525.Az

Xəlil Kut paşanın "...Bitməyən savaş"ındakı Azərbaycan - Ramiz Qasımov yazır


 

Xəlil Kut paşanın "...Bitməyən savaş"ındakı Azərbaycan - <b style="color:red"> Ramiz Qasımov yazır</b>

Görkəmli türk hərb xadimi Xəlil Kut paşanın "İttihad və Tərəqqidən Cümhuriyyətə: bitməyən savaş" adlı xatirələrindən ibarət olan, Taylan Sorqunun hazırladığı kitab bu yaxınlarda Azərbaycan dilində nəşr edilib. Əsəri tanınmış türkoloq, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev ana dilimizə tərcümə edib. Ə.Quliyev kitabı çapa hazırlayarkən bəzi bölmələri ixtisara salaraq yığcamlaşdırıb. Əsər Azərbaycan dilinə çox uğurla tərcümə edilib. Bunu da qeyd edək ki, əsərin özü də olduqca sadə, anlaşıqlı bir üslubda qələmə alınıb, çox oxunaqlı bir dildə yazılıb. Görünən budur ki, Xəlil paşanın xatirələrini çapa hazırlayarkən istedadlı bir qələm sahibi, publisist olan Taylan Sorqun yazının üslubunu əsl hekayə dilinə çevirib, oxunaqlılığı və anlaşıqlılığını təmin edib. Tərcümə zamanı professor Ə.Quliyev də Azərbaycan dilinin geniş imkanlarından bəhrələnib, ən uğurlu, işlək, fikirləri sadə, dəqiq şəkildə ifadə edən leksik imkanlardan yararlanıb. 

Kitabın Azərbaycan dilində çapının elmi redaktoru və ön sözünün müəllifi AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevdir. Əsər Naxçıvanın "Əcəmi" Nəşriyyat-Poliqrafiya Birliyi tərəfindən 2022-ci ildə nəşr edilib. Kitab son dövrlərdə daha da inkişaf edən Azərbaycan-Türkiyə münasibətləri fonunda əlamətdar yerə malikdir. Bu nəşr Azərbaycan xalqının taleyüklü tarixi hadisələrində mühüm rol oynamış görkəmli türk hərbi xadimi Xəlil paşanın hərbi xidmət və döyüş yolundan bəhs etməklə mühüm əhəmiyyət daşıyır. Digər tərəfdən, Xəlil paşanın xatirələrinin əks olunduğu əsərdə Azərbaycan xalqının müqəddəratı və tarixi ilə bağlı olduqca vacib və maraqlı məsələlər yer alıb. Kitab Azərbaycan xalqının da tarixi ilə yaxından bağlı olan ciddi ictimai, siyasi və hərbi hadisələr fonunda olduqca ziddiyyətli, mürəkkəb və əhəmiyyətli bir dövrü öyrənmək üçün mühüm bir mənbə rolunu oynamaqdadır.

Xəlil Paşa Kut adı ilə tanınan görkəmli hərb xadimi Azərbaycan xalqının mürəkkəb və çox çətin, faciələrlə dolu olan 1918-1920-ci illər Cümhuriyyət dövrü tarixilə yaxından bağlı olan Qafqaz İslam Ordusunun komandanı Nuru paşanın və Osmanlı dövlətinin müdafiə naziri Ənvər paşanın əmisidir. Xəlil paşanın xatirələrində çox maraqlı tarixi hadisələr öz təqdimini tapıb. Əsər müxtəlif hissələrdən ibarətdir ki, bu hissələr də Xəlil paşanın Osmanlı Ordu komandanlığındakı yüksək əhəmiyyətli hərbi xidməti ilə bağlı olan zəngin faktlardan ibarətdir. Xatirələr 23 başlıq - bölmə üzrə təşkil olunaraq bir-birilə əlaqəli, yəni Osmanlı Türkiyəsinin Birinci Dünya müharibəsində apardığı "İttihad və tərəqqidən Cümhuriyyətə"dək varoluş uğrunda mücadiləsini əks etdirir. Kitabda "Balkan savaşı", "Birinci Dünya müharibəsi", "İngilislər və Kut savaşları", "Mühasirə", "Bilin ki, Kutu əldən vermərəm", "Özü gələn", "Kutu ələ keçirdik", "Rusiyada inqilab", "Şeyx Mahmud", "Bakının işğaldan azad edilməsi", "İran", "İrəvan", "İnqilab və Azərbaycan" və başqa bölmələr yer alıb ki, bu bölmələr də Xəlil paşanın yaddaş və baxış bucağı çərçivəsində müəyyən dövrdə yaşanmış konkret hadisələrlə bağlıdır. Əlbəttə, burada bilavasitə Azərbaycanla - Azərbaycan tarixinin ən çətin dönəmləri olan inqilablar dövrü və müharibələr zamanında keçdiyi ciddi taleyüklü hadisələr, tarixi məsələlər yer alıb.  

"Balkan savaşı" bölməsi əslində əsas hadisələr üçün başlanğıc - giriş xarakterini daşıyır, əsərin baş qəhrəmanı ilə bağlı proloq rolunu oynayır. Bu bölmədə Xəlil paşanın Ənvər Paşa tərəfindən Vanda, sonra İstanbulda Mərkəz komandanlığına gətirilməsi, oradakı uğurlu xidmətləri və nəhayət, Birinci Dünya müharibəsinin başlanması ilə əlaqədar "Xəlil bəy qüvveyi-səfəriyyəsi" adı altında "bir mürəttib diviziyanın" komandanlığı vəzifəsinə gətirilməsindən bəhs edir. Kitabın "Birinci Dünya müharibəsi" bölməsindən əsas hadisələr başlayır və Xəlil paşanın hərbi xidmətləri fonunda yaddaşına yazılmış hadisələr bircə-bircə yer alır. Məsələn, Xəlil paşanın qeydləri əsasında məlum olur ki, hələ Birinci Dünya müharibəsinin gedişi prosesində Osmanlıda "ermənilərin soyqırımı" kimi ictimaiyyətə sırımaq istədikləri qanlı hadisələr əslində ingilis, rus və başqa qüvvələrin təhriki ilə ermənilərin türklərə, eləcə də kürdlərə qarşı apardıqları utancverici və xain hücumlarının qanlı nəticələridir.

Eləcə də hadisələrin təqdimi fonunda türk əsgərlərinin döyüş əzmi, qüdrəti, fədakarlığı və qəhrəmanlıqları aparıcı yerdə gəlir. Belə ki, Xəlil paşa qazanılan bütün qələbələrin nüvəsində məhz qəhrəman türk əsgərlərinin döyüş əzmi və cəsarətini səbəb olaraq göstərir və minnətdarlığını ifadə edir. Xəlil paşanın komandanlığı altında İraqda Bağdadın Kutülamara ərazisinin azad olunmasında türk əsgərlərinin göstərdiyi qələbə əzmi haqqında "Bilin ki, Kutu əldən vermərəm" adlı hissədə konkret faktlarla bəhs edilir. Bu əhəmiyyətli ərazinin ingilis işğalından azad olunmasında məhz Xəlil paşanın komandanlığı, onun bir hərbçi, komandan olaraq məharəti və düzgün qərarları əhəmiyyətli rol oynamışdı. Xəlil paşa hətta türk əsgərlərinin cəsarətli döyüşlərini izləmək istəyən alman zabitlərinə təqdim edib göstərdiyi bəzi hdisələrdən məmnuniyyətlə bəhs açır. Paşa bu xatirələri ilə bağlı belə yazır: "Bu arada Dük mənimlə irəli xətlərə getmək istdiyini bildirdi. Sözünü yerə salmadım, onu da götürüb irəli xətlərə doğru hərəkət etdim...

İlk rastladığımız yaralını dayandırdım, bu, Kastamonudan dövlət üçün döyüşməyə gəlmiş bir sıravi əsgər idi. Dayandı, yanımdakının əcnəbi olduğunu anlamışdı, "biz belə əsgərik" deyər kimi göstərişli bir salam verdi: "Döyüş necə gedir, kastamonulu?" - dedim.

- Komandanım, mübarək olsun, düşmən aldandı bizim gizli ehtiyatlara...

...Bir az irəlilədik, bu dəfə çörəyi sol əlilə yeyən əsgərə rast gəldik. Sol əlindəki çörəyi qoymağa yer tapa bilmədi... "Niyə çörəyi sol əlinlə yeyirsən?" - deyə soruşdum.

- Sağ qolum, komandanım, bir güllə ilə qopdu getdi. Axtardım, axtardım, tapa bilmədim. Neyləyim, sən sağ ol...

Ardından bir başqa yaralıya rast gəldik, hələ ona bir söz deməmiş, hörmətlə qarşımda dayandı və: "Komandan paşam, bu gələnlər bizə bir şey edə bilməzlər, bilirsinizmi?"

Xatirələrin həmin hissəsində Xəlil paşa döyüş yerlərində müşahidə aparmış alman zabitlərinin də maraqla qarşıladıqları hadisələr haqda bəhs edir. Məsələn: "Dük ingilis əsirdən soruşur: - Yaxşı, alman əsgərimi, yoxsa türk əsgərimi daha cəsur?

- Heç şübhə yoxdur ki, türk əsgəri. Alman əsgəri ilə müqayisə edilməz, türklər çox cəsurdurlar. Biz Qərb cəbhəsində bir-iki saatlıq topçu atəşindən sonra irəliləyir, alman səngərlərinə girir, yerləşir və orada qalırdıq. Burada isə altı saat sürən topçu atəşindən sonra boş qaldığını zənn etdiyimiz türk səngərlərinə girdik. Ancaq gözləmədiyimiz bir yerdən hərbi sıralar qaydasında bomba və süngülərlə üzərimizə atılan türk əsgərləri bizi, gördüyünüz kimi, toplayıb buraya gətirdilər.

...Dük 3-4 ingilis əsirindən də eyni sualı soruşdu və hamısından aldığı cavab bu idi: "Türkləri müqayisə etməyin. Onlar savaşın ustasıdırlar..."

Əsərin ən maraqlı hissələrindən biri "İnqilab və Azərbaycan" adlanan bölmədir. Burada Azərbaycandakı Cümhuriyyət dövründəki qarışıq, mürəkkəb tarixi hadisələr haqqında bəhs edilir. Buradakı qeydlərdə o zamankı Çar Rusiyasının parçalanması və daxili ziddiyyətlərin yaşandığı bir dönəmdə Qafqazda yaşayan xalqların öz müstəqilliklərini əldə etmək cəhdləri, o cümlədən, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması istiqamətində atılan əhəmiyyətli addımlar, Türkiyənin bu proseslərdə müdafiəedici və möhkəmləndirici rolu, erməni-bolşevik və ingilis qüvvələrinin Azərbaycanda törətdikləri faciəvi hadisələr, Rusiyanın Azərbaycandakı maraqları və buradakı proseslərə təsiri və s. haqqında geniş söz açılır.

Eləcə də kitabın "İran", "İrəvan", "İnqilab və Azərbaycan" adlı bölmələrində də Azərbaycanla, tarixi ərazilərimizlə bağlı maraq dolu faktlar var. Xüsusilə Xəlil paşa çox açıqsözlülüklə ermənilərin nə kimi xainliklərdən çıxması, Azərbaycan torpaqlarında ermənilərin və digər düşmən, xain qüvvələrin apardıqları nifrətamiz, mənfur işlər öz əksini tapıb. "Bakının azad edilməsi" bölməsində bu qandondurucu sözləri oxuyuruq: "Bakı 1918-ci ilin setyabrında işğaldan azad edildi.

...Şəhərdə silah səsləri gecə-gündüz davam edirdi. Şəhər ingilislərin nəzarəti altında olduğu zaman ermənilər və bolşeviklər yerli türk xalqına qarşı geniş bir qətliam törətməyə girişmişdilər. Şəhərin hər məhəlləsində ermənilər türklərdən meyit qalaqları düzəltmişdilər. Və bütün vəhşiliklərini göstərmişdilər. Körpə uşaqlar qala bürcləri olmuş, qadınlar ədəb yerlərindən süngülənmiş və yolların üstünə atılmışdılar..."

Kitabda bəhs edilən bir sıra məsələlər həm peşəkar oxucular  - elm adamları, müəllimlər, publisistlər, yazarlar tərəfindən maraqla qarşılanacaq məsələlərdir, həm də Azərbaycanın, qardaş Türkiyənin, eləcə də region ölkələrinin Birinci Dünya müharibəsi zamanı tarixi ilə bağlı olan ümdə məsələlər yer aldığından geniş oxucu kütləsi üçün də maraq doğurur.

 

 

 





17.01.2023    çap et  çap et