525.Az

Xatirələrdə əbədiləşən loğman - Bayram Məmmədov yazır


 

Xatirələrdə əbədiləşən loğman - <b style="color:red"> Bayram Məmmədov yazır</b>

Orta məktəbdə oxuyanda müəllimimizdən soruşmuşdum ömür nədir. Müəllimimiz təbəssümlə demişdi ki, bu məhfumu hərə öz ürəyincə, duyumunca, dünyagörüşüncə yozur. Sonralar dərk eləmişdim ki, ömür insanın yaşadığı illər deyil, bu illərin içində el-oba üçün, xalq üçün, dövlət üçün yaşanılan illərdi. Onu da dərk eləmişdim ki, ömür məfhumunun fəlsəfəsini dərk edənlər üçün bu gün sabahlara görə yaşanılır; sabahlara görə yaşanılan ayların, illərin qədir-qiyməti bu dərklə bağlıdı. Yəni ömür bu gün sabahlar üçün yaşanılan aylardı, illərdi...

Soltan Musa oğlu Vəliyev də belə bir ömür yaşadı. 1925-ci il mayın 10-da Zəngilan royonunun Malatkeşin kəndində anadan olmuşdu. Səsi səsdən, sözü sözdən atası Kərbalayı Musanın oxuduğu Qurani-Kərimin avazıyla ayırd edə bilmişdi; bu avaz dürüstlüyə, insafa, insansevərliyə, imana çağırış olub - Soltan belə yaşadı, belə tanındı...

Pirçivan kənd (indiki Zəngilan şəhəri) orta məktəbində təhsil aldı. O illər savadsızlıqdan qurtuluş, təhsilə keçid illəriydi - bütün sahələr üzrə kadr çatışmırdı. Ona görə orta məktəbi bitirdikdən sonra yaxşı oxuyanları qısa müddətli təhsil sisteminə cəlb edirdilər - Soltan Vəliyevi Qaryaginə (indiki Füzuli) birillik müəllim hazırlayan kursa göndərdlər. Özü istəmişdimi, bu qərar Soltanın ürəyiycəndimi? - heç kim soruşmadı, o da heç kimə heç nə demədi...

Soltan Vəliyev 1943-cü ilin iyulundan 1944-cü ilin avqustunadək Zəngilan kənd orta məktəbində fizika-riyaziyyat müəllimi işlədi. Şagirdlərə bu elmlərin əsasını sevdirə-sevdirə işlədi. Az sonra rayonun rəhbərliyi gənc müəllimin siyasi səbatlığını da dəyərləndirib - 1944-cü ilin avqustundan noyabrınadək Zəngilan rayon partiya komitəsində texniki katib vəzifəsində işlədi Soltan Vəliyev, 1944-cü ilin noyabrında rayon komsomol komitəsinin birinci katibi seçildi. Böyük etimad idi, böyük inam idi, birillik müəllim hazırlığı kursunu bitirmiş kadra bu səviyyədə etibar onun biliyinə, bacarığına, təşkilatçılığına, siyasi hazırlığına verilən dəyər idi...

Soltan ali təhsil almaq istəyirdi. Söz düşəndə deyərdi: "Ali təhsil insanın kamilləşməsində ən gözəl vasitələrdəndir. Ali təhsil alacam. Mütləq..." Hansı duyumun təsiri iləsə həkim olmaq istəyib. "Müəllim kimi şagirdlərinin düşüncələrinin, deməli, ürəyinin xidmətindəydim, bundan sonra hamının sağlamlığının xidmətində olmaq istəyirəm..." - deyərmiş. 1946-cı ildə Azərbaycan Tibb İnstitutuna daxil oldu. Oxuya-oxuya öyrəndi, öyrənə-öyrənə oxudu. 1952-ci ildə rayona alitəhsilli həkim kimi qayıtdı; həkimlik həkim-cərrah Soltan Vəliyevin ömrünün yeni mərhələsi oldu...

Soltan Vəliyev də bilirdi ki, həkimlik İbn Sinalıq yoludur...

Yaxşı iş görünür, dəyərləndirilir; yaxşı iş sonrakı yaxşı işlərin ən etibarlı başlanğıcı olur. 1954-cü ilin oktyabrında Soltan Vəliyevi Zəngilan rayon xəstəxanasının baş həkimi vəzifəsinə təyin etdilər. Onda bir daha qətiyyətlə "Mən insanların sağlamlığının keşikçisiyəm. Mənim ömrüm bu vəzifənin layiqincə yerinə yetirilməsi olacaq..." dedi. Onun and kimi səslənən fikirlərini kimsə eşidə bilməzdi...

Soltan Vəliyev həm yaxşı həkim idi, həm də yaxşı təşkilatçı. Müraciət edənlərlə söhbətləri mövcud xəstəliyin səbəblərini aşkarlama vasitəsi bilirdi. Ona görə pasiyentə düzgün diaqnoz qoyurdu, müalicə düzgün gedirdi, sağalma prosesi tezləşirdi. Xəstəxanada fəaliyyət belə təşkil edilmişdi; tibb personalı belə işləyirdi. Müraciət edənlər operativ qayğı ilə əhatələnir, qısa müddətdə müalicə olunurdular. O illərdə el arasında bir deyim vardı: Filankəsin əlləri qızıldı, yəni filankəs bacarıqlı, qabiliyyətli adamdı. Zəngilan Soltan həkimi belə tanıdı, belə sevdi. Bu sevgi onun 1989-cu ilin oktyabrına kimi Zəngilan rayon xəstəxanasının baş həkimi işləməsinin zəmanəti oldu. 35 il, 12775 gün! Az qala bir bu qədər gün ağ xalatda palatalarda səhər yoxlanışları, xəstələrlə kəlmələşmələr, zəruri müayinələr, əməliyyatlar və pasiyentlərin razılığının ifadəsi olan xoş təbəssümlə əhatələnmə...

Soltan həkim həm də mübariz insan olub - şəraitlə (təbii ki, həm də sosial şəraitlə!) mübarizə apara-apara işləyib. Bu mübarizənin də mahiyyəti insanların sağlamlığı keşiyində dayanmaq olub; rayonda ixtisaslı həkim, tibb personalı çatışmırdı, kəndlərin əksəriyyətində elektrik enerjisi, telefon şəbəkəsi yox dərəcəsindəydi, yollar da bərbad. Soltan Vəliyev baş həkim olaraq bu problemlərin həlli üçün həm rayon rəhbərliyinə, həm də Səhiyyə Nazirliyinə müraciət etdi. Müraciətdən az sonra xəstəxanaya təcili tibbi yardım maşını verildi, Mincivan qəsəbəsində, Məmmədbəyli, Alıbəyli, Sayıflı, Vənətli kəndlərində xəstəxana, sovetlik mərkəzi olan kəndlərdə feldşer məntə-qələri açıldı, onlar həkim və tibb bacısı ilə, zəruri və gərəkli tibbi avadanlıqlarla təmin edildi...

Soltan Vəliyev bacarıqlı səhiyyə təşkilatçısı idi. Onun təşəbbüsü ilə 1965 və 1966-cı illərdə Zəngilan şəhərində bir illik tibb məktəbi yaradıldı, rayonun orta-ixtisaslı tibb kadrları problemi həll edildi...

1989-cu ildən 1993-cü ilədək Zəngilan rayon Mərkəzi xəstəxanası poliklinika şöbəsinin müdiri işlədi. Zəngilanlılara (insanlığa!) eyni sevgi ilə işlədi...

Zəngilan erməniliklə döyüşdüyü illərdə Soltan həkimin gördüyü işlər də tarixləşdi - döyüşlərdə yaralananların müalicəsi yüksək səviyyədə təşkil edilirdi...

Zəngilan 1993-cü il oktyabrın 29-da işğal edildi. Qəhər, ağrı-acı oldu zəngilanlıların ömrünün sonrakı illəri - köçkünlərin taleyi həmişə belə olur. Soltan həkim Bakıda Həkimləri Təkmilləşdirmə İnstitutunun yataqxanasında məskunlaşdı. Günləri Bakıya, xəyalı Zəngilana bağlı aylarını, illərini yaşadı Soltan həkim. Yasamal rayonundakı 19 saylı poliklinikada cərrah işlədi. Dost-tanışları, müalicə etdiyi pasiyentlər, iş yoldaşları ondan soruşanda ki, necəsən, qəhərlə göy üzünə baxırdı, gözləri dolub-boşalırdı. Belə məqamlarda doğma ocağından iraq düşənlərin qəhərinin səssiz hönkür-tüsünü ancaq ruhu rəvanlar eşidə bilir; Soltan həkimin yaşa dolan qəhərinin hönkürtüsünü eşidənlərin də kövrəkliyi aydınlığıyla sezilirdi...

Yaxşı həkim işıq misallıdı - hər yerdən görünür...

Yüksək vəzifədə işləyən yaxın dostlarımdan biri xəstələnmişdi. Ona Soltan həkimə müraciət etməyi məsləhət gördüm. Həm də eşitdiyim faktları da xatırlatdım. Dostum neçə-neçə adlı-sanlı həkimə müraciət etdiyini, hamısının təyin etdiyi müalicəni aldığını, səmərəsini görmədiyini dedi. Soltan həkimin müalicə etdiyi tanışlardan biri ilə kəlmələşəndən sonra, həm də mənim təkidimlə dostum Soltan həkimə müraciət etməyə razılaşdı...

Soltan həkim dostumu müayinə etdi. Sakitcə onu süzdü. Bu sükut bir qədər uzanınca dostum səbirsizliklə "Həkim, mənim xəstəliyimlə bağlı heç nə demədiniz", - dedi. Soltan həkim əlini onun çiyninə qoydu, "Sənin heç bir xəstəliyin yoxdur. Sənə düzgün diaqnoz qoyulmayıb, indiyəcən düzgün müalicə aparılmayıb, bəlkə də tam gərəksiz müalicə aparılıb. Sənə yeganə tövsiyəm: "Mən sağlamam" düşüncəsiylə yaşayacaqsan. Müalicəsiz, filansız".

Həmin vaxtdan 22 il keçib. Dostum indiyəcən heç bir həkimə müraciət etməyib...

Soltan həkim belə həkim idi...

Həkimlik peşəsini minaaxtaran peşəsiylə müqayisə edərdi Soltan həkim: Minaaxtaran səhv edəndə özünü, həkim səhv edəndə xəstəni məhv edir. Həkim xəstəyə diaqnoz qoyanda döyüş əməliyyatına gedən əsgər olur...

Hər peşənin ustadı olur. Öyrənən təkcə kitablardan deyil, ustadların təcrübəsindən də öyrənir. Bu, elə bir prosesdir ki, onu keçməyənlər kamil mütəxəssis ola bilmir. Soltan həkim heç zaman ustadlıq iddiasında olmayıb. Söhbət zamanı xatırladıb, hər səhər tibb dili ilə desək, "beşdəqiqəliklərdə" sözarası deyib, xəstələrə baş çəkəndə yada salıb. Öyrənmək istəyənlər xatırlananları, deyilənləri, yada salınanları da öyrənməyə vasitə biliblər, həm də belə öyrəniblər. 1954-cü ilin oktyabrından 1989-cu ilin oktyabrına, 1989-cu ilin oktyabrından 1993-cü ilin oktyabrına kimi Zəngilanda onlarla həkim Soltan həkimin təcrübəsindən, tövsiyələrindən öyrənə-öyrənə püxtələşmişdilər. Onları xatırlamağı özümə (və sözümə!) mənəvi borc bilirəm: Ələsgər Vəliyev, Nuşirəvan Cəfərov, Tofiq Bağırov, Cəbrayıl Cəbrayılov, Əşrəf Əsədov, Şərqiyyə Hacıyeva, Sabir Qəniyev, Rəhman Quliyev, Qaçay Hüseynov,Yavər Məmmədov, Namiq Məmmədov, Əli Əliyev, Allahverdi İmanov,Tofiq Babayev, Məsud Qocayev, Səltənət Mehralıyeva, Vəli Quliyev,Teyyub Orucov, Yusif İsmayılov, Eldar Babayev, Məzahir Qocayev, Sürəyya Məmmədova, Telman Həsənov, Sabir Səfərov, Allahverdi Quliyev, Namiq Nəbiyev, Kazım Zeynalov, Sabir Kərimov, Zakir Hüseynov, Sucəddin Quliyev, Səhiyyəddin Həsənov, Tariyel Salmanov, Sərdar İsmixanov, Səttar Əhmədov və başqaları.

Statistik mahiyyəti diqqəti çəkən 5 min rəqəmi Soltan həkimin ömürlüyündə adi rəqəm deyil; Soltan həkim 5 mindən çox cərrahiyyə əməliyyatı aparıb, 5 mindən çox ölümün qarşısını alıb, 5 mindən çox ailəyə şükranlıq bəxş edib.

Zəngilan rayonunda 41 illik səmərəli fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. O, rayon partiya komitəsinin bir sıra konfranslarında büro və plenum üzvü, bütün çağırışlarda rayon sovetinin deputatı seçilib.

1964-cü ildə "SSRİ-nin səhiyyə əlaçısı" döş nişanına, 1968-ci ildə isə respublikanın "Əməkdar həkimi" fəxri adına,1970-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin Fəxri Fərmanına layiq görülüb. "Şərəf nişanı" ordeni, "Rəşadətli əməyə görə" Lenin yubley medalı, 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində arxa cəbhədəki fəaliyyətinə görə bir neçə medalla təltif edilib. Əmək veteranı adını alıb.

2010-cu il sentyabrın 9-da haqq dünyasına qovuşan Soltan həkimi Zəngilanda hamı tanıyırdı, hamı onun loğmanlığından danışırdı. İndi xatirələrdə yaşayır, xatirələrdə yaşadılır. Onu xatirələrində yaşadanların sırasında mən də varam...

Sənli xatirələr də bizə sevgi öyrədir, Soltan həkim!.. 

 

 

 





17.01.2023    çap et  çap et