525.Az

Florensiya şəhəri və Mediçi sülaləsi - Telman Orucov yazır


 

Florensiya şəhəri və Mediçi sülaləsi - <b style="color:red"> Telman Orucov yazır</b>

(Əvvəli ötən çərşənbə sayımızda)

Katerina, həmçinin, fiziki təcrübələrdə də xüsusən fəal idi. O, fransız qadınlarına bir tərəfdə oturulan yəhərdə at çapmağı, ovçuluq sənəti təcrübəsinə yiyələnməyi öyrədirdi, bu məşğuliyyətlərdə isə özü yüksək dərəcədə bacarıqlı idi.

Onun xoşa gəlməyən, acı ləqəblərindən biri "Madam İlan" idi, bu, digər qadınlar arasında onun meditasiyaya meylinin izahından əmələ gəlmişdi. Saray adamları tərəfindən bu ləqəbdən ona qarşı olan taktikaların bir hissəsi kimi istifadə olunurdu.

Katerinanın həyatının bu dövrü xüsusi faciələrlə əlamətdar olmuşdu. 1536-cı ildə, öz nikahından üç il sonra dofin Fransisk öldü. Bu hadisə yeni dofin Henrinin arvadı kimi onu dofina roluna keçirdi. Həm də gəlin hələ öz uşağına malik deyildi. Onun qısır qalması göstərirdi ki, bu qızla nikah heç vaxt yaddan çıxmayacaq bir səhv imiş.

Nəticədə, astroloqların, ilahiyyatçıların, filosofların və həkimlərin fəal müdaxiləsi ilə, nikahından 9 il sonra, 1543-cü ilin fevralında Katerinanın ilk övladı oldu, körpəni kral babasının və ölən dofin əmisinin adı ilə Fransisk adlandırdılar. Katerinanı uzun müddət doğmadığına görə həm də "Steril qadın" adlandırmışdılar. Bundan sonra o, daha 9 uşaq doğdu. Onlardan üçü körpə ikən ölmüşdü, dördü oğlan və üçün qız olmaqla sağ qalmışdılar. Onlardan üçü - Fransisk, Şarl və Henri gələcəkdə Fransanın taxt-tacına çıxacaqdı, üç qızdan Elizabet ispan kralı II Filippə, Klaudiya Lotaringiya hersoquna, Marqaret isə Navarralı şahzadəyə, gələcək kral IV Henriyə ərə getmişdi.

Katerina əvvəllər münəccimlərlə, cadugərlərlə və falçılarla yaxından məşğul olurdu, sonra isə məhsuldar ana olmaq naminə özünü tələb olunan yeni rola həsr etdi. Katerina de Mediçinin cadugərliyə loyal yanaşması, qətllərə meyli qızı Marqaretin toyu günü huqenqotların qırğınını təşkil etməkdə özünü çox sərbəst aparması Aleksandr Dyuma-atanın və Moris Dryuonun məşhur romanlarında geniş təsvir olunur.

Normandiyadan olan dul qadın Dayana Puatye onun əri Henriyə güclü təsir göstərirdi. Təbiət tərəfindən müzakirə edilə bilinməyən gözəllik verilmiş və hissiyyata planlaşdırılmış bu qadına müqavimət göstərmək mümkün olmadığına görə, Katerinanın əri Henrini o, bütünlüklə nəzarətinə götürməklə, onu özünə əsir etmişdi.

Katerina bu çətin situasiyaya ləyaqətlə və taktiki ustalıqla yanaşmağa qadir idi, o, hətta qayınatasından da şübhə edilməyən bir həmrəylik qazanmışdı. Buna baxmayaraq, on il ərzində müstəsna olan bu çətinliyə dözmüşdü. Həm də Dayananın düşməncəsinə müdaxiləsi ilə üz-üzə gəlirdi, bu qadın isə xəyanətkar olmaqla yanaşı, Henri tərəfindən ciddi himayə olunurdu. O, Katerinanı "dükançının qızı" deyə çağırmağı da özünə rəva bilirdi. Katerinanın yerini uşaqlarının beşiyi yanında müəyyən etmişdi, həm də "italyan qadını" bu yolla digər uşaqlarını da doğa bilərdi.

"İtalyan qadını" üçün bu, əslində, öz həqiqi rolunu müəyyən etməkdə də çətinlik törədirdi. Qayınatası I Fransisk 1547-ci ildə öldükdən sonra kraliçaya çevrilsə də, fransız adəti üzrə uşaqlarının tərbiyəsi ilə məşğul oldu və cəhd edirdi ki, öz təbiətindən irəli gələnləri buna aid olan sahələrdə tətbiq etsin. Bu nöqteyi-nəzərdən uşaqlarının ürəyində özünə qanuni yer qazanmışdı. Bu cəhd daha vacib idi, çünki faktiki olaraq onun əri 28 yaşında II Henri kimi taxt-taca qalxmışdı. Həm də o, özünün sevimlisi olan Dayananı, ictimai həyatın bütün hadisələrində irəli çıxarırdı.

Katerina, Mediçi ənənəsinə uyğun olaraq, italyan qadını kimi bu vaxt çox sayda yollar vasitəsilə təbii fransız qadınına çevrilmişdi, öz ailəsinin rəssamlığa və tikintiyə olan zövqünü davam etdirirdi, buna misal kimi, onun Parisdə Tyulri sarayını layihələşdirməsi və tikdirməsi oldu. Bundan əlavə, o, Şenonso şatosunu (qəsrini) də tikdirmişdi.

Onun enerjisi nə azalırdı, nə də mülayimləşirdi, əri II Henri 1559-cü ildə öldükdən sonra Katerina dul qaldı. Henrinin sifəti, turnirdə rəqibin nizəsinin onun bir gözünə girməsi ilə, dağılmışdı və qaçılmaz ölümlə nəticələnmişdi.

Katerina 40 yaşında dul qadına çevrildi. Bunun təbəələrə xoş gəlib, gəlməməsindən asılı olmayaraq sonrakı 30 ildə Katerina bütün Fransada ən mühüm şəxsiyyət sayıldı.

Onun üç oğlu krala çevrildi. İlki olan II Fransisk 16 ay ərzində hökmranlıq etdi və 1560-cı ilin dekabrında öldü. O, Şotlandiya kraliçası Mariya Styuartın əri idi və gənc qız dul qaldıqdan sonra vətəninə qayıtmalı oldu, orada təhlükəli hadisələrin iştirakçısı olmaqla, sığınacaq tapmaq istədiyi İngiltərədə həbs olundu və kraliça I Elizabetə sui-qəsdin təşkilinə görə ittiham olunaraq, 1587-ci ildə edam edildi.

Fransızlar kral II Fransiskə nifrət edirdilər, çünki o, şəxsiyyət olmaqdan və qətiyyətlilikdən bütünlüklə məhrum idi və faktiki olaraq Fransanın idarə edilməsini Giz hersoqu Fransiskə və onun qardaşı, Lotaringiya kardinalına vermişdi. Bu dövrdə Katerina hakimiyyətdən xaric edilmişdi.

Katerinanın ikinci doğulan oğlu IX Şarl on yaşında öz qardaşını bir varis kimi əvəz etmişdi, bu, ananın regent olmasını mümkün etmişdi və o, hakimiyyəti əlinə götürmüşdü. Bununla o, 1560-cı illə 1574-cü il arasındakı 14 il ərzində ilhamlanmış qaydada hakimiyyətin yüyənini öz əlində saxlamışdı.

Üçüncü doğulan oğlu III Henri 1589-cu ildə ölmüşdü, bu vaxt onun 38 yaşı var idi və artıq 15 il ərzində ölkədə hökmranlıq etmişdi.

Katerina oğlu II Fransiskin hökmranlığı dövründə dövlət işlərinə müdaxilədən bütünlüklə kənar edilmişdi; IX Şarlın dövləti idarə etməsi illərində isə o, həqiqətən, əsl kraliça idi. III Henrinin hökmranlığı ərzində də o, kraliça kimi davranmağını davam etdirirdi. Gənclik dövründə anası onun məsləhətçisi olmuş, yaşa dolanda isə onun Fransanı bədbəxtliyə aparmasının qarşısını almışdı, çünki oğlunun hər cür həddi aşan hərəkətləri buna səbəb ola bilərdi.

Katerina bu vaxt dini müharibələrlə üzləşdi, onu 1572-ci ilin avqustundakı Müqəddəs Varfolomey gecəsində böyük qan axıdılmasında ittiham edirdilər. Göründüyü kimi, o, istənilən səbəbə görə birbaşa bu bədbəxtliyi törətməyə cəlb olunmuşdu. Çünki o, antikalvinizmin möhkəm tərəfdarı idi.

Fransadakı dini müharibələrin böyük tarixi vardır. 1572-ci ildə qüdrətli Giz hersoqu sülhsevər huqenotları Vasidə qırdı. 1560-cı illər onilliyində huqenotlar özlərini qoruyub saxlamışdılar. Belə kiçik qrup Fransanın bəzi ərazilərini işğal etdi, onların ordusu müdafiə kampaniyalarında daha yaxşı vuruşa bilirdi. Biabırçı Müqəddəs Varfolomey gününə qədər onları məğlub etmək mümkün olmamışdı.

1572-ci ilin 24 avqustunda huqenotların qırğını başlanana qədər, həmin gün katolik və kalvinist partiyaları hökmranlıq edən Valua kralı IX Şarlın bacısı Marqaretin və Navarralı Burbon hökmdarı Henrinin toyu vasitəsilə açıqca barışmışdılar. Henri Navarra kraliçası Janna d`Albertinin oğlu idi. O, öz krallığında kalvinist ideyalarını yayırdı. Henri həm də huqenotların etiraf edilən lideri idi. Çox sayda huqenot toyda iştirak etmək üçün Parisə gəlmişdi.

Lakin Giz ailəsi kralı və onun anası Katerina de Mediçini inandırmışdı ki, huqenotların toplaşması onlar üçün təhlükədir. Kral Şarl və onun məsləhətçiləri huqenot liderlərini bir zərbə ilə məhv etməyi qərara aldılar. Şarl inanırdı ki, onlar tezliklə vətəndaş müharibəsi başlayacaqlar. Yaxşısı budur ki, məhz Parisdə döyüş udulsun, çünki bütün liderlər paytaxtda olacaqlar. Ona görə də açıq meydanda döyüşə girmək təhlükəli olduğu kimi, həm də qeyri-müəyyən bir müharibəyə girmək riski idi.

 

Katoliklərin huqenotlara qarşı mübarizəsi

 

Qırğın 24 avqustun səhər çağı başladı, kralın mühafizəçiləri bir sıra görkəmli huqenot liderlərini axtarıb tapdılar və öldürdülər. Bu qətllər tezliklə zorakılıq dalğası yaratdı və bu, bütün Parisə yayıldı. Üç gün ərzində qızışdırılmış katolik kütləsi Parisin küçələrini doldurdular, onlar huqenotları qəddarlıqla və qana susayan qaydada öldürdülər. Bir şahidin müşahidəsinə görə: "Sonra onlar onu (Fransuaza Lusson adlı qızı) tutub, saçından dartıb, küçələrdə sürüdülər, onun qızıl bilərziyini qolundan açdılar və biləyini kəsdilər".

Qətlin üç günü 3 min huqenotun ölümünə səbəb oldu. Henri Navarralı katolikliyə keçməyə söz verdiyinə görə öz həyatını xilas etmişdi. Əyalət şəhərlərində də minlərlə adam öldürülmüşdü. Qırğın Valua sülaləsini hələ münaqişə başa çatmamışdan nüfuzdan saldı.

Vuruş davam edirdi. Huqenotlar öz güclərini bərpa etdilər və 1576-cı ildə isə  ultrakatoliklər buna cavab olaraq "Müqəddəs Liqa"nı formalaşdırdılar. Onlar yeretikliyi ləğv etməyə and içdilər. Katolikliyi ilə öyünən kral III Henri (1574-1589-cu illərdə taxt-tacda olmuşdu) öz qardaşı IX Şarlı bir az əvvəl əvəz etmişdi.

1588-1589-cu illərdə üç Henrinin müharibəsində dönüş nöqtəsi meydana gəldi. Giz hersoqu Henri ispan kralı II Filippə verdiyi sözə görə Parisi tutmuşdu və kral III Henri məğlubiyyət qarşısında onu Baş nazir təyin etdi. Gizin təsirindən kənarlaşmaq üçün III Henri Giz hersoqunu öldürtdü və sonra Henri Navarralı ilə birləşdi. Axırıncı artıq katolitsizmə keçmişdi və sonra həmin xətt üzrə taxt-taca gəldi ki, katolik Müqəddəs Liqasını darmadağın etsin.

III Henri 1589-cu ildə rahib tərəfindən öldürüldü. Henri Navarralı bu vaxt taxt-taca iddia etdi. Katolik Fransasının onu heç vaxt qəbul etməyəcəyini görüb, Henri məntiqi bir yol tutdu və bir daha yenidən katolitsizmə qayıtdı və Parisə girməyə müvəffəq oldu. Henri Navarralı kral IV Henri kimi 1594-cü ildə Fransa paytaxtına uzun cəhddən sonra daxil oldu. Gələcəkdə özünə haqq qazandırmaq üçün demişdi: "Paris messaya dəyər!" Messa isə katolik dininin ən mühüm ibadətidir. Bu vaxt həm də onun taclanması baş verdi, artıq dini müharibələr də sona çatmışdı.

Lakin dini problemlər 1598-ci ildə dərc olunmuş Nant ediktinə qədər davam etdi. Edikt katolitsizmi Fransanın rəsmi dini kimi etiraf etməklə yanaşı, huqenotlara da seçilmiş yerlərdə ibadət etməyə qarantiya verdi və onlara icazə verdi ki, bir sıra istehkamlanmış şəhərləri öz himayələrində saxlasınlar. Üstəlik, huqenqotlara icazə verildi ki, bütün siyasi imtiyazlardan istifadə etsinlər, bura ictimai vəzifələr də daxil idi. Baxmayaraq ki, Nant edikti protestant azlığın hüquqlarını tanısa da, dini tolerantlıq prinsipləri önə çəkilsə də, siyasi zərurətdən uzaq idi, lakin inandırma sahəsindəki cəhddən də heç də xali deyildi.

 

Katerina Mediçinin son illəri

 

1586-cı ildə Katerina ölkəsində dördüncü vətəndaş müharibəsi ilə məşğul oldu, ondan sonra hökmranlığı müşahidə edərək, öz degenerat və dəli oğlu III Henriyə nəzər yetirməli idi. Taclanma işinin bayram edilməsi ərzində Henri topladığı şərəfli qonaqların yanında özünü xüsusən eybəcər qaydada aparmışdı. O, qadın paltarı geyinmişdi, özünü daş-qaşla bəzəmiş, üzünə çoxlu boya vurmuşdu. Katerina 1589-cü ilin yanvarında öldü, öz oğlu III Henrinin ölümündən altı ay əvvəl həyatdan getmişdi. Henrinin taxt-taca rəqib hesab etdiyi Giz hersoquna qarşı sui-qəsd nəticəsində onun qətlindən sonra o, Liqadan qayıdanda, həmin nəcib katolikin öldürülməsinin intiqamı kimi qətlə yetirilmişdi.

 

Fransa kraliçası Mariya

 

Mariya de Mediçi, öz dayısı Fernando bunu arzu etdiyindən sələfi Katerina kimi Fransa taxt-tacına gəlib çıxmışdı.

Mariya 1573-cü ildə anadan olmuşdu, 6 yaşı olanda anası İonna Avstriyalı ölmüşdü və onun yerini kənardan işlərə qarışan Blanka Kapella tutmuşdu. Uşaq onunla birlikdə yaşamalı olmuşdu. 1582-ci ildə onun yeganə qardaşı Filippo da öldü. Onun iki bacısı da az müddət yaşadı. Digər bacısı Anna 15 yaşında öldü, yeganə sağ qalan Eleanor 1583-cü ildə Mantuya hersoquna ərə getdi.

1587-ci ildə atası Böyük Hersoq həmçinin öldü və bir neçə saat sonra onun çox sevdiyi arvadı Blanka Kapella da öldü.

Sonra Mariya öz əmisi I Ferdinandonun evində yaşadı. Qız hersoqun nəzərdə tutduğu kimi, onun arvadı olmaqla da razılaşmadı.

Məhəbbət məktubları ilə hissləri dillərə düşmüş Abelyarın sevgilisi Eloizanı da əmisi özünə arvad etmək istəmişdi, qız buna etiraz etdikdə, əmisi Abelyardan qisas almaq üçün onu xədim etdirmişdi.

Mariya gəncliyini Pitti sarayında keçirdi, orada onun yeganə dostu bir qadın idi, həmin qadını sonralar özü ilə Fransaya aparmışdı.

(Ardı var) 

 

 

 





18.01.2023    çap et  çap et