525.Az

Xoşbəxtlikdən usananda... - Əlisəfdər Hüseynov yazır


 

Xoşbəxtlikdən usananda... - <b style="color:red"> Əlisəfdər Hüseynov yazır</b>

Kiçik bir müqəddimə

 

...Xoşbəxt bir ömür yaşamaq üçün tale bu oğlana hər şey vermişdi: kişi cazibədarlığı - şərqli cavanlara xas qaynar baxışlar, boy-buxun, yaraşıq, üstəgəl, istedad - həm yazı-pozusu, rəssamlığı vardı, həm də aktyorluğu - Azərbaycan kinosuna Elşən ("Bir qalanın sirri"), Rəcəb ("Onun böyük ürəyi"), Rasim ("Bizim küçə") kimi maraqlı, yaddaqalan obrazlar bəxş etmişdi. O vaxtlar hələ gənc idi, amma qazandığı uğurlar, yaşadığı ömür qarşıda onu gözləyən, yaşanacaq yeni anların daha böyük şirinliyindən soraq verirdi və Gündüz Abbasov hər gün bu ümidin əlindən tutub qırımından bəxtəvərlik, xoşbəxtlik yağa-yağa kinostudiyaya yollanırdı. Simnar xan, Göygöz Kosa kimi zalımların atasını yandıran igid Elşəni tanıyıb ayaq saxlayan uşaqların heyran, gözəl-göyçək qızların oğrun baxışlarına təbəssümlə cavab verir, bu şöhrətdən xoşlanır, bir az özünü dartırdı və xoşbəxtlik ilğımına bürünmüş bir ömrün şirin, dadlı anları bax beləcə yaşanırdı.

Gündüz Abbasov o vaxtlar həmyaşıdlarının, kinonu sevən cavanların sevimlisi idi, peşəkar aktyor olmasa da, Elşən onu Azərbaycanda məmə yeyəndən pəpə yeyənə qədər hamıya tanıtmışdı. Hətta sorağı gedib kino ölkələrindən biri olan Fransaya da çatmışdı (!).

Kim nə deyir desin, Gündüz Abbasov o vaxtlar xoşbəxt idi...

Bəs sonra? Görəsən, çoxmu çəkdi bu xoşbəxtliyin ömrü?

Mən vəfatından 4 il əvvəl - 1991-ci ilin bir yaz günündə Gündüz müəllimlə görüşəndə saçları ağappaq idi, qədd-qamətindəki əvvəlki şuxluqdan əsər-əlamət qalmamışdı. Əvvəlki o qaynar, alıcı baxışlarda nə isə mübhəm bir kədər, qüssə yuva salmışdı. Gündüz müəllim saqqal saxlayır, təsbeh çevirirdi və bu görkəmdə nədənsə mənə nağıllarımızdakı tərki-dünya dərvişləri xatırladırdı.

Bir vaxtlar Gündüzün böyük gələcəyinə inamla baxanlar artıq təəssüflə deyirdilər ki, onunku gətirmədi, Gündüz yaşamalı olduğu ömrü yox, əslində yaşamağa haqqı çatmadığı bir ömür yaşadı. Gündüz gərək biri-birindən möhtəşəm obrazlar yaradaydı, fəxri ad alaydı, kitablar yazaydı, sənət məclislərində yuxarı başda oturaydı.

Amma bunların heç biri olmamışdı və Gündüz Abbasov xeyli vaxt idi ki, tək yaşayırdı (baxmayaraq ki, iki dəfə ailə qurmuşdu), heç filmlərə də çəkilmirdi.

Görəsən, niyə belə olmuşdu?

              

Təkbətək

 

Filarmoniyanın qarşısındakı binada arakəsmələrlə 3 hissəyə bölünmüş bir otaq idi. Pəncərə tərəfdə qoyulmuş mizin üstündə kitablar qalaqlanmışdı. Bayaqdan nə qədər əlləşsəm də, köhnə bufetin vitrinlərinə sancılmış fotolardan bu otağın sakitliyinə boylanan gənc oğlanla mənimlə üzbəüz oturub siqareti siqaretə calayan Gündüz Abbasov arasında eynilik, ortaq cəhətlər tapa bilmirdim. Mənimlə üzbəüz oturan adam sanki hər şeydən yorulmuşdu, bezmişdi.

- Gəlin səmimi söhbət edək, Gündüz müəllim. Etiraf üstündə köklənmiş bəzək-düzəksiz bir söhbət.

- Mən hamıya qarşı həmişə səmimi olmuşam.

- Neçə yaşınız var?

- Keçən il 60 oldu.

- Bəs niyə təbrik-filan yazmadılar? Ən azından Kinematoqrafçılar İttifaqı...

- Əşi, nəyimə lazımdır? Məndə vaxt, səbr hardandır ki, qapılara düşüm.

- Öz halal haqqınızı almaq üçün qapılara niyə düşürsünüz ki? Aktyorluğunuz bir yana, 3 kitabınız çıxıb. Hələ tərcümə kitablarınızı demirəm.

- ....

- Düzünə qalsa, Gündüz müəllim, mənə elə gəlir ki, siz hal-hazırda həm sənətdəki taleyinizin, həm də şəxsi həyatınızın sazaqlı, nisgilli bir dövrünü yaşayırsınız.

- Heç bilirsən mənim başıma nələr gəlib?

- Bilmirəm, amma bilmək istəyirəm. Kimlərdənsiniz, ilk hekayənizi nə vaxt yazmısınız?

- Əslim Xızıdandır. Anam Cəfər Cabbarlının qardaşı qızıdır. 1947-52 -ci illərdə Əzim Əzimzadə adına rəssamlıq məktəbində oxumuşam. 1953-cü ildə Universitetin filologiya fakültəsinin nəzdindəki jurnalistika şöbəsinə daxil oldum. Famil Mehdini, Tofiq Rüstəmovu tanıyırsan?

- Əlbəttə. Hər ikisi müəllimim olub.

- Bax onlarla bir yerdə oxumuşam. Hələ tələbə olanda radio ilə əməkdaşlıq edirdim. Uşaq və gənclər redaksiyasında işə də düzəlmişdim. Sonra kinoya aludə oldum. Çəkildiyim rolları yəqin ki, bilisən. "Koroğlu" filmində Koroğlunu da mən oynamalı idim. Amma... Nə isə... 1962-ci ildə mən və Nodar Şaşıqoğlu kinostudiyanın aktyor ştatına qəbul olunduq. Amma bir az sora yenidən jurnalistikaya qayıtdım, "Azərnəşr"də ədəbiyyat şöbəsində işlədim, "Ədəbiyyat və incəsənət" qəzetində şöbə müdiri oldum. Sonra təzədən radioya getdim və bu gedişlə düz 13 il kinodan aralı düşdüm.

- Eşitmişəm ki, gənc yaşlarınızda həm də yaxşı voleybolçu olmusunuz!

- Kim deyib?

- Qəzetimizin məsul katibi Aydın Kərimov. O da Universitetdə sizinlə eyni vaxtda oxuyub. Deyir ki, istedadlı, təvazökar, özünə qarşı tələbkar oğlan idi. Rac Kapura oxşayırdı.

- (Gülür) Yox əşi. Yəqin zarafat eləyib. Amma idman məsələsi düzdür. Vaxtilə Respublikanın voleybol komandasında çıxış etmişəm. Səhv etmirəmsə, Zaqafqaziya çempionu adını qazanan ilk azərbaycanlı voleybolçuyam.

- Kinodan niyə uzaq düşdünüz? Axı 60-cı illərin əvvəllərində dəbdə olan aktyor olmusunuz.

- Bu barədə danışmasam, inciməzsən?.. (Nə isə fikirləşib əlavə edir) Mən bir aktrisa ilə dostluq edirdim. Kimlərsə bunu istəmirdilər. Bu yolla məndən hayıf aldılar.

(Bu, dostluq deyildi, Gündüz müəllim, başıbəlalı, sonu yaxşı heç nə vəd etməyən, ilğıma bürünmüş bir eşq macərası idi. Və o xanıma görə ailəniz dağıldı, həyat yoldaşınız aktrisa Ofeliya Məmmədzadədən ayrıldınız. Mən o xanımın kim olduğunu bilirəm, heç siz özünüz də onun kimliyini məndən gizlətməmişdiniz o vaxt. Amma mən müəyyən səbəblərə görə yazmıram onun adını, ümumiyyətlə, bu romanın təfərrüatlarına varmaq istəmirəm... Bir müddət sonra 2-ci dəfə ailə qurdunuz. Amma bu izdivacın da ömrü çox çəkmədi.

Çox-çox sonralar qızlarınızdan biri açıq-aydın dedi ki, atamı kino, daha doğrusu, kinoda qazandığı uğurlar, kinonun gətirdiyi şöhrət məhv elədi. Dəqiq müşahidədir. Yaratdığınız ekran obrazları, xüsusilə də Elşən sizə təkcə şöhrət, bəxtəvərlik yox, elə şöhrət, bəxtəvərlik qədərində ailə-məişət problemləri yaratdı, sizə əməlli-başlı başağrısı oldu. Siz öz bəxtəvərliyinizin, xoşbəxtliyinizin zirvəsində duruş gətirə bilmədiniz, Gündüz müəllim).

Kinoya bir də 1975-ci ildə qayıtdım, "Dədə Qorqud" filmində Bəybura rolunda çəkildim. Sonra başqa filmlərə də dəvət aldım, amma daha baş rollara yox.

(Amma vaxt vardı ki, Gündüzün üstündə dava idi. Rejissorlar onu öz filmlərində çəkmək üçün əldən gedirdilər. Hətta bir dəfə bir kələyin qurbanı olmuşdu. Əlisəttar Atakişiyev "Bir qalanın sirri"ni çəkəndə Moskvadan Gündüzün adına teleqram gəlir. Hüseyn Seyidzadə onu Koroğlu roluna dəvət edirdi. Teleqram Əlisəttar müəllimin əlinə keçir və "Bir qalanın sirri"ni Gündüz Abbasovsuz qoymamaq üçün o, həmin teleqramı gizlədib aktyora bu barədə heç nə demir).    

- Sizin kinodan uzaq düşməyinizin səbəbləri barədə ayrı söz-söhbət də gəzir.

- Gəzir gəzsin də. Nə deyirlər demirlər - məni maraqlandırmır...

Susuruq,.. çay içir, təzə siqaret yandırırıq. Bayaq redaksiyadan çıxanda iş yoldaşlarımla Gündüz müəllimə vermək üçün hazırladığımız sual yadıma düşür. Deyəndə ki, Gündüz Abbasovgilə gedirəm, çiçəkləri çırtlamışdı. Sonra hamımız yığışıb bir sual hazırlamışdıq. Sadə bir sual.

- Gündüz müəllim, sizə elə gəlmirmi ki, yaşadığınız ömrün sıxıntısı, nisgili fərəhindən, sevincindən çox olub?

- Bəlkə də elədir. Amma əsas məsələ ondadır ki, mən öz taleyimi, öz qismətimi yaşamışam. Ürəyim necə istəyib, o cür. Sıxıntılı günlərim çox olub. Gizlətmirəm, milisə də düşmüşəm, özü də haqsız yerə, günahım olmaya-olmaya. Bu hadisədən sonra bir müddət işsiz də qalmışam. Ailə həyatımda da hər şey istədiyim kimi alınmayıb. Amma bütün bunları taleyin qaçılmaz qismətləri kimi qəbul etmişəm. Ola bilsin ki, həyatımı soyuq başla cızılan plan üzrə qura bilməmişəm. Amma qazandıqlarımın qədrini bilməyi, sevinci ilə yaşamağı da bacarmışam. Mənim üçün narahat olan anam, beş  övladım, yeddi nəvəm var. Məgər bunlar azdır?

- Əlbəttə, yox

- İndi təqaüdə çıxmaq üçün sənədlərimi hazırlayıram. Yazı-pozu ilə məşğul olmağa vaxtım çox olacaq.

- Tərcüməçilik fəaliyyətinizdən xəbərim var. Bilirəm ki, klassik və müasir rus nəsrindən, habelə xarici ölkələr ədəbiyyatından bəzi nümunələri dilimizə çevirmisiniz. Amma öz kitablarınızı oxumamışam.

- Birinci kitabım 1959-cu ildə çıxıb - "Atasının qızı". Üç il sonra "Canlı körpü", 1965-ci ildə isə "Qanadlar" adlı kitablarım nəşr olunub. Məndə olan nüsxələri oxumaq üçün sizə verə bilərəm, amma qaytarmaq şərti ilə.

- Mütləq. Hazırda bir şey yazıb eləyirsinizmi?

- Mixail Zoşşenkonun hekayələrini tərcümə edirəm. Abbas Abdulla, Yusif Səmədoğlu məndən təzə hekayələr istəyiblər. Yazmışam, amma təqdim eləməyə tələsmirəm. Yazı-pozuda özümə qarşı çox tələbkaram. Üzərində çoxdan çalışdığım iki povestim var. Görək də, sağlıq olsun...

 

Final

 

...Küçədə kitabları gözdən keçirəndə barmağımı dişlədim və "Canlı körpü" ürəyimdə bu günün hadisələrindən 21 il əvvələ körpü saldı, 21 il əvvəl yaşadığım duyğuları yenidən yaşadım. Bu kitabı mən 10 yaşım olanda oxumuşdum və elə kitabın adını daşıyan hekayədə təsvir olunan hadisələr məni yaman tutmuşdu. İki dəfə oxumuşdum o hekayəni, elə indi yol gedə-gedə yenə oxumaq istədim və oxudum da. Bu dəfə həmin hekayə məndə qəribə duyğular oyatdı. Fikirləşdim ki, hərdənbir bu dünyanın sevincindən, xoşbəxtliyindən  qorxmaq, ehtiyat etmək lazımdır, çünki sevincin o biri üzü kədər, sıxıntı, xoşbəxtliyin tərs üzü isə uğursuzluq və bədbəxtlikdir. Gərək xoşbəxtliyindən usanıb bezməyəsən, sevincinə, xoşbəxt anlarına bir hədd qoyasan ki, sabah əlindən çıxanda ürəyin partlamasın.

Hə, o hekayədə bir ailənin başına gələn dramatik hadisələr əks olunub. Gənc ər və arvadın arasına heç nədən söz düşür. Gəlinin anasının günahı üzündən ailə az qalır dağılsın. Son anda yeganə övladları qanlarının arasına girir, ata-anasının arasında canlı körpüyə çevrilib qoymur ki, ailə ocağı sönsün. Adam hekayəni oxuyur, bu dünyada canlı körpülərin olmasına sevinir. Amma fikirləşəndə ki, bu sevincin o biri üzü kədərdir - qorxursan. Vallah qorxursan. Bu qorxu duyğusu çox amansız şeydir. Adam öz sevincindən qorxa-qorxa sevgi duyğusunu itirə bilər.

İlahi, sən bizi öz sevgimizin, sevincimizin qəfil zərbələrindən qoru!

Qoyma ki, xoşbəxtliyimizdən usanaq!

P.S. Qızının dediyinə görə, serrozdan əziyyət çəkən Gündüz Abbasov son nəfəsdə   "Peşman olmuşam" - deyib və ardınca  gözlərini əbədi yumub...

Vəfat edəndə 65 yaşı hələ tamam olmamışdı...

Ruhu şad olsun.

 





23.01.2023    çap et  çap et