525.Az

Hər millət mərifət ilə yaşar, cəhalət ilə yox olar... - İradə Musayeva (II məqalə)


 

Hər millət mərifət ilə yaşar, cəhalət ilə yox olar... - <b style="color:red"> İradə Musayeva (II məqalə)</b>

Abbas Zamanov 1979-cu ildə nəşr etdirdiyi "Əməl dostları" kitabında Ömər Faiq haqqında yazırdı: "Ömər Faiqin bəxti elə gətirmişdir ki, onun mətbuatımızın tarixindəki yüksək xidmətləri uzun müddət layiqincə qiymətləndirilməmiş, indiyədək əsərləri toplanıb nəşr edilməmişdir. Yalnız son zamanlarda onun haqqında az-çox yazılmış, təəssüf ki, yazılanların da əksəriyyəti hələ çap olunmamışdır". (A.Zamanov. Əməl dostları. Bakı, Yazıçı, 1979).

Ömər Faiq Nemanzadə "Tərcüman", "Şərqi-rus", "Həyat", "Açıq söz", "İqbal", "Tərəqqi", "Molla Nəsrəddin", "İrşad", "Yeni iqbal", "Kommunist","Qardaş köməyi", "Zəhmətkeşlərin gözü" kimi mətbuat orqanlarında "Ömər Neman Ağazadə", "Bir qarslı", "Əqrəbüldövlə", "Bir iranlı", "Bir cavan", "Naməyus", "Ömər Əlioğlu", "Ala qarğa", "Şeytanbazar cücəsi", "Vızvıza", "Qeybi", "Dəli", "Dərdli", "Lağlağı", "Mozalan", "Dərdmənd", "Çəhrəçi xala",  "İynə", "Molla Qulu", "Mömin", "Molla Nəsrəddin", "Hətəkçi", "Xəfiyyəbaşı", "Çoban", "Ömər Faiq Nemanzadə", "Faiq Nemanzadə", "Heyrani, "Məşrutəçi", "Ümidvar" kimi imzalar və təxəllüslərlə çıxış edib.

Lakin bu imzalardan bir neçəsi həm də onun həmmüasiri olan müəlliflərə də aid edilir. Məsələn, "Dəli" imzasından Ömər Faiqlə yanaşı, C.Məmmədquluzadə və Ü.Hacıbəyov da istifadə edib. Və ya, "Qeybi"dən M.Ə.Sabir, Mirzə Məmməd Axundov, "Mozalan"dan C.Məmmədquluzadə, Ə.Haqverdiyev, S.Mümtaz, Qurbanəli Şərifzadə də istifadə edib. "Lağlağı" həm Ömər Faiqin, həm də Ə.Haqverdiyev, C.Məmmədquluzadə, Rzaqulu Nəcəfovun imzası olub və s.

Araşdırmaçı Qulam Məmmədli topladığı dörd min açıq və gizli imzadan ibarət "İmzalar" kitabında yazırdı ki, Cəlil Məmmədquluzadənin özü "Molla Nəsrəddin"də də işlətdiyi gizli imzaların bir çoxunu unutduğu üçün 1927-ci ildə Tiflisdə jurnalın ilk mürəttiblərindən olan İsmayıl Haqqı Həsənzadəyə məktub yazıb gizli imzalarını ondan soruşmuşdur. Cəlil Məmmədquluzadənin həmin məktubuna İ.H.Həsənzadə belə cavab vermişdir: "Mən bunu iqrar edirəm ki, məcmuənin Tiflisdə çıxan birinci nömrəsindən ta axıradək "Molla Nəsrəddin" imzası ilə, "Lağlağı" imzası ilə, "Hərdəmxəyal" imzası ilə, "Dəli" imzası ilə, "Cırcırama" imzası ilə və "Dəmdəməki" imzası ilə yazılan cəmi məqalələr sən Cəlil Məmmədquluzadənin öz əli ilə yazılmış məqalələrdir" (Qulam Məmmədli. İmzalar. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1977).

Q.Məmmədli də qeyd edir ki, İsmayıl Haqqının göstərdiyi həmin imzalardan yalnız C.Məmmədquluzadə deyil, başqaları da istifadə etmişlər. Beləliklə də, bir müəllifin bir neçə imzadan, bir neçə müəllifin bir imzadan istifadə etməsi kimi bir hal meydana gəlmişdir. Bir nəfərin bir neçə gizli imzadan istifadə etməsinin səbəbini "Mollanəsrəddinçi" şair Əli Nəzmi sonralar C.Məmmədquluzadə haqqında yazdığı "Böyük jurnalist" adlı məqaləsində belə izah etmişdir: "Molla Nəsrəddin"in bəzi müxbirləri olmuşdur ki, təsadüfən məcmuəyə bir və ya iki məktub göndərib xoşagələn imzalar atmışdır. Məsələn: Mozalan, Cırcırama, Sırtıq, Lağlağı, Hərdəmxəyal və s. Sonra isə bu imza sahiblərinin bəzisi idarə ilə heç bir əlaqə saxlamırdı. Mirzə Cəlil imzalar müxtəlif olsun deyə bu imzaların hamısından istifadə edər və yazdığı felyetonların, məqalələrin altında həmən imzaları yazardı" (Qulam Məmmədli. İmzalar. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1977).

Göründüyü kimi, ortaq imza məsələsində bəzi anlaşılmazlıqlar meydana çıxır. Ömər Faiqlə eyni ildə eyni jurnalda (məsələn, "Molla Nəsrəddin"də) eyni imza ilə çap olunan məqalə müəlliflərini ayırmaq çətin məsələdir. Əlyazmaların və arxiv sənədlərinin məhv edilməsi işi daha da çətinləşdirir. Aşağıdakı nümunəyə diqqət edək:  

Mozalan - Haqverdiyev Əbdürrəhim. "Molla Nəsrəddin", 1906-1908.

Mozalan - Qurbanəli Şərifzadə, "Molla Nəsrəddin", 1908.

Mozalan - Ömər Faiq Nemanzadə, "Molla Nəsrəddin", 1908.

Təbii ki, bu cür nümunələrin sayı daha çoxdur və bununla bağlı dəqiqləşdirmə aparmaq ayrıca tədqiqat tələb edir.

1898-ci ildə "Tərcüman" qəzetində Ömər Faiqin bildiriş xarakterli "Şəkidən" başlıqlı yazısı "Müəllim Nemanzadə" imzası ilə çap olunmuşdur. Bu illərdə o daha çox pedaqoq kimi məktəb, tədris, dərs proqramları, təhsil dili, məktəblərin və müəllimlərin təminatı məsələlərini mətbuata çıxarırdı. "Şəkidən" yazısında üsuli-cədid məktəblərində məzunlarla bağlı müşahidə olunan problemi dərhal işıqlandırır. Bildirir ki, bu məktəbləri bitirən gənclər çox zaman təhsillərini daha yüksək dərəcəli məktəblərdə davam etdirə bilmir, digər tərəfdən isə ata-babalarının sənətlərini unutmuş olurlar. Onun üçün də, məktəbdə açılmış Sənət şöbəsi (İpəkçilik haqqında nəzəri və praktik tədris şöbəsi) ilə bağlı məlumat hazırlayır və "Tərcüman"ın səhifəsində yayımlayır. 

1900-cü ildə yenə "Tərcüman" qəzetində "Axalsixdən" adlı kiçik bir məqalə çap etdirir. "O.Nemanzadə" imzası ilə göndərdiyi məqalə "Cənab mühərrir" - müraciəti ilə başlayır. Məqalənin intonasiyası şikayət xarakterli olsa da, məğzi konkret bir coğrafiyada məktəblə əlaqəli çox ciddi problemlərə həsr edilib. Sanki bir kənddə yanğın var, yuxuda olan sakinlərin isə bundan xəbəri yoxdur. Ona görə Ömər Faiq həyəcanla yazır: "Camaatımız çox rahatdır. Nə yeni məktəbimiz var, nə də əski. Camaatımız mərhəmətlidir. Sənət məktəbinin bir xeyli xərcini çəkib erməni, yəhudi, gürcü ətfalını məccani oxutdurur. Camaatımız qənaətlidir. Öküz və eşşək işlərindən qeyrilərə baxmazlar. Bu səbəblə uyezdlərimizdə bir müsəlman dəmirçisi, yemənçisi bulunmaz".

Öküz və eşşək işlərinə, zəhmətinə şərik olan camaat elm, məktəb, hətta sənət haqqında əsla düşünmür. Ömər Faiqin analiz, müqayisə və təhlillərində adətən bir statistika, rəqəmlərlə mahiyyəti göstərmək metodu var. Məsələn, deyir ki, bu avam camaat bütün evlərə bəs edəcək qədər  meyxana və qəhvəxana açır, fəqət qırx min adama bir məktəb haqqında düşünmür ("Amma kiçik bir köydə, məsələn, Azqurda müsəlmanların parası ilə keçinən beş böyük meyxana, altı böyük qəhvəxana vardır. Bu hesabca qırx min cana bir üsuli-cədid məktəbi düşdüyü halda, iyirmi evə bir meyxana, iki qəhvəxana isabət edir").

Qori darülmüəllimində o mahaldan cəmi bircə müsəlman oxuyur, onun da yolu dörd saatlıqdır. Bəylərin, dövlətlilərin maarif və mədəniyyətə olan laqeydliyinin nəticəsində isə "camelər viran, məktəblər pərişan, insanların halı isə yamandır"...

XX əsrin əvvəllərində Qafqazda, eləcə də Azərbaycanda maarif və mədəniyyət məsələləri, siyasət, ictimai-sosial problemlər daha çox məhz qəzet, jurnal vasitəsilə gündəmə gəlir, düşüncələrdə özünə yer edir və çox zaman da həllini tapırdı. Ömər Faiqdən əvvəl və elə onun öz zamanında da qəzet bir işıq, ziya, nur və elm, əxlaq, ictimai haray simvolu kimi qiymətləndirilib. Həmin dövr üçün qəzetin əvəzsiz və danılmaz rolunu bir çox ədiblər, ziyalılar, şairlər dönə-dönə vurğulayıb.

Ömər Faiqdən öncə S.Ə.Şirvaninin qəzetlə bağlı yazdığı şeirlərində satirik tərzdə ifadə ilə lirik həzinlik, poetik təsir maraqlı intonasiya meydana gətirmişdir. Həmin yanaşma və ifadə üsulunu biz Ömər Faiqin bir çox məqalələrində görürük. Məsələn, Seyid Əzim "Qəzet nədir", "Həsənbəy Məlikova", "Ziya qəzetinə" və s. bu kimi şeirlərində üzünü bəzən ziyalıya, bəzən xalqa, bəzən imkanlı şəxslərə, bəzən hökumətə, bəzən də sadəcə cahil bir adama tutub bu barədə sözünü deyir.

"Qəzet nədir" şeirində Seyid Əzim yazır ki, dünən bir cahil məndən soruşdu ki, qəzetin bizə faydası nədir, bu Həsən bəy bizdən nə istəyir? Onun niyyəti xoş niyyətə bənzəmir və qəzeti də sadəcə pul tələsidir. Gah əkindən-biçindən danışır, gah süddən, pendir hazırlamaqdan, qatıqdan yağı necə çəkməkdən, gah Amerikadan, orada icad edilən maşınlardan... Bu kişi ingilis kimi bizim başımızı tovlayır, israr edir ki, gərək elm oxuyaq, çəkmə tikməyi, çit toxumağı öyrənək. Biz ki, pendiri də, yağı da hazırlamağı bilirik. Qarabağlı övrətlər çöldə nehrələrdə yağı yaxşıca hazırlayır. Taxılımızı da əkib-biçirik, kəlimiz, vəlimiz varkən maşın nəyimizə gərək? Bu yandan da yazır ki, Amerikada fəhlələr ayağa qalxıb və s.

Seyid Əzim isə cavabında o "cahili-kərihxitab"a üzünü tutub deyir ki, hərçənd ki nadana cavab verməzlər, amma:

 

Hamı millətdə var qəzetlər çox

Demə kim, bunda hiç faidə yox.

Qəzetin çoxdu xəlqə mənfəəti,

Nə bilir kim ki, yoxdu mərifəti,

Nə deyim, vəhyi-asimanidir ol,

Leyk ərbabi-hal canıdır ol.

 

Daha sonra isə "Tiflisski vestnik", "Kafkaz" və "Əkinçi" qəzetlərinin faydalarından söz açır. Seyid Əzim "Əkinçi" qəzetini canlı varlıq, "ürəyində dərdi olan", "İslam əhlinə üzünü tutub onu dünyadan xəbərdar edən" qasidtək təsvir edir. Hətta onun bağlanmasını "vəfat etmək" kimi ifadə edir.

 

Səy edək, ey guruhi-niksifat,

Etməsin ta bizim "Əkinçi" vəfat.

 

"Ziya qəzetinə" şeirində də qəzeti bir nemət, ləl-cəvahirat, maarif işığı kimi qiymətləndirir və həmin qəzetin çox yaşaması üçün dualar edir:

 

İlahi, seyyidin qıl bu düasın

sən icabət kim,

"Ziya" gün tək ziyalənsin,

cahanə müncəlalənsin!

 Ömər Faiq 1903-cü ildə eynən Seyid Əzim yanğısı ilə qəzet mücadiləsinə qalxır, Tiflisdə nəşr olunmağa başlayan "Şərqi-rus" adında mətbu orqanı yaşatmaq üçün müraciətlər edir. Bildirir ki, qəzet sahibi öz üzərinə düşən işləri görür, millət kimi bizim borcumuz isə müaviniyyət ilə kömək etmək, insaniyyətimizi göstərib təzə çıxan bu işığa rövnəq verməkdir: "Xülasə, indiyə qədər min dürlü təcrübələr ilə isbat edilmiş bir həqiqətdir ki, hər millət mərifət ilə yaşar, cəhalət ilə yox olar. Mərifətin birinci vasitəsi, xətibi, vaizi isə məcmuələr, qəzetlərdir. Qəzet aləmin güzgüsüdür. Qəzet zəmanənin ən kəskin qılıncıdır. Qəzet indiki cismi-həyatın ruhudur, qəzet aləmin ən nüfuzlu, təsirli vaizidir. Qəzet hər millətin ölçüsü, mizanıdır. Qəzet məmləkətin hamisi, vəkili, advokatıdır" ("Dərdimiz və dərmanımız". "Şərqi-rus" qəzeti, 1903).

"Dəvət" adlı irihəcmli məqaləsində (Tiflis."Qeyrət" mətbəəsi,1905) də göstərirdi ki, mətbəəsi və mətbuatı çox olan millətin sərvət və qüvvətləri də çox olar. "Bir "Tərcüman" ilə otuz milyonluq xalqın ehtiyacı görülə bilməz. Bizə beş-on deyil, yüz mətbəə, bir-iki deyil, on beş-iyirmi qəzet, jurnal lazımdır. Heyif, çox heyif ki, guya islamiyyətin, daha doğrusu, indiki müsəlmanların mətbəə və tazə mətbuat ilə heç işləri-gücləri yox imiş kimi bu xüsus əsla nəzərə alınmır..." Müəllif yenə konkret statistika ilə müqayisələr aparır və Tiflisdə qonşularımız gürcü və ermənilərin mətbəə, jurnal, qəzet saylarını, hətta yeni icazəsini aldıqları mətbu orqanların sayını açıqlayır və təəssüflə bildirir ki, bizim sayımız onlardan qat-qat çox olduğu halda Qafqazda bizim mükəmməl bir mətbəəmiz, yarım jurnal və məcmuəmiz belə yoxdur. Hər il məhərrəmlikdə başlarına kül, saman töküb üst-başını qana bulayaraq zəncir vuran xalqa, İmam Hüseyn yolunda bədəninə işgəncə verən cavanlara ürək ağrısı ilə suallar verir. Deyir ki, olmazmı yolunda baş yardığınız bu müqəddəsin məslək və amalına uyğun xeyirli, faydalı bir mücadilə edəsiniz? Maariflənmək, mədəniyyət və elm sahibi olmaqla İslam tarixini və din yolunda cihad edən tarixi şəxsiyyətlərin məsləkini, keçdiyi şərəfli yolun salnaməsini öyrənəsiniz və s.

"Dəvət və təvəqqə" ("İrşad" qəzeti, 1906) məqaləsində də "camaatı öz dili ilə başa salacaq xırda və ucuz kitablar" çap etmək üçün müraciətlər edir. Əli qələm tutan, rus dilindən tərcümələr edə bilən hər kəsdən kömək istəyir. Digər tərəfdən də adamları ruhdan salan şayiələri təkzib məlumatları yayımlayır. Guya "Qeyrət" mətbəəsi satılıb və ya bağlanıb. "Əziz yoldaşım Abdulla Cövdət bəyin dediyi kimi, aləmi-əsgəridə qrup topu nə isə, aləmi-mətbuatda mətbəə maşını elədir. Belə olduğu surətdə insafdırmı ki, müsəlmanların sifariş vermədiklərinə baxıb mətbəəmizi yadlara sataq. Bu, olacaq iş deyil. "Qeyrət" mətbəəsi daha səy və qeyrətlə öz vəzifəsində davam edir və inşaallah da müsəlman qardaşlarımızın həmiyyətilə davam edəcəkdir".

Ömər Faiq milli, dini məsələlərə təkcə  milli ampluadan deyil, həm də qlobal ucalıqdan baxmağı bacarırdı. "Bu gün bizim ölüm-dirim məsələniz maarifdir" - deyən Ömər Faiq həmin zamanda, Birinci Dünya müharibəsi ərəfəsində analitik təhlillər aparır, dünyada baş verən siyasi, sosial, mədəni prosesləri izləyərək sübut edir ki, hətta müharibəyə, hərbə milyonlarla pul sərf edən dövlətlər həmin kritik məqamlarda belə elm və maarifi, mədəniyyəti unutmur. Çünki bir millətin siyasi meydanda qalib gəlməsi həm də onun elm, təhsil meydanındakı uğurunun nəticəsidir. "İanələrin davaya yağdırıldığı bir vaxtda, keçən ayda Moskvada bir dövlətlinin təzə yapılacaq bir məktəbə 50000 manat ianə verməsi, rus və Yaponiya hökumətlərinin bu yaxında Berlində məktəblərin islahı xüsusunda qurulan konqresə dərhal əzalar göndərmələri, böylə bir vaxtda belə maarifə aid təşəbbüs və hərəkətləri, bir millətin canı və ürəyi yerində olan maarifin əhəmiyyət və lüzumunu gözəl isbat edir"  ("Nə üçün haqqımızı istəmiriz?", "Şərqi-rus" qəzeti, 1904). 

Yuxarıda Seyid Əzimin "Ziya" qəzetinin yaşaması üçün Rusiya çarına və hakimiyyətinə həsr etdiyi tərif və duanın nəsr formasına Ömər Faiqdə də rast gəlirik. Aydındır ki, həm də siyasətçi olaraq və xalqın ayağa qalxa bilməsi üçün güzəşt yollarının harada olmasını anlayan ziyalı kimi Ömər Faiq də bir çox məqamlarda həmin yolu tutur. Rus çarı haqqında "şövkətli padşahımız" ifadəsini işlədir, rusları bizim vətənimizə və hökumətimizə "sədaqətli dost" qiyafəsində təqdim edir. Halbuki 1905-ci ildə onun "Torpaq" adlı aylıq dərgi çıxarmasına həmin çarın məmurları, senzorları "yox" deyəcəkdi, "Qeyrət" mətbəəsinə və mətbəənin binasında yerləşən Leyli məktəbinə müdirlik icazəsini təhsilini Türkiyədə aldığı üçün ona verməyəcəkdilər və sonda, 1937-ci ildə repressiya qurbanı edəcəkdilər. "Haman  məktəbin də, necə ki, "Qeyrət" mətbəəsinin də həmçinin, rəsmi müdiri hökumət tərəfindən təkcə mən özüm idim. Buna da səbəb bu idi: həmin müəssisələri təsis etmək icazəsini o əsrin hökuməti bəlkə ancaq mənə verərdi və Ömər Faiqə verməzdi; bu cəhətə ki, mən hökumət darülmüəllimliyini bitirmiş bir cavan idim, amma Ömər Faiq Türkiyədə təhsil tapmış bir cavan idi və zənn edirəm ki, mətləb burada aşkar olur" (C.Məmmədquluzadə. Xatiratım, Bakı, Xan nəşriyyatı, 2015).

Ömər Faiqin sözü gedən məqaləsində ("Nə üçün haqqımızı istəmiriz?") onun üslubuna xas sətiraltı mənalar və tərif arxasında gizlənən mahiyyəti ünvanına çatdırmaq kimi incə bir publisist siyasəti açıqca görünür. Müəllif xəfif bir xatırlatma edərək, Rusiyanın bizə sədaqətini deyil, əslində sədaqət borcunu andırır. Vurğulayır ki, Rusiyanı ianələrimizlə və başqa xalqlardan daha artıq ianələrimizlə saxlayan həm də bizik. Rusiyaya sədaqətdə də başqa xalqlar içərisində ən öndə olan yenə biz müsəlmanlarıq.

"Biz, Rusiya müsəlmanları hökumətimizin ədalətinə qarşı hər vaxt sədaqət göstərməyi borc bildiyimiz halda dava kimi dar günlərdə hər dürlü ianə və köməklə ixlas və sədaqətimizi bir qat daha artırmağı da gözəl biliriz. Bu cəhəti boş sözlə deyil, yaralı vətəndaşlarımız üçün hər tərəfdən topladığımız ianələr, etdiyimiz dualarla çox möhkəm isbat etdik. Buna görə çox fəxrlə, cürətlə aləmə bildirmək istəyirəm ki, ruslardan sonra hökumətimizə, Vətənimizə sədaqət göstərən bu qədər müxtəlif millətlərin ən birincisi biz müsəlmanlarıq".

Ömər Faiq hətta istehza ilə (yəqin ki həm də ürək ağrısı ilə) qeyd edir ki, rus qəzetlərinin də təsdiq etdikləri kimi bizim İslam quberniyasından - fəqir cəmaətimizdən toplanan ianənin cəmi ümumi polyakların ianəsindən artıqdır. Digər millətlər də bu nisbətdədir. Yenə də konkret sənəd və faktla fikrini əsaslandırır: "Sürməli uyezdinin naçalnikinin rəsmi kağızında, oradakı kasıb, fəqir müsəlmanlardan beş-altı manat toplandığı halda, özgə varlı millətlərdən ancaq ancaq üç yüz manat toplandığını hər kəs "Şərqi-rus"da oxumuş, sədaqətimizi qiyas etmişdir zənn edirəm. Burasına da diqqət lazımdır ki, bu ianələrin çoxu millət başçılarımız olan üləmamızın qeyrəti ilə toplanmışdır. Hətta bizim bu dərəcə müavinət və dualar ilə göstərdiyimiz sədaqət və ixlas əsərləri bir çox rus məmurlarını heyrətdə qoymuş və bir para yanlış, əsassız fikirləri də zehinlərindən çıxarmışdır".

 Daha sonra yazır ki, biz rusların apardıqları müharibələrdə təkcə malımızla deyil, həm də canımızla kömək edirik. Əsgər və zabitlərimiz rus əsgərləri ilə bərabər sinəsini güllə qabağına verir və s. Yenə çox cəsarətli, amma ustalıqla ortaya qoyulmuş tələb! Məqalənin də adına bir daha diqqət etsək, mətləb aydın olacaq: "Nə üçün haqqımızı istəmiriz?"

"İştə bu surətlə həm can, həm mal ilə əmniyyət və etibarını qazandığımız hökumətin bizdən qanun daxilində bir şey əsirgəməyəcəyini bilməliyiz. Boş xülya və xofla indiyə qədər itən və qalan haqqımızın meydana çıxmasına hökumətimizin sühulət göstərəcəyinə əmin olmalıyıq. Hər vaxtın, halın bir təqazası var. Elə bilirəm ki, indi bir az vaxt gəlmişdir. Fürsəti fot etməyək! Bizim həyatımıza vasitə olacaq tazəliyin çox lazımlı bəzi xüsusiyyətlərini hökumətimizdən yavaş-yavaş istəyək".

Çox əhəmiyyətli, maraqlı tezislər irəli sürür, realllığı təhlil prosesində həm də konkret və həlli mütləq şərtləri sıralayır. Bildirir ki, millət başçısı missiyasını yerinə yetirən "üləmalar", din xadimləri xalqı geriyə, cəhalətə sürükləyir və bu barədə artıq hər kəs qışqırır. Batmaqda olan maarifimizə çarə ilk növbədə ümumi Qafqaz üçün bir ruhani mədrəsəsi açmaqdır. "Yoxsa irəlidə quru namaz qıldıran da tapılmayacaqdır".

Daha sonra xatırladır ki, bir çox şəhərlərdə sənət, əkin-biçin işlərinə, və şəhər məktəblərinə çəkilən xərclərin bir qismi, bəlkə daha artıq bir qismi müsəlmanlardan alınır. Bunun müqabilində hər il bir neçə müsəlman uşağını pulsuz təhsil üçün göndərmək vacibdir. Məhəllə mollaları və "başbilənlərin" məsuliyyətsizliyi, cəsarətsizliyi, cahilliyi üzündən bu millətin haqqını başqaları yeyir. Uşaqların bir qismini rus məktəblərinə təhsil üçün göndərərkən, qalanlara da hər kənddə, hər şəhərdə xüsusi məktəblər açmaq, gənclərə elm və sənət öyrətmək, xaraba qalan mədrəsələri təmir etdirmək, hər şəhərdə mütləq ucuz qiymətli, hətta pulsuz qiraətxanələr açmaq mütləqdir və s. Bu haqqa və hüquqa sahib olmağı dərk etməyənlərə isə bir cümləlik mesaj ötürür: "Bu barədə fikr və xof lazım deyil. Qanun müsaidədir".

Ömər Faiq qanunu bilmədiyi üçün də xalqa zülm edən məmurları maariflənməyə səsləyir. "...göydə ildızlar, "fin xuançin"dən xəbərlər axtaracağımız yerə gözümüzün önündəki milli, vacibli hallarımıza fürsətdən vaxtında istifadə edib, çarələr axtarmalıyız. Nə üçün lazımi məsələlərə çalışmayırız, nə üçün haqqımızı istəməyiriz?"

XX əsrin əvvəllərində aktual problemlərdən biri olan "erməni məsələsi" Ömər Faiqin də publisistikasında tez-tez toxunulan mövzu idi. Ü.Hacıbəyov, C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, Y.V.Çəmənzəminli, Ə.Ağaoğlu və başqa bu kimi ziyalılar hələ 1918-ci il 31 mart soyqırımınadək də erməni xisləti və təhlükəsi haqqında mütəmadi olaraq fikir, münasibət bildirirdilər. Bu münasibət bəzən müqayisə üsulu ilə ifadə edilir, bəzən isə Qafqazda daimi təhlükə mənbəyi olaraq qalan xalq kimi xüsusi obraz yaratma metodu ilə mahiyyətini əks etdirirdi.

1905-ci il hadisələri də mövzunun parametrlərini daha da genişləndirmişdir. Erməni siyasəti, məslək və əqidəsi müsəlmanlar üçün "gələcək problem"  - ampluasında müzakirə edilirdi. Ömər Faiq açıq şəkildə dilə gətirməsə də, tezislər, replika və siyasi mesajı olan fraqmentlərlə izah edirdi ki, Rusiyada, eləcə də Qafqazda türk əsilli, İslam etiqadlı xalqları bilərəkdən cəhalət içərisində saxlayırlar. Məktəb, mətbuat, ədəbiyyat, sənət, elm məsələlərində də xüsusi senzor yanaşması o səbəbdəndir. Əvəzində məhərrəmlik rituallarına meydan vermək, cahilliklə görülən işlərə göz yummaq, sərvətini aldığı xalqı başıqapazlı edib onu ətalət içərisində əsrlərlə saxlamaq siyasəti yeridilir. Bu xalqlar üçün istənilən vaxt alovlandıra, bir-birlərinə qırdıra biləcəkləri konflikt ssenarisi də həmişə qüvvədədir: sünni və şiə qarşıdurması!

 

 





18.01.2023    çap et  çap et