525.Az

Qərb multikulturalizmi böhrandan sonra: yeni çağırışlar, dilemmalar – I yazı


 

Qərb multikulturalizmi böhrandan sonra: yeni çağırışlar, dilemmalar – <b style="color:red">I yazı</b>

Böhran cəmiyyətin həyat dövranında bir mərhələdir. Tarixi inkişaf yolunda daimi inkişaf və ya eniş mümkün olmadığı üçün aralıq mərhələ üçün böhran və ya durğunluq səciyyəvidir. Hər bir böhran iki məntiqi sonluqla nəticələnə bilər. Birinci halda baş verən böhrandan sonra hər hansı bir tarixi, siyasi, iqtisadi proses ya tamamilə süquta uğrayır və dayanır. İkinci halda isə böhrandan sonra həyat dövranının növbəti mərhələsi olaraq yeni inkişaf prosesi başlayır. Böhran sözünün Çin dilində mənasında bu fikir özünü dolğun göstərir. Böhran sözü çin dilində iki heroqlifdən ibarətdir və biri "təhlükə”, digəri isə "əlverişli imkan” deməkdir. (Böyük İqtisadi Ensiklopediya. I cild. Bakı-2012. səh.396). Əgər söhbət cəmiyyətdən gedirsə, bu halda cəmiyyətin inkişafı dayana bilməz. Buna görə də böhran yalnız yeni yol axtarışı ilə müşayiət oluna bilər.

Bu mənada hazırda dünyada multikulturalizm böhranı kimi qəbul edilən proses də daim böhran vəziyyətində qala bilməz. Cəmiyyət öz inkişafında multikultural dəyərlər modelini müəyyən zaman intervalında müəyyənləşdirməlidir. Qloballaşma prosesinin çoxmədəniyyətliliyi qaçılmaz etdiyini nəzərə alsaq, artıq dünyanın heç bir yerində özünə qapanmış, qlobal proseslərdən təcrid olunmuş cəmiyyətin mövcudluğu mümkünsüz görünür.

Məlum olduğu kimi, son bir neçə ildə Avropada həm siyasi liderlər tərəfindən, həm də akademik və ictimai mühitdə, hətta din xadimləri arasında multikulturalizm siyasətinin özünü doğrultmadığı ilə əlaqədar bəyanatlar səslənir. Bu iflasın əsas səbəbini vaxtilə Qərbi Avropa ölkələrinin miqrasiya siyasətinə uyğun olaraq təşviq edilən xarici, xüsusən də müsəlman ölkələrdən olan işçi miqrantların Qərb dəyərlərini vahid standart olaraq qəbul etməməsi ilə əlaqələndirirlər.

Lakin bu bir reallıqdır ki, səbəblərdən və mahiyyətindən asılı olmayaraq artıq Avropa klassik Qərb dəyərləri çərçivəsinə sığmır. İndi "Qoca qitə” fərqli mədəniyyət daşıyıcılarının həyat tərzlərini özündə əks etdirir. Avropa rəsmiləri tərəfindən indiyədək həyata keçirilən multikulturalizm siyasəti böhran vəziyyətinə düşsə belə, günümüzdə Avropada fərqli mədəni dəyərlər nə silinib atıla bilinər, nə də standart nümunəyə çevrilə bilər. Belə olan halda isə bu böhran birgə mövcudluğun yeni inkişaf formalarının tapılmasına aparmalıdır. Yəni, iflasa uğramış "multikulturalizmin Qərb modeli” yeni yanaşma axtarışındadır. Hazırkı araşdırmada bu yanaşmalara nəzər salmazdan əvvəl isə Qərbin qarşısında duran çağırışlara diqqət etmək istərdik.

Yeni çağırışlar qarşısında Qərb sivilizasiyası

II dünya müharibəsində böyük insan resurslarını itirən Qərbi Avropa ölkələri müharibədən sonra keçmiş müstəmləkə ölkələrindən ucuz işçi qüvvəsi kimi miqrantları qəbul edərək bu çatışmazlığı aradan qaldırmağa başladılar. Müharibədən sonra Avropa ölkələrinin sürətli iqtisadi artımı daxili işçi qüvvəsini bir neçə dəfə üstələyirdi. Avropada yerli əhalinin yaşlaşması və qonşu regionlarda ucuz işçi qüvvəsinin bolluğu Qərb dövlətlərinin keçmiş müstəmləkə ölkələrindən miqrasiyanı təşviq etməsi ilə nəticələndi.

Hazırda Avropada işçi miqrantların böyük hissəsi müsəlmanlardır. Bundan başqa Afrikanın müsəlman olmayan ölkələrindən, Hindistandan da öz mədəni dəyərlərinə sadiq miqrantlar Avropanın yerli sakinlərinə çevriliblər. Nəticədə artıq 1950-ci illərdən başlayaraq Fransa, Almaniya, Belçika, Niderland və digər Qərbi Avropa ölkələrində xristian olmayan və Qərb dəyərlərindən kənar yeni bir immiqrant nəsli yaranmağa başlamışdı. Müqayisə üçün qeyd etmək olar ki, əgər 1950-ci illərdə Avropa əhalisinin 800 000 nəfəri müsəlman idisə, 2010-cu ildə bu rəqəm 44 milyon nəfərə çatmışdır. (http://en.wikipedia.org/wiki/Islam_in_Europe)

Beləliklə, Qərb sivilizasiyasının beşiyi sayılan Avropa iki mühüm çağırış qarşısında dayanmışdır. Birincisi, uzun əsrlər boyu milli identiklik üzərində qurulan Avropa cəmiyyəti miqrant axınından sonra bu çərçivəyə sığmadığı üçün yeni həyat tərzi ilə qarşılaşmışdır. İkincisi, müsəlmanların Avropada yerləşməsi Qərbi fərqli dəyərlər sistemi ilə öz məkanında üz-üzə qoymuşdur.

Birinci çağırışla bağlı qeyd etmək istərdik ki, bu gün Avropanın əksər dövlətləri artıq immiqrant ölkələrdir. Yəni, əhalinin ən azı 10%-ni əcnəbilər təşkil edir. Avropanın demoqrafik böhran yaşadığını nəzərə alsaq, bu tendensiyanın daha da artacağı aydındır. "Avrostat”ın proqnozlarına görə 2010-2060-cı illər ərzində Avropa İttifaqında təbii artımın 16 milyon nəfər olması gözlənilir. Həmin dövrdə immiqrasiyanın hesabına isə 86 milyon nəfər düşür. Bu ümumi əhalinin 17%-i deməkdir. Əvvəlki illərin miqrasiya axınını, qarışıq nikahları və yerli əhali ilə miqrantlar arasında doğum səviyyəsində olan fərqi nəzərə aldıqda, Avropada əcnəbi əsilli əhalinin sayının kifayət qədər yüksək olacağı proqnozlaşdırılır. (http://epp.eurostat.ec.europa.eu/cache)

Qeyd etməliyik ki, məhz bu amil multikulturalizmin Avropa modelini digər Qərb modellərindən fərqləndirir. Belə ki, "Qoca qitə”dən fərqli olaraq yeni dünya ölkələrində qurulan Qərb cəmiyyətləri (Kanada, Avstraliya, Yeni Zellandiya və s.) hazırkı mərhələdə nəinki böhran yaşamır, hətta əksər mütəxəssislər tərəfindən uğurlu nümunə hesab olunur. Burda əsas fərqləndirici məqam ondan ibarətdir ki, yeni dünya ölkələrində milli identikliyin formalaşması məhz miqrasiya dövründə formalaşmışdı və Avropalı miqrantlar dominant idilər. Avropada isə milli identikliyin formalaşması orta əsrlər dövrünə düşür. Buna görə "Qoca qitə”nin yeni sakinləri Avropa cəmiyyətinə inteqrasiya olunmaqda problemlər yaşayırlar. İndiki halda miqrantların cəmiyyətdə dominant olmadığını nəzərə aldıqda, multikulturalizmin Avropa modelinin əsas hədəfinin assimilyasiya olduğu aydın görünür.

Ayrı-ayrı ölkələrdə miqrantların say nisbəti fərqli olsa da, ümumi yanaşma demək olar ki, fərqlənmir. Miqrantların ümumi əhali arasında say nisbətinin yüksək olduğu ölkələr arasında Fransanı fərqləndirmək olar. Fransa Statistika İnstitutunun (İNSEE) məlumatlarına görə 2008-ci ilin göstəricilərinə əsasən ölkə əhalisinin 19%-i (12 milyon nəfər) ya xaricdə doğulub, ya da valideynlərindən ən azı biri miqrantdır (yəni I və II nəsil miqrantlar nəzərə alınmaqla). Araşdırmaya görə 2006-2008-ci illərdə Fransada yeni doğulan uşaqların təxminən 40%-nin ən azı bir babası və ya nənəsi immiqrant olmuşdur.

Almaniya, Birləşmiş Krallıq, İtaliya, Avstriya, Belçika, Niderland kimi ölkələrdə də immiqrantlar ölkə əhalisinin 10%-dən çoxunu təşkil edirlər. Bu miqrantlar etnik və mədəni baxımdan da olduqca fərqli dəyərləri təmsil edirlər. İslam mədəniyyəti daşıyıcılarından əlavə Hindistan, Çin, Vyetnam kimi ölkələrdən Uzaq Şərq mədəniyyəti təmsilçiləri də Avropanın yeni sakinləri arasında öz dəyərlərini qoruyub saxlayırlar. Bütün bunlar göstərir ki, multikulturalizm artıq Qərb cəmiyyəti üçün bir seçim deyil, məhz zərurətdir.

Əhalisi gənc olan ölkələr üçün bu çağırış aktual görünməyə bilər. Lakin Avropanın əksər aparıcı ölkələrində əhalinin yaşlanmasını və əməkqabiliyyətli əhalinin xüsusi çəkisinin azalmasını nəzərə aldıqda Avropanın multikulturalizm ideologiyasından imtina etmək şansının da olmadığını görürük. Misal üçün aparılan tədqiqatlara görə, əhalisinin sayına görə Avropanın lider ölkəsi olan Almaniyada 50 ildən sonra əhali 10 milyon nəfər azalaraq 72 milyon nəfər olacaq. Paralel olaraq əhalini yaşlanması prosesi də nəzərəçarpacaq dərəcədə artacaq. Belə ki, 2012-ci ildə 65 yaşdan yuxarı əhalinin xüsusi çəkisi 20,5% olduğu halda, 2062-ci ildə bu nisbətin 30,1% olması proqnozlaşdırılır. Yəni, Almaniyada kənardan işçi qüvvəsinin miqrasiyası qaçınılmazdır.

Artıq immiqrant ölkəyə çevrilən Avropa dövlətlərinin qarşısında dayanan ən mühüm çağırış demoqrafik böhran və böhrandan çıxış yolu kimi immiqrasiyaya əsaslanan siyasətdir. Avropanın yeni sakinlərinin isə öz dəyərlərini gətirməməsi mümkünsüzdür. Fikrimizcə, Avropa yalnız yenilərin dəyərlərinə hörmət etməklə və ən əsası özününkü hesab etməklə böhrandan çıxa bilər.

Demoqrafik böhran yaşayan Avropanın gələcək inkişafı miqrantlar olmadan mümkünsüz görünür. Eyni zamanda hazırda Avropa bu yeni sakinlərin mənəvi dəyərlərini nəzərə almadan yalnız Qərb dəyərlərinə üstünlük verir. Qərbin gözündə yeni gələn miqrantlar mühacir qəbul edən cəmiyyətin yeknəsəq tərkib hissəsi olmalıdır. Onların fərqli davranış və ya əxlaq normaları Qərb dəyərləri ilə uyğun gəlmədiyi üçün qəbuledilməzdir. Zaman isə göstərir ki, vaxtilə ucuz işçi qüvvəsi kimi Avropaya axını təşviq edilən miqrantlar vahid Avropa qəlibinə düşmədilər.

Yalnız Qərb mədəni və dini dəyərlərinin üzərində qurulan Avropa cəmiyyətinin dünya miqyasında universal standart kimi təqdim olunması özünü doğrultmur. Maraqlıdır ki, bu gün işçi qüvvəsi kimi Avropaya gələn miqrantların Qərb dəyərlərini qəbul etmədiyi üçün multikulturalizmin məğlubiyyətə uğradığını iddia edənlər bir neçə əsr əvvəl okeanın o tayında nə yerli xalqların, nə də zorla Afrikadan gətirdikləri qulların mədəni müxtəlifliklərini nəinki qəbul etmir, hətta məhv edirdilər. Nədənsə o zaman belə münasibət multikulturalizmin böhranına səbəb kimi qiymətləndirilmirdi.

Beləliklə, böhran zamanı Qərbin qarşısına çıxan ən mühüm dilemma başqalarının dəyərinə hörmətlə yanaşmaqdır. Bu isə yalnız Qərb dəyərlərinə deyil, başqalarının da mənəvi aləminə hörmət üzərində qurulan münasibətlər sisteminə əsaslanmalıdır.

Avropanın müsəlman olmaq qorxusu

Avropaya miqrant axınının böyük hissəsinin müsəlman olması Qərbin qarşısında daha mühüm bir çağırış qoydu. Qərb isə bunu çağırış deyil, öz dəyərlər sisteminə və ümumiyyətlə gələcəyinə təhdid kimi qiymətləndirir.

Məlum olduğu kimi, Qərb sivilizasiyası dini dəyərlərə böyük əhəmiyyət verir. Artıq uzun əsrlərdir ki, xristianlıq Qərbin dəyərlər sistemində nüvə rolunu oynayır. Dini müstəvidə isə tarix boyu Qərbin əsas rəqibi məhz İslam olmuşdur. Belə ki, dünyəvi dinlər arasında Uzaq Şərqdə əsas dayaqları olan buddizm məsafəcə çox uzaq olduğu üçün "Qoca qitə”yə nüfuz etmək iqtidarında olmamışdır. Musəvilik isə Avropada əsrlər boyu təqib olunmuş, yəhudilər bir neçə dəfə sürgün olunmuş və yalnız XIX əsrdən başlayaraq bərabərhüquqlu sakinlər kimi qəbul olunmuşlar. İslam-Qərb münasibətləri isə daha kəskin olmuşdur və tərəflərdən hər hansı birinin güclənməsi zamanı qanlı toqquşmalara səbəb olmuşdur. Xristianlığın daşıyıcısı olaraq avropalıların İslam dünyası üzərinə ən qanlı yürüşü xaç səfərləri olmuşdur.

Tarix boyunca Avropa İslam dini daşıyıcılarının birbaşa təsiri ilə 2 dəfə qarşılaşmışdır. Birinci dəfə İspaniyada Kordova Xilafətinin yaradılması zamanı, ikinci dəfə isə Vyanayadək Avropa torpaqlarının Osmanlı imperiyasının nüfuz dairəsinə daxil olması ilə. Lakin hər iki halda imperiyaların zəifləməsi və ya dağılmasından sonra Avropa müsəlmanlara qarşı dini dözümsüzlük göstərmişdir. İspaniyada, Balkanlarda müsəlmanların dini səbəblərdən təqib olunması, İslam mədəni irsinin dağıdılması Qərbin İslama münasibətdə tarixi ənənəsini göstərir.

İndi isə vəziyyət fərqlidir. Tarixdə ilk dəfə olaraq İslam Avropada kənar bir əqidə deyil, məhz əhalinin müəyyən hissəsinin dini etiqadıdır. Türkiyədən, Şimali Afrikadan, Yaxın və Orta Şərqin keçmiş müstəmləkə ölkələrindən gələn miqrantlar müsəlman olduqları üçün Qərb İslamla yenidən qarşılaşmalı olmuşdur. Hazırda Avropa öz gələcək taleyinin müsəlman olmaq şansı ilə qarşı-qarşıyadır. İşçi miqrantlar Avropaya işğal yolu ilə deyil, cəmiyyətin içərisinə nüfuz etməklə daxil olurlar. Belə olan halda isə Avropanın bu yeni İslam dalğası ilə əvvəlki metodla mübarizə apara bilməsi real görünmür.

Tədqiqatçıların fikrincə, mühacirlərin Avropa ölkələrinə axını və onların arasında təbii artımın yüksək olması nəticəsində 2050-ci ildə Avropa əhalisinin 20%-i müsəlman olacaq. Hazırda belə fikirlər səslənir ki, Qərb və İslam mədəniyyətləri yanaşı yaşaya bilməz. İndi Avropada demokratiya yaxud şəriət qaydaları, islam yoxsa azadlıq kimi əslində qətiyyən müqayisə oluna bilməyəcək məfhumlar cəmiyyətin qarşısında əks dilemmalar kimi ortaya qoyulur. Lakin bu bir reallıqdır ki, islam dəyərləri artıq Avropa əhalisinin bir hissəsinin seçimidir. Buna tolerant yanaşma olmasa, islam faktoru Qərb dəyərlər sistemində öz layiqli yerini tutmasa bu ilk növbədə Avropanın gələcəyi üçün problemə çevriləcəkdir.

Avropada müsəlmanların öz dinlərinə sadiq qalmaları, bununla yanaşı islamın bir din olaraq populyarlaşması, müsəlman əhalinin demoqrafik artım göstəriciləri Qərb cəmiyyətinin gələcəyi üçün əsas narahatedici məqam kimi qəbul olunur. Bunun nəticəsidir ki, Qərbdə islamı bir fobiya olaraq görürlər. Azlıqların çoxluqlara çevrilməsi qorxusu Qərbsayağı multikulturalizmin qarşısında duran əsas çağırışdır.

Avrobarometrin 2012-ci ildə apardığı araşdırmaya görə, Avropa İttifaqında rəyi soruşulanların 39%-nin fikrincə dini əqidəyə görə diskriminasiya geniş hal almışdır. Bu göstərici Fransada 66%, Belçikada 60%, İsveçdə 58%, Niderlandda 51%, Birləşmiş Krallıqda 51%-dir.

Beləliklə tarixi hadisələr göstərir ki, Qərbin dini tolerantlıq və multikultural dəyərləri yalnız öz dini dəyərlərinin digərlərinə qəbul etdirilməsi üzərində qurulmuşdur. Belə olan halda immiqrant ölkələr olaraq xarakterizə olunan Avropa dövlətləri fərqli mədəniyyət və dini daşıyıcılar olan mühacirləri Qərb cəmiyyətinə yalnız assimilyasiya etməyə çalışırlar. Yəni, çoxmədəniyyətlilik yalnız Qərb dəyərlərinin dominantlığı və vahid mozaik quruluşun heç nə ilə seçilməyən tərkib hissəsi kimi qəbul oluna bilər. Bu isə müasir dövrdə əhalisi müxtəlif mədəniyyətləri və millətləri təmsil edən Avropa üçün multikulturalizmin gələcək taleyini təhdid edir.

Lakin reallıq bundan ibarətdir ki, Qərbsayağı multikulturalizmin gələcək taleyi Avropada xristianlıq və islamın dialoqundan, dini və dünyəvi dəyərlərin birgəyaşayışından asılıdır.Böhrandan yeganə çıxış yolu bundadır. Yalnız tolerant cəmiyyətdə multikulturalizm mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsinə, müxtəlif xalqları birləşdirən dəyərlər sisteminin formalaşmasına səbəb olur.

Ərəstü Həbibbəyli

iqtisadiyyat üzrə fəlsəfə doktoru

 





03.07.2014    çap et  çap et