525.Az

Lavrovun tərifi Gürcüstan hakimiyyətini narahat etdi


 

Lavrovun tərifi Gürcüstan hakimiyyətini narahat etdi<b style="color:red"></b>

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ənənəvi illik yekun mətbuat konfransında Gürcüstanı təqdir edib və Tbilisiyə bir sıra mesajlar ünvanlayıb. Lavrovu razı salan məqam Gürcüstanın Rusiyaya qarşı Qərbin tətbiq etdiyi sanksiyalara qoşulmamasıdır. Rusiya xarici işlər naziri bildirib ki, Gürcüstanın Qərbin təzyiqlərinə tab gətirmək qabiliyyətinə hörmət edir. "Biz Gürcüstanın, eləcə də, demək olar ki, bütün digər ölkələrin Qərbin təzyiqi altında olduğunu görürük. Onlardan Rusiya Federasiyasına qarşı sanksiyalara qoşulmaq tələb olunur. Kiçik bir ölkənin və onun hökumətinin öz maraqlarını və iqtisadi mənafelərini rəhbər tutacağını bəyan etməyə cəsarət göstərməsi hörmətə layiqdir".

Lavrov iki ölkənin vətəndaşları arasında əlaqələrin inkişaf etdiyini, Gürcüstanın Ümum Daxili Məhsuluun artımında Rusiya ilə turizm və ticarət əlaqələrinin mühüm rol oynadığını bildirib. Rusiya xarici işlər naziri iki ölkə arasında birbaşa uçuşları bərpa edə biləcəklərinə ümid bəslədiyini bildirib. Lavrov Rusiyanın gürcü xalqı ilə heç bir problemi olmadığını, ənənəvi dəyərləri müdafiə edən Gürcü Pravoslav Kilsəsinin mövqeyinə böyük hörmətlə yanaşdıqlarını vurğulayıb.

Gürcüstana qarşı 2008-ci ilin avqustunda keçirilən hərbi əməliyyatlara işarə edən Lavrov o zaman baş verənlərə görə NATO-nu ittiham edib. "NATO-nun Buxarestdə keçirilən sammitində Gürcüstan və Ukraynanın NATO-da olacağını vəd edən bəyannamə qəbul olundu. Saakaşvilinin emosiyaları çoşdu".

Rusiya xarici işlər nazirinin tərifi isə Gürcüstan hakimiyyətini narahat edib. Hakim "Gürcü arzusu" partiyasının parlamentdəki fraksiyasının rəhbəri Rati İonataşvili Lavrovun fikirlərinin Gürcüstan iqtidarına qarşı istifadə edilə biləcəyini bildirib: "Bizi nə Lavrovun cavabı, nə də sual maraqlandırır. Kimin mövzunu yaymağa çalışacağını və ona geniş hekayələr həsr edəcəyini diqqətlə izləyəcəyik". Fraksiya rəhbəri hesab edir ki, bu proses Gürcüstana qarşı aparılan hibrid müharibənin ənənəvi müttəfiqinin kim olduğunu aydınlaşdıracaq. Qeyd edək Rusiyanın "hibrid müharibə" siyasəti Baş Qərargah rəisi, general Valeri Gerasimovun adı ilə bağlıdır. Qərbdə "Gerasimov doktrinası" adı verilən "hibrid müharibə" klassik hərbi müdaxiləyə əl atmadan, gizli əməliyyatlar, təxribatlar, informasiya hücumunun kombinasiyasından istifadə edərək müəyyən ərazilər üzərində nəzarəti ələ keçirməyi nəzərdə tutur. General Valeri Gerasimov Ukraynaya qarşı aparılan hərbi əməliyyatların rəhbəri təyin ediləndən sonra Ukraynaya və bütün postsovet respublikalarına qarşı hibrid müharibəsinin əsas elementi olan informasiya və dezinformasiya hücumu güclənib. Gürcüstan hakimiyyətinin təmsilçisini də bu narahat edir. Digər tərəfdən, Rusiya hakimiyyətinin imici o qədər pisləşib ki, Moskva rəsmilərinin hətta tərifi də postsovet ölkələrində problemlər yaradır. Aydın görünür ki "Gürcü arzusu"nun təmsilçiləri rəsmi Moskva ilə anılmaq istəmirlər.

 

 





24.01.2023    çap et  çap et