525.Az

Bu il iqtisadiyyatımızı nə gözləyir?


 

Bu il iqtisadiyyatımızı nə gözləyir?<b style="color:red"></b>

Beynəlxalq ekspertlər dünyada qlobal iqtisadi artımın ötən il təxminən 3,2 faiz azaldığını bildirir, 2023-cü ildə bu göstəricinin 2,7 faizə qədər azalacağını proqnozlaşdırırlar. İqtisadçıları daha çox ABŞ və Avropa İttifaqı ölkələrinin iqtisadiyyatı narahat edir. Dünyanın ən böyük iqtisadiyyatı olan ABŞ, Almaniya, Böyük Britaniyada 2023-cü ildə tənəzzülün müşahidə olunacağı ehtimal edilir.

Bəs yeni ildə Azərbaycan iqtisadiyyatını nələr gözləyir? Nəzərə almaq lazımdır ki, 2023-cü ilin dövlət büdcəsində neftin qiyməti 1 barel üçün 50 dollar müəyyən edilib. Büdcə kəsiri ilə bağlı proqnozlar isə məhz bu xammalın maya dəyəri əsasında hazırlanır. Bununla belə, ekspertlər 2023-cü ildə neftin qiymətinin, təxminən 80 dollar/barel səviyyəsində qalacağını gözləyir və neft bazarı üçün neqativ halların əmtəə qiymətlərinin daha da artmasına səbəb ola biləcəyini istisna etmirlər. Ümumilikdə 2023-cü ildə dövlət büdcəsinin yüksək gəlirləri hesabına xərclərin bir sıra sahələrdə - mənzil-kommunal təsərrüfatında 30,2, kənd təsərrüfatında 20,5, əhalinin sosial müdafiəsi sferasında 18,3, təhsil sahəsində 13,3, səhiyyə sistemində 11,5, müdafiə və milli təhlükəsizlik sahəsində 4,6 faiz həcmində artacağı proqnozlaşdırılır.

İqtisadçı-ekspert Günay Hüseynova "525"ə açıqlamasında bu il ölkə iqtisadiyyatında artımın müşahidə olunacağını vurğulayıb: "Qlobal ressessiya bütün dünyada olduğu kimi, ölkəmizdə də iqtisadi sahədə baş verən proseslərin sürətinə təsir göstərməkdədir. Digər inkişaf etməkdə olan ölkələrlə müqayisədə Azərbaycan orta sıralarda yer almaqdadır. Azərbaycan bazarı ümumilikdə idxaldan asılı olsa da, ötən illərlə müqayisədə iqtisadiyyatda artım tempi müşahidə edilir. 2023-cü ildə dünya bazarında neftin qiymətində artım müşahidə olunacaq. Hətta bu artımın 120-125 dollar həddində olacağı da gözlənilir. Yüksək neft qiymətləri maliyyə kəsirini azaldacağına gətirib çıxaracaq. Ümumilikdə ölkə iqtisadiyyatında 3.2 faiz həcmində artım gözlənilir. Ümumi daxili məhsulun artım tempi 3,6-3,7 faiz təşkil edəcək".

Ekspert iqtisadiyyatımızın yeni modelə ehtiyacı olduğunu da vurğulayıb: "Daha öncəki illərdə tətbiq edilən inflyasiyanı yatıran neoliberal siyasət, Mərkəzi Bankın tətbiq etdiyi pul siyasəti 2023-cü il üçün uyğun deyil".

Proqnozlara əsasən, 2026-cı ilə qədər Azərbaycan iqtisadiyyatının orta illik artımı ildə 4,1, ÜDM-nin artımı 6,3 faiz təşkil edəcək. Amma bununla belə, dünya ölkələri kimi, Azərbaycanı da iqtisadiyyatın müəyyən sahələrində çətin dövr, eyni zamanda yeni iqtisadi modelə uyğunlaşma zərurəti gözləyir.

Havar ŞƏFİYEVA

 

 





18.01.2023    çap et  çap et