525.Az

Kəndli-şəhərli söhbəti kölgəsində qalan insanlıq problemləri - Əbülfəz Süleymanlı Sosioloji baxış


 

Kəndli-şəhərli söhbəti kölgəsində qalan insanlıq problemləri - <b style="color:red"> Əbülfəz Süleymanlı Sosioloji baxış</b>

Son günlər cəmiyyətimizin aktual mövzularından biri olan kəndli-şəhərli söhbətində hər kəs öz mövqeyindən sipər almış yaylım atəşi ilə qarşı tərəfi susdurmağa çalışır. Xüsusilə sosial şəbəkələr üzərindən aparılan polemikalarda iştirak edənlər öz fikirlərini müxtəlif arqumentlərlə əsaslandırmağa cəhd göstərirlər.

Bunların arasında elmi əsaslara söykənən çox maraqlı və tutarlı fikirlər olsa da, çox sərt və etika qaydalarından kənar şərhlər də az deyil. Bu da istər-istəməz eyni millətin fərdləri arasında yersiz və mənasız incikliyə səbəb olur. Təsəlli tapdığımız yeganə məqam odur ki, çox yox, iki il əvvəl şəhərli-kəndli demədən böyük amal uğrunda bir yumruq kimi necə birləşdiyimiz hafizələrimizdə canlı olduğundan, millətləşmə baxımından təhlükə olduğunu düşünməyi belə ağlımızdan keçirmirik. Əslində, bu söhbətin Sovet dövründə milləti parçalamaq və öz milli köklərindən uzaqlaşdırmaq üçün rejim tərəfindən sosial mühəndislik vasitəsilə hazılanıb ortaya atılmış süni bir mövzu olduğunu da nəzərdən qaçırmamaq lazımdır. Sovet dövrünün son illərində üzləşdiyimiz, millətimizin taleyinə yazılan acı qaçqınlıq təcrübəsi isə bu prosesi daha fərqli bir müstəviyə daşıdı. Eyni zaman kəsiyində daha çox kənd tipli yaşayış məntəqələrindən yüz minlərlə çarəsiz insanın mənfur düşmənin zülmündən qaçaraq ölkənin ən böyük şəhərlərinə pənah gətirməsi istər-istəməz həm infastruktur, həm də şəhərdə birgəyaşayış problemlərinə səbəb oldu. Lakin millətimizin birliyi və tolerantlığı sayəsində bu proses "şəhərli-kəndli", "yerli-gəlmə" müstəvisində meydana gələn  bir parçalanmaya səbəb olmadı, mövcud dardışmalar isə məişət zəminindən çox da  o tərəfə keçməyən xırda söz-söhbətlərlə məhdudlaşdı. Halbuki başqa bir ölkədə eyni anda bu qədər əhalinin kütləvi sürətdə bir mərkəzə yönəlməsi eyni xalqın nümayəndələri arasında belə daha böyük problemlərə səbəb ola bilərdi. Təbii ki, bu dövrdə şəhərli davranış qaydalarını da əhatə edən sosial mənşəli çoxlu problemlər yaşandı və həmin problemlər bu gün də özünü büruzə verməyə davam edir. Lakin bu problemlərin kökü heç də insanın doğulub boya-başa çatdığı məkanla bağlı deyil. Bu gün özünü əsli nəcabətli şəhərli adlandıran insanlar arasında şəhər mədəniyyətindən uzaq həyat tərzi sürən fərdlər olduğu kimi, kənddə boya-başa çatmış fərdlər arasında da kəndin təbiiliyindən və məsumluğundan uzaq olan üzdəniraq davranışları günümüzün reallığına çevrilib. Bu cür halların mənfi  nəticələrini isə demək olar ki hər gün bu növ xəbərləri tirajlamaq üçün adətə rəqabət aparan mediadan izləməyə davam edirik.  Demək ki, problemin əsl mahiyyəti fərqlidir. Bəs nədir əsl problem? Geniş miqyasda problemin kökü və əsl məsələ  cəmiyyət olaraq daha çox eqo-mərkəzli bir hal almamızla bağlıdır. Bu cəmiyyətin nümayəndələri arasında daha konformist həyat sürməyə çalışan, ancaq öz mənafeyini düşünən və elmi ədəbiyyatda narsist olaraq adlandırılan fərdlərin sayı üstünlük təşkil edir. Əvvəlki illərdə daha çox Qərb ölkələrin üçün spesifik görünən bu problem hazırda bütün bəşəriyyəti və həmçinin, yaşadığımız cəmiyyəti müxtəlif aspektlərdən təhdid edir. Müharibələr kimi böyük faciələrlə müşahidə olunan proseslər də, tükü bitməmiş yetimin haqqını qəsb edən və ətraf mühitə zərər verən davranışlar da, ailədaxili münaqişə nəticəsində meydana gələn aqressiya da eyni təfəkkürün məhsuludur. Bu xəstəliyə kənddə yaşayan insanla şəhərdə yaşayan insan eyni dərəcədə yoluxub və eyni dərəcədə bu xəstəliyin fəsadlarından əziyyət çəkir. Dünyada hökm sürən mövcud kapitalist sistem üçün isə istehlak çılğınlığını təşviq etdiyi üçün bu cür cəmiyyət modeli daha əlverişlidir.

Təbii ki, məsələnin kökü kimi, həlli də çox çətin və mürəkkəbdir. Bu məsələdə müxtəlif düşüncə axımlarının problemin həlli üçün təklif etdiyi sxemlər də fəqlilik təşkil edir. Lakin bir həqiqət var ki,   bizdən sonrakı nəsillərə daha yaşanabilir  bir dünya bəxş edə bilmək üçün həm  insanlıq olaraq, həm də cəmiyyət olaraq səylərimizi əsl məsələlərimiz üzərinə cəmləşdirməmiz vacibdir.

 





18.01.2023    çap et  çap et