525.Az

Milli ruhumuzun 20 Yanvar zirvəsində qərar tutan şəhid - Şahanə Müşfiq yazır


 

BU GÜN XATİRƏSİ SONSUZ EHTİRAMLA ANILANLAR SIRASINDA AZƏR ƏLƏKBƏROVUN DA ADI VAR

Milli ruhumuzun 20 Yanvar zirvəsində qərar tutan şəhid - <b style="color:red"> Şahanə Müşfiq yazır</b>

Düz 33 il öncənin bu günü idi Bakının çiçək-çiçək ağlamağı, küçə-küçə tapdanmağı, insan-insan ölməyi... Düz 33 il öncə bu xalq zülmə, əsarətə, köləliyə "yox!" demək üçün sipər etdi canını tankların, güllələrin önünə. Bir gecənin içində neçə gənc, yaşlı, oğul, qız Şəhidlik adlı zirvəyə ucaldı. O zirvə ki, bir qərinə keçməsinə baxmayaraq, bu gün də danışılır, sabah da danışılacaq, hələ neçə 33 illər adları bu vətən torpağının qəhrəmanları kimi qürurla anılacaq.

Həmin şəhidlərimizdən biri də şəhidliyi ömründən 10 il böyük olan, cəmi 23 yaşında xəyallarını, arzularını, sevgisini, canını bu torpaq uğrunda fəda edən Azər Ələkbərovdur.

Tələbə idi Azər. Azərbaycan Dövlət İncəsənət İnstitutunun III kursunda oxuyurdu. Cəmi bir neçə gün sonra Dövlət Televiziyasında işə də başlayacaqdı. Xəyallarının ardınca addımlarkən bir gecə vətənin bağrına atılan kor gülləyə sinəsini sipər etdi. O gülləylə cismini torpağa, adını tariximizə əbədi həkk etdi.

Azər Ələkbərov 1967-ci il avqustun 9-da Gəncədə tanınmış jurnalist Nəsib Ələkbərovun ailəsində dünyaya göz açıb. 1976-cı ildə 238 saylı orta məktəbdə ilk təhsilinə başlayıb, 1977-ci ildə 172 saylı məktəbdə davam etdirib. 1985-ci ildə məktəbi başa vurub elə həmin ildən 1986-cı ilə kimi "Azərkitab" Birliyinin kitabxanasında çalışıb. İlk il ali məktəbə daxil ola bilməyən Azər 1987-ci ildə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) "mədəni-maarif" fakültəsinin kütləvi bayramlar və tamaşalar rejissoru ixtisasına daxil olub. 1987-ci ilin yanvar ayından Rusiyanın Moskva şəhərinin Volodnı vilayətinə hərbi xidmətə yollanan Azər 1989-cu ilin payızında geri dönərək təhsilini davam etdirir.

20 Yanvar faciəsi ərəfəsində Azərin "hamıdan çox istəyirəm" dediyi tək bacısı Gülsəda xanımla həmsöhbət olub qardaşını və o günləri yada saldıq: "Yanvarın 19-da Azər imtahandan gəlmişdi. Xalamgil Gəncədən bizə qonaq gəlmişdilər. Qonaqlar gedəndən sonra bir az söhbətləşdik. Axşam 8-dən sonra televizor işləmədi. Nə baş verdiyini anlamadıq. Atam nə olduğunu öyrənmək üçün öz yoldaşlarıyla, akademiyanın əməkdaşlarıyla görüşməyə getdi. Artıq gecə düşürdü, mən yerləri açırdım. Bir də gördük həyətdə hay-həşir düşdü. Balkonun qapısı açıq idi. Küçədən güllə səsləri, qışqırıq səsləri gəlirdi. Mən qışqırdım ki, müharibə başladı. Bunu deyəndə Azər tez durub getdi ki, atam çöldədir, gedim, gətirim. Nə qədər çalışsaq da, mane ola bilmədik, getdi. O gedəndən 15-20 dəqiqə sonra atam gəlib çıxdı, amma Azər gəlmədi. Səhərə kimi gözlədik. Səhər anamla atam onu axtarmağa getdilər. Anam küçədəki meyitləri görəndə dedi ki, inanmıram Azər sağ ola. Ümidimizi hər yerdən üzmüşdük. Atam Mərkəzi Komitəyə zəng elədi və dedi ki, oğlumun öldüyündən, qaldığından bir xəbər verin. Sonra özləri evə zəng elədilər ki, "Semaşko"ya meyitlər aparıblar, bəlkə ordadır. Xalam oğlu Rişad həkim işləyir, o, hamıdan qabaq həmin xəstəxanada görüb Azərin meyitini. Atam ora çatanda Rişad qapıda imiş. Atam deyirdi ki, Rişadı orda görəndə bildim ki, Azər burdadır. Atam Gəncədə dəfn etmək istəyirdi. Hətta rayona xəbər də göndərmişdi ki, hazırlıq görün, gətiririk. Amma qoymadılar, dedilər ki, Şəhidlər xiyabanında dəfn olunacaq".

Atası, tanınmış jurnalist Nəsib Ələkbərov Azərdən sonra ona çox məqalələr, hekayələr həsr edir. O, "Ədəbiyyat" qəzetinin 23 fevral nömrəsində oğlu haqqındakı yazısını bu sözlərlə bitirir:

"Aman allah, oğul dərdi nə yaman olurmuş. O, bizi od-alova salıb getdi. Onun yeri soyuq məzar, odlu-alovlu bu gen dünya bizim qəbrimiz!

Oğul, aralı ollam,

Başı qaralı ollam,

Yanında yer qalmayıb, -

Bə mən haralı ollam?!"

Azər Ələkbərov özü də yaradıcılığa meyilli gənc olub. Onun "Bahar sevinci" və "Yol ayrıcında" hekayələri var. Yanvarın 29-da əmri veriləcək və institutda oxuya-oxuya televiziyada rejissor assistenti işləyəcəkdi.

Qayğıkeş, mülayim, mehriban oğul olan Azər həm də vətənpərvər, vətənin, xalqın qeyrətini çəkən gənc idi. O, Azadlıq meydanındakı hərəkatda aktiv iştirak edir, mitinqlərə qatılıb vətəninin haqq səsini ucaldırdı. Hətta bir dəfə mitinqə gedərkən televizora baxan atası "getmə, qarışıqlıqdır" deyir və Azər ona belə cavab verir: "Televizoru nə qədər qucaqlasan da, Qarabağı ala bilməyəcəksən. Qarabağ televizorun qarşısında alınmaz".

Gülsəda xanım deyir ki, Azərin anası Sürəyya xanım oğul itkisinə dözə bilmir və bir gecədə saçları ağarır: "Azər evə gətiriləndən sonra mən xalam oğlu Rişadla birgə Azərin nəşi olan otaqda idik. Yan otağa keçəndə gördüm ki, anamın başı ağappaq ağarıb.

Şəhidimizin atası Nəsib Ələkbərov isə 2008-ci ildə məhz oğlunun ad günündə - 9 avqust tarixində bu dünyayla vidalaşıb.

20 Yanvar bir faciədən daha çox Azərbaycan xalqının dirçəlişi, öz küllərindən yenidən doğuluşu, tarixin qürur səhifəsidir. Əziz şəhidlərimizi ehtiram və fəxarət hissiylə anırıq. Allah rəhmət eləsin!

 





20.01.2023    çap et  çap et