525.Az

Rusiya iqtisadiyyatı: olum, ya ölüm? - Xaqani Cəfərli yazır


 

Rusiya iqtisadiyyatı: olum, ya ölüm? - <b style="color:red"> Xaqani Cəfərli yazır</b>

Prezident Vladimir Putin hökumət üzvləri ilə görüşündə bəyan edib ki, Rusiya Qərbin sanksiyalarının təsiri ilə bağlı gözləntilərini məhv etdi. Prezident Putin və Rusiyanın rəhbərliyində təmsil olunan şəxslər son zamanlar belə nikbin fikirləri tez-tez səsləndirirlər. İlk olaraq Strateji İnkişaf və Milli Layihələr Şurasının dekabr ayında keçirilən iclasında Putin Qərbin Rusiya iqtisadiyyatını məhv etmək ümidlərinin özünü doğrultmadığını bildirmişdi. Dövlət Dumasının sədri Vyaçeslav Volodin isə yeni il münasibətilə yayımladığı təbrikdə görünməmiş təzyiqlərə baxmayaraq, Rusiya iqtisadiyyatının sağ qaldığını bildirmişdi. Ukraynaya qarşı müharibənin başlamasından sonra iqtisadçıların əksəriyyəti sanksiyaların təsirinin ağır olacağını söyləyirdilər. Ötən ilin aprel ayında o zaman Hesablama Palatasının sədri olan Aleksey Kudrin 2022-ci ildə Rusiyada Ümum Daxili Məhsulun 10 faiz azalacağını proqnozlaşdırmışdı. İqtisadçı Aleksandr Auza isə ÜDM-nin 15 faiz, bəlkə də 20 faiz azalacağını hesab edirdi. Beynəlxalq Valyuta Fondu Rusiyada ÜDM-nin 8-9 faiz aşağı düşəcəyini proqnozlaşdırmışdı.

İqtisadçıların bu proqnozlarının gerçəkləşməməsinə, Rusiya rəsmilərinin nikbin açıqlamalar verməsinə imkan yaradan səbəb ötən il dünya bazarlarında neft və qazın qiymətinin kəskin şəkildə bahalaşması idi. Neft və qazın qiymətinin bahalaşması Rusiyanın gəlirlərini təsəvvüredilməz dərəcədə artırdı. Enerji daşıyıcılarının qiymətinin yüksək olması Rusiya iqtisadiyyatını ötən il məhv olmaqdan xilas eləsə də, bu il vəziyyət fərqli olacaq.

Rusiyanın dövlət büdcəsinin gəlirlərinin formalaşmasında həlledici mövqeyə malik neft gəlirlərinin bu il kəskin azalacağı qaçılmazdır. Rusiya neftinin Avropa İttifaqı ölkələrinə ixracına qoyulan qadağa cəmi bir neçə həftə öncə, ötən ilin dekabrın 5-də qüvvəyə minib. Dəniz vasitəsilə daşınan Rusiya neftinə yuxarı hədd qiyməti ilə bağlı sanksiya da həmin tarixdən işə düşüb. Bir neçə həftədən sonra, fevralın 5-də Rusiyanın neft məhsullarının ixracına qoyulan sanksiya qüvvəyə minəcək. Bu isə o deməkdir ki, Rusiya büdcəsi əsas gəlir mənbəyindən önəmli şəkidə məhrum olacaq. Rusiya Maliyyə Nazirliyinin açıqladığı məlumata görə, yanvar ayında Rusiya neftinin qiyməti bir barel üçün 50 dollardan aşağı düşüb. Nazirliyin məlumatında o da qeyd edilir ki, Qərb ölkələrinin Rusiyanın ixrac etdiyi karbohidrogenlərə qarşı tətbiq etdiyi sanksiyalar nəticəsində qiymətlər aşağı düşür. Yanvarın 10-da "Bloomberg"in yaydığı xəbərdə yanvarın 6-dan etibarən Primorsk limanından ixrac olunan Urals markalı Rusiya neftinin bir barelinin 37.8 dollara satıldığı əksini tapıb. Rusiya Baş nazirinin müavini Aleksandr Novak Prezident Putinlə görüşdə bu vəziyyətin sanksiyalardan qorxan daşıyıcıların tərəddüdləri ilə bağlı olduğunu bildirib.

Rusiya hökuməti qiymətlərin aşağı düşməsi nəticəsində neft sənayesini onu gözləyən labüd ölümdən xilas etmək üçün ixrac rüsumunu aşağı salmağa başlayıb. Neftin ixrac rüsumu 2023-cü il fevralın 1-dən 3,9 dollar azalaraq bir ton üçün 12,8 dollar təşkil edəcək. Hazırda neftin ixrac rüsumu bir ton üçün 16,7 dollardır. Açıq rəngli neft məhsulları və yağlar üçün rüsum bir ton üçün 5,0 dollardan 3,8 dollara, tünd neft məhsulları üçün isə 16,7 dollardan 12,8 dollara endiriləcək. Bu tədbirlər neft sənayesi üçün nəfəslik olsa da, büdcə gəlirlərinin kəskin azalmasına səbəb olacaq.

Rusiya üçün daha bir bəd xəbər dünya bazarlarında təbii qazın qiymətinin kəskin ucuzlaşmasıdır. Ötən ilin avqustunda təbii qazın min kubmetrinin qiyməti 3600 dollara qədər bahalaşmışdı. Hətta qazın daha da bahalaşaraq 4000 dolları keçəcəyi də çox real görünürdü. İndi baş verənləri isə beş ay əvvəl təsəvvür etmək mümkün deyildi. Hollandiyadakı TTF (Title Transfer Facility) qovşağında fevral üçün qazın satış qiyməti 654.9 dollara qədər aşağı düşüb. Bu, beş ay əvvəlki qiymətlə müqayisədə 5.5 dəfə aşağıdır.

ABŞ-ın qaz istehsalçısı EQT-nin prezidenti Tobi Rays bəyan edib ki, uzunmüddətli müqavilələrin olacağı halda qazı təxminən min kubmetr üçün 380 dollara satmağa hazırdırlar. Bu isə Rusiyanın Avropaya yönəlik ən böyük təzyiq vasitəsinin zərərsizləşdirilməsi ilə yanaşı, Rusiyanın büdcə gəlirlərinin azalmasına da birbaşa və dolayısı ilə təsir göstərəcək. Buna görə də iqtisadçılar bu il üçün çox bədbindirlər. "Alfa Bank"ın Baş iqtisadçısı, Makroiqtisadi Təhlil Mərkəzinin rəhbəri Natalya Orlova hesab edir ki, bu il Rusiya iqtisadiyyatı 6.5 faiz azalacaq. İqtisadçı, iqtisadi inkişaf nazirinin keçmiş müşaviri Yevgeni Nadorşin isə hesab edir ki, ÜDM-nin azalması 5-10 faiz arasında olacaq. İqtisadçı hesab edir ki, Rusiya hökuməti məhdudiyyətləri artırsa və uzaqdan işləməyi tam qadağan etsə, 2023-cü ildə ÜDM-nin azalması onun proqnozlaşdırdığından iki dəfə çox ola bilər. Yevgeni Nadorşin fikrini belə əsaslandırır ki, yüksək ixtisasa malik çoxlu sayda işçilər hazırda uzaq məsafədən, xaricdən işləyirlər və onların itkisi Rusiya iqtisadiyyatına ciddi ziyan vuracaq.

Rusiyanın gəlirlərinin azalması ilə yanaşı, xərclərin artması da qaçılmaz olacaq. Çünki Ukraynaya qarşı müharibədə uğur qazanmaq və yaxud da hazırkı mövqeləri qorumaq üçün ən azı 500 min nəfərin hərbi xidmət üçün səfərbər olunacağı gözlənilir. Bu isə Ulraynaya qarşı müharibənin ən azı iki dəfə bahalaşması deməkdir. Azalan gəlirlər müqabilində artan xərcləri qarşılamaq çox çətin olacaq. Baxmayaraq ki, Baş nazirin birinci müavini Andrey Belousov hesab edir ki, 2023-cü il Rusiya iqtisadiyyatı üçün 2022-ci ildən daha asan olmalıdır. Lakin hökumətinin ikinci şəxsi dərhal da əlavə edib ki, "əgər arzuolunmaz hadisə baş verməsə". Rusiyanın arzuolunmaz hadisələrdən qaça biləcəyi isə mümkün deyil.

 





18.01.2023    çap et  çap et