525.Az

Ukraynanın silahlandırılmasında yeni mərhələ - Xaqani Cəfərli yazır


 

Ukraynanın silahlandırılmasında yeni mərhələ - <b style="color:red"> Xaqani Cəfərli yazır</b>

Şərti adı "Ramşteyn formatı" olan Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun 2023-cü ildə ilk toplantısı bu gün - yanvarın 20-də keçiriləcək. Sayca 8-ci olan bu toplantının Ukraynanın hərbi gücünün artırılmasında önəmli rol oynayacağı şübhəsizdir. Bu əminliyi yaradan bir neçə səbəb var.

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı, general Valeri Zalujnı müharibə başlayandan bəri ilk dəfə ölkəsini tərk edərək Polşaya gedib. General Zalujnı Polşada ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri, general Mark Milli ilə görüşüb. Görüşlə bağlı yayılan məlumatda general Valeri Zalujnının Ukraynaya göstərdiyi dəstəyə və yardıma görə general Milliyə təşəkkür etdiyi, Ukrayna Silahlı Qüvvələrinin təxirəsalınmaz ehtiyacları ilə bağlı istəklərini çatdırdığı qeyd edilir. Rəsmi məlumatdan fərqli olaraq görüşü belə şərh etmək olar. Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanını müharibə başlayandan bəri ilk dəfə ölkəsini tərk etməyə ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəisi ilə şəxsən görüşüb danışıq aparmaq ehtiyacı vadar edib. Burada iki məqam ola bilər. Birincisi, iki komandanı şəxsən görüşə vadar edən əsas səbəb çox böyük ehtimalla, müzakirə mövzusunun doğurduğu zərurətdir. Görünür, bu mövzu o qədər önəmlidir ki, general Zalujnı hərbi əməliyyatların şiddətləndiyi, Rusiya ordusunun irəliləməyə çalışdığı bir zamanda ölkəsini tərk etməyə razı olub. Bəzən elə məxfi məsələlər olur ki, onu üzbəüz müzakirə etmək tələb olunur. İkinci səbəb isə general Valeri Zalujnının şəxsiyyəti ilə bağlıdır. Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanın Qərbin hərbi dairələrində çox yüksək nüfuzu var. Qərbin hərbi elitası bu istedadlı generala tam etimad edir. İstisna deyil ki, məhz bu etimaddan istifadə etmək qərara alınıb. Bu görüşün Ukraynanın silah və hərbi sursatla təminatında önəmli rol oynayaya biləcəyi ehtimalı çox yüksəkdir. Ötən ilin dekabrında Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı "The Economist"ə müsahibəsində böyük əməliyyata hazırlıq getdiyinə eyham vuraraq bunun üçün 300 ədəd tankın, 600-700 ədəd piyadaların döyüş maşınının, 500 ədəd haubitsanın lazım olduğunu bildirmişdi. Həmin müsahibədən sonra Qərb ölkələri Ukraynaya silah və hərbi texnika yardımını artırıblar.

Böyük Britaniyanın Baş naziri Rişi Sunak Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıq zamanı 14 ədəd "Challenger 2" tankı vəd etmişdi. Britaniyanın müdafiə naziri Ben Uollesin parlamentə təqdim etdiyi Ukraynaya yeni yardım paketinə Baş nazirin vəd etdiyi 14 ədəd "Challenger 2" tankından əlavə, "Buldoq" ayamalı "FV-432" zirehli transportyorları və özüyeriyən AS90 haubitsaları, həmçinin, onlar üçün mərmilər daxildir. Uolles vurğulayıb ki, bu hərbi yardım paketi Ukraynanın imkanlarını əhəmiyyətli dərəcədə artıracaq. Britaniyanın müdafiə naziri bildirib ki, bundan sonra Ukrayna ordusu Rusiya qoşunlarının ölkə ərazisindən çıxarılmasına başlaya bilər.

İtaliya hökuməti isə ballistik raketlər də vurmağa qadir olan SAMP/T zenit-raket kompleksini Ukraynaya vermək qərarına gəlib. İsrailin Ukraynaya raketlər və pilotsuz uçuş aparatlarının hücumunu önləmək üçün ağıllı xəbərdarlıq texnologiyası verə biləcəyi də gündəmdədir. Niderland hökuməti də Ukraynaya "Patriot" hava hücumundan müdafiə sistemlərinin verilməsini müzakirə edir.

Bütün bunlar isə ABŞ-ın Ukraynaya "Patriot" hava hücumundan müdafiə sistemlərinin verilməsi ilə bağlı qərarından sonra baş verir. Vaşinqtonun bu qərarı Qərbin Ukraynaya dəstəyində yeni mərhələ hesab olunur. "Patriot" sistemlərinin 9 batareyasının (hər bir batareyaya 4 buraxılış qurğusu daxilir) qiyməti 9 milyard dollardır. Önəmli olan bu sistemin bahalı olması da deyil. "Patriot" hava hücumundan müdafiə sistemlərinə Avropada yalnız Almaniya, İspaniya və Niderland malikdir. Ankaranın israrlı istəklərinə baxmayaraq, Vaşinqton bu sistemi Türkiyəyə satmadı. İndi isə Vaşinqton Ukraynanı "Patriot"larla təmin etməklə yanaşı, Kanada, Niderland və Almaniyanı da eyni addımı atmağa sövq edir.

Bu günə kimi Ukraynaya bir milyon ədəddən artıq artilleriya mərmisi verən ABŞ bu il də eyni göstəricini təkrar etməkdə qərarlıdır. Ötən il ABŞ Ukraynaya M777 haubitsaları üçün 903 min ədəd 155 mm-lik M795 mərmisi, 180 min ədəd 105 mm-lik mərmi, 7 min ədəd tank əleyhinə RAAMS (Remote Anti-Armor Mine Systemning) mərmisi və 3 min ədəd 155 mm-lik Excalibur M982 uzaq mənzilli idarə olunan raketlər verib. "New York Times" qəzetinin məlumatına görə, ABŞ Ukrayna ordusunu artilleriya mərmiləri ilə təmin etmək üçün İsraildəki sursat arsenalından da istifadə etməyə başlayıb. Bu arsenal ABŞ ordusunun Yaxın Şərqdəki əməliyyatlarında istifadə etmək üçün yaradılmışdı və İsrail yalnız fövqəladə hallarda ondan istifadə edilə bilərdi. İndi isə ABŞ həmin sursatı Ukrayna ordusuna göndərir. Bundan başqa, ABŞ Ukrayna ordusunu sursatla təmin etmək üçün Cənubi Koreyadakı sursat anbarlarından istifadə edir.

Ukrayna aviasiya məsələsində də müsbət xəbər gözləyir. ABŞ Yaponiyadakı hərbi bazasındakı F-15S, F-15S, F-15D təyyarələrini F-22-lərlə əvəz edir. Yaponiyadakı təyyarələrin yenisi ilə əvəzlənməsi 2025-ci ildən sonra nəzərdə tutulurdu. Belə görünür ki, bu əməliyyat bir neçə il önə çəkilib. Yaponiyadan çıxarılan təyyarələrin Ukraynaya veriləcəyi güman edilir. Çünki 40 nəfər ukraynalı pilot artıq F15 və F-16 təyyalərinin idarəetmə təlimi keçib. Ukraynalı pilotlar F15 və F-16 təyyalərinini idarə edə bilmək məqsədilə təşkil olunan təlimlər üçün ABŞ 100 milyon dollar ayırmışdı. Ukraynanı daha çox və daha yaxşı hücum silahları ilə təmin etməkdən çəkinməyən ABŞ və onun müttəfiqləri üçün belə, görünür ki, daha Rusiyanın "qırmızı xətti" qalmayıb. Ukraynanın isə qışın sonu və ya yazın əvvəllərində genişmiqyaslı hücuma hazırlaşdığı xəbərləri artmaqda davam edir. Belə görünür ki, müharibənin şiddətli mərhələsi qarşıdadır və Ukraynanın silahlandırılmasında yeni mərhələ də məhz bununla bağlıdır.

 





23.01.2023    çap et  çap et