525.Az

Ünvansız məktublar - Nizaməddin Şəmsizadə (IV məktub)


 

Ünvansız məktublar - <b style="color:red"> Nizaməddin Şəmsizadə (IV məktub)</b>

"Ünvansız məktublar" traktatının müəllifi, əsərlərindən öyrəndiyim böyük filosof və ideoloq G.V.Plexanovun xatirəsinə.

Xəyal şəxsiyyətin gizli, yalnız ona məlum və agah olan enerji mənbəyidir. Xəyal həm yaşanılmışların - xatirələrin, həm də həyata keçməmiş arzuların anasıdır. Həyata keçməmiş arzular böyüməyən, körpəykən tələf olan uşaqlar kimidir - özü yox, izi qalır. Bu izlər qocalanda insanı gəncliyə aparır, hətta uşaqlıq xatirələrini şiran aləminə çəkir.

Xatirələr qocaların yol yoldaşıdır. Bura əslində, çağırılmamış "qonaqlar" məclisidir - sevdiyin və sevmədiyin insanlarla doludur. Amma acı, ya şirin, fərqi yoxdur - xatirələr hamısı həzin və əzizdir. "Xatirələr" şerimdə belə demişəm:

 

Hamı sərvət yığdı,

Mənsə xatirə.

Biri saray tikdirdi,

Biri hasar çəkdirdi,

mənsə sükutdan bir ev -

doldurdum bu evə xatirələri

yetim uşaqlar kimi.

İndi o xatirələrdə

Atam, anam yaşıyır...

Yaxşı ki xatirələrim var,

İçində mən də varam.

 

Xatirələr qocaların isti yuvasıdır. Bu yuvada  ötən günlər bala çıxardır. Xatirələr insan ömrünün tarixidir. Bəlkə də, ona görə "tarix hadisələrin romanı, roman isə duyğuların tarixidir" (K.Helvetsi).

Əslində, məhəbbətlə keçən hər ömür bir romandır. Məhəbbət İnsana verilən Tanrı mükafatıdır, bu qiymətli mükafatdan bəhrələnmək, onu qorumaq, qədrini bilmək lazımdır. Qoca adamın məhəbbəti daha güclü, daha saf, daha dayanıqlı olur. Çox istərdim, məni o dünyaya belə bir məhəbbət yola salsın. Fəqət, müdriklər belə deyib: "Qoca vaxtı eşqə düşüb cavanlığa başlamaq, məğlub ikən zəfər təbili çalmaq kimidir" ("Qabusnamə"). Sağlam qocalıq böyük xoşbəxtlikdir. Xəstə cavanlıqdansa, sağlam qocalıq yaxşıdır. Qocalıq ömrün payız fəslidir - dolu, barlı-bəhrəli, məhsuldar, elə bundan dolayısı da qiymətli dövrüdür. Hər bir cəmiyyətin, millətin qocaları o cəmiyyətin fikir mərkəzləridir. Qocalar qətiyyətin mənəvi tarazlığını qoruyur, gəncliyə tarixin və mənəvi aləmin yolunu nişan verir.

Əslində, yer üzü müxtəlif nəsillərin - körpələrin, uşaqların, yeniyetmələrin, gənclərin, orta yaşlıların və ahılların birgə yaşadığı bir yerdir, "gəlimli gedimli dünya, Son ucu  ölümlü dünyadır" ("Kitabi-Dədə Qorqud"). Günəş hamının üstünə eyni payda düşür, Ay hamının gecəsini eyni cür işıqlandırır. Bütün nəsilləri birləşdirən bir söz - bir anlam var: İnsan! İnsan dünya kimi tanıdığımız yer kürəsinin sahibidir. İnsan mövcud vasitələrdən istifadə edərək yaşadığı cəmiyyəti idarə edir. Yox, dünyanı idarə etmir, dünya bizi idarə edir!

İnsanın əzəməti (Böyük yazıçı Maksim Qorki belə deyib: "İnsan - bu söz əzəmətlə səslənir!") onun varlığındakı iki güc mənbəyi ilə bağlıdır: Ağıl və Qəlb! İnsana Ağıl - yer həqiqətlərini, Qəlb - səma-mistik həqiqətləri dərk etmək üçün verilib. Lakin Eşq, Sevgi, Məhəbbət onların ikisinin yavrusudur. Bu yavrudan bəşər övladı dünyaya gəlib: Sevgidə Ağılla Qəlbin gücü birləşir. Onun adı Eşqdir! Eşqdə Tanrı qüdrəti var. Onun sirri ancaq Allaha agahdır. İnsan Allaha Eşq vasitəsi ilə qovuşa bilir. Əgər məndən soruşsalar ki, hansı daha güclüdür? Belə cavab verərdim: Ağıl ehkamdır, Eşq bu ehkamı vurub dağıdır. Eşqdə vəhy və fəhm qüdrəti var, idrakın  dərk edə bilmədiyini vəhy və fəhm dərk edir: Vəhy Peyğəmbərlərə, Fəhm dahilərə məxsusdur. Dahi Məhəmməd Füzuli dərk et demirdi, "fəhm qıl" - deyirdi. İnsan fəhmlə ağlın aça bilmədiyi sirləri aça bilir. Fəhm  sevginin, bədii yaradıcılığın rəhnidir.

Sənət İnsanın dünyanı dərk etmək vasitəsidir: gecə və gündüz, işıq və qaranlıq, ağ və qara - müxtəlif rənglər, dağların ucalığı, dənizlərin dərinliyi, çiçəklərin ətri, meyvələrin dadıdır - hamısı dünyanın atributlarıdır. Onların dəyəri İnsanın gərək olunması ilə təyin edilir. İnsan dünyadakı bütün gözəlliklərin meyarı və əyarıdır. Biz özümüzü dərk etdikdə hər şeyi - dünyanı dərk (və fəhm!) edirik. Ən böyük qəhrəmanlıq özünə (nəfsinə!) qalib gəlməkdir. İnsan özünə dönəndə qüdrətli, millət özünü dərk edəndə güclü olur.

Ulu türk Bilgə Kağanın (673-732) sözləri - vəsiyyəti yada düşür: "Ey türk oğuz bəyləri! Türk xalqı! Eşidin! Üstdən göy çökmədikcə, altdan yer dəlikməyincə, bil ki türk ulusu, türk yurdu, türk dövləti, türk törəsi pozulmaz. Su kimi axıtdığın qanına, dağlar kimi yığdığın sümüyünə layiq ol! Ey ölümsüz türk ulusu, özünə dön!" Bu qiymətli vəsiyyət türkün ilk yazılı abidələri olan Orhan-Yenisey daş kitabələrinə həkk olunub. "Türkçülük - türk millətini yüksəltmək" (Ziya Göyalp) bizdən sonra gələnlərin əsas vəzifəsidir. Tarixin qaranlıq meşələrində İt hürən tərəfə yox, Qurd ulayan səmtə gedin! İş hürən tərəf fəlakət, Qurd ulayan tərəf səadət gətirər.

 

And içərək Qurana

Biz gedirik Turana,

Türkün ulu yurduna -

Salam verək Qurduna!..

 

Bu gün türk xalqı, türk dövlətləri birləşir, bir-birinə, əslinə doğru gəlir. Bu möhtəşəm tarixi prosesdə Azərbaycanın, onun qüdrətli rəhbəri müzəffər Ali Baş Komandan İlham Əliyevin rolu misilsizdir. Nəhayət, tarixin o zamanı yetişib ki, hazırda yer üzündə 40 adla yaşayan türk milləti özünə dönməlidir. Bu işdə tarixin rolu böyükdür. Bu prosesi sürətləndirən isə bədii ədəbiyyat və sənətdir. Vaxtilə dahi şairin 500 illiyi günlərində Türkiyə Böyük Millət Məclisindəki tarixi çıxışında Ulu öndər Heydər Əliyev demişdi: "Füzuli bütün türkləri birləşdirən şəxsiyyətdir". Eləcə də "Kitabi-Dədə Qorqud", "Manas" eposları Əlişir Nəvai, Mövlanə Cəlaləddin Rumi, Abay Kunanbayev... dünya türklərini ortaq məxrəcə gətirən söz-sənət abidələri və şəxsiyyətləridir.

Əlimizə Turanın yolunu nişan verən bir bayraq var - bu, bütün türklərin başa düşdüyü ana dilimiz - türk dilidir.

 

Türkün bir eli var, bir dili var.

Başqa bir dil deyənin,

başqa bir əməli var -

 

deyib şair. "Dil hər bir millətin - milliliyin əsasıdır. İnkişaf etmiş dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir" (Heydər Əliyev). Bu "böyük gələcək" Turan imperiyasıdır, bizi oraya qeyrətimizin bayrağı olan ana dilimiz aparacaq. Çünki "ana dili millətin mənəvi diriliyidir, həyatının aydın mənzərəsidir" (F.B.Köçərli).

Müqəddəs kitabımız Quranda deyilir: "Ey rəbbim! Dilimdəki düyünləri aç ki, sözümü yaxşı anlasınlar". Nə zaman, harada türkcə danışan bir kəs eşidirəm, dönüb o səmtə salavat çəkirəm. "Türkün dili kimi sevgili, istəkli dil olmaz" deyirdi fars dilli mühitdə yaşayan "Heydərbabaya salam" müəllifi, Azərbaycanın milli şairi Məhəmmədhüseyn Şəhriyar. Türk dili Orhan-Yenisey kitabələrinin, "Kitabi-Dədə Qorqud"un, "Manas" kimi dünyada məşhur eposun, Qazi Bürhanəddin Ruminin, İbn Sinanın, Biruninin, Fərabinin, Nəvainin, Abayın dilidir. Bu dilin izi, işığı ilə getsək, türkçülüyün strategiyasına - Turana gedib çıxacağıq. Tarixin tələbi budur ki, hər bir nəsil öz vəzifəsini zamanında yerinə yetirməyə borcludur. Əks halda tarixin yükü ağırlaşa bilər. Başqa sözlə, hər gələn pleyada öz vətəndaşlıq vəzifəsini vaxtında, layiqincə icra etməlidir. Biz öz öhdəmizə düşən missiyanı gələcək nəsillərə miras qoya bilmərik, sadəcə buna mənəvi haqqımız yoxdur. Vətəndaşlıq yalnız pasportla - şəxsiyyəti bildirən kimliklə ölçülmür.

Vətəndaşlığın əsas əlamətləri şəxsiyyətlə üst-üstə düşür:

1. Millətə və dövlətə hörmət;

2. Vətəninə, dilinə və dininə məhəbbət;

3. Özünü tanımaq - özünə hörmət.

Nəhayət, xalq şairi M.Araz deyib:

 

"Vətən daşı olmayandan

Olmaz ölkə vətəndaşı".

 

Tarix və təcrübə göstərir ki, heç də hay-küylə özünü gözə soxanlar deyil, zahirən diqqəti cəlb etməyən, sakit görünən, yaşadığı mühitdən heç bir təmənnası olmayan adamlar (xüsusən gənclər!) Vətənin dar günündə qəhrəmana çevrilir, canını ana Vətən yolunda qurban verir, qazi və şəhid olurlar. Heç uzaq tarixə üz tutmayaq, 44 günlük Vətən müharibəsi bunu sübut etdi. Əksər şəhidlər və qazilər zəhmətlə, alın təri ilə yaşayan ailədə böyümüş gənclərdir.

 

Sən hara, bu şəhər hara,

Gəl çıxıb gedək dağlara,

Şır-şır axan bulaqlara.

Düşən çən sənin deyilmiş,

Bu vətən sənin deyilmiş.

 

Vətən sadəcə ərazi, torpaq deyil, "Vətən övladımızın məskənidir, Vətən əcdadımızın mədfənidir" (Abbas Səhhət).

Tariximizin şərəfli anında, böyük zəfər çağında yaşayırıq. 44 günlük Vətən savaşında silahımız və siyasətimiz dünya şöhrəti qazandı. Azərbaycan, ümumtürk və dünya tarixində yeni era açdıq. Fəqət hələ bir sıra tarixi ədalətsizliklərə son qoymalıyıq, Azərbaycan infarkt keçirmiş ürək kimi param-parça qala bilməz.

 

Qeyrətimin ölçüsü

Xudafərin körpüsü.

Birləşdir sağı-solu,

Açılsın Vətən yolu.

Bu söz mənə ar deyil,

Araz günahkar deyil.

Biz zorla ayrılmışıq,

Araz səbəbkar deyil.

Araz, Araz, xan Araz,

Al qanı axan Araz.

Sərhəd məftillərindən

Həsrətlə baxan Araz.

 

Araz bizi ayırmaqdan yorulub, bütöv Azərbaycanın sinəsində dincəlmək istəyir. Xudafərin körpüsü insan ayağının izlərinə həsrətdir. Ədalətli tarix bu həsrətə, bu yorğunluğa son qoymaq əzmindədir. Artıq gerçəkliyə atılmış xəyal toxumları cücərib.

 

 

 





19.01.2023    çap et  çap et