525.Az

Oqtay Rzanın "Səkkizliklər"i haqqında düşündüklərim - Allahverdi Eminov yazır


 

Oqtay Rzanın "Səkkizliklər"i haqqında düşündüklərim - <b style="color:red"> Allahverdi Eminov yazır</b>

 

Mərhum şair Oqtay Rza öz poetik üslubuna sadiq söz ustasıdır və onillərdir, oxucusu onun yaradıcılığını maraqla qəbul edir. Onun "Cüt qüvvə", "Bulud", "Sonuncu nəğmə", "Payız", "Daşın nağılı", "Mövlana Rumi", "Anama" və digər şeirləri artıq klassikləşmiş sayıla bilər.

Oqtay Rza şeirində iki xətt aparıcı olub: rübailəri və səkkizlikləri. Birinci silsilə haqqında, vaxtilə çap etdirdiyim Oqtay Rzanın yaradıcılığı haqqında monoqrafiyamda qismən yazmışam və şairə məxsus tematikasını, bədii-üslub çalarının spesifik cəhətlərini vermişəm. Bu gün isə müntəzəm şəkildə mətbuatda ardıcıl işıq üzü görmüş "Səkkizlikləri" barədə fikrimi oxucularla bölüşəcəyəm...

Onun "Səkkizlik"ləri bir neçə rakurslardan fərqlənir, bu isə şairin vurğuladığım kimi, fərdi üslub çalarları ilə bağlıdır. Şərti olaraq deyərdim ki, O.Rzada birinci poetik təyinat insanın azadlığı fəlsəfəsidir, yeni nəsildə bu, aşılanmalıdır, belə bir vəzifəni yalnız elmi-pedaqoji əsərlərin üzərinə atmaq birtərəflik olardı, poeziyanın məxsusi imkanlarını nəzərə almaq lazım gəlir. Əks halda, insan cəmiyyəti ruhən varlığını itirər, qul - kölə vəziyyətilə barışar. İnsan Kainatda öz yerini - vəzifəsini anlamağı bacarmalıdır.

 

Yer bizi saxlayır çətir altında

Əziz övladıyıq kainatın da.

Pəncərə gözüdür işıqlı evin -

"Pəncərə" açmayaq Ozon qatında.

 

Bu, poetik deyimdə nəsihətçilik bir yana, insanın mənfur psixologiyadan uzaqlaşması üçün daha geniş və humanist düşünməsi, sosial və məntiqi yollar axtarıb tapması aşılanır. Əgər insanda düşüncə tərzi analitik işləyirsə, Kainatı (dünya-nı) bütöv görürsə, heç bir halda pisliklər haqda düşünməz.

Oqtay Rzanın "səkkizlik"lərində o ideya irəli sürülür ki, insan yüksək ali hisslərini itirməməlidir və düşüncə tərzi bu əxlaqa yönəlməlidir. Bir insanın fəaliyyətini, iş qabiliyyətini, məsuliyyətini dərindən öyrənmədən, mahiyyətinə varmadan nəticə çıxarmamalı. Budur:

 

Könül yaralayıb, sim qırma heç vaxt,

Sözünü sakit de, çığırma heç vaxt.

Bəşər övladına qiymət verərkən

Tələsik nəticə çıxarma heç vaxt.

 

Oqtay Rza cəmiyyətə yük olanları, xəbisləri, tamahkarları səkkizliklərində ifşa etməkdən çəkinmir və niyə də ehtiyatlanmalıdır?! Belələrinin əxlaqi davranış potensialı çatışmırsa, yerində otuzdurulmalıdır.

Oqtay Rzanın bu şeirlərindəki cılız surətlər öz xarakterlərilə təsvir olunur və insan gücünün inkişaf indeksinə müvazi deyillər, öncə söz ləyaqətlərindən uzaqlaşmamalıdılar, namuslu həyatlarına can atmalıdılar. Bu o halda müsbətə çevrilər - igid, cəsur və mərdanə olsunlar. Və şair igidlik - əxlaqi kodeksi poetik səviyyəyə çatdırır, lap uzaqlardan süzülüb gəldiyinə işarə edir:

 

İgidlik dərsi al Qorqud elindən,

Gücsüzün, yazığın yapış əlindən.

"Ot kökü üstündə bitər" kəlamı

Arif adamların düşməz dilindən.

 

Oqtay Rzada ikinci poetik istiqamət təsvir predmetinin elmi ifadəsidir, assosiativ müqayisəsidir. Çünki onun özü elm insanıdır. Yer səthinin və Kainat harmoniyasının bilicisidir. Bu xətt şairin poeziyasında kövrək ovqatla səslənir.

 

Dostları evinə çağırır Sokrat,

Hamının ovqatı pisləşir, heyhat.

Çünki sərt, çox acı sözlərdən sonra

Ərinin üstünə su atır arvad.

 

Qonaqlar alimə heyrətlə baxır,

Nə pərtdir o, nə də özündən çıxır.

Deyir ki "İldırım" çaxırdı bayaq -

İndi görürüsünüz: bərk yağış yağır.

 

Təbiətin bir qanunauyğunluğunun təəccüb doğurması Oqtay Rza elmi dü-şüncə tərzini mənəviyyatla, onun gözəlliyi ilə, məzmunu ilə bağlayır və çox təbii alınır. Ona görə ki, Şərq psixologiyası, onun insanpərvərliyi, şeiriyyatı, bu dünya və axirət dünyasının dərki və sair mühüm amilləri motivləşdirir. Mənəviyyatda acgözlük, hərislik, ifrat nəfs məsələsi problemə çevrilməsin insanlar tərəfindən. Tamah, hərislik nə verər sahibinə.

 

Hörməti heç edər acgözlük, tamah,

Xırda meyllərdən başlanır günah.

Günah ucbatından Yer kürəsində

Gündə eşidirik min fəryad, min ah.

 

Oqtay Rzada digər bir poetik istiqamət "səkkizlik"lərdə qoyulmuş ideyaların alleqorik şəkildə açılmasıdır: cansız və canlı şeylər üzərinə keçirilməsidir. Xüsusən, "Şam" surətinə tez-tez müraciət edir şair. Hətta onun uzaq yaşına gedib çıxır.

 

Şam, görən, neçənci əsrdən bəri,

Şam kimi əridib qərinələri.

İlləri itkisiz salmayıb yola -

Qalır gövdəsində budaq yerləri.

 

Fikrim uzaqlarda şığıyıb gedir,

Üzümə toxunan bahar mehidir.

Şamın başındakı yamyaşıl çətir -

Yəqin ya qəhrəman, ya da dahidir.

 

Yaxud da ağacdələn surəti - maraqlı müqayisədir.

 

Heyranam işinə ağacdələnin,

Döymədən döşünə qalib gələnin.

"Həkim"dir, "usta"dır, hətta dostudur

Neçə "ev" gözləyən quşun, dələnin.

 

Necə ki, qar yağır, meşə ağarır,

O, həzin səsiylə həmdəm çağırır.

Heyranam işinə ağacdələnin -

Yemini dəmirdən, daşdan çıxarır.

 

Şair Oqtay Rzanın yaradıcılığının bir qolu olan "səkkizlik"lər poetik forması və sosial məzmunu ilə insan və onun amalı, həyat və onun idarə olunması haqqında tam təsəvvür yaradır. İnsan həyatda öz yerini görür. Müəllif də bu proseslərin istiqamətlərin daha yeni, bizə yaxın yönümdə təsdiq edir ki, bu, ən vacib faktorlardan sayılır. Amerika alimi C.Kerrol yazır ki, bu gün dünya filoloji fikrində üç əsas istiqamət mövcuddur: fəlsəfəyə söykənən sosioloji istiqamət, freydizmə söykənən psixoanalitik istiqamət, dekoinstruksiyasına söykənən pozetmodernizm. Çağdaş poeziya üçün maraqlı deyilmi? Tələsməyək!

O.Rzanın səkkizliklərində oxucunu insanlığa dəvət edən ibrətalma funksiyası təzədir, təmsillə fikri əlaqəsi təbiidir. Bəllidir ki, tülkü surəti bu baxımdan "klassikləşib" və gəlib XXI əsrə də çıxıb - təəssüf! Bütün əlamətlərilə, barı, keçmiş əsrlərdə qoyduğu əlamətlər olardı.

 

Tülkünün həmişə işi fənadı,

Çünki hiyləgər tək çəkilir adı.

Sayı azalan bu şələquyruğun

Məskəni çöl, meşə, heyvanxanadı.

 

Keçmişdən min miras yadigar qalıb,

İmarət, abidə, bürc, divar qalıb.

Dövran çox vəhşini əhilləşdirib,

Tülkü dəyişmədən necə var qalıb.

 

Deməli, zamanın gücü heç də fikirləşdiyimiz kimi də görünmür, elə nəsnələr var - acizdir; bu da gen məsələsidir, xislət mütləqliyidir!

Şairin səkkizliklərində məhəbbət - sevgi paraleli təbii hisslərin poetik ifadəsidir. Ona görə bu qənaətə gəldim ki, Oqtay Rza şeirində bu həzin dəyər həmişə poetik təsvirini tapıb. Bu gün "səkkizlikləri"ndə də müqəddəs möcüzəyə qayıdarsa, filosof B.Spinoza demişkən: "Hər kəs həmişə sevdiyini xəyalında görməkdən xoşlanır". Necə ki:

 

Xəbərin olmadan gəlir məhəbbət,

"Ağıllı" məhəbbət, "dəli" məhəbbət.

Sevən var - taledən razı, bəxtəvər,

Sevən var - köksünə dağ çəkir həsrət.

Məhəbbət oxuyur eşqin tarında,

Həzin nəğməsidir nakamların da

Deyirlər "Bir dəfə vurulur adam" -

Niyə "İlk məhəbbət" sözü var onda?

 

Oqtay Rzanın rəng duyumu və qavraması fəlsəfidir, mahiyyətlidir və simvollaşır, çün maddi - real dünyanın bir atributudur. Məsələn, sarı rəngi şeirlərində tez-tez gətirir və payız rəngini qatışdırır. Olmaya şairin təxəyyülündə bu rəng estetik funksiyasını ödəyir? Yenə sual? Cavabını filosof Ş.Monteskyedə tapmaq istədim: "O şey ki faydalıdır - biz ona "yaxşı" deyirik. O, şey ki faydalanmaq baxımından deyil, sadəcə baxmaq, seyr etməklə bizdə xoş duyğular oyadır - ona "gözəl" deyirik. - Düzgün cavabdırmı? Fikrimcə, sarı rəng, sarılıq, saralmaq, xəzəlləşmək, bir sözlə, təsvir obyektinin sonuna - məhvinə işarədir - ideyanı ifadə edirsə belə. Oqtay Rza isə sarı rəngi yarpaqda görürsə, onu Günəşə şamil edir:

 

Niyə yarpaqların rəngi sarıdır?

Çünki yol payızdan qışa sarıdır.

Yəqin zər şüalı Günəş də göydə

"Kiminsə eşqinin yadigarıdır".

 

Bununla şair "mütləq ideya" yozumuna gəlib çıxır və sarı rəngi kövrək təbiət tərənnümünə gətirir, bununla başqa eyni ovqatlı şeirin assosiativ əlaqəsini yaradır.

 

Sarı köynəyini geyinib bağlar,

Meşədə yarpaqlar xəzələ dönüb.

Heyranı olduğum dilbər qovaqlar

Şalını itirən gözələ dönüb -

 

Mən yenə yuxarıdakı mülahizəmə qayıdıram: Oqtay Rza istedadı fitrətdəndi, onun içərisindən qaynaqlanır və təzahür edirdi. Bunun üçün həmişə vurğulamışam ki, yaradıcılıqda, xüsusilə, poeziyada yaş senzurası son dərəcə şərtidir, bir şərtlə, duyub yaşayasan ki, oxucularına dərin zövq aşılayasan.

...İllər öncə Oqtay Rzanın yaradıcılığını araşdırarkən bu poeziyanın təravətini duyarkən necə təsirlənmişdimsə, yenə o təəssüratda qalıram. Axı, poeziya sifarişlə yaranmır, şairin qəlb - ürək pıçıltısıdır...

25.09.2022

 

 

 

 

 

 

 

 

 

 





17.01.2023    çap et  çap et