525.Az

"Tələbə və doktorantların təqaüdlərinin artırılması rifaha və tərəqqiyə xidmət edir"


 

"Tələbə və doktorantların təqaüdlərinin artırılması rifaha və tərəqqiyə xidmət edir"<b style="color:red"></b>

Yeni sosial islahat mərhələsi çərçivəsində Prezident İlham Əliyevin bu günlərdə imzaladığı Fərman və Sərəncamla tələbə və doktorantların təqaüdləri də artırıldı. Yeni Fərmanla 2023-cü il yanvarın 1-dən ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləği 275 manata çatdırılıb. Həmçinin, dövlət başçısının yeni Sərəncamı ilə dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğləri 2023-cü il yanvarın 1-dən doktorantura pilləsi üzrə: elmlər doktoru hazırlığı üzrə doktorantlar üçün - 400 manata, fəlsəfə doktoru hazırlığı üzrə doktorantlar üçün - 240 manata çatdırılır. Ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında: magistratura səviyyəsi üzrə akademik göstəriciləri 91-100 bal olan tələbələr üçün - 195 manata, 71-100 bal olan tələbələr üçün - 160 manata, 51-100 bal olan tələbələr üçün - 110 manata çatdırılır.

Bakalavriat səviyyəsi üzrə akademik göstəriciləri 91-100 bal olan tələbələr üçün - 175 manata, 71-100 bal olan tələbələr üçün - 145 manata, 51-100 bal olan tələbələr üçün - 100 manata çatdırılır, orta ixtisas təhsili müəssisələrində akademik göstəriciləri: 91-100 bal olan tələbələr üçün - 100 manata, 71-100 bal olan tələbələr üçün - 80 manata, 51-100 bal olan tələbələr üçün - 66 manata çatdırılır. Peşə təhsili müəssisələrində akademik göstəriciləri: "5" olan tələbələr üçün - 100 manata, "4" və "5" olan tələbələr üçün - 80 manata, "3" - "5" olan tələbələr üçün - 66 manata çatdırılır.

Millət vəkili Fatma Yıldırımın sözlərinə görə, Prezident İlham Əliyevin yeni fərman və sərəncamları ilə son beş ildə ölkəmizdə artıq dördüncü sosial islahat paketi reallaşdırılaraq əməkhaqqı, müavinət və təqaüdlərin növbəti dəfə artırılması təmin olunur. Bu fakt bir daha təsdiqləyir ki, Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin prioritetlərindən biridir. O bildirib ki, əhalinin sosial rifahının təminatının yüksəldilməsi Prezident İlham Əliyevin siyasətinin ana xəttini təşkil edir. Dövlət başçısının imzaladığı yeni fərman və sərəncamlar bu sahədə xüsusilə son illərdə ardıcıl, geniş miqyas alan sosial islahatların növbəti mərhələsi hesab oluna bilər. Fatma Yıldırım qeyd edib ki, görülən işlər, atılan addımlar vətəndaşın həyat şəraitinin yaxşılaşdırılmasına yönəlib: "Məlumdur ki, COVİD-19 pandemiyası ilə əlaqədar dünya ölkələrində sosial-iqtisadi problemlər artdı, dövlətlərin iqtisadiyyatının azalması insanların sosial rifahına da mənfi təsir etdi. Eyni zamanda, istehlak, ərzaq məhsulları da dünya ölkələrində xeyli bahalaşıb. Təbii ki, dünyada baş verən proseslər ölkəmizə də təsirsiz ötüşmədi. Amma dövlətimiz bu təsirlərin minimum səviyyəyə endirilməsi üçün lazımi addımlar atdı. Yeni sosial islahatlar paketi də bunu təsdiqləyir. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı ilə yanaşı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə əməkhaqları, pensiya və təqaüdlər artırılır. Digər tərəfdən, Azərbaycan Prezidentinin imzaladığı sərəncam gənclərin təhsilinin inkişafına növbəti töhfə, tələbələrin təhsillərinin keyfiyyətini artırmalarına, onların daha yaxşı oxumalarına yeni stimul olacaq. Təqaüdlərin artırılması gənclərin elm və təhsilə marağını daha da artıracaq. Dövlət başçısının doktorantların və tələbələrin təqaüdlərinin artırılması ilə əlaqədar sərəncamı dövlətin təhsil siyasətinin konkret təzahürü olmaqla yanaşı, maddi kapitalın insan kapitalına çevrilməsi istiqamətində həyata keçirilən böyük qayğının daha bir əməli ifadəsidir".

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov bildirib ki, Prezident İlham Əliyevin verdiyi sərəncamlar Azərbaycan vətəndaşının daha yaxşı yaşaması naminə görülən mühüm işdir. Sözügedən sərəncamlar dünyada baş verən qlobal iqtisadi böhran və inflyasiyanın fonunda Azərbaycan vətəndaşlarının, xüsusilə həssas təbəqələrdən olan insanların qayğılarının qarşılanması, onların sosial baxımdan bu proseslərdən az zərər çəkməsi istiqamətində atılmış növbəti addımlar idi. Bu kimi addımları zaman-zaman görürük. Bu, bir daha onu göstərir ki, ölkə başçısı bu kimi məsələlərdə hər zaman Azərbaycan insanını düşünərək qərarlar qəbul edir. Onun sözlərinə əsasən, ölkədə həyata keçirilən siyasətin təməlində birmənalı olaraq Azərbaycan insanının rifahının yaxşılaşması dayanır: "Vətəndaşlarımızın daha yaxşı həyat şəraitinin təmin olunmasına hədəflənmiş bu siyasət davamlıdır, ardıcıldır. Biz bu kimi addımları gələcəkdə də görəcəyik. Yeni Sərəncam əsasında fəxri adlara görə aylıq təqaüd, doktorantura, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləği artırıldı. Sonuncu Sərəncam daha çox əhatəlidir, həssas qrupdan olan, təhsil alan böyük bir təbəqəni əhatə edir. Sərəncam əsasında doktoranturanın hər iki pilləsi - elmlər doktoru hazırlığı üzrə 400 manat, fəlsəfə doktoru hazırlığı üzrə doktorantların təqaüdləri 240 manat müəyyənləşdirildi. Eyni zamanda, bakalavr səviyyəsi, orta ixtisas təhsili müəssisələri, peşə təhsili müəssisələrində çalışan və təhsil alanların təqaüdlərinə artımlar edildi. Magistratura, bakalavr səviyyəsi, orta ixtisas müəssisələri və peşə təhsili müəssisələrinin tələbələrinə akademik göstəricilər əsas götürülməklə təqaüdlərdə artımlar edilib. Bu, həm də tələbələr arasında daha yaxşı oxumağa, öz üzərində daha çox çalışmağa motivasiya edən bir qərardır. Burada həm də hədəf düzgün seçilib. Bu qərar təhsil mühitində rəqabətin güclənməsinə gətirib çıxaran doğru yanaşmadır. Nəticədə təkcə dövlət sifarişi əsasında təhsil alan tələbələr deyil, eyni zamanda, akademik göstəriciləri yüksək olan tələbələrin də sosial qayğıları qarşılanır. Xatırlayıram, 2003-cü ildə prezident seçkiləri öncəsi Prezident İlham Əliyev öz seçki kampaniyasına başlayarkən "Mən hər bir azərbaycanlının Prezidenti olacağam" deyə bəyan etmişdi. 2003-cü ildən bu yana ölkə başçısının öz vədinə sadiqliyini nümayiş etdirməsinin dəfələrlə şahidi olmuşuq. Prezident hər zaman çıxışlarında bəyan edir ki, həyata keçirdiyi siyasətin əsasında Azərbaycan insanının firavan yaşayışını, daha yaxşı güzəranını təmin etmək və sosial qayğıya ehtiyacı olan insanların maraqlarını qorumaq dayanır".

Təhsil eksperti Elçin Əfəndi vurğulayıb ki, tələbə təqaüdlərinin artırılması rifaha və tərəqqiyə xidmət edən mühüm addımdır. Çünki qiymətlərin son iki ildə daha çox artdığını nəzərə alsaq və xüsusilə 2020-ci ilin 2-ci yarısından etibarən müvafiq olaraq baş verən qiymət artımları istənilən halda tələbələrə də öz təsirini göstərmiş olur. Nəticə etibarilə, biz nəzərə alsaq ki, tələbələrin əksəriyyəti Bakı şəhərində olan universitetlərdə təhsil alır, onların böyük bir hissəsi rayondan gələn tələbələrdir. Onların müvafiq olaraq Bakıda yerləşməsi və təhsil almaları kirayə mənzil tutmaları ilə nəticələnir. Kirayə mənzil tutmaq da tələbələrin maddi imkanını daha da çətinləşdirir: "Hal-hazırda olan artım müəyyən qədər də olsa onların ümumi rifahına öz təsirini göstərmiş olacaq. Könül istərdi ki, bütün təqaüdlər vətəndaşların rifahını təmin etsin. Ümid edirəm ki, qarşıdakı dövrdə belə bir vəziyyət yaranar. Bakalavr, subbakalavr, magistr və doktorantura pilləsində təhsil alanlar kifayət qədər insan deməkdir. Onların hər biri təqüd almır. Yəni təqaüdü müəyyən bir faiz alır. Əvvəlki dövrdə belə idi ki, yalnız dövlət sifarişli təhsil alanlar təqaüd alırdılar. Amma bir neçə ildir ki, həm dövlət, həm də ödənişli əsaslarla təhsil alanlar təqaüd ala bilirlər. Bu da rəqabətin artmasına şərait yaradır. Hansı tələbədə ÜMG daha yüksəkdirsə, təqaüd ona verilir".

Millət vəkili Etibar Əliyev Prezidentin tələbə təqaüdlərinin artırılması ilə bağlı Sərəncamını yüksək qiymətləndirib: "Tələbə təqaüdlərinin artımı onların yaşayış səviyyəsinin yaxşılaşmasına, eyni zamanda tədris ləvazimatlarının tələbələr tərəfindən əldə olunmasına köməklik göstərən bir sərəncamdır. Biz bilirik ki, universitetlərin böyük əksəriyyətinin yataqxanaları yoxdur və tələbələr kirayə evlərdə yaşayırlar. İndi kirayə evlər də çox bahadır. Düşünürəm ki, yaxın gələcəkdə tələbələrin təqaüdlərinə yenə də artımların olması onların keyfiyyətli tədrisinə də köməklik göstərəcək. Bununla tələbə maddi vəsaitinin bir hissəsini kirayə yaşadığı mənzil sahibinə ödəyə bilər. Bu, həm də müəyyən tələbələr arasında tədrisdəki uğurlarına görə rəqabət mühiti və bir çox tələbələrdə motivasiya yarada bilər".

Sevinc QARAYEVA

 





18.01.2023    çap et  çap et