Bir çox banklar vətəndaşların, xüsusilə də sahibkar fəaliyyətinə yeni başlayanların kiçik biznes layihələri üçün kredit almaq istəmələrindən şikayətlənirlər. Araşdırmalar göstərir ki, bəzi banklar və bank olmayan kredit təşkilatları sahibkarlıq fəaliyyətinə yeni başlayan vətəndaşlara kredit vermir. Azərbaycan Beynəlxalq Bankının açıqladığı məlumatda isə bildirilir ki, kredit üçün müraciət edənlərin yarıdan çoxu müsbət cavab alır. Bunun səbəbi vətəndaşların bankların kredit qaydaları ilə bağlı məlumatlı olması ilə əlaqələndirilir.
Vətəndaşın adının kredit reyesterinə "problemli müştəri" kimi düşməsi gələcəkdə ona hansı problemlər yaradır?
Ekspertlər bildirirlər ki, banklar kredit üçün müraciət edən vətəndaşın kredit ödəmək qabiliyyətini onun mövcud kredit tarixçəsi əsasında öyrənir. Əgər həmin tarixçədə əvvəllər alınmış kreditlərin vaxtında ödənilmədiyi müəyyən olunursa, bu, kredit verməkdən imtina üçün əsas səbəblərdən biri sayılır.
Kreditlərin ləngimələrlə ödənilməsi eyni zaman kəsiyində baş verirsə, bu, borc alanın həyatında müvəqqəti maliyyə probleminin olduğunun göstəricisi sayılır. Bu tip hallarda borc alana kiçik həcmli sınaq kreditlər verilir. Banklar hesab edir ki, bu, müştərinin kredit tarixçəsinin sağlamlaşdırılması üçün yaradılan şəraitdir.
Bəs vətəndaşlar daha çox hansı hallarda kredit üçün müraciət edirlər?
İqtisadçı ekspert Toğrul Maşallı "525"ə açıqlamasında son zamanlar ödəniş kartları vasitəsilə olan kreditlərin həcmində ciddi surətdə artım müşahidə edildiyini bildirib: "Amma ümumi götürdükdə kart sistemi ilə kreditlər elə də yüksək deyil. Vətəndaşlar əsasən istehlak kreditləri ilə bağlı müraciətlər edirlər. Normal bazar iqtisadiyyatı şəraitində insanların yüksək ödənişli alış etmək imkanı olmur və bu səbəbdən kreditlərə müraciətlər edilmir. Vətəndaşlar demək olar ki, hər gün müxtəlif işlər üçün kreditlərə müraciət edirlər. Bu sahədə yaşanan ən ciddi problemlərdən biri ipoteka kreditlərinin çatışmazlığıdır. Ölkəmizdə, xüsusən Bakıda müşahidə edirik ki, ən böyük problemlərindən biri mənzil problemidir. Əhalinin böyük hissəsi mənzil sahibi ola və eyni zamanda ipotekaya müraciət edə bilmir. Banklarda ipoteka şərtləri elə də geniş deyil və faizlər yuxarıdır. Bu, ilk növbədə Azərbaycan iqtisadiyyatındakı problemlərlə əlaqəlidir. Fikrimcə, bu istiqamətdə ciddi addımlar atılmalıdır. Digər sahələrə nəzər yetirdikdə, məsələn, maşın alarkən kreditə müraciət etdikdə, çox vaxt banklar bundan imtina edirlər. Amma bu, elə də vacib problem sayılmamalıdır. Çünki əhalinin lk növbədə mənzilə ehtiyacı olduğu halda maşın ilkin ehtiyac sayıla bilməz. Vətəndaşlara ipoteka kreditləri üçün müraciət etməkdən ötrü geniş imkanlar yaradılmalıdır. Amma gəlirlər çox aşağı olduğundan, həm də ipoteka kreditlərinin yüksək faizi əhalinin kreditlərdən geniş formada yararlanmasının qarşısını alır".
Havar ŞƏFİYEVA
çap et