525.Az

Rafael Hüseynovun Məhsəti Gəncəvi haqqında yeni kitabı nəşr olunub


 

Rafael Hüseynovun Məhsəti Gəncəvi haqqında yeni kitabı nəşr olunub<b style="color:red"></b>

Orta əsrlər Azərbaycan ədəbiyyatı və mədəniyyətinin görkəmli nümayəndəsi, klassik poeziyada rübai janrının ən məşhur yaradıcılarından biri kimi şöhrət tapmış Məhsəti Gəncəvi haqqında urdu dilində yeni kitab nəşr edilib.

525.az-ın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru,  akademik Rafael Hüseynovun müəllifi olduğu portret-oçerkdə şairənin mübarizələrlə dolu həyat yolu, ədəbi irsinin özünəməxsus xüsusiyyətləri, Məhsəti Gəncəvinin özündən sonrakı ədəbi inkişafa göstərdiyi əhəmiyyətli təsir çoxsaylı mənbələrin verdiyi məlumatlar əsasında araşdırılıb. Məhsətinin hələ səkkiz əsrdən də əvvəl qadınların hüquqları, onların cəmiyyətdə mövqeyi haqqında düşüncələri, daha ədalətli bir yaşayış mühitinin bərqərar olması səmtində çalışmaları azadfikirliliyin klassik nümunəsi kimi böyük dəyər daşıyır və urdu oxucusuna ünvanlanan yeni kitabda bütün bunlar konkret ədəbi nümunələr əsasında şərh edilir.

Ölkə prezidenti İlham Əliyevin Məhsəti Gəncəvi yaradıcılığının 900 illiyinin qeyd edilməsi ilə əlaqədar sərəncamı istər ulu söz ustasının həyat və yaradıcılığının öyrənilməsi, istərsə də mütəfəkkir şairənin dünyada təbliği istiqamətində ciddi dönüşün yaranmasına səbəb olub. Məhsəti Gəncəvinin Parisdə UNESCO səviyyəsində yubileyi qeyd edilib, ölməz rübailəri bir çox dünya dillərinə tərcümə edilərək nəşr olunub.

Məhsəti Gəncəvi haqqında kitabın urdu dilində nəşri Pakistanda kifayət qədər geniş oxucu auditoriyasının şairəmizin ömür və sənət yolu ilə yaxından tanış olmasına imkan yaradacaq. Əsəri urdu dilinə Tariq Həmid çevirmiş, nəşrin redaktoru isə Tahir Həmiddir.
“Şərq-Qərb” nəşriyyatında nəfis şəkildə çap edilmiş kitabın yaxın vaxtlarda Pakistanda da nəşr edilməsi nəzərdə tutulur.

 





03.07.2014    çap et  çap et