525.Az

Azərbaycan - Birləşmiş Ərəb Əmirlikləri münasibətləri yeni mərhələdə


 

"KÖRFƏZ ÖLKƏLƏRİNDƏN QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZURA DAHA ÇOX SƏRMAYƏNİN CƏLB EDİLMƏSİ PRİORİTETDİR"

Azərbaycan - Birləşmiş Ərəb Əmirlikləri münasibətləri yeni mərhələdə<b style="color:red"></b>

Son illər Azərbaycanın ərəb ölkələri ilə münasibətlərində yeni bir dinamika müşahidə olunmaqdadır. Xüsusilə İkinci Qarabağ müharibəsindən sonra bir sıra ərəb ölkələrinin rəsmiləri Azərbaycana səfər edib, azad edilmiş ərazilərdə olub, hazırda həmin ərazilərə investisiya qoyulması imkanları nəzərdən keçirilir. Bu ölkələrdən biri də Birləşmiş Ərəb Əmirlikləridir (BƏƏ).

Xatırladaq ki, bərpa olunan enerji sahəsində BƏƏ-nin ən böyük şirkəti olan "Masdar" Azərbaycanda 230 MVt gücündə "Qaradağ" Günəş Elektrik Stansiyası layihəsini icra edir. Stansiyanın hər il yarım milyard kilovat-saat elektrik enerjisi istehsal etməyə və atmosferə atılan tullantıların ildə 200000 tondan çox azaldılmasına imkan yaradacağı nəzərdə tutulur.

Azərbaycan BƏƏ ilə bir sıra sahələrdə əməkdaşlıq edir, amma hər iki tərəf əməkdaşlıq sahələrini genişləndirməkdə maraqlıdır. Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin BƏƏ-yə işgüzar səfəri zamanı bu barədə məsələ diqqətdə olub. Azərbaycan lideri ilə BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan arasında keçirilən görüş zamanı tərəflər iki ölkə arasında siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə sıx əməkdaşlıq həyata keçirildiyini qeyd edib, bu əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar. Dövlət başçıları tərəfindən müəyyənləşdirilmiş siyasi xəttə uyğun olaraq, iki ölkənin müxtəlif səviyyələrdə nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin önəmi qeyd edilib. BƏƏ ilə əməkdaşlıqdan danışarkən bir məqam xüsusi vurğulanmalıdır. Bu günlərdə Fransa və Ermənistanın BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə hazırladıqları və qəbul etdirməyə çalışdıqları qətnaməyə qarşı çıxan ölkələrdən biri də məhz BƏƏ oldu. Belə ki, hazırda BƏƏ BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür və ölkənin bu missiyası 2023-cü ilin sonunda başa çatacaq. Əlbəttə ki, BƏƏ-nin bu dəstəyi Azərbaycanla münasibətlərin sonrakı inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. İlham Əliyev BƏƏ lideri ilə görüşdə bu məqama da diqqət çəkərək, BMT Təhlükəsizlik Şurasında Cənubi Qafqaz regionuna aid müzakirələrdə Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycana göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini, bunun dostluğun və qardaşlığın nümunəsi olduğunu deyib.

Prezident İlham Əliyevin paytaxt Əbu-Dabidə Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasiminə dəvət olunması xüsusi əhəmiyyət kəsb edir. Çünki Azərbaycan 2015-ci ildə BMT-nin Dayanıqlı İnkişaf Sammitində təşkilatın "Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi"ni təsdiqləyib və bununla Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üzrə qlobal səylərə qoşulub. Ölkəmizin dayanıqlı inkişaf sahəsində yüksək nəticələri BMT-nin illik Dayanıqlı İnkişaf Hesabatlarında mütəmadi olaraq öz əksini tapır. Xatırladaq ki, Əbu-Dabi Dayanıqlılıq Həftəsi dayanıqlı inkişafı sürətləndirmək və iqtisadi, sosial və ekoloji tərəqqiyə nail olmaq üçün BƏƏ və onun təmiz enerji şirkəti "Masdar" tərəfindən dəstəklənən qlobal təşəbbüsdür. Bu, dünyanın dayanıqlılıq üzrə ən aparıcı tədbirlərindən biri hesab olunur.

Azərbaycan Prezidentinin açılış mərasimində çıxışı böyük maraqla qarşılanıb. Azərbaycanın enerji təhlükəsizliyinə toxunan dövlət başçısı bunun bir neçə il əvvəl təmin olunduğunu, bundan başqa, xam neft, təbii qaz, neft-kimya məhsulları və elektrik enerjisinin ixraca yönəldildiyini diqqətə çatdırıb.

Sitat: "Biz Azərbaycanda bərpaolunan enerji mənbələrini öz enerji təhlükəsizliyimizin təmin olunması üçün inkişaf etdirmirik. Enerji təhlükəsizliyimizi hələ bir neçə il əvvəl təmin etmişik. Bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən, xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir. Bərpaolunan enerji ilə bağlı proqramımız tamamilə fərqli gündəliyə malikdir. Birincisi, bu, onunla bağlıdır ki, nəhəng potensial var. İkincisi, biz onun sayəsində ixracımızı şaxələndirəcəyik. Əlbəttə ki, nəticədə iqtisadiyyatımızın yeni ekoloji təmiz sektoru yaranacaq".

"Masdar" və Azərbaycan Dövlət Neft şirkətləri arasında 4 qiqavatlıq külək və günəş enerjisi stansiyalarının yaradılmasına dair razılaşmaya diqqət çəkən Prezident İlham Əliyev bunun qısamüddətli bir layihə olduğunu, habelə ortamüddətli layihələr nəticəsində güclərin 10 qiqavata qədər artırılacağını vurğulayıb. Dövlət başçısı "Masdar" şirkəti ilə qurulan əməkdaşlığın Azərbaycanı "yaşıl enerji"nin çox mühüm ixrac mənbəyinə çevirəcəyinə də əminliyini ifadə edib.

Milli Məclisin deputatı Vüqar Bayramov "525"ə bildirib ki, Azərbaycan ilə BƏƏ arasında son illər iqtisadi əlaqələrin genişlənməsi müşahidə olunur. İki ölkə arasında ticarət dövriyyəsinin artması fonunda sərmayə qoyluşlarında da yüksəliş var. 2021-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi əvvəlki il ilə müqayisədə 20.3 faiz artaraq 50.4 milyon dollara çatıb. 2022-ci il ərzində isə ticarət dövriyyəsində daha ciddi artımlar müşahidə olunub. Belə ki, bu ilin ilk 10 ayında ticarət dövriyyəsi 90.4 milyon dollara çatıb. Ötən ilin noyabr ayında daha 4.2 milyon dollarlıq ticarət nəticəsində ilk 11 ayında dövriyyə 94.6 milyon dollaradək yüksəlib. Ötən ilin ilk 11 ayında iki ölkə arasındakı ticarət dövriyyəsi 2021-ci ildəki illik dövriyyədən 87.6 faiz çoxdur. Bu isə münasibətlərin artan dinamikasını bir daha təsdiq edir.

Onun sözlərinə görə, BƏƏ Azərbaycanda xüsusi ilə bərpa olunan enerji sahəsində aktiv ölkələrdəndir. Bu sahədə qarşılıqlı münasibətlərin daha da möhkəmlənəcəyi gözlənilir: "Eyni zamanda, BƏƏ iş adamlarının işğaldan azad olunan ərazilərimizdə sərmayə qoyluşlarında iştirakı da vacib istiqamətlərdəndir. Bütövlükdə, körfəz ölkələrindən Qarabağ və Şərqi Zəngəzura daha çox sərmayənin cəlb edilməsi prioritetdir".

Deputat deyib ki, Azərbaycan ilə BƏƏ arasında fərqli sektorlar üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük potensial var: "Ona görə də səfər zamanı keçirilən görüşlər və razılaşmalar da məhz bu potensialın daha yaxından istifadəsinə imkan yaradacaq. Bu baxımdan, Azərbaycan Prezidentinin son səfəri iki ölkə arasındakı iqtisadi əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək".

Prezidentin Əbu-Dabi Dayanıqlılıq Həftəsinin açılış mərasimində iştirakına diqqət çəkən V.Bayramov deyib ki, tədbirin əsas məqsədlərindən biri də COP27 və COP28 arasında əlaqənin təmin edilməsi, iqlim dəyişiklikləri, sərmayə və texnologiyaların genişləndirilməsi üzrə əməkdaşlıq platformasının dəstəklənməsidir. Artıq 15 ildir ki, bu tədbir Birləşmiş Ərəb Əmirliyi tərəfindən təşkil olunur: "2023-cü ilin ilk beynəlxalq davamlılıq toplantısı olan bu tədbir iqlim dəyişiklikləri və dayanıqlı inkişaf üzrə yüksək səviyyəli müzakirələrin təşkilini reallaşdıracaq. Bütövlükdə, Azərbaycan Prezidentinin BƏƏ-də keçirdiyi ikitərəfli görüşlər və müzakirələr ölkəmizə bərpa olunan enerji sahəsində daha çox sərmayə və texnologiyanın cəlb edilməsinə imkan verəcək. Bu, Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatının formalaşmasına daha çox investisiya cəlbi də deməkdir".

 

 





18.01.2023    çap et  çap et