Çin əhalisinin azalacağı ilə bağlı ehtimallar, belə görünür ki, gerçəkləşməyə başlayır. Son 60 ildə ilk dəfə Çində əhalinin azalması müşahidə olunub. Statistik məlumatlara görə, Çinin əhalisi 2021-ci ilin sonunda 1.41260 milyard nəfər olduğu halda, 2022-ci ilin sonunda 1.41175 milyard nəfərə düşüb. Dünyada və Çində əksər mütəxəssislər bu çöküşün uzun sürəcəyini düşünürlər. Əhalinin azalması ilə yanaşı, doğum göstəriciləri də azalır. Çin Milli Statistika Bürosunun açıqladığı məlumatlara görə, 2022-ci ildə ölkədə doğum səviyyəsi hər min nəfərə 6.77 olub ki, 2021-ci ildə hər min nəfərə 7.52 olub. Bu isə o deməkdir ki, 2021-ci ildə 2022-ci illə müqayisədə Çində 1 milyondan çox insan doğulmuşdu. Bundan başqa, 1976-cı ildən sonra ötən il Çində ən yüksək ölüm səviyyəsi qeydə alınıb.
Ekspertlər qeyd edirlər ki, bütün bunlar 2016-cı ildə doğum göstəricilərini artırmaq üçün 35 ildən artıqdır həyata keçirilən "bir uşaq" siyasətindən imtina edildiyi bir şəraitdə baş verir. Son illərdə Pekin hökuməti əhalinin təbii yolla artımını təşviq edən qanunlar qəbul etsə də, bu, hələlik müsbət nəticə vermir. Çin Kommunist Partiyasının ötən ilin oktyabrında keçirilən qurultayında əhalinin artımı prioritet məsələ elan olundu. Ekspertlər isə diqqəti Çində qocaların cəmiyyətdəki çəkisinin çox olduğuna çəkirlər. Bu vəziyyət qarşıdakı 15 ildə dəyişməyəcək. Belə məlumatlar var ki, bir neçə ildən sonra Hindistan əhalisinin sayına görə Çini ötüb keçəcək. Hətta 2100-cü ildə Çinlə ABŞ-ın əhalisinin təxminən eyni olacağı ehtimal edilir. Hesablamalara görə, 2100-cü ilə kimi Çinin əhalisi 550-600 milyon nəfərə qədər azalacağı halda, ABŞ-ın əhalisinin sayı 500-550 milyon nəfərə çatacaq.
Çin iqtisadiyyatı ötən il cəmi 3 faiz böyüyüb ki, bu da hökumətin hədəflədiyi 5.5 faizlik artımdan çox aşağıdır. Bir il öncə, yəni 2021-ci illə müqayisə vəziyyətin acınacaqlı olduğunu göstərir. 2021-ci ildə Çin iqtisadiyyatı 8,1 faiz artmışdı. Mütəxəssislər ümid edirlər ki, təxminən üçillik anti-COVİD tədbirlərindən sonra məhdudiyyətlərin əhəmiyyətli hissəsinin götürülməsi 2023-cü ildə Çin iqtisadiyyatının bərpasına gətirib çıxaracaq. Lakin bütün bu ehtimallar hökumətin xarici siyasətinin təsiri altında gerçəkləşməyə bilər. Ekspertlər qeyd edirlər ki, Pekinin xarici siyasəti kəskinləşdikcə Çinin iqtisadi əlaqələri zəifləyir. Tayvan ətrafında yaranmış vəziyyət Çin iqtisadiyyatı üçün riskləri xüsusilə artırır.
Çin iqtisadiyyatında baş verənlər bütün dünyada narahatlıqla izlənilir. Dünya iqtisadiyyatının üç ağırlıq mərkəzindən biri olan Çində statistik məlumatların pisləşməsi bütün dünyada iqtisadi münasibətlərə mənfi təsir göstərir. Ona görə də Çindən gələn müsbət xəbərlər dərhal birjalarda fəallığa və yüksəlişə səbəb olur. Hələlik isə Çindən əsasən gələn məlumatların arasında bədbin xəbərlər üstünlük təşkil edir.