ölkədə elm və təhsil sahəsində yeniliklərin tətbiqinə, təhsilin müasir tələblər səviyyəsində inkişaf etdirilməsinə, gənc nəslin yeni ideyalarının reallaşdırılmasına göstərilən diqqətin və verilən əhəmiyyətin əyani təzahürüdür.
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov deyib ki, mühüm təhsil və elm hadisəsi olmaqla yanaşı, müasir innovasiyalara, dünyada elm və təhsil tutumlu ölkələrdə tətbiq olunan təhsil yeniliklərinə ölkəmizin nə qədər açıq olmasının göstəricisidir. İstifadəyə verilən "STEAM İnnovasiya Mərkəzi" kifayət qədər böyük hədəfləri və geniş istifadəçini qarşılamaq imkanında olacaq. Mərkəzdə həm məktəbyaşlı uşaqlar, həm də tələbələrin istifadəsi üçün kifayət qədər geniş imkanlar var.
Onun sözlərinə görə, mərkəz müasir dünyanın yeni yaradıcı peşə və ixtisaslarına yiyələnməyə, təkmilləşdirməyə, gələcək ixtisaslarını müəyyənləşdirməyə imkan yaratmaqla bərabər, həm də beynəlxalq reallıqları nəzərə alınmaqla yüksəkixtisaslı kadr hazırlığı istiqamətində mütəxəssis yetişməsinə hədəflənmiş çox vacib təhsil və tədris mərkəzidir: "Artıq bir neçə ildir Heydər Əliyev Mərkəzinin və Mehriban xanım Əliyevanın təşəbbüsü ilə STEAM layihəsi reallaşmağa başlayıb. Bu çərçivədə ayrı-ayrı məktəblərdə STEAM sinifləri istifadəyə verilib, regionlarda STEAM mərkəzləri uğurla fəaliyyət göstərir və bu istiqamətdə işlər genişlənməkdə davam edir. Bakıda məhz "STEAM İnnovasiya Mərkəzi"nin fəaliyyət göstərməsi elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın birləşməsi nəticəsində multidissiplinar müstəvidə və fənlərarası münasibətlər kontekstində yeni ideyalar platformasının formalaşmasına xidmət edəcək. Ümumiyyətlə, STEM hərəkatının vüsət alması Azərbaycanın beynəlxalq təhsil və elm məkanına inteqrasiyada nə qədər ardıcıl və məqsədli olmasını göstərir. STEAM fərqli elmi biliklərin sintezi və inteqrasiyası ideyalarının üzərində formalaşıb. Bildiyimiz kimi, fənlərarası münasibətlər və yeni biliklər yaradıcılığında yeni yanaşmalara ehtiyac yaranmışdır. Fənlərarası proqramlar ənənəvi fənlərin mühüm problemi həll etmək iqtidarında olmadığı və ya istəmədiyi ümumi inamdan qaynaqlanır. STEAM bu gün dünyada həddən artıq ixtisaslaşma və təcridin zərərli təsirlərinə qarşı vasitə kimi özünü göstərir. Nazir Emin Əmrullayev də açılışda qeyd etdi ki, STEAM sayəsində spesifik, real dünya problemləri üzərində qısa müddətdə birlikdə işləyən multidissiplinar komandalar formalaşacaq. Artıq təhsildə öyrətmə tamam fərqli bir yanaşmalar üzərində qurulub. Mərkəzin açılışını ölkəmiz adına, təhsilimiz adına çox vacib hadisə kimi xarakterizə edirəm".
İlqar Orucov hesab edir ki, Azərbaycanda bu istiqamətdə görülən işlər ölkə başçısının Azərbaycanı hər zaman təhsilli və elmtutumlu ölkə olaraq görmək istəyinin nəticəsidir: "Prezident İlham Əliyev çıxışında da qeyd edib ki, layihə bu istiqamətdə görülən işlərin davamıdır. STEAM platforması gələcəkdə həm də rəqəmsal əmək bazarı üçün müasir kadr hazırlığına imkan yaradır. Bu, sürətlə dəyişən dünyada insan kapitalının formalaşmasına önəm verilməsindən irəli gəlir. Fənlərarası əlaqələrlə yanaşı, STEAM mərkəzlərinin inkişafı olduqca vacibdir. STEAM Azərbaycanda yeni insan modelinin yaradılmasına, əmək bazarı üçün yeni biliklərə və innovasiyalara söykənə biləcək komandaların formalaşmasına təsir göstərir. STEAM XXI əsr bacarıqlarını özündə əks etdirən yeni nəslin formalaşmasına hədəflənib və burada ən vacib məqamlardan biri kimi müxtəlif yaş kateqoriyalarından olan insanların vahid komandalarda birləşərək birgə iş qurmaq, yeni ideyalar üzərində işləmək və düşünmək bacarığını inkişaf etdirməkdir. İnkişaf etmiş ölkələrdə məhz bu istiqamətdə kifayət qədər yaxşı təcrübələr mövcuddur. Məhz bu baxımdan ölkəmizdə də yeni texnologiyaları mənimsəmək, tətbiq etmək, onlardan istifadə edərək yeni reallıqlar üzərində düşünmək istiqamətində insanları formalaşdırmaq lazımdır. Burada yeni metodlar vasitəsilə beyin məhsullarının ortaya qoyula bilməsi, yeni nəsli gələcəyin mütəxəssisləri olaraq insanları formalaşdırmaqdan söhbət gedir. İntellektual mühitin bir hissəsi olan STEAM mərkəzləri fənn münasibətlərinin öyrənilməsi, müxtəlif fənlərin birgə tətbiqi nəticəsində yeni elmi innovativ məhsulların ortaya gəlməsində insanların düşünməsinə şərait yaradır. Bu, həm də fənlərarası münasibətlər və yeni yanaşmalara yaranan ehtiyacdan qaynaqlanır".
İ.Orucovun fikrincə, mərkəz sayəsində həm şagirdlərin, həm də tələbələrin müasir dünyanın yeni innovasiyalara əsaslanan elmi-texnoloji məhsul olaraq STEAM məhsulları üzərində işləmək bacarıqlarını artırmaq mümkün olacaq: "Dünyada xeyli sayda peşə və ixtisas mövcuddur. Müasir peşə və ixtisasların təbliği baxımından da bu fənlərarası əlaqələrin dinamikasının yaranması zərurəti var. Yeni yaradılmış mərkəz şagirdlərin, bütövlükdə yetişməkdə olan nəslin onların potensialını və maraqlarını məhz cəmiyyət naminə işə yönəltməyə, onları həm də yeni üsullarla öyrənməyə, həvəsləndirməyə xidmət edəcək.
Müasir dövrdə ölkənin sosial iqtisadi inkişafında bütövlükdə təhsilin və elmin payının artırılması STEAM tədris üsulundan istifadəyə əsaslanmalıdır. Yeni peşələr yeni səriştələr və bacarıqlar tələb etdiyi üçün yeni bacarıqlara dair biliklərin vaxtında verilməsi problemini aradan qaldırmağa və tədris proseslərinə innovativ düşüncənin inteqrasiyasına məhz STEAM birbaşa təsir imkanına malikdir. Gənc nəslin yeni baxışlarının və ideyalarının formalaşması və onların realizə edilməsinə önəm verilməsi, bu istiqamətdə beynəlxalq trendlərin nəzərə alınması dövlətin yeni tədris üsullarına açıqlığının göstəricisidir. Bu, həm də ölkəmizdə insan kapitalının inkişafı kontekstində beynəlxalq rəqabət mühitində öz imkanlarımızı genişləndirməyimizə imkan yaradacaq".
Sevinc QARAYEVA