525.Az

Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri strateji tərəfdaşlığı - Təranə Paşayeva yazır


 

Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri strateji tərəfdaşlığı - <b style="color:red"> Təranə Paşayeva yazır</b>

Azərbaycanın ayrı-ayrı dünya ölkləri və müxtəlif təşkilatlarla əməkdaşlığı və dostluq münasibətləri dövlətlərarası qarşılıqlı anlaşmanın qurulması və davamlı olması baxımından çox önəmlidir. Bu münasibətlər çoxşaxəli, qarşılıqlı maraq əsasında qurulur və əməkdaşlıq əlaqələrinin inkişafına üstünlük verilir. Ölkələr arasında bu günə qədər imzalanmış sənədlər əməkdaşlıq üçün yeni imkanlar açır. Son illər ölkəmiz etibarlı tərəfdaşa çevrilərək, beynəlxalq aləmdə böyük nüfuz qazanıb. Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət nəticəsində Avropa ölkələri, Türk dünyası ilə yanaşı, ərəb dövlətləri ilə münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub.

Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri bu əlaqələrin müasir dövrümüzdə yeni inkişaf mərhələsində olduğunun təzahürüdür. Azərbaycanın ərəb dünyası ilə tarixi-mədəni bağlılığını yaradan bir çox sənədlər mövcuddur. Azərbaycan müstəqillik qazandıqdan sonra bu iki ölkə arasında diplomatik əlaqələr yaradılıb, səfirlik səviyyəsində rəsmi münasibətlər qurulub.

Birləşmiş Ərəb Əmirliklərində səfirliyimiz Azərbaycan Respublikasının 11 aprel 1997-ci il tarixli Qanunu ilə təsis edilib, səfirlik isə 2001-ci il iyun ayının 16-dan etibarən BƏƏ-nin paytaxtı Əbu-Dabi şəhərində fəaliyyətə başlayıb. Bundan başqa, 14 mart 2012-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Dubay şəhərində Baş Konsulluq təsis olunub.

Bu günlərdə Prezident İlham Əliyevin  Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri mövcud münasibətlərin davamlığını və strateji əhəmiyyətini göstərir. Yanvarın 16-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında dünyanın dayanıqlı inkişafının sürətləndirilməsini hədəfləyən beynəlxalq platforma olan Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimi keçirildi və Azərbaycan Prezidenti cənab İlham Əliyev mərasimdə çıxış etdi. Qeyd edək ki, Dayanıqlılıq həftəsi bu məqsədə çatmaq üçün öz proqramını üç prinsip - qlobal əməkdaşlıq və liderlik, iqtisadi inkişaf və texnologiya, eləcə də innovasiya üzrə həyata keçirir. 2008-ci ildə təsis olunan Əbu-Dabi Dayanıqlılıq Həftəsi planetimizin gələcəyində payı olan dövlət və hökumət başçılarını, siyasətçiləri, sənaye liderlərini, sərmayəçiləri, iş adamlarını və gəncləri aktual məsələlərin müzakirəsi məqsədilə bir araya gətirir. Azərbaycanın bu mötəbər beynəlxalq tədbirə dəvət olunması dövlət başçısının rəhbərliyi ilə sürətlə inkişaf edərək mühüm beynəlxalq layihələrin müəllifinə və təşəbbüskarına çevrilən ölkəmizin dünya miqyasında artan nüfuzunun göstəricisidir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində zəngin neft-qaz potensialı ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan bu sahədə imkanlarını daha da şaxələndirir və elektrik enerjisi, əsasən də, yaşıl enerjinin önəmli təchizatçısına çevrilməyi hədəfləyir. Cənab İlham Əliyev çıxışında iqtisadi inkişafın əsas göstəricilərindən biri olan enerji təhlükəsizliyinin Azərbaycanda bir neçə il əvvəl təmin olunduğunu diqqətə çatdırıb. "Biz Azərbaycanda bərpaolunan enerji mənbələrini öz enerji təhlükəsizliyimizin təmin olunması üçün inkişaf etdirmirik" - deyən Prezident bildirib ki, enerji təhlükəsizliyimizi hələ bir neçə il əvvəl təmin etmişik: "Bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən, xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir. Bərpaolunan enerji ilə bağlı proqramımız tamamilə fərqli gündəliyə malikdir. Birincisi, bu onunla bağlıdır ki, nəhəng potensial var. İkincisi, biz onun sayəsində ixracımızı şaxələndirəcəyik. Əlbəttə ki, nəticədə iqtisadiyyatımızın yeni ekoloji təmiz sektoru yaranacaq".

Müasir dövrümüzdə dünyaya açıq olan Azərbaycan nəinki öz enerji tələbatlarını ödəyir, həm də xam neft, neft məhsulları, təbii qaz, neft-kimya məhsulları və elektrik enerjisi ixrac edir. İki il əvvəl Azərbaycan Cənub Qaz Dəhlizi meqa enerji layihəsini öz tərəfdaşları ilə birgə başa çatdırıb. Bu layihə çərçivəsində Azərbaycandan Cənubi Avropaya gedən 3500 kilometr uzunluğunda inteqrasiya edilmiş boru kəmərləri sistemi qurulub. Dövlət başçımızın dediyi kimi: "Təbii qaz ixracımız artır - ötən il 19 milyard kubmetr idisə, bu il 24 milyard kubmetrə çatacaq. O, artmaqda davam edəcək. Buna görə mən bir daha söyləmək istərdim ki, Azərbaycanın bərpaolunan enerji mərkəzlərindən birinə çevrilməsi planlarımız Azərbaycanın öz enerji təhlükəsizliyi ilə bağlı deyil, belə ki, biz həmin işləri artıq söylədiyim başqa səbəblərə görə aparırıq".

Beynəlxalq enerji şirkətləri ilə imzalanmış anlaşma memorandumlarının və sazişlərin Azərbaycana 22 qiqavata qədər külək və günəş enerjisini istehsal etmək imkanı verəcəyini bildirən Azərbaycan Prezidenti ötən ay - dekabrın 17-də Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniyanın Gürcüstanın Qara dəniz sahilindən Rumıniyanın Qara dəniz sahilinə qədər "Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsinə dair" saziş imzaladığını diqqətə çatdırıb. Sözügedən layihə ilə Azərbaycanın bu sahədə qarşıya qoyduğu əsas hədəf ixrac həcminin genişləndirilməsidir. Beləliklə, bərpaolunan enerji sahəsində zəngin potensiala malik olan Azərbaycan bu istiqamətdə də reallaşdırdığı layihələrlə enerji təhlükəsizliyinin təmin olunmasında mühüm aktor kimi öz fəaliyyətini durmadan genişləndirir.

 

 

 

 





19.01.2023    çap et  çap et