525.Az

M.Ə.Sabirin nəvəsinin 20 Yanvardan sonrakı Vilnüs müsahibəsi


 

M.Ə.Sabirin nəvəsinin 20 Yanvardan sonrakı Vilnüs müsahibəsi<b style="color:red"></b>

Xalqımıza qarşı əvvəlcədən düşünülüb həyata keçirilmiş 1990-cı il 20 Yanvar qırğını ərəfəsində və bundan bir zaman sonra da Azərbaycan informasiya blokadasında idi. Hələ yanvarın 19-da Azərbaycan televiziyasının enerji bloku partladılmış, respublika televiziyası və radiosunun verilişləri tamamilə kəsilmişdi. Hərbi təcavüzdən sonra digər kütləvi informasiya vasitələrinin də fəaliyyəti dayandırılmış, xalq informasiya almaq hüququndan məhrum edilmişdi.

Bakı o dövrdə xarici jurnalistlər üçün qapalı şəhər idi və fövqəladə vəziyyət elan olunduğundan uzun müddət bu vəziyyətdə də qaldı. Beynəlxalq ictimaiyyətdə isə Qarabağ münaqişəsi və Yanvar faciəsi barədə yanlış fikirlər formalaşdırılmışdı. Həmçinin, SSRİ-nin mərkəzi kütləvi informasiya vasitələrində və Ermənistanın mətbu orqanlarında uzun müddət həyata keçirilən ideoloji təcavüz nəticəsində "mənfi azərbaycanlı obrazı" yaradılmışdı. O vaxt bu fikirləri aradan qaldırmaq, təkzib etmək üçün müasir informasiya və kommunikasiya texnologiyaları yox idi. Həmçinin, o illərdə Azərbaycan Respublikası və diaspora beynəlxalq aləmdə o qədər də böyük imkanlara malik deyildi.

Lakin bütün faciəvi nəticələrə baxmayaraq, 20 Yanvar Azərbaycan xalqını dünyaya yenidən Millət kimi təqdim etdi və bu təqdimetmə milli oyanış, müstəqillik uğrunda mübarizə və diasporun təşkilatlanması proseslərinə həlledici təkan verdi.  

O zaman Vətən sevdalı ziyalılar, demokratik fikirli ictimai və mədəni xadimlər, bir sıra jurnalistlər, milli-azadlıq hərəkatının təmsilçiləri və diaspora liderləri 20 Yanvar təcavüzü ilə bağlı xaricdə, o cümlədən, keçmiş SSRİ respublikalarında yayımlanan yalanları ifşa etmək, Sovet ordusunun vəhşiliyinin əsl səbəblərini açıqlamaq, qanlı hadisələrdə əli olmuş siyasi və hərbi şəxslərin rolunu göstərmək, təhrif olunub ötürülən faktları təkzib edib real məlumatları təqdim etmək üçün ayağa qalxdılar və üzünü xarici ölkələrə tutdular. 

Xalqımızın faciəsi o zaman Baltikyanı respublikalarda da müəyyən dərəcədə etinasız sükutla qarşılandığına görə, həm də burada gedən demokratik xarakterli taleyüklü ictimai-siyasi prosesləri nəzərə alaraq, 20 Yanvar həqiqətlərinin Azərbaycan carçıları bu ölkələrə də təbliğat və təşviqat səfərləri təşkil etdilər. 1990-cı ilin yanvar-mart aylarında 20 nəfərdən artıq tanınmış həqiqət carçısı Azərbaycandan Litvaya gəlib xalq diplomatiyası yolu ilə burada bir sıra maarifləndirmə işləri həyata keçirdilər. 

Həmin həqiqət carçıları sırasında o vaxtkı tələbə jurnalist, sonralar istedadlı publisist və peşəkar redaktor kimi tanınan Gündüz Tahirli də vardı. O, Vilnüsə 1990-cı ilin fevral ayında gəlmişdi və burada Vilnüs Universitetinin "Universitas Vilnensis" tələbə qəzetinin əməkdaşları, həmçinin, Jurnalistika fakültəsinin bir sıra tələbələri - Vilgayle Karinyauskayte, Rasa Karmazayte, Renita Petraytite və digərləri ilə rasional əməkdaşlıq əlaqələri qurmuşdu. G.Tahirli özü ilə Vilnüsə 20 Yanvar hərbi təcavüzünün əməliyyatlarına və şəhidlərin dəfninə dair xeyli sayda fotogörüntü də gətirmişdi. Bu şəkillərin bir qismi o zaman bir sıra Litva qəzetlərində nəşr olundu. Onun gənc jurnalist Rasa Karmazayteyə verdiyi müsahibə isə bu ölkənin ən böyük tirajlı mərkəzi qəzetlərindən olan "Lietuvos rytas" gündəliyinin 1 mart 1990-cı ildə buraxılmış 43-cü sayında dərc edildi. Müsahibədə G.Tahirli Litva ictimaiyyətinə, həmçinin, Azərbaycan ədəbiyyatının klassiki, şair Mirzə Ələkbər Sabirin nəvəsi kimi təqdim olunub. 

Yeri gəlmişkən, "Universitas Vilnensis" qəzetinin 17 oktyabr 1990-cı ildə çıxmış sayında G.Tahirli ilə həmin ilin sentyabrında Bakıda digər bir Litva jurnalistinin apardığı daha bir müsahibə - "Tələbələr demokratik hərəkatın ilkinləridir" başlıqlı publikasiya litvaca çap edilib.

İndi isə tələbə jurnalist Gündüz Tahirlinin 20 Yanvardan sonra "Lietuvos rytas" gündəliyinin müxbirinə verdiyi müsahibənin Litva dilindən edilmiş tərcüməsini diqqətinizə təqdim edirik.

Vilnüs, 13 yanvar 2023-cü il
 

 

Bakı universiteti məcburi məzuniyyətdədir

Rasa KARMAZAYTE
Litva

 

 

Bakı Universitetində mühazirələr ən azı 1990-cı il martın 5-dək dayandırılıb. Daş divarla əhatə olunmuş və əsgərlər tərəfindən qorunan tələbə şəhərciyi isə rezervata çevrilib. Tələbələrin çoxusu "məzuniyyətə" getməyib burada qalıblar və yaranmış dalan vəziyyətindən Azərbaycan Xalq Cəbhəsi ilə birlikdə çıxış yolunu axtarırlar. Onlardan biri də Jurnalistika fakültəsinin 3-cü kurs tələbəsi, "Xalq Cəbhəsi" tələbə qəzetinin redaktoru, görkəmli satirik şair M.Ə.Sabirin (Tahirzadə) nəvəsi Gündüz Tahirlidir. "Lietuvos rytas" qəzeti müxbirinin G.Tahirli ilə apardığı müsahibəni təqdim edirik. 

 

- Axırıncı dəfə auditoriyada ötən ilin dekabrın sonunda oturmuşam. Bütün zaçot və imtahanları vermişəm. Hakimiyyət tələbələrin toplaşmasından və yığıncaqlardan qorxur, buna görə də dərslər martda, hətta aprel ayında başlaya bilər.

- İndi sənin üçün daha vacib olan nədir - təhsilini bitirmək, yoxsa jurnalist fəaliyyəti ilə məşğul olmaq?

- Mən tələbəyəm. Bu gün oxumasam, sabah ölkəmə fayda verə bilmərəm. Amma dramatik hadisələr və gərgin siyasi vəziyyət həyatı dəyişdirdi, məni hazırda jurnalistika ilə məşğul olmağa məcbur etdi.

- 20 Yanvar Bakı hadisələri həyatını necə dəyişdi?

- Özümü sabahın nə gətirəcəyini bilməyən və hər anda dostlarını itirə bilən livanlı kimi hiss edirəm. Artıq dostlardan birini itirmişəm. Valideynlərim şükürlər olsun ki, hələlik sağ-salamatdır. Bakı hadisələrindən sonra anladım ki, daha çox səyahət etmək, öyrənmək və başqalarını bizim buraxdığımız səhvləri təkrar etməməyə öyrətmək lazımdır.

- Bakı hadisələrində tələbələrin rolu nədən ibarətdir?

Bakı Universitetinin tələbəsi Gündüz Tahirli (şəkilləri fotojurnalist Vilgayle Karinyauskayte çəkib). G.Tahirlidən müsahibə alan gənc xanım jurnalist Rasa Karmazayte. Vilnüs, fevral 1990-cı il. 

 

- Azərbaycanda milli azadlıq hərəkatının közərtiləri 1988-ci ilin ikinci yarısında ali məktəblərdə alovlanmağa başladı. O zaman ilk qeyri-formal təşkilat - mədəni məqsədlər güdən "Yurd" Birliyi yaradıldı. Lakin bir qədər sonra ictimai-siyasi durum kəskin şəkildə pisləşdi, tələbə mitinqləri və nümayişlər başladı, fəhlələr ayağa qalxdılar və hərəkata qoşuldular. Hazırda tələbələr Xalq Cəbhəsi ilə birgə gizli fəaliyyət göstərirlər. Bu yaxınlarda Şimali Azərbaycan Azad Tələbələr İttifaqı yaradıldı.

- Erməni dostların varmı?

- Bəli, belə bir dostum var. Amma o, Bakıdan köçməyə məcbur olub.

- Yəqin ki, Ermənistanın ali məktəb tələbələri ilə də əlaqələr saxlayırsan?

- Bəli, saxlayıram - hətta ən gərgin günlərdə belə. Onlardan biri ilə yazışıram da. Ancaq getdikcə ondan gec-gec məktublar alıram.

- Məktublarınızda daha çox hansı əhval-ruhiyyə və fikirlər ifadə olunur?

- Münaqişələrdən mümkün qədər az yazmağa çalışırıq. Bir sıra şəxsi və ümumi təhsil  problemlərimizi paylaşırıq.

- Bakı Universitetində tələbələr müəllimlərlə anlaşırlarmı?

- Daim nəyisə qadağan edən çoxlu mühafizəkar müəllimlərimiz var. Amma elə müəllimlər də var ki, bizə yardım edir və fəaliyyətimizi dəstəkləyirlər. Əvvəldən Qorbaçovun və yenidənqurmanın əleyhdarları olan hüquq fakültəsinin müəllimləri partiya biletlərini artıq təhvil veriblər.

- Bakının ən faciəli günü yaddaşında hansı izləri qoydu?

- Çoxları kimi, mən də Salyan kazarmalarının qarşısında piketdə durmuşdum. Saat 15:20-də atəş açmağa başladılar. Güllə dəymiş adamların necə yerə yıxılmasını, tank tırtıllarının altında insanların əzilməsini gördüm. Yarım saatdan sonra evə qaçdım. Beynimdən heç bir fikir keçmirdi, yalnız dəhşətli bir ümidsizlik içimdə fəryad edirdi. İlk dəfə idi ki, həyatımda bu qədər ağlayırdım.

- Sən jurnalistsən. Gördüyün reallıqları qələmə alıb təsvir etmək istərdinmi?

- Hazırda mən bütün hadisələri xronoloji ardıcıllıqla, bəzi günləri hətta saatbasaat qeydə alıram. Sağalmaz yaralarımız qaysaq bağlayanda və şəhid qanı çilənmiş faciəli hadisələr tariximizin qan yaddaşına köçəndə, ola bilsin ki, xatirələrimi yazım.

-  Azərbaycanın azad olacağına inanırsanmı?

- Bu, mənim arzumdur. Amma bu, hardasa beş ildən sonra gerçəkləşəcək.

- Əgər sən hazırda Ali Sovetin sədri seçilsəydin və ya təyin olunsaydın, ilk işin nə olardı?

Gündüz Tahirli və Rasa Karmazayte 20 Yanvar hadisələrindən otuz il sonra.

 

- "Üçüncü qüvvənin" aradan qaldırılmasını, ordu hissələrinin Ermənistanla sərhəd zonası istisna olmaqla, bütün ərazilərdən çıxarılmasını əmr edərdim. Və Ermənistanı yeganə bir şərtlə - bir-birimizin suverenliyinə və ləyaqətinə hörmətlə yanaşmaqla dialoqa çağırardım.

- İkitərəfli danışıqlarda nə təklif edərdin? Kompromislərə gedərdinmi?

- Hesab edirəm ki, ərazi bütövlüyü məsələsi həll olunarkən heç bir kompromisdən söhbət gedə bilməz. Axı, Litva da öz ərazisinin bir hissəsindən imtina etməyə razı olmazdı. Lakin qarşısına demokratik dövlət olmağı məqsəd qoyan Azərbaycan bütün millətlərdən olan vətəndaşları üçün hüquq bərabərliyinə təminat verməlidir. Mən Ermənistandan da bunu tələb edərdim.

Bu gün bizim üçün suverenliyin qorunması daha vacibdir, ona görə də Ermənistana təkliflər konkret olardı: girovları dəyişmək, atəşkəs razılığı əldə etmək və iqtisadi inkişafa mane olmamaq.

- Hazırkı münaqişənin yaranma səbəbləri nədir?

- Zənnimcə, bu, etnik və ya dini zəmində baş verən münaqişə deyil. Hər iki millətin heç birinə bunun faydası yoxdur. Amma qarşıdurma qalmaqdadır və getdikcə böyüyür.

- Səncə, kənardan münaqişəyə müdaxilə edən üçüncü qüvvə varmı?

- Bəli var, o qüvvə mərkəzdən idarə olunur.

- Öncə hansı məsələ həll olunmalıdır - Qarabağ, yoxsa İttifaq məsələsi?

- Məncə, hər ikisini eyni vaxtda həll etmək lazımdır. Suverenliyin bərpa olunması Qarabağ probleminin çözülməsinə təkan vermiş olardı.

- Azərbaycan xalqının üçdə iki qismi İranda yaşayır. Dövlət sərhədi açılsaydı, ora gedərdinmi?

- Gedərdim - yalnız oranı görmək üçün.

- Baltikyanı və Zaqafqaziya dövlətləri arasında münasibətləri necə təsəvvür edirsən?

- Zənnimcə, Baltikyanı ölkələri bizə lazımınca dəyər vermir. Biz onlara müxtəlif xammal məhsullarını dünyadakı bazar qiymətlərindən aşağı qiymətə sata bilərdik. Məlumdur ki, indi biz həmin məhsulları sadəcə müftə veririk, lakin gələcəkdə...

 

Bakı - Vilnüs - Bakı, 1990-2023-cü illər.
Müsahibəni Litva dilindən Mahir Həmzəyev tərcümə edib.

 





20.01.2023    çap et  çap et