525.Az

Diqqət Davosda...


 

İQTİSADİ FORUMDA NƏLƏR MÜZAKİRƏ OLUNACAQ?

Diqqət Davosda...<b style="color:red"></b>

Hər il yanvar ayında dünyanın diqqəti İsveçrənin Davos şəhərinə yönəlir. Kiçik Davos dünya liderlərini, aparıcı şirkət rəhbərlərini, nüfuzlu siyasətçiləri, iqtisadçıları, ictimai təşkilatları bir araya gətirən Dünya İqtisadi Forumuna ev sahibliyi edir. Bu il sayca 53-cü olan Forum yanvarın 20-dək davam edəcək. Forumda dünyanın 130-dan çox ölkəsindən ümumilikdə 2700-dən çox nüfuzlu şəxs, o cümlədən, 52 dövlət və hökumət başçısı iştirak edir. Forumun mövzusu da bugünkü dünya düzəninin reallığını əks etdirir - "Parçalanmış dünyada əməkdaşlıq". Şübhəsiz ki, bu beynəlxalq tədbirdə dünya liderlərindən qlobal problemləri həll etmək üçün birgə səylər göstərmək, insanların təcili, kritik ehtiyaclarını ödəmək, eyni zamanda, onilliyin sonuna qədər daha dayanıqlı dünya üçün zəmin yaratmaq məqsədilə addımların atılması gözlənilir.

Azərbaycan Prezidenti İlham Əliyev Forumda iştirak etmək üçün Davos şəhərinə səfər edib.

Almaniya Kansleri Olaf Şolts, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen, Avropa parlamentinin sədri Roberta Metsola, ABŞ Milli Kəşfiyyatının direktoru Avril Haynes, Avropa Mərkəzi Bankının (AMB) prezidenti Kristin Laqard, BMT-nin Baş katibi Antonio Quterreş, NATO-nun Baş katibi Yens Stoltenberq, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus, Beynəlxalq Enerji Agentliyinin prezidenti Fatih Birol və bir sıra digər dövlət və hökumət başçıları, beynəlxalq və regional təşkilatların rəhbərləri foruma qatılacaq rəsmilər arasındadır.

Davos Forumunu bu dərəcədə aktual və əhəmiyyətli edən nədir? Məlumat üçün bildirək ki, İqtisad Forumu isveçrəli professor Klaus Şvebsin təşəbbüsü ilə 1971-ci ildə yaradılıb. O, həmin il Davos şəhərində Avropanın 450 aparıcı şirkətinin rəhbərlərini toplayaraq, dünya iqtisadiyyatının perspektivlərini müzakirə etmək və ümumi strategiya hazırlamaq məqsədilə birinci simpoziumu keçirib. 70-ci illərin ortalarından forumun iclaslarına müxtəlif ölkələrin hökumət rəsmiləri və dünya səviyyəsində tanınan iş adamları dəvət edilməyə başlayıb. 1987-ci ildən etibarən Davos İqtisadi Forumu Dünya İqtisadi Forumu adlandırılmağa başlanıb.  Forumun hər il keçirilməsində əsas məqsəd dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatları, elm adamlarını, nüfuzlu siyasətçiləri, iqtisadçıları, biznesmenlərin iştirakı ilə yeni beynəlxalq iqtisadi layihələrin həyata keçirilməsini müzakirə və təşkil etmək, əməkdaşlıq əlaqələrini qurmaq və inkişaf etdirməkdir.

İqtisadi xarakter daşımasına baxmayaraq, Davos Forumu dünya siyasətinə, beynəlxalq münasibətlərə ciddi təsirə malikdir. Burada irəli sürülən yeni fikirlər, təkliflər qlobal iqtisadiyyata yeni istiqamətlər verir. Hazırda dünyada davam edən münaqişələr iqtisadi böhrana, ərzaq çatışmazlığına, qiymətlərin sürətlə artmasına, inflyasiyaya səbəb olub, milyonlarla insanın yaşayışına çox mənfi təsir göstərir. Rusiyanın Ukraynada başlatdığı müharibənin ciddi fəsadlarını bütün dünya hiss edir. Belə bir kritik dönəmdə siyasi liderləri, iş adamlarını, vətəndaş cəmiyyəti nümayəndələrini bir araya toplayan Davos Forumu, şübhəsiz ki, bir çox məsələlərin müzakirəsinə və vacib qərarların qəbuluna əlverişli mühit yaradır.

Azərbaycan liderinin hər il foruma dəvət edilməsi ölkəmizə və onun rəhbərinə verilən önəmin göstəricisidir. Məlumat üçün bildirək ki, ilk dəfə olaraq mərhum Prezident Heydər Əliyev 1995-ci ildə Davos Forumunda iştirak edib. Koronavirus pandemiyası səbəbindən Forum 2021-ci ildə onlayn, 2022-ci ildə isə yanvar ayında deyil, may ayında təşkil olunub. 

Dövlət başçısı hər dəfə Davos Forumu kimi nüfuzlu platformadan istifadə edərək Azərbaycan həqiqətlərini, habelə ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm regional nəqliyyat və enerji layihələrinin əhəmiyyətini dünya liderlərinin və ictimaiyyətinin diqqətinə çatdırır. Bu dəfə isə postmüharibə dövründə işğaldan azad olunan ərazilərimizdə görülən işlər və həyata keçirilməsi nəzərdə tutulan regional layihələr, həmçinin, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı və dayanıqlı tərəfdaş kimi Azərbaycanın mühüm rolu diqqət mərkəzində olacaq. Forumda Azərbaycana marağın yüksək olacağı da şübhəsizdir. Çünki sonuncu forumdan bu yana regionda vəziyyət tamamilə dəyişib, Azərbaycan yeni reallıqlar yaradıb. Prezident İlham Əliyev Forumda iştirakı çərçivəsində bir sıra rəsmilərlə, eyni zamanda nüfuzlu şirkətlərin rəhbərləri ilə görüşlər keçirir.

Dövlət başçısı beynəlxalq arenada tanınan "Damen Shipyards Group", "CISCO", "Fortescue Future Industries", "The Goldman Sachs Group Inc.", "Signify", "Kromatix SA" və digər şirkətlərin rəhbərləri ilə görüşlərdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib, eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələrin gedişatı və perspektivləri barədə məlumat verib. Həmçinin, hazırda aktuallıq kəsb edən yaşıl enerji mövzusu ətrafında da müzakirələr aparılıb. Bu gün azad edilmiş ərazilərdə böyük investisiya imkanları, iqtisadi potensial mövcuddur. Ona görə də beynəlxalq şirkətlərin Azərbaycana daha böyük maraq göstərəcəkləri şübhəsizdir. Bundan əlavə, müharibədən sonra qalan məsələlərin həlli, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, hazırda Laçın yolunda keçirilən ekoloji aksiya ilə bağlı birinci şəxsin timsalında informasiyaları almaq Forumda iştirak edən rəsmilər, siyasətçilər üçün maraq kəsb edən mövzulardır. Burda onu da xatırladaq ki, dövlət başçısı Litva Prezidenti Gitanas Nauseda ilə Davosda görüşündə Ermənistanın beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədilə Laçın yolundakı hadisələrlə əlaqədar manipulyasiya ilə məşğul olduğunu və yalan məlumatlar əsasında guya yolun bağlı olduğunu iddia etdiyini deyib. Azərbaycan Prezidenti yolun mülki şəxslər və mülki təyinatlı yüklərin keçidi üçün açıq olduğunu, həmçinin, Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə humanitar yüklərin sərbəst hərəkətinin təmin edildiyini bildirib.

Bir sözlə, Davos İqtisadi Forumu qlobal iqtisadi-siyasi trendlərin müəyyənləşdirilməsinə təsir göstərmək gücünə malikdir. Azərbaycanın bu nüfuzlu və olduqca əhəmiyyətli bir təşkilatın forumlarında daim iştirak etməsi, ölkəmizin iqtisadiyyatının dayanıqlı inkişafı üçün zəmin yaradan amillərdən biridir.

 

 





19.01.2023    çap et  çap et