525.Az

Hər kəsin keçəcəyi "körpü" - Şahanə Müşfiq yazır


 

Hər kəsin keçəcəyi "körpü" - <b style="color:red"> Şahanə Müşfiq yazır</b>

İsveç diplomatı Dag Hammarskjöld deyirdi ki, ölümü axtarmayın, o, özü gəlib sizi tapacaq. Ölümü nailiyyətə çevirən yolu axtarın.

Həyatımızın hansı dönəmindəyik bilmirəm, amma son günlər istər dünya incəsənətində, istərsə də ətrafımızda çox ölümlər eşidirik. Sanki ölüm mələyi dünyaya gəlmişkən, nə qədər çox adam apara bilərəm prinsipiylə dadanıb bəşər övladının canına.

Elə təkcə bir gündə tanıdığım üç nəfərin ölüm xəbərini aldım. Üstəgəl, dünya şöhrətli sənətçilərin "gedişi"... Bütün bunların fonunda ölümü xatırlamamaq, onun haqqında düşünməmək olmur.

Maraqlıdır ki, bu həyatda ən çox qorxduğumuz da, ən adi yanaşdığımız da ölümdür. Yəni ölüm ən adi qorxudur?

Heç ölüm anındakı insan görmüsünüz? Mən görməmişəm, amma çox eşitmişəm. Ona görə də maraqlıdır, görəsən, insan son nəfəsindəykən hisslərində, düşüncələrində nə yaranır, nə dəyişir?

Anamın danışdığı bir hadisəni xatırlayıram bu an. Neçə illik tanışı gənc qadın son dəqiqələrində şüuru və nitqi açıq şəkildə danışa-danışa canını tapşırmağa hazırlaşır. Deyirlər ki, bacısı əlindən tutub, ağlaya-ağlaya üz-gözündən öpürmüş. O isə boşluğa tərəf baxıb "bu qəşəng oğlan kimdir, nə gözəl üzü var, mənə yaxınlaşır, gəl, gəl" deyirmiş. Onun baxdığı yerdə isə heç kim yoxmuş. Sonra qadın bacısına dönüb "daha bəsdir, burax məni, onu əsəbləşdirirsən, o, məni aparmağa gəlib, yubatma məni. Gəlirəm" deyir və canını tapşırır.

Ana babamın ölüm anında xəstəlikdən qaralan üzü aydınlanır, naməlum nöqtəyə baxıb gülümsəyir və üzündəki təbəssümlə son nəfəsini verir.

Nənəm isə xəstə idi. Ömrünün son çağlarında xəstəliyi artmışdı və yataqda idi. Lakin ölümünə bir həftə-10 gün qalmış qəfildən sağalmış, ayağa durmuşdu, iştahası, danışıb-gülməyi özünə qayıtmışdı. Bir gün qabaq da bizimlə telefonda danışıb, lap yaxşı olduğunu deyirdi. Bir gün sonra isə nəvəsiylə söhbət etdiyi zaman yatmaq istədiyini deyib, gözünü yumub və son...

Bu cür hallar çoxdur. Hər insanın ölüm şəkli, son nəfəs anındakı vəziyyəti fərqlidir. Dünya elmi hələ də bunu araşdırmaqdadır. Maraqlıdır ki, görəsən, insan orqanizmi ölüm anında endorfin yaradırmı? Bu qədər qorxduğumuz hadisə doğrudan da o qədər qorxuncdur? Yoxsa həqiqətən də adidir?!

Ölüm haqqında ən çox yazan şairlərdən biri Dylan Thomas "Ölümün qaranlığına təslim olma" adlı məşhur şeirində deyirdi:

Sabah əbədi gecə səni aparacaq?

Bu gündən lənətlə,

İşıq ölməz de,

Əyilmə. 

Həyat uğrunda mübarizə geniş yayılmış bir fikirdir. Öldüyünü hiss edən çox insan da yaşamaq üçün mübarizə aparır. Bəs ölümlə barışmaq, onu bütün həyatların sonu kimi adi qəbul edib sevinclə qarşılamaq necə, mümkündürmü?

Əlbəttə, ayrı-ayrı adamlarda fərqli hallar müşahidə edilir və kimin sonunun necə olacağını əvvəlcədən demək mümkün deyil. Ancaq ölüm anında endorfinlərin yaranmasıyla bağlı heç bir elmi araşdırma aparılmayıb.

Liverpul Universitetinin elmi əməkdaşı Seamus Coyle bu haqda məqaləsində yazır: "Ölüm anı heç də həmişə ağrıyla müşayiət olunmur. Mənim öz müşahidələrimə və həmkarlarımla diskussiyalara əsasən belə qənaətə gəlmək olar ki, daha əvvəl ağrıdan əziyyət çəkməyən adamlar öləndə də ağrı hiss etməyə bilirlər.

Səbəbini bilmirik - ola bilsin, hansısa şəkildə endorfinlərlə əlaqəlidir. Ancaq bununla bağlı hər hansı araşdırma aparılmayıb.

Güclü ağrıları azaltmaq üçün beyində eyni vaxtda bir neçə proses gedə bilər. Məsələn, çox vaxt döyüş zamanı əsgərlər ağrı hiss etmirlər - onların diqqəti başqa şeylərə yönəlmiş olur.

Oksford Universitetindən İrene Tracynin araşdırması göstərir ki, plasebo, özünütəlqin və dini inanclar ağrıya qalib gəlmək üçün böyük gücə sahibdirlər. Buna meditasiya da kömək edir".

Müəllifin sözlərinə görə, dini inancı olan insanların ölümü fərqli, daha rahat olur. Amma bütün inanclılar da ölümə rahat təslim olmurlar.

Seamus Coyle yazır ki, ölümün qaçılmazlığıyla barışanlar son dəqiqələrində səadət duyğusu hiss edə bilirlər. Yəni dediyimiz kimi, ölüm ən adi qorxudur və bu qorxunu yenmək qüdrətinə sahib şəxslər son anlarını da xoşbəxtcə başa vura bilirlər. Böyük ehtimal, insan həyatla ölüm arasında ən vacib, ən dərin duyğular yaşayır. Əgər bu fakt bizi qane etmirsə, Lukretiusun sözləriylə təsəlli tapmağı da seçə bilərik: "Mən varkən ölüm yoxdur, ölüm varkən mən yoxam, o halda qorxacaq nə var?"

 





18.01.2023    çap et  çap et