Norveç Sərvət Fondunu idarə edən "Norges Bank", İspaniyanın "Iberdrola" firmasının ölkədəki bərpa olunan enerji portfelinin 49 faizini alıb.
525.az xəbər verir ki, bankdan verilən açıqlamada sözügedən portfelin 1,3 giqavat quraşdırılmış günəş elektrik stansiyaları və quruda yerləşən külək elektrik stansiyalarından ibarət olduğu bildirilib. Müqavilənin dünən imzalandığı qeyd edilən açıqlamada razılaşmanın bu ilin birinci rübündə tamamlanacağı vurğulanıb. Belə ki, "Norges Bank" İspaniyanın "Iberdrola" firmasının ölkənin bərpa olunan enerji portfelinin 49 faizini satın aldığını və bunun üçün 600 milyon avro ödəniləcəyini bildirib. İspaniyanın enerji şirkəti öz portfelinin operatoru olmağa davam edəcək.
Qeyd edək ki, sözügedən günəş və külək elektrik stansiyalarının İspaniyada 700 min ev təsərrüfatının elektrik istehlakına bərabər istehsal gücünə malik olduğu paylaşılıb.

Məhəmməd Tağıyev
çap et