525.Az

Şöhrətli sərkərdə, əfsanəvi qəhrəman - Etibar Əhədov yazır


 

GENERAL HƏZİ ASLANOVUN ŞANLI ÖMÜR YOLUNDAN SƏHİFƏLƏR

Şöhrətli sərkərdə, əfsanəvi qəhrəman - <b style="color:red"> Etibar Əhədov yazır</b>

(Əvvəli ötən sayımızda)

 

Stalinqradın faşistlərdən azad edilməsində general Həzi Aslanovun tankçıları böyük hünər göstərmişlər. Bununla əlaqədar 2015-ci ildə yazdığım oçerki oxuculara təqdim etmək, elə bilirəm, yerinə düşər.

 

"Lənkəran" küçəsində döyüş

 

Bir az əvvəl ətrafa çökmüş sükutu tank motorlarının yeknəsək gurultusu pozdu. İrəlidə Aslanovun tankı gedirdi. O, döngəyə çatmamış sərt bir hərəkətlə maşınını sağa döndərdi. Çox da geniş olmayan bir küçəyə çatanda tankını gözlənilmədən dayandırdı. Lükü qaldırıb cəld bir hərəkətlə özünü yerə atdı. Yanından tək-tük güllələr ötüşürdü. Hava barıt tüstüsündən qatı dumana bürünmüşdü. Gözlərinə inanmırmış kimi, küçənin girəcəyində vurulmuş lövhədəki yazını bir də oxudu: "Lənkəran".

- Nə oldu, komandir? - qaça-qaça özünü yetirən birinci tank bölüyünün komandiri leytenant Tolstıx həyəcanla soruşdu. - Bir şey olmayıb ki?..

Xarakter və döyüş keyfiyyətləri hər ikisini bir-birinə yaxınlaşdırmışdı. Birlikdə neçə-neçə kilometr ağır, çətin döyüş yolu keçmişdilər. Maksim Petroviç Tolstıx faşistlərə pusqulardan sərrast zərbə vuran usta atıcı kimi ad çıxarmışdı. Həzi Aslanov isə cinahlardan yaxşı zərbə endirirdi. Təsadüfi deyildi ki, alay komandiri yazırdı: "Almanlara cinahlardan zərbə endirmək döyüşdə mənim əsas qaydamdır. Bu taktika mənim komandirlik etdiyim bölməyə müvəffəqiyyət qazandırır. Mənim tabeliyimdə olanlar bu taktikanı yaxşı mənimsəmişlər və müvəffəqiyyətlə tətbiq edirlər ("Pravda" qəzeti, 27.12.1942)".

Stalinqrada hücum ərəfəsində Həzi Aslanov 55-ci əlahiddə tank alayına komandirlik edirdi. Alaya başqa dəstələrlə birlikdə fedmarşal Manşteynin tank ordusunun yolunu kəsmək əmri verilmişdi. Manşteyn mühasirəyə düşmüş 6-cı faşist ordusunun köməyinə tələsirdi. Aslanovçular dekabrın 16-da Verxne Kumskda düşmənin yolunu kəsdilər.

Döyüşdən əvvəl Həzi Aslanov rota komandirlərini yanına çağırdı.

- İki yolumuz var, - dedi. - Ya düşməni darmadağın etməli, ya da Vətən yolunda ölməliyik!

- Geriyə yol yoxdur, komandir, ölərik, amma təslim olmarıq!..

- Sağ olun, Maksim Petroviç, elə də bilirdim. Vətən bizə arxalanır. Nəyin bahasına olursa-olsun, tapşırıq yerinə yetirilməlidir!

Zərbə faşistlər üçün gözlənilməz oldu. Pusquda dayanmış Tolstıxın qvardiyaçıları elə ilk atəşdən sürətlə hərəkət edən faşistlərin sırasını pozdu. Sol cinahla hücuma keçən Aslanovun dəstəsi düşmənin xeyli tankını məhv etdi.

Bir gün sonra səhər tezdən faşistlər yeni qüvvə ilə hücuma keçdilər. Alay komandiri bunu qabaqcadan hiss etdiyinə görə, ehtiyat tədbirləri görmüşdü. Hava tutqun və dumanlı idi. Döyüşçülərimiz sayıqlığı itirməmişdilər. Düşmən təyyarələrinin hücumu gözlənilən idi. Belə də oldu. Gözlənilmədən buludlar arasından bir dəstə təyyarə göründü. Qara quzğunlar kimi onlar sürətlə aşağı şığıdılar, gəlmələri ilə də qayıtmaları bir oldu. Topçuların sərrast atəşindən qurtula bilməyənlər arxasınca tüstü buraxa-buraxa yerə gəldilər, partlayışdan ətraf silkələndi. Yunkerlər uçub gedən kimi faşist tankları irəli cumdular. Qabaqda dayanmış artilleriyaçılar onları atəşlə qarşıladılar. Lakin sayca çox olan və yaxşıca silahlanmış faşistlər get-gedə təşəbbüsü ələ alır, irəli çıxmağa can atırdılar. Tolstıxın tankçıları topları işə saldılar.

Bu vaxt sol cinahdan bir tank nərildəyə-nərildəyə üzü yuxarı qalxırdı, o, qaçmaqda olan düşmən tanklarını təqib edirdi.

- Aslanovdur! - Tolstıx sevinclə qışqırdı.

Tankçılar alay komandirinin ardınca hücuma keçdilər.

Bir neçə gündən sonra Həzi Aslanov Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Həmin günlərdən birində ona Lənkərandan göndərilmiş bir məktub verdilər. Həzi sevincək məktubu açdı. Həmyerliləri yazırdılar: "Əzizimiz Həzi! Həmyerlilərinin atəşin salamını qəbul et!

Biz fəxr edirik ki, həmyerlimiz yüksək rəşadəti ilə şöhrət qazanmış Sovet İttifaqı Qəhrəmanlarının şanlı ailəsinə daxil olmuşdur. Sənin həmyerlilərin çalışırlar ki, Qızıl Ordu döyüşçülərindən geri qalmasınlar. Biz yorulmaq bilmədən işləyirik. Həzi, səni yeni il münasibətilə təbrik edirik. Qoy 1943-cü il qəddar düşmənimizin - alman faşistlərinin axır ili olsun. Qoy sənin döyüş dostların - tankçılar düşməni daha bərk əzişdirsinlər, doğma torpağı iyrənc faşistlərdən təmizləsinlər.

Sənin döyüş rəşadətin bizi yeni əmək müvəffəqiyyətlərinə ruhlandırır".

Məktub Həzini qanadlandırdı. Arvadı Xavəri, uşaqları Tofiq və Arifi xatırladı. Xəyal onu uzaqlara - Lənkərana apardı. Narın qumlu sahillərində oynadığı Xəzər gözlərinin önündən keçdi. Lənkəran torpağının hər bir qarışı Həzi üçün doğma və əziz idi. Vətəndən uzaqlarda döyüşsə də, doğma Azərbaycanı, Lənkəranı qoruyurdu. Təsadüfi deyildi ki, həyat yoldaşına göndərdiyi məktublardan birində yazırdı:

"Əzizim Xavər!

Biz indi möhkəm vuruşuruq. Düşmən hər gün Stalinqrad üzərinə yeni-yeni qüvvələr göndərir. Onlar gündə dörd dəfə hücuma keçirlər. Qabağa soxulmaq istəyirlər, qoymuruq. Alman, rumın, italyan, macar tankları və piyada diviziyaları irəliyə can atırlar. Lakin biz onların addım atmalarına belə imkan vermirik. Hərb meydanında düşmənin minlərlə əsgəri ölür və yaralanır, düşmən geri çəkilir. Yan-yörəyə baxanda almanların məhv edilmiş və yandırılmış çoxlu tankını görürsən... Biz xıncım-xıncım olmuş metal yığınını gördükdə öz güclü tanklarımızla fəxr edirik.

Arifi, Tofiqi və anamı mənim tərəfimdən öpərsən. Görüşənədək!

Sənin Həzin".

Budur, çoxdan gözlədikləri gün çatmışdı. Stalinqrad küçələrində ölüm-dirim mübarizəsi başlanmışdı. Aslanovun tankçıları "Lənkəran" küçəsində vuruşurdular.

Alay komandiri yaşdan dumanlanmış gözlərini döyüş dostundan gizlətməyə çalışsa da, bacarmadı. Haçandan-haçana divara vurulmuş lövhəni göstərdi.

- Maksim Petroviç, bu küçə doğma şəhərimin adını daşıyır, - Aslanov qürur və iftixar hissi ilə bildirdi. - Vaxtı ilə bu şəhərin yadelli işğalçılarından təmizlənməsində Lənkəran alayının böyük xidməti olub. İndi növbə onun övladlarına çatıb.

Həzi Aslanov azacıq sükutdan sonra bir az əvvəl yerli sakinlər tərəfindən tankın üzərinə səpələnmiş çiçəklərdən dəstələyib "Lənkəran" yazılmış lövhənin altına düzdü və qeyri-ixtiyari farağat vəziyyət aldı. Yanındakılar da komandirləri kimi etdilər.

Onlar geriyə dönüb tanklarına qalxdılar. Aslanov ciddi və qətiyyətli bir səslə əmr etdi:

- Hücuma, irəli!..

"İki sahil", 29.04.2015

 

MAMAYEV KURQANDA LƏNKƏRAN ÇİÇƏKLƏRİ

 

Bu da Mamayev Kurqan. Stalinqrad döyüşünün qəhrəmanlarına həsr edilmiş Xatirə kompleksi. Sanki yer üzünün bütün sakinləri həlak olmuş qəhrəmanlara baş çəkməyə gəliblər.

9 May 1968-ci ildir. Bir ayağını müharibədə itirmiş Qırmızı Bayraq və Birinci dərəcəli Vətən müharibəsi ordenli Mütəllim Abdulovun gözləri postamentin üzərində gəzdikcə doluxsunur. Qəlbində həzin bir kədər, müharibə törədənlərə bir nifrət var.

Axtardığını tapanda isə sifəti kədər qarışıq sevinc bürüyür. Diqqətini toplayıb təzədən oxuyur, yanılmayıb. Adı birincilər sırasındadır. Yanındakına iftixarla göstərir: - Həzi Aslanovdur!

- Həzi Aslanov?! - Qarabuğdayı, orta yaşlı bir qadın sevinclə dillənir. - Həmyerlimizdir. Dərs dediyim Lənkəran şəhər 4 nömrəli məktəb evlərinə yaxındır. Uşaqlarla qəhrəmanın ev-muzeyinə tez-tez ekskursiyalar təşkil edirik.

Keçmiş cəbhəçi Mütəllim Abdulov həmyerlisini tanıyır. Məktəbdə keçirilən görüşlərdə etdiyi çıxışını xatırlayır.

- Həzi əsl igid idi, - veteran bildirir. - Bir çox döyüşlərdə bizim yeddinci qvardiya tank briqadası ilə çiyin-çiyinə vuruşub. Aslanovçular Yeni Vileyka, Smorqon, Vilnüs, Şaulyay və s. şəhərlər üzərində sürətli yürüşləri ilə bir çox birləşmələrlə yanaşı, bizim qvardiyaçılarımız üçün də yol açırdı. Tez-tez görüşərdik. Evdən məktub alıb-almamağımla, döyüş xidmətlərimlə maraqlanırdı. Deyərdi ki, evlə əlaqəni üzmə, məktub yazanda mənim də salamımı yetir. Yaxşı yadımdadır, bir gün batareya komandiri məni telefona çağırtdırdı. Həzi idi. O, mənim Birinci dərəcəli Vətən müharibəsi ordeni ilə təltif olunduğımı bildirdi.

- Sağ olun, general, - dedim. - Ancaq muştuluğumuz qalır Lənkəranda.

- Eloğlularımın yaxşı adı mənim üçün ən gözəl muştuluqdur, - deyə general cavab verdi.

Keçmiş cəbhəçi Mütəllim Abdulov danışardı ki, atam 1880-1900-cü illərdə Hacı Zeynalabdin Tağıyevin paroxod limanında gözətçi işləmişdi. Həzi Aslanovun atası Əhəd kişi ilə dostluq edirdi. Həzinin Bakıda hərbi məktəbdə oxuduğu illəri də yaxşı xatırlayırdı. Əhədlə Həzinin yanına getdiyindən danışardı. Atam sonralar Sütəmurdov kənd məscidinin müəzzini olmuşdu. Zil, şaqraq səsi vardı. Zarafatca atama şeir də qoşmuşdular:

 

İsa əmi azan verir,

Bığlarına nizam verir.

 

Mütəllim Abdulov söhbətinə davam edərək deyərdi:

- Atam Allah-taaladan raz-niyaz edərmiş: "İlahi, möhlət ver, canımı övladlarım cəbhədən qayıdandan sonra al". Cəbhədən qardaşım Haşımla təsadüfən eyni gündə - 1945-ci il aprelin 11-də qayıtdıq. Bizi görərkən atamız əllərini göylərə tərəf tutdu, dua-səna etdi və dedi:

- Şükür Sənə, İlahi, arzuma çatdım, balalarımı sağ-salamat gördüm, bundan sonra rahat ölə bilərəm.

Atamız gəlişimizdən altı gün sonra - 1945-ci il aprelin 17-də, 83 yaşında dünyasını dəyişdi.

...Axın davam edir. Müharibə veteranı, general Həzi Aslanovun cəbhə yoldaşı Mütəllim Abdulov asta addımlarla postamentə yaxınlaşır, əlindəki gül dəstəsini oraya düzür. Lənkəran şəhər 4 nömrəli tam orta məktəbinin riyaziyyat müəllimi Qalina Mamiyeva da onun kimi edir. Bir andaca Lənkəran çiçəklərinin ətri ətrafa yayılır.

Bir dəqiqəlik sükut elan edilir. Qəhrəmanların xatirəsi yad olunur.

Bir az əvvəl düzülmüş Lənkəran çiçəkləri soyuq mərmər tavalarını sanki isindirirdi.

Bir dəfə Lənkəran Dövlət Universitetinin baş müəllimi Hüseynağa Hüseynov iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanov haqqında yazdığı qeydlərini bizə təqdim etdi və dedi:

- "Aşkarlıq" qəzeti üçün yazmışam, xoşunuza gəlsə, dərc edərsiniz.

Yazını diqqətlə və böyük maraqla oxuduq. Onu "Aşkarlıq" qəzetinin 14 oktyabr 2008-ci il tarixli sayında dərc etdik. Tarixçi-müəllim yazırdı:

"Bu vaxta kimi Həzi Aslanovu Böyük Vətən müharibəsinin çoxsaylı qəhrəmanlarından biri kimi tanımışıq. Həqiqətdə isə o, adi qəhrəman olmayıb. Bunun artıq sübutu da var. Zaman özü təsdiqlədi ki, o, qəhrəmanlar qəhrəmanıdır...

Belorusiya kəndlərindən birindən keçərkən gözlənilmədən bir tank yanmış, dağılmış evin yanında dayanır. Cavan leytenant düz evin qabağına gəlir. General-mayor Həzi Aslanov "Villis"ini saxlayır və soruşur:

- Leytenant, niyə dayandın?

Məlum olur ki, bura onun doğma kəndidir, bu isə doğulduğu ünvandır. Tezliklə adamlar leytenant Vorobkinin başına yığışırlar. Almanlar oğlu kommunist olduğuna görə leytenantın atasını əzabla öldürüb, anasının da gözlərini çıxarıblar. Elə bu vaxt bir uşaq Vorobkinin anasının əlindən tutub buraya gəlir. Ana-bala bir-birinə sarmaşıb qopmurlar. Bu kədərli səhnəyə baxan Həzinin gözlərindən ixtiyarsız yaş axır. Ana-balanı ayırmağa ürəyi gəlmir. Hərbi nizamnaməni pozub sürücünü bir gecəlik leytenantın sərəncamına verir. Deyir ki, qoy ana-bala gecəni bir yerdə qalsınlar. Dünyada anadan müqəddəs varlıq yoxdur. Özü isə Vorobkinin tankına əyləşib "irəli" əmrini verir".

 

MUSA BAĞIROVUN GÖRÜŞLƏRİ VƏ EŞİTDİKLƏRİ

 

Yazıçı-jurnalist Musa Bağırov Lənkəranda ziyalılarla görüşdə Həzi Aslanovla bağlı mətbuatda dərc olunmamış bir neçə məqamı açıqladı və dedi:

- Kreml arxivindən Həzi Aslanovla əlaqədar bir neçə sənəd axtarıb tapmaq lazım idi. M.S.Qorbaçovun hakimiyyəti illərində də həmin arxivə girmək müşkül məsələ idi. Kremlin komendantı Lənkəranda doğulmuş iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovla bağlı materialları araşdırmaq istədiyimi bilib mənə arxivə daxil olmağa icazə verdi və lazım olan sənədləri axtarmaqda kömək etdi. Komendant mənə dedi:

- Bilirsiniz, mən sizi arxivə niyə buraxdım? 1941-ci ildə Lənkəran şəhərində hərbi qulluqda olmuşam. Müharibənin şiddətli bir vaxtında anam məndən ötrü narahat imiş. Qatarla Lənkərana gəlmişdi. Burada heç bir ünvan tanımırdı. Qatardan düşəndə bərk qar yağırmış. Dəmiryol vağzalında çaşbaş qalır, hara gedəcəyini bilmir. Lənkəranlılar ona qonaqpərvərliklə yanaşırlar. Biri anamı aparır evinə, ona xoş üz göstərir. Biləndə ki, anam hərbi xidmətdə olan oğluna dəyməyə gəlib, köməyini əsirgəmirlər. Komandirimdən icazə alıb məni bir neçə gün evlərində saxladılar. Anamı Moskvaya Lənkəran hədiyyələri ilə yola saldılar. Bu, mənim yadımdan heç vaxt çıxmır. Lənkəran haqqında qəlbimdə ancaq xoş xatirələr qalıb.

Musa Bağırov danışır ki, Moskvada İ.Baqramyanla çox görüşüm olmuşdu. Həmişə deyərdi ki, Həzi yaxşı zabit idi. Axır vaxtlar qocalıqdanmı, ya nədənmi, maskası üzündən düşdü. Onun qart canavar dişlərini gördüm. Həzinin qatili olduğuna sanki şübhəm qalmadı. Yenə Həzi barədə sual verəndə, hirslə cavab verdi ki, nə Həzi, Həzi salmısan, sizin xalqdan zabit çıxmaz...

 

HƏZİDƏN YADİGAR İNNAB AĞACI

 

Generalın ev-muzeyinin girəcəyində ucalan həmişəyaşıl innab ağacı qəhrəman Həzidən yadigardır.

- 8 yaşı olanda əkib bu ağacı, - Həzi Aslanovun ev-muzeyinin əməkdaşı Vəfa Babayeva bildirir. - İndi 105 yaşı var bu ağacın. Həzi Bakıya tankçılar məktəbinə oxumağa gedənədək ona qulluq edib, dibini yumşaldıb, suvarıb. Sonra yaxınlıqdakı məktəbin uşaqları Nuşapərin anaya kömək ediblər, qayğısını çəkiblər.

Ənənə bu gün də davam edir və hər il innabın sarı-qırmızı çiçəkləri ətrafa xoş rayihə saçır. Meyvələri qızaranda daha gözəl görünür - Novruz süfrəsinin bəzəyidir.

İnnab iyunun əvvəllərində çiçək açır, oktyabrda meyvələri yetişir. Muzey əməkdaşları ağaca baxanların heç birini unutmur. Novruz günlərində hərənin də öz payı var. İnnabın meyvələrini daddıqca uşaqlar sevinclərini gizlətmir, sanki Həzi kimi Vətəni sevməyə, onun kimi cəsur olacağına and içirlər.

 





19.01.2023    çap et  çap et