525.Az

Yüz ilin dedi-qodusu - Türkan Turan yazır


 

HÜZNLƏ BİTƏN REPORTAJ

Yüz ilin dedi-qodusu - <b style="color:red"> Türkan Turan yazır</b>

Saraylara gedəndə nə hiss edirsiniz? Möhtəşəm memarlığa heyranlıq? Keçmişlə iç-içə olmağın həzzi? Zamanın amansızlığı? Hər şeyin faniliyi? Həyatın insan üçün gözəl bir hədiyə olduğu? Əslində, heç kimin və heç nəyin gözdə böyüdüldüyü qədər böyük olmadığı? Yoxsa, hər birimizin iki metrə sığacaq bir məzarlıq boyda cana sahib olmağımız? Bu sualların uzatdıqca uzatmaq mümkündür. Saraylar belədir, mistik ab-hava yaradır, insanı ağılagəlməz məqamları düşünməyə sövq edir. İstanbulun Üsküdar səmtində yerləşən Bəylərbəyi sarayı da bunlardan biridir. Sultan Əbdüləzizin göstərişi ilə 1861-1865-ci illərdə İstanbulun ən gözəl memarlıq abidələrini ərsəyə gətirən Sarkis Balyan və qardaşı Hagop Balyana inşa etdirib. Boğaz körpüsünün altında, bəyaz inci kimi dənizin sahilində uzanıb gedən əsrarəngiz görüntüsü ilə insanı valeh edir. Bəylərbəyi kompleks saraydır; tərkibində Mərmər Köşk, Sarı Köşk, Ahır Köşk və iki kiçik dəniz köşkü mövcuddur.

 

Əsrarəngiz memarlıq abidəsi

 

Saray inşa edilmədən əvvəl bu bölgə Bizans dövrünə aid "stavroz" bağları adlandırılan qoruq olub. Daha sonra Osmanlı dövrünə aid buradakı ilk tikili II Səlimin qızı olan Gövhərxan Sultanın sarayı olub. IV Murad həmin sarayda dünyaya gəlib. Sonra I Əhməd tərəfindən Şəvkabad Qəsri, III Əhməd dövründə isə Fərahabad Yalısı inşa edilib, I Mahmud anası üçün Fərahfəza Qəsrini inşa etdirib. 1800-cü illərdə isə bu bölgə padşahların hasbağçası olub. Ancaq III Mustafa dönəmində bütün köhnə tikililər sökülüb və ərazi xalqa satılıb. Lakin II Mahmud hakimiyyətə gəldikdən sonra satılan əraziləri təkrar geri alır və 1829-cu ildə burada taxta saray tikdirir, bir müddət sonra yanır. Sultan Abdulməcidin də içində olduğu yanğın hadisəsindən sonra sarayın uğursuz olduğu düşünülərək qapısından içəri addım atılmayan yerə çevrilir. Bu qədər əl dəyişdirən, hakimiyyətlər görən, müxtəlif əsrin insanlarına qucaq açan ərazidə hazırda Bəylərbəyi Sarayı mövcuddur. İntibah, barok və şərq-qərb üslubunun qarışığı ilə tikilib. Üç girişi var; altı böyük salon, 24 otaq, 2 hamamdan ibarətdir. Saray düzbucaqlı quruluşdadır. Birinci qatda tamamilə mərmərdən, ikinci qatda isə mərmərəbənzər daşlardan istifadə edilib.

 

Zəbt edilmiş mədəniyyət...

 

Sarayın içi taxta oymalı, qızıl naxışlı şəkil və yazı kimi elementlərlə bəzədilib. İkinci mərtəbəsi böyük mavi salon və ətrafındakı otaqlardan ibarətdir. Sultan Abdüləziz sarayın daxili dizaynına xüsusi maraq göstərib, dənizə olan sevgisinə görə tavanlara dəniz və gəmi təsvirləri işlənib. Digər yerlərə nisbətən hərəm hissəsi daha sadə üslubda dizayn edilib. Saray kompleksinin digər strukturları olan Mərmər və Sarı Köşklər II Mahmud dövründə tikilən köhnə sarayın qalıqlarıdır. Mərmər köşkün kənarları mərmər lövhələrlə örtülü olduğundan bu adı alıb. Ahır köşk padşahın atlarına qulluq üçün tikilib. Bağındakı heykəllərin hamısı tuncdandır, Parisdən gətirilib.

Saray 1909-cu ildə memar Vedat Tek tərəfindən restavrasiya edilib. Cümhuriyyət dövründə isə bu əsrarəngiz memarlıq abdiəsinə lazım olan maraq göstərilməyib. Boğaziçi Körpüsünün sarayın yaxınlığında inşa edilməsi və digər binaların tikilməsi isə sarayın bütünlüyünün pozulmasına səbəb olub. Ərazinin bir qismi Qarayolları idarəsinə, bir qismi Dəniz Astsubay Məktəbinə verilib.

 

Krallara, imperatorlara bahar, Abdulməcidə məzar...

 

Saray əsasən qonaqlar üçün nəzərdə tutulub. Bəzi şahlar, imperatorlar, krallar burada qalıblar. Atatürk isə Balkan Oyunları Festivalında bir gecəni sarayda keçirib. Açığı, Bəylərbəyi sarayı yerli əhalinin beynində travmalı bir yer olaraq qalıb. Çünki bura taxtından endirilən Sultan Abdulhəmidə son günlərində zindanlıq etmiş, qaranlıq bir yer olaraq tarixə həkk olunub. Hətta bu, bir çox məşhur yazıçının romanına mövzu olub, çox yazılıb, çox danışılıb bu haqda!

 

İki ölkəni bir-birinə qatacaq eşq macərası

 

Təbii ki, bunlar tarixin rəsmi qeydləridir. Çünki təqvimlər müharibələri, sülh müqavilələrini, düşmənlikləri, sui-qəsdləri, ölümləri daha çox yazır. Məsələn, muzeylərdə nə verilən məlumat kitabçalarında, nə də səsli məlumat cihazlarında sarayların ən çox nə ilə yadda qaldığından bəhs etmirlər, etməzlər də. Amma bu sarayın Osmanlı tarixinin ən həyəcanlı eşq macərasına ev sahibliyi etdiyindən çoxlarının xəbəri yoxdur. Çünki yalnız görməyə hesablananlar pərdə önündə sərgilənir, əsas hadisələr isə həmişə pərdə arxasında baş verir. Sarayda gecələyən qonaqlardan birini axıra saxladım. Hansı ki həmin gecəyə şeirlər, romanlar həsr edilib. Bəylərbəyi sarayı deyəndə həm də alovlu, həsrət və intizar dolu eşq gəlir ağıla.

Bu, III Napoleonun xanımı Yevgeniya ilə Osmanlı padşahı Abduləzizin eşqi idi. Hər şey Fransa İmperatoru III Napoleonun 1867-ci ilin yayında Abduləzizi Fransada keçirilən millətlərarası sərginin açılışına dəvət etməsi ilə başladı. Parisdə gördüyü bir xanım elə ilk baxışda Abduləzizin ağlını başından aldı. Həmin qadın Fransanın gözəlliyi və zəkası ilə məşhur olan imperatiçası - yəni III Napoleonun həyat yoldaşı Yevgeniya idi!

 

Bir könüldən, min könülə...

 

Deyilənə görə, hökmdar on bir günlük səfəri zamanı Parisdə gözü heç nəyi görməyib, diqqətini heç nə çəkməyib, bütün fikri, düşüncəsi Yevgeniyada qalıb. Qadını təkrar görə bilmək hökmdara iki il sonra, 1869-cu ilin payızında nəsib olur. İmperatiça, bir açılış mərasiminə dəvətli idi; Misirə gəmi ilə gedirdi. Lakin yolda fikrini dəyişir və İstanbulda dinlənmək istədiyini bildirir.

Dedi-qodular bu ziyarətin elə ilk günündəcə başlayır. Hökmdar imperatiça üçün Bəylərbəyi Sarayını hazırladır. Hazırlıq göstərişlərini şəxsən özü verir. Yevgeniya daha torpağa ayaq basmadan dənizdə qarşılayır və onu hədiyyə yağışına tutur. Abduləzizin Yevgeniyaya gecə çiyninə atmaq üçün sifariş etdiyi və maddi dəyəri yüksək olan şal şəhərdə dillərə düşür.

İstanbul o həftə dedi-qodu ilə çalxalanır. Abduləziz 17 oktyabr gecəsi Dolmabahçedən səltənət qayığına minərək Bəylərbəyi sarayına keçir və gün ağarana qədər Yevgeniya ilə birlikdə qalır. Söz-söhbət surətlə böyüyür. Təbii ki, bunu eşidən və hiddətlənənlərdən biri hökmdarın anası Validə Sultan olur. Hərəmi ziyarətə gələn Yevgeniyaya "Qadın, sənin ərin yoxdur, niyə ölkənə qayıtmırsan?" deyir. Hətta həmin dönəm bəzi fransız qəzetləri "İmperatiçanı Parisdə görmək istəyirik" başlıqlı yazılar çap edirlər.

 

Keçmiş sevgilinin "qoxusu"

 

Yevgeniya ölkəsinə qayıtdıqdan sonra fəlakətlər arxa-arxaya sıralanır. Abduləziz taxtından devrilir və öldürülür. III Napoleon savaşda yenilirək əsir düşür, Yevgeniyanın sürgün həyatı başlayır. Osmanlı hökmdarı ilə imperatiça arasında yaşanan macəralar isə yüz il danışılır.

Ta ki, 19 il əvvəl, yəni 135 il keçdikdən sonra bu dedi-qodular bir ispan tərəfindən təsdiqlənir. İstanbuldakı İspaniya Kültür Mərkəzində "Cervantes Enstitüsü"nün müdiri Pablo Martin Asuero çap etdirdiyi "Mavi Sütunlu Saray" adlı kitabında Abduləziz ilə Yevgeniyanın 1869-cu ilin 17 oktyabr gecəsi Bəylərbəyi Sarayında birlikdə olduqlarını təsdiqləyir və bu bərabərliyin "çox incə" ayrıntılarını bütün çılpaqlığı ilə danışır.

İmperatiça Yevgeniya İspaniya kontunun qızı idi. Gəncliyi Parisdə keçdi, Napoleonla da burada tanış oldu və ailə qurdu. III Napoleonun alman ordusuna qarşı elan etdiyi savaşda yenilərək əsir düşməsinin ardından Yevgeniya Parisdən qaçır, İngiltərəyə sığınır. Bir il sonra azad edilən əri ilə İngiltərədə birgə yaşamağa başlayırlar. Fransaya bir daha heç vaxt qayıtmır, az qala yarım əsr sürgün həyatı yaşayırlar. Ərinin ölümündən sonra da siyasətlə məşğul olmağa davam edir, amma müharibəyə gedən oğlunun ölüm xəbərindən sonra özünü dinə verir. 94 yaşında Madriddə ölür. Doğrudur, Fransaya 50 il getmir, amma 1869-cu ildəki ziyarətindən sonra, 1911-ci ildə İstanbula təkrar gəlir. O dönəmin hökmdarı Sultan Rəşadı ziyarət edir və padşahdan yenidən böyük səs-küyə səbəb olacaq bir xahişi olur. İstanbula 42 il əvvəl gələrkən tanış olduğu Sultan Abduləzizin kiçik oğlu Yusuf İzzət Əfəndini görmək istədiyini deyir. Görüş baş tutur. Xəbər İstanbuldan Parisə qədər yayılır. Həmin illərdə sarayın "mabeyn baş katibi" olan böyük yazıçı Halid Ziya Uşaklıgil xatirələrində həmin görüşdən bəhs edərkən, "...Qəlbinə nə toxundu, bunu bilmək mümkün deyil. Fəqət, sandala doğru irəliləyərkən sanki daha da yaşlanmış, hətta daha çökmüş kimiydi" deyə yazır.

Heç nə və heç kim göründüyü kimi deyil. Hər kəsin, hər yerin bir hekayəsi var, bir az nəşəli, bir az qəmli, bir az hüzünlü, bir az uzaq, bir az yaxın, bəzən çox kiçik, bəzən çox böyük. Bəylərbəyi sarayı kimi...

Həqiqətən, siz saraylara gedəndə nə hiss edirsiniz? Möhtəşəm memarlığa heyranlıq? Keçmişlə iç-içə olmağın həzzi? Zamanın amansızlığı? Hər şeyin faniliyi? Həyatın insan üçün gözəl bir hədiyyə olduğu? Əslində, heç kimin və heç nəyin gözdə böyüdüldüyü qədər böyük olmadığı? Yoxsa, hər birimizin iki metrə sığacaq bir məzarlıq boyda cana sahib olmağımız?

 

 





23.01.2023    çap et  çap et