525.Az

İlklər müəllifi


 

İlklər müəllifi<b style="color:red"></b>

İlklər unudulmur. Zaman birincilərə həmişə borcludur. Buna görədir ki, ilk imzalar tarixin hər dövründə aktualdır. Bu aktuallıqdan çıxış edərək öz sahəsinin ilki olmaqla adını tarixə yazdıran Xalq rəssamı Bədurə Əfqanlını sizə daha yaxından tanıtmaq istəyirik. Bu məsələdə bizə sənətşünas Həqiqət Həmzəyeva bələdçilik edəcək.

 

- Həqiqət xanım, yaxşı olar ki, söhbətimizə elə yolun başından - Bədurə Əfqanlının uşaqlıq illərindən başlayaq.

- Bədurə Əfqanlı 1912-ci ildə Bakı şəhərində anadan olub. Onun atası Məlik Ağamalov dövlət qulluqçusu olub. Eyni zamanda, o, dövrünün üzdə olan ziyalılarından və geniş dünyagörüşünə malik insanlarından idi. Məlik Ağamalov uşaqlarına ədəbiyyata, incəsənətə sevgi və maraq aşılayırdı. Özü də rəssamlığa böyük həvəs göstərir, həm də zaman-zaman müxtəlif rəsmlər çəkirdi. Qızlarından Səyyarə artıq heykəltaraşlığa maraq göstərməyə başlamışdı.

Balaca Bədurə isə təbiət vurğunu idi. Hər yay ailəsi ilə birgə Novxanıdakı bağ evinə köçüb istirahət edirdilər. O, hər səhər evdən çıxar, təbiəti seyr edərək bir də gün batanda geri dönərdi. Ailədə hamı bilirdi ki, onu yalnız dəniz kənarında, ləpələri, quşları və buludları izləyən yerdə tapmaq olardı. Həm də hava şəraitindən asılı olmayaraq o, hər gün bunu təkrar edirdi.

- Bəs teatra maraq necə yarandı?

- Teatra maraq da məhz uşaq yaşlarında elə Novxanıda yaranır. Gələcək rəssam kənd meydançasında qoyulan şəbihləri maraqla izləyərdi. Forma və mənaca dini xarakter daşıyan şəbihlərdə əsasən Kərbəla müsibətini səhnələşdirirdilər. Tamaşanın dəhşət saçan səhnələri və qorxulu hissələrinin olmasına baxmayaraq, 8 yaşlı Bədurə həmin tamaşaları səbirsizliklə gözləyirdi. Teatra qarşı yaranan sevgi onun balaca bacısı Firəngiz və rəfiqəsi - Xalq artistimiz Qəmər Almaszadə ilə birgə evdə tamaşalar qoymağa başlayır. Teatrların birində işləyən böyük bacısından paltar, qrim götürür, həm də dekorasiyalar düzəldirdi.

- Bədurə xanımın təhsili hansı istiqamətdə idi?

- Bədurə Əfqanlı 1925-1929-cu illərdə Bakı Pedaqoji Texnikumda təhsil alır. Təhsil aldığı zamanda incəsənətdən heç cür ayrıla bilmirdi. O, etüdlər çəkir, növbənöv eskizlər hazırlayırdı. Texnikumu bitirər-bitirməz Bədurə xanım hazırlışmadan Bakı Rəssamlıq Məktəbinə imtahan verir və qrafika şöbəsinin 1-ci kursuna daxil olur. Bu zaman o, həm müəllim kimi işləyir, həm də rəssamlıq oxuyurdu. Müəllimləri Lidiya Pridatok və Anatoli Qorçakov onda realist incəsənətə güclü sevgi açılayır, hadisə və insanları başqa rakursdan görüb xarakterizə etməyi öyrətdilər. Tələbəlik vaxtında gənc rəssamın əsas kompozisiya obyektləri təbiət və təbiət hadisələri olurdu. O, təbiəti çox gözəl ifadə edirdi. Peşəkarlar rəssamın işlərinin təhlili zamanı onun peyzajçı olacağını deyirdilər.

- Amma bu təxmin özünü doğrultmadı.

- Hər şey onun Moskvaya və Sankt-Peterbuqra (o vaxt Leninqrad) səfəri ilə köklü dəyişdi. Əfqanlı Dövlət Tretyakov Qalereyası, Rus Muzeyi, Ermitaj və digər muzeyləri, teatrlarını ziyarət etmək imkanı qazandı. Zəngin mədəniyyət ocaqlarında onun düşüncə və informasiya təhlili tamamən dəyişdi. Bakıya dönərkən gənc Bədurə artıq teatr rəssamı olmağı qətiləşdirmişdi. Sonuncu kursda oxumasına baxmayaraq, o, ixtisasını dəyişərək teatr təmayüllü rəngkarlıq şöbəsinə yerdəyişmə edir. Diplom işinin mövzusu olaraq Şekspirin "Otello" faciəsini seçir. Rəssam mürəkkəblikdən uzaq olan rəng qamması ilə teatr-dekorasiya boyakarlığına yeni nəfəs verir. Bədurə Əfqanlı 1931-ci ildə rəssamlıq təhsilini uğurla başa vurur. Elə həmin ildə Bədurə xanımın həyatında əlamətdar hadisə baş verir. O, Azərbaycanın tanınmış rejissoru və aktyoru Rza Əfqanlı ilə ailə qurur. Rəssamı teatra daha çox bağlayan məhz Rza Əfqanlı olmuşdu. Rəssam xatirələrində qeyd edirdi ki, Əfqanlı ona tamaşa quruluşlarının əsas açarını verib.

- Bədurə xanımın fəaliyyəti teatrımızın hansı dövrünə təsadüf edir?

- Bədurə Əfqanlının teatr sahəsində fəaliyyəti Azərbaycan peşəkar teatrının yeni inkişaf mərhələsinə qədəm qoyduğu 1930-cu illərə təsadüf edir. Teatr rəssamı tamaşaya görə dramaturq, rejissor və aktyorlarla eyni dərəcədə məsuliyyət daşıyırdı.

Bu illərdə artıq Azərbaycan və dünya dramaturgiyasının möhtəşəm nümunələrinin səhnələşdirilməsinə start verilmişdi. Həmin tarixi şəraitdə teatr fəaliyyətinə başlayan ilk qadın teatr rejissoru olan Bədurə Əfqanlı tanınmış sənət adamları ilə, aktyor və rejissorlarla çiyin-çiyinə çalışırdı.

Bədurə xanımın ilk teatr yaradıcılıq fəaliyyəti 1933-cü ildə Kirov adına Mədəniyyət Sarayında (indiki Binəqədi) olmuşdu. O, rejissoru Rza Əfqanlı olan "Qaçaq Kərəm" tamaşasının quruluşçu rəssamı idi. Tamaşada dekorasiya və geyimlər Bədurə Əfqanlı tərəfindən hazırlanmışdı. Bundan sonra bir sıra böyük tamaşalara geyim və səhnə tərtibatı verir və bu sahədə göstərdiyi fərdi yanaşmasına görə böyük uğurlar qazanır.

- Bildiyim qədərilə rəssam Aşqabad şəhərində də yaşayıb, fəaliyyət göstərib.

- Bəli. 1934-cü ildə Türkmənistanın Aşqabad şəhərinin "Natsmen" teatrından Rza və Bədurə Əfqanlılara iş dəvəti gəlir. Rza Əfqanlı orada rejissor, Bədurə Əfqanlı isə quruluşçu rəssam kimi işə başlayırlar. Bədurə xanım yeni iş yerində bir sıra tamaşaları ərsəyə gətirir. Bunlara misal olaraq Z.Hacıbəyovun "Aşıq Qərib", H.Cavidin "Şeyx Sənan", C.Cabbarlının "Sevil", "1905-ci ildə" kimi əsərlərin adını çəkmək olar.

- Həmin nümunələri bu gün görmək mümkündürmü?

- Çox təəssüf ki, rəssamın 1934-1935-ci illərdə "Natsmen" teatrı üçün yaratdığı heç bir işin nümunəsi dövrümüzə gəlib çatmayıb. Aşqabad zəlzələsindən sonra işlər yoxa çıxıb.

1938-ci ildə Bədurə Əfqanlı M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrının (indi Azərbaycan Dövlət Dram Teatrı) baş rəssamı olan Rüstəm Mustafayevin dəvəti ilə işə başlayır. 20 ildən artıq quruluşçu rəssam vəzifəsində işləyən Bədurə xanım ard-arda müxtəlif tanınmış rejissorlarla tamaşalar qurur. Bu teatrda 60 tamaşaya tərtibat verir ki, onlardan 15-i II Dünya müharibəsi illərinə təsadüf edib. Görkəmli fırça ustası 2002-ci ilin may ayının 7-də haqqın dərgahına qovuşur.

- Bədurə xanımın teatr fəaliyyəti ilə yanaşı, kino sahəsində də mühüm xidmətləri var. Bir qədər də bu barədə danışaq.

- Bədurə Əfqanlı fəaliyyətinə teatrdan başlasa da, daha sonralar kino sahəsində fəaliyyət göstərdi. O, geyim eskizlərinin uğurlu formada təqdim etmək bacarığına malik rəssamlardan idi. Rəssam müxtəlif peşələrə mənsub obrazların yaradılmasında mühüm amilin paltar olduğunu sübuta yetirmişdi. Bədurə Əfqanlının hazırladığı eskizlərdəki obrazların həmahəngliyi, milli simaları əsərin tematikasına uyğun vermə bacarığı tamaşanın tərtibatında mühüm rol oynamışdı.

1960-cı ildən o, "Azərbaycanfilm" kinostudiyasında geyim üzrə rəssam işləyib, "Koroğlu", "Leyli və Məcnun", "Dəli Kür", "Böyük dayaq", "Dədə Qorqud", "O qızı tapın", "Qatır Məmməd" kimi ekran əsərlərinə geyim eskizləri çəkib.

Geyim yaradıcılığında Bədurə Əfqanlı əsasən müxtəlif milli geyimləri təsvir edirdi. Məsələn, rəssamın əsasən Qarabağ qadını geyimləri əsasında hazırladığı eskizlər sonralar həm teatr, həm də rəqs ifaçılığında geniş istifadə edilmişdi. Qarabağ geyimlərinə təkcə Bədurə xanım deyil, digər rəssamlar da dəfələrlə müraciət etmişdilər ki, onlardan Hafiz Məmmədov, Nəcəfqulu İsmayılov, Əsgər Əsgərov və başqalarını misal gətirmək olar. Azərbaycanın bir çox regionlarında xanımların geydiyi sarı və qırmızı geyim çox yayqın idi. Belə geyimin geniş yayılması Bədurə xanımın da yaradıcılığında öz əksini tapmışdı. Misal olaraq, onun "Butalı" eksizində də geyim qırmızı rəngdədir. Çəhrayı ipək ətək (tuman) üzərində qızılı butalı kapron tuman geyindirilir. Rəqqasə qızın hərəkətliliyini təmin etmək üçün çəpkənin qollarının bəzəyi geyimi daha cəzbedici göstərir. Araxçın üzərindən taxılan, xalqımızın mədəni mirası olan ağ kəlağayı geyimdə lirik rəqsə uyğun gözəllik və həzinlik gətirir.

Bədurə xanım verdiyi tərtibatlarda hər zaman rejissorun, dramaturqun fikirlərini öncədən öyrənib buna uyğun geyim və qrim eksizləri hazırlayardı.

- Bəs rəssamın müharibədən sonrakı fəaliyyətini necə xarakterizə edərdiniz?

- Müharibədən sonrakı dövrlər rəssamın həyatında daha məhsuldar olub. Bu zamanlarda dalbadal səhnəyə çox sayda tamaşalar qoyuldu. 1947-ci ildə M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında "İşıqlı yollar" pyesi səhnələşdirilir, daha sonra Ə.Məmmədxanlının "Şərqin səhəri" pyesi üzərində işlər başlayır. Fasiləsiz və gərgin iş rejimində işləyən rəssamın işləri çox uğurlu olur. Növbə il hər iki tamaşanı qastrol proqramına daxil edirlər. Moskvadakı çıxışdan sonra əsas kütləvi informasiya vasitələri olan "Pravda", "İzvestiya" kimi qəzetlər Azərbaycan teatrının uğurundan yazırdı. Şübhəsiz ki, həmin uğurda bütün kollektivin gərgin əməyi vardı, lakin hər səhnədə obrazları və səhnəni müşayiət edən dekorasiya, geyim və qrimlərdə rəssam zəhməti də az deyildi. Rəssamın Azərbaycan teatr dekorasiyası sənətinin inkişafında əvəzsiz rolu olub, çalışdığı zaman hazırladığı dekorasiya və eskizlər həmin tamaşaların uğur qazanmasında mühüm rol oynayıb.

Bədurə xanım Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, eləcə də Qafqazda müxtəlif rəqs ansambllarının geyimlərinin də müəllifi olub. Qastrollarda uğurlar qazanan ansamblların nailiyyətlərində Bədurə Əfqanlının tikdiyi geyimlərdəki milli ornamentlərin də rolu vardı.

Təkcə Bakıda deyil, xarici ölkələrdə də dəfələrlə sərgiləri təşkil olunan Bədurə Əfqanlı yaddaşlarda ilklərlə qalıb. Buraya Azərbaycan gəlinciklərinin milli geyim eskizi, həmçinin, dövlət tədbirləri üçün nəzərdə tutulmuş Novruz personajlarının da eskizləri aiddir. Bədurə Əfqanlının əməyi yüksək qiymətləndirilib, ona 1949-cu ildə Əməkdar incəsənət xadimi, 1974-cü ildə Xalq rəssam fəxri adları verilib. Görkəmli sənətkar həm də keçmiş SSRİ-nin nüfuzlu ordenlərindən sayılan "Şərəf nişanı" ordeni ilə təltif edilib.

Aytac SAHƏD

 





23.01.2023    çap et  çap et