525.Az

"Qaçmaq, qışqırmaq, haray çəkmək, hönkürmək istəyirdim..."


 

XALQ ARTİSTİ FİRƏNGİZ MÜTƏLLİMOVA: "ŞUŞAMI MƏNƏ QAYTARAN, CANLARINI FƏDA EDƏN OĞULLARA, ONLARI BÖYÜDƏN ANALARA BİR ÖMÜR BORCLUYAM"

"Qaçmaq, qışqırmaq, haray çəkmək, hönkürmək istəyirdim..."<b style="color:red"></b>

Hər dəfə teatrdan söz düşəndə Stanislavskinin kəlama çevrilən məşhur deyimini xatırlayıram: "Teatr asılqandan başlayır". Və hər dəfə teatra gedəndə tamaşadan əvvəl asılqanın ətrafında gəzişən insanları görərkən, bu fikrin həqiqiliyinin şahidi oluram. Etiraf edim ki, teatra çox vurğunam və məktəb illərindən bizlərə aşılanan bu sevgiyə görə böyüyüb tərbiyə aldığım dövrə borcluyam. Səhnədə Leyla Bədirbəyli, Barat Şəkinskaya, Hökümə Qurbanova, Amalya Pənahova, Şəfiqə Məmmədova,  Əli Zeynalov, Mehdi Məmmədov kimi korifeyləri canlı gördüyümə görə: "Sabah teatra gedirik" deyən mərhum atama minnətdaram, çünki teatr zövqün aynasıdır.

İki il idi ki, ondan müsahibə almaq istəyində idim. Əvvəl pandemiya adlı maneə yolumuzu hərtərəfli kəsmişdi. Mütəmadi olaraq etdiyim zənglərə çox səmimi və mehribanlıqla cavab verən bu xanım hər dəfə deyirdi ki, xahiş edirəm, bir az da gözləyək. Gözləyə-gözləyə bir də gördük ki, igid Azərbaycan əsgəri Şuşanı azad edib. Bunu gəlişi gözəl söz naminə demədim, çünki müsahibim olmasını çox arzuladığım bu sənətkar Şuşa adı çəkiləndə ürəyi köksünə sığmayan, onunla öyünən, 30 ilə yaxın yollarına, cığırlarına, havasına, suyuna, Xarıbülbülünə, böyüdüyü məhləsinə həsrət qalan şuşalı qızıdı. Əziz oxucu, bu gün səni teatr, kino, televiziya tamaşalarında rəngarəng obrazlar yaratsa da, yaddaşlarda Gülnar kimi qalan respublikanın Xalq artisti, Prezident təqaüdçüsü Firəngiz Mütəllimova ilə maraqlı söhbətə dəvət edirik.

 

 

- Firəngiz adlı kiçik bir qızcığazla başlayaq söhbətə...

- Dediyiniz həmin qızcığaz ötən əsrin 50-ci illərinin sonunda sonradan qəlbinin sultanı olacaq Şuşada anadan olub. Amma o qızcığaz artıq mənimlə çoxdan vidalaşıb. Orada 4 saylı orta məktəbi bitirib. Sənətə böyük sevgi ilə böyüdüyündən M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) kino və dram aktyorluğu fakültəsinə daxil olaraq, 1980-ci ildə ali təhsili başa vurub. Elə həmin ildən təyinatla gəldiyim Akademik Milli Dram Teatrının səhnəsində külüng çalıram desəm, yanılmaram. Uzun illər məzunu olduğum ali təhsil ocağında kurs rəhbəri olmuşam və aktyor sənətindən dərs demişəm. Səhhətimlə bağlı artıq neçə ildi ki, pedaqoji fəaliyyətimi saxlamağa məcbur olmuşam. Hazırda teatrda, kinoda, televiziyada mənə uğur gətirən sənətimlə birlikdəyəm.

- Bəhər müəllimin ailəsindən danışaq...

- Atam da, anam da müəllim olub. Təyinatla Ağcabədiyə işləməyə gələn valideynlərim bir-birini bəyənib, könül verib və sonda ailə qurub. Atam əslən Qəbələdən, anam isə Şuşadan olub. Təyinat müddəti bitdikdən sonra onlar Şuşada yaşamağa qərar veriblər və nə yaxşı ki, bu seçimi ediblər. Şuşa düşmən əlinə keçənə qədər hər ikisi orada müəllim kimi çalışıb. Şuşa itkisi ilə heç cürə barışmayan ata-anam ömürlərinin sonunadək bu həsrətin acısı ilə yaşasalar da, ümid edirdilər ki, o yerlərə qayıdacaqlar. Atam dünyasını dəyişəndə cibindən bir şeir çıxmışdı: "Şuşam, səni görəcəyəm, yoxsa Bakıda öləcəyəm?" Heyif ki, valideynlərim Şuşanı bir daha görmədən bu dünyadan köç etdilər. İnanıram ki, onların narahat ruhları, indi rahatlığını tapıb.

- Asılqandan başlayan teatr...

- Teatr mənim üçün bir məbəddir, divarlarına nəfəsim hopmuş ikinci evimdir. Burada o qədər hüzur və rahatlıq tapıram ki, sözlə ifadə edə bilmirəm. Onun səhnəsində səni vur-tut iki saat ərzində izləyən yüzlərlə baxışın altında tamaşaçıya nəsə çatdırmaq, zövqünü oxşamaq, alqış sədaları altında onlara təzim etmək, gül-çiçəyə qərq olmaq, təkrar səhnəyə çağırılmaq kimi hissləri yaşamağı teatr bəxş edib mənə. Bu divarların arxasında ağır zəhmət, bir tamaşanı ərsəyə gətirmək üçün aylarla sürən gərgin məşqlər, tarıma çəkilən əsəblər, yaradıcı mübahisələr, rejissorun iradları, sonda isə səni anşlaqla gözləyən tamaşaçı var. Və pərdə arxasında çəkdiyin bütün zəhmətin, yorğunluğun bəhrəsini tamaşaçı sənə yalnız teatrda verir. Teatr məktəbdir, teatr həyatdır, teatr tərbiyə verən bir mədəniyyət ocağıdır. Eşidəndə ki, teatrı intriqa yuvası adlandırırlar, bu, məni hədsiz incidir. Xırdalıqlara varsaq, elə bir sahə yoxdu ki, orada yaxşı-pis, bacarıqlı-zəif, bir-birinə həsəd apara insanlar olmasın. Teatrı dərk etmək üçün incə zövqə malik olmaq lazımdı ki, bu da hər kəsdə olmur. Və mənim üçün arxa giriş qapısından başlayan teatr hər şeyin fövqündədir.

- Dondan dona girən aktrisa...

- Şuşada evimiz kinoteatr olan məhlədə idi. Tez-tez filmlərə baxmağa gedirdik və doymaq bilmirdim. Deyərdim ki, sənətə gələn yol elə bu filmlərdən başlayıb. Qardaşımla aramızda kiçik yaş fərqi var və evdə ikimiz olardıq. Rəhmətlik anam işə gedən kimi onun yaylığını başıma örtüb məşqlər edirdim. Gah Almaz olurdum, gah Sevil... Yadımdadı, dördüncü sinifdə oxuyurdum və hər güzgüyə baxanda deyirdim: "Elə biri olacam ki, məni hamı tanıyacaq". Bunu daxilən hiss edirdim, hətta alqış səslərini belə, eşidirdim. Lakin bütün bunları içimdə saxlayırdım. Çünki çox utancaq olmuşam. Biri ilə danışanda başımı aşağı salıb qızarırdım. İncəsənət institutuna qəbul olmağım Şuşada yaman əks-səda doğurmuşdu ki, bu, Bəhər müəllmin hansı qızıdır? Çünki böyüdüyüm məhlədən savayı, məni tanıyan yox idi. Anam aktrisa olmağıma qarşı çıxsa da, atam əksinə, bunu arzu edirdi. Üst-üstə düşən arzularımız sayəsində ali məktəbin qapıları üzümə açıldı. Şanslı tələbə oldum - Böyükağa Kazımov, Rza Təhmasib, Ənvər Həsənov kimi müəllimlərdən dərs alıb sənət yoluna qədəm qoydum. Təyinatla Akademik Milli Teatra göndərildim, hansı ki, artıq bir il əvvəl orada məşqlərə başlamışdım. 1980-ci il oktyabrın 4-də S.Rəhmanın "Əliqulu evlənir" tamaşasındakı Qumral obrazı səhnədə debütüm oldu. Böyük zəhmətdən, çətinliklərdən keçərək, heç bir kömək, dəstək olmadan pillə-pillə ucala bildim. Öz yolumu tapıb, dəsti-xəttimi çizib, özümə inamla irəliləyərək, yüksək fəxri ada qədər ucaldım. Sənətimin aşiqiyəm. Bizi teatrdan uzaq salan pandemiya dövründə hər axşam tamaşa vaxtlarında özümü səhnədə hiss edirdim, çünki bizim üçün səhnə həyatdır. Səhhətimdə ciddi problem yaşandı, məni ağır beyin əməliyyatı gözləyirdi. Elə bir əməliyyat idi ki, nəticədə əlil arabasında qalmaq kimi bir təhlükə vardı. Həmin ərəfədə son tamaşam "Qanlı Nigar" oldu. Tamaşaçı alqışına baş əyərkən, gözlərim doldu. Düşündüm ki, ilahi, görəsən, bu səhnədə bir də tamaşaçılarıma təzim edə biləcəyəmmi? Əməliyyatdan çıxdım, yarım il gəzə bilmədim. Lakin hər halımda şükür etdiyim Rəbbim məni səhnəyə qaytardı və ayağımda qalan problemi unutdurdu. Səhnə yaşadandı, müşahidə etmişəm ki, hansı səbəbdənsə ondan uzaq düşənlərin ömrü azalır. Bütün rollarımı sevə-sevə, ürəklə oynamışam, deyərdim ki, hətta yaşamışam o obrazlarla. Etiraf edirəm ki, məcburi yaratdıqlarım da olub, amma etiraz etməyib onlar üçün də səhnəyə çıxmışam. Səhnə elə bir sehrdir ki, pərdə arxasında dekorasiya quran fəhlə belə, ondan ayrı qala bilmir.  E.Seyidcahanın "Mən aktyoram" adlı mahnısı var. Şair Vahid Əziz mahnıya çox möhtəşəm sözlər yazıb:

Dondan dona girərik,

Sevilərik, sevərik.

Milyon həyata gəlib,

Milyon dəfə ölərik.

Ünvanı səhnə olan bizlərin həyatı bax, budur.

- Gülnardan yan keçmək olmaz...

- Mərhum telerejissor Tariel Vəliyev məni televiziyada aparıcı olduğum vaxtdan tanıyırdı. Teatrda mənə yaxınlaşaraq dedi ki, televiziya tamaşası hazırlayırıq, ordakı obraza səni çəkməyi düşünürəm. Səni bir yoxlamaq istəyirəm, əsərin müəllifi də tanış olsun. Teatra təzə gələn 21 yaşlı gənc qızı kim tanıyırdı ki... Razılaşdım və marağını boğa bilməyib rejissordan: "Niyə məhz mənim çəkmək istəyirsiz" soruşanda, Tariel müəllim dedi ki, əsərdə həmin obrazın bir gülüşü var, o təbəssüm tərəf müqabilini əsəbləşdirir. O gülüşü səndə hiss edirəm. Beləcə məşqlər başladı. Tərəf müqabilim Yaşar Nuriyevin gözünə baxa bilmirdim. Mənə istiqamət verirdi, nəyi harda necə etmək lazım olduğunu başa salırdı. Müəllifin qarşısında necə səy göstərdimsə, on dəqiqədən sonra Aslan Qəhrəmanov əlini stola vurub dedi ki, mənim yazdığım Gülnar budur. Xarakter etibarilə Gülnarla tam fərqli insanlar olsaq da, içimdən gələn hansısa mizan bu obrazı uğurla yaratmağıma imkan verdi. Gülnar imkanlı ailənin ərköyün qızı, istəmədən nişanlanan, bütün istəkləri dərhal həyata keçən və bunların hamısından bezən bir xarakter idi. O, daxilində bu buxovlardan azad olmaq, sevdiyini tapmaq arzusunda olsa da, istəklərini büruzə vermirdi. Və günlərin birində həmişə "Hə" cavabı eşidən bu şıltaq qız onun əksinə gedərək "Yox" deyə bilən biri ilə üz-üzə gəlir. Elçinə qarşı yaranan maraq bir sevginin yolunu açır. Tamaşa çəkilərkən bu qədər uğurlu bir obraz yaradacağıma inanmırdım. Sanki bir gecənin içində şöhrət məni tapdı. Səhər rəhmətlik atam zəng vurub dedi ki, a bala, dünənə qədər sənə Bəhər müəllimin qızı deyirdilər, bu gün mənə Firəngiz Mütəllimovanın atası deyirlər. Sənə aktrisa olmağa imkan verdiyimə görə məni qınayanlar, indi səni zirvəyə qaldırıb. Tamaşadan 40 ildən artıq vaxt keçməyinə baxmayaraq, bu gün də adım Gülnarla qoşa çəkilir və bu, mənə çox xoşdur. Tamaşa haqqında bir subyektiv fikrim var. Düşünürəm ki, tamaşa bir hissədən ibarət olsa, Elçinlə Gülnarın qovuşma ehtimalı tamaşaçının ixtiyarına buraxılsa idi, daha maraqlı olardı. Bununla belə, vizit kartım olan Gülnarı çox sevirəm, onun bu gün qazandığım uğur və mükafatlarımın yanında xüsusi yeri var.

- Şuşa, sən azadsan...

- Şuşanın işğalına qədər mən Vətən sevgisinin dərinliyinə varmamışdım. Şuşaya həsrət qaldığım bu uzun zaman kəsiyində mən Vətənin nə olduğunu kəşf etdim. Hər il yayda mən Şuşaya getməsəydim, özümü yarımçıq hiss edərdim. Və bilsəydim ki, 1991-ci ilin yayında çıxdığım Şuşanı bir igidin ömrü qədər görməyəcəyəm, bəlkə də can verərdim orda. Mən Vətənimdə 30 il Vətənsiz yaşadım, ömrümdən ömür getdi, hər gecə onu yuxularımda gördüm. İçimdə yandım, qovruldum, "Şuşa" deyə-deyə bu dünyadan köçən valideynlərimi öz torpağında dəfn edə bilmədim. Bu o qədər ağrılı hissdi ki... İllərdir sonu bəlli olmayan bir müəmma içində yaşamışam. Və günlərin bir günü Ali Baş Komandanın: "Şuşa, sən azadsan" deyəndə, bilmədim nə edim. Hisslərim bir-birinə qarışmışdı, ağlıma gəlməyən başıma gəlmişdi. Qaçmaq, qışqırmaq, haray çəkmək, hönkürmək istəyirdim. Axı mən Şuşalı illərim üçün çox darıxmışdım. Uşaq vaxtı qarda sürüşməyim, danlanmağım, döyülməyim, cəzalanaraq küncdə qalmağım, ilaxır çərşənbədə üzümü kömürlə qaraldıb, oğlan paltarı geyinib torbamı götürərək bayram sovqatı yığdığım vaxtlar üçün çox darıxmışdım. Elə vəziyyətdə idim ki, illərlə arzuladığım Vətənimə necə ayaq basacağımı bilmirdim. Bildiyim tək o idi ki, torpağımı mənə qaytaran, canlarını fəda edən oğullara, onları böyüdən analara bir ömür borcluyam.

- Baş əyib öpdüyün Vətən torpağı...

- Mənə elə gəlirdi ki, Şuşaya ayaq basanda qışqırıb haray çəkərəm, hönkürtüm o dağlarda əks-səda verər. Lakin özümü cilovlaya bildim, bir anın içində hər şey keçdi gözümün önündən. Həsrətini çəkdiyim o torpağı necə öpməyə bilərdim? O tanış qoxunu şuşalı olmayan hiss etməz. Lakin oteldə otağa gəlib qapını bağlayıb su kranlarını açaraq hönkürtümün səsini onunla boğdum. Ürəyim boşalandan sonra öz-özümə dedim ki, Firəngiz, arzuna çatmısan, sən artıq Şuşadasan, Tanrı bu günü görməyi sənə nəsib etdi. Gözümün yaşını silib, təbəssümlə otaqdan çıxdım. Artıq beş dəfə Şuşada olmuşam və hər dəfədə gördüyüm dəyişiklik mənə böyük təsəllidir. Ən əsas odu ki, Şuşa, sən mənimsən! Şuşa, biz qayıtdıq!

- Firəngizə də söz verək...

- Tanrıdan həmişə sağlam ömür arzulamışam. Və düşünürəm ki, mənalı ömür yaşaya bilmişəm. Bunun üçün özüm çalışıb-vuruşmuşam. Narahat vaxtımda belə, özümə təkan verməyi bacarmışam. Ağır xəstəliklə çarpışdığım vaxtlarda çoxu elə düşünürdü ki, Firəngiz daha teatra qayıda bilməz. Lakin mən yarım il gəzə bilməsəm də, əlillik vəsiqəsindən imtina etdim. Özümə ruh verərək qalib gəlməyi bacardım, doğma səhnəmə qayıtdım. İnsan mübarizə aparıb qalib də ola bilər, düşkün olub özünü məhv də edə bilər. Mən birinci yolu seçdim. İmkan verə bilməzdim ki, məni xalqa tanıdan, uğurlara qərq edən səhnə Firəngizsiz qalsın. İnsan var ki, uğurun ardınca qaçır, məni uğur özü tapıb həmişə. Həyatda bağlı olduğum yeganə varlıq Tanrımdı, bütün çətinliklərdən məni hifz edib. Həsəd adlı hiss məndən çox uzaqdır. Sənət yoldaşlarımla daima xoş ünsiyyətdə olmuşam, həmişə tamaşalarında iştirak etmişəm. İnsan var ki, onun kiçik təsəlliyə, xoş bir sözə ehtiyacı var. Əgər bu, onu xoşbəxt edəcəksə, niyə bir qəlbi sevindirməyək? Ailənin ilk övladı kimi valideynlərimdən sonra yük mənim çiynimdədir. Narahat bir dövrdə yaşayırıq və çalışıram ki, atalı-analı düzənimiz pozulmasın. Tanrı mənə ən böyük arzumu yaşatdı - Şuşam qayıtdı. Biz bir ildən artıq pandemiya adlı qorxunc kabus yaşadıq. Bir arzum da odu ki, heç vaxt teatr tamaşaçısız, səhnə bizsiz qalmasın.

P.S. İllər öz izini qoyur, biz istəməsək də... Onunla üz-üzə, göz-gözə söhbətləşə bilməsək də, sanırdım ki, hər kəlməsində, səsinin avazında illər öncə ekranlardan mənə tanış olan bir obrazla danışıram. Əslində elə onunla danışırdım, yaradıcılığının qırmızı xətti olan Gülnar adlı Firəngiz Mütəllimova ilə. Söhbətimizə isə V.Əzizin onlar haqda yazdığı misralarla  nöqtə qoymaq istəyirəm:

Aktyorun təskinliyi çiçəkdir qucaq-qucaq,

Səsimizlə şəklimiz bizdən çox yaşayacaq...

Tamilla M-zadə

 





23.01.2023    çap et  çap et