525.Az

Antik dünyanın parlaq şəxsiyyətləri - Telman Orucov yazır


 

Antik dünyanın parlaq şəxsiyyətləri - <b style="color:red"> Telman Orucov yazır</b>

(Əvvəli ötən şənbə sayımızda)

 

 Döyüşçülər iki hörmətli siyasi xadimin qanunsuzluğun qurbanları olduğunu gördükdə hiddətləndilər, qorxuya düşdülər ki, onlara pensiya və mükafat verilməyəcəkdir. Sezar da əsgərlərin narazılığını qızışdırırdı.

Ön Alp Qalliyasında həmin qış vaxtı (b.e.ə. 50-49-cu illər) təkcə bir legion var idi. Sezar bütöv Qalliya ordusunun gəlişini gözləməyib, İtaliyaya girməyə hərəkət etdi, bu vaxt onun cəmi 5 min adamı var idi. Rubikon çayına, bu kiçik su hövzəsi Qalliya ilə İtaliyanın sərhədi idi, Sezar uzun müddət sahildə dayanıb, qoşunu çaydan keçirmək istəmirdi. Sərhədi keçmək vətəndaş müharibəsinin başlanması olardı. Nəhayət, o, "Alea yacta!" - "Püşk atılmışdır!" sözlərini deyib, özü birinci olaraq çayı keçdi.

Senat Pompeyə paytaxtı mühafizə etməyi tapşırdı. Pompeyin isə qoşunları İspaniyada və Afrikada idi. Sezar sürətlə irəlilədiyindən onun öz qoşunlarını gətirməyə vaxtı çatmadı. Romada başa düşdülər ki, şəhəri qoruyub saxlamaq mümkün olmayacaqdır, hamı çaş-baş qalmışdı. Paytaxtdan əhali kütləvi qaydada qaçmağa başladı. Senat üzvlərinin çoxu, Pompeyin özü də İtaliyanı tərk edib, Yunanıstana qaçdılar. Sezar müqavimət görmədən Romaya daxil oldu. Pompey tələsdiyindən dövlət xəzinəsini özü ilə çıxara bilməmişdi və sərvət qalibin əlinə keçdi.

İtaliyanı özünə tabe edəndən sonra Sezar Pompeyin əsas qüvvələrinin olduğu İspaniyaya yollandı. Qısa, lakin dəhşətli müharibədən sonra Sezar Pompeyin İspaniyadakı ordusunu qeyd-şərtsiz təslim olmağa məcbur etdi.

Payızda Sezar Romaya qayıtdı, burada onu diktator elan etdilər. Sonra o, ordu ilə İtaliyanın cənubi-şərqinə gedib, oradan Yunanıstana yollandı. O, bütün ordusunu Balkan yarımadasına keçirə bilmədi, çünki nəqliyyat gəmiləri çatışmırdı. Həm də Adriatik dənizində Pompey donanması ağalıq edirdi. Ona görə də Sezar özü dənizlə geri qayıtdı ki, ordusunu tələsdirsin. Səfəri gizli olduğundan qul paltarı geyinmiş və üzünü örtmüşdü. Lakin dənizdə tufan başladığından Sezar geri dönməyə məcbur oldu.

Nəhayət, İtaliyadakı ordu Antoninin komandanlığı altında Yunanıstana gəldi və Sezara qoşuldu. Tezliklə Şimali Yunanıstandakı Farsalda həlledici döyüş getdi. Pompeyin əsgərləri Sezarın veteran döyüşçülərinə qarşı gücsüz idilər. Pompey ordusunun qalığı təslim oldu, özü isə Misirə qaçdı və orada öldürüldü.

Pompeyin ölümündən sonra Sezarın pula ehtiyacı var idi, ona görə də Misirə getdi. Orada böyük məbləğdə pul əldə edəcəyini fikirləşirdi. Misir çarı Ptolomey öz bacısı Kleopatranı paytaxtdan qovmuşdu. Sezarın buradakı gücü də böyük deyildi. Ona görə də Kleopatranı geri qaytarmağı qərara aldı. Qızın cəsarətinə və gözəlliyinə valeh olan (əslində, o, o qədər də gözəl deyildi) Sezar təkcə onu taxt-taca oturtmadı, həm də onunla nikaha girdi.

Kənardan gələnlərin Misirin daxili işlərinə qarışması və onun sərvətlərini əlindən alması yerli əhalinin üsyanına səbəb oldu. Romalıların kiçik dəstəsi təhlükəli vəziyyətə düşdü. Düşmənləri Sezarın gəmiləri ilə əlaqəsini kəsdi, xilas olmaq üçün romalılar paytaxt Aleksandriyanı yandırdılar. Yanğın vaxtı məşhur Aleksandriya kitabxanası da yandı. Qəzəblənmiş sakinlərdən xilas olmaq üçün Sezar Aleksandriya limanındakı kiçik Faros adasında gizləndi. Burada yeddi möcüzədən biri olan Faros mayakı yerləşirdi. Onun qayığına hücum ediləndə, o, suya tullanıb, onun üstünə ox yağdırılmasına baxmayaraq, üzüb sahilə çıxdı.

Suriyadan gələn legionların köməyi ilə üsyan yatırıldı. Bu vaxt şərqdə Pont çarı VI Mitridat Yevpatorun oğlu Farnak Romaya qarşı müharibəyə başladı. O, Kiçik Asiyanın xeyli hissəsini tuta bildi. Sezar üç legionla Farnaka hücum etdi. Bir döyüşlə Pont çarı ilə müharibə başa çatdı. Qələbə o qədər asan başa gəlmişdi ki, o barədə Romaya xəbər göndərən Sezar üç söz işlətməklə kifayətləndi: "Veni, vidi, vici!" - "Gəldim, gördüm, qalib gəldim!"

Pompeyin legionlarının qalığı Afrikada toplaşanda, onların başında Sezarın çoxdankı düşməni Katon dururdu. Pompeyçilərə Numidiya çarı Yuba da qoşuldu. İspaniyada da vəziyyət yaxşı deyildi, orada Pompeyin veteranları Roma qarnizonlarında qalırdılar. Sezar Afrikaya tələsdi. Tapsa şəhəri yaxınlığında bir-birinə əks olanlar görüşdülər. Tale yenə Sezara əvvəllər olduğu kimi xoş sifətini göstərdi, üç saat ərzində o, düşmənin üç düşərgəsini tutdu, Pompeyçilərin itkisi 50 minə çatdı, Sezarın itkisi isə vur-tut 50 nəfər döyüşçüdən ibarət idi. Katon öz işinin uduzulduğunu anlayıb, həyatını özünü öldürməklə başa çatdırdı.

Sezar Romaya qayıtdı, triumfunu bayram etdi, özü də Qalliyada, Misirdə, Kiçik Asiyada və Afrikada qazandığı bütün qələbələrin şərəfinə bahalı hədiyyələr payladı, xalqa isə nəhəng ziyafətlər təşkil edildi. 22 min masanın üzərinə bütün vətəndaşlara qonaqlıq vermək üçün xörəklər düzülmüşdü. Bayramı quruda və suda keçirilən qladiator döyüşləri yekunlaşdırdı.

Bu hadisədən bir qədər sonra Sezar dördüncü dəfə konsul seçilib, İspaniyaya yollandı. Orada Pompeyin oğlanları Qney və Sekst üsyan qaldırmışdılar. B.e.ə. 45-ci ildə gərgin döyüş getdi. Sezarın əsgərləri fasiləsiz müharibələrdən cana doyub, ərzağın çatışmamasından əziyyət çəkərək könülsüz vuruşurdular. Ona görə də qələbə böyük itki hesabına başa gəldi. Bu döyüşdə pompeyçilərin son başçıları da həlak oldu, təkcə Pompeyin oğlu Sekst qaçıb gizlənə bildi.

Belə görünürdü ki, artıq Sezarın qüdrətini məhv etməyə qadir olan qüvvə qalmamışdır. Qarışıqlıqlardan və vətəndaş müharibələrindən qorxan romalılar uzun müddətli sakitliyin yaranması üçün yeganə ümidi monarxiyada görürdülər. Son illərdə şəhərin 230 min vətəndaşından 170 mindən çoxu həlak olmuşdu, İtaliyanın işğal ərazisində və əyalətlərdə isə itki daha böyük idi. Qalib sərkərdə ona onillər davam edəcək diktator səlahiyyətləri verilməsi ilə razılaşmırdı, o, artıq ömürlük diktatora çevrilmişdi. Bundan istifadə etməklə, Sezar magistratların, kvestorların, edilələrin və pretorların sayını xeyli çoxaltdı. Varlı adamları öz tərəfinə çəkmək üçün, onları yüksək vəzifələrə təyin etdi.

Bu məqsədlə Sezar senatorların sayını bir yarım dəfə artırdı, ali şuraya öz tabeliyində olanları, hətta qul olmaqdan azad olmuşları - libertinləri daxil etdi. İstefada olan əsgərlərə İtaliyanın özündə və onun sərhədlərindən kənarda torpaqlar verdi. On minlərlə veteran Qalliyada, Afrikada və Yunanıstanda torpaqlar aldı.

Böyük pontifik kimi Sezar Roma kahinlərinin başında dayanırdı. Adamlar istəyirdi ki, təqvim asanlaşdırılsın və hamının başa düşdüyü kimi olsun. Sezar Romaya Misir astronomlarını dəvət edib, öz başçılığı altında onlar təqvim islahatı keçirib, ili 12 günəş ayına böldülər. Hər dörd ildən bir, ilə bir gün əlavə edilirdi. Yuli Sezarın doğum gününün düşdüyü ay onun adının şərəfinə iyul adlandırıldı. Roma təqvimi qədimdə mövcud olanların ən dəqiqi idi və onun tətbiqi Sezarın adını min illər boyu şöhrətləndirdi.

Qazandığı nailiyyətlər heç də Sezarın coşqun fəaliyyətlə fərqlənən təbiətini sakitləşdirə bilmirdi, əksinə, onu daha cəsarətli işlərə ilhamlandırırdı. O, öz uğurlarının köləsinə çevrildi və artıq şəxsi yeniliklərini dayandıra bilmirdi. Ordunu İspaniya müharibəsinə görə mükafatlandırmaq lazım olduğu halda, buna sərf etməyə pul yox idi, xəzinə boş idi. Əsgərlərə lazım olan haqqı ödəmək üçün iri qazanc mənbəyi kimi yeni müharibə aparmaq lazım gəlirdi.

Sezarın düşündüyü yürüş Aleksandrın yürüşünün şöhrətini də kölgədə qoymalı idi. O, Krassın qadir ola bilmədiyini - Parfiya səltənətini darmadağın etməli idi, sonra isə Skifiyadan, Germaniyadan və Qalliyadan keçməklə şimal yolu ilə İtaliyaya gəlməli idi. O, romalıları şirnikləndirmək üçün çox sayda parlaq proyektlər vəd etməyi qərara aldı, onlar əhalinin istisnasız olaraq bütün təbəqələrinə faydalı olacaqdı. Onları həyata keçirmək üçün böyük vəsait tələb olunurdu, onu isə varlı Parfiyanı işğal etməklə əldə etmək olardı. Nəzərdə tutulan oyun yandırılan şama dəyərdi.

Yürüşə getməmişdən əvvəl o, Romada öz vəziyyətini möhkəmləndirmək istədi. Bu möhkəmlik əldə edilməsə, yenə də Romanı vətəndaş müharibəsinə cəlb etmək lazım gələcəkdi. Bunun üçün ən yaxşısı özünü çar elan etmək idi və Ellin monarxları kimi, o, öz sülaləsinin əsasını qoymalı idi. Özünün övladı olmadığından bu məqsəd üçün bacısının nəvəsi, 17 yaşlı Oktavini oğulluğa götürdü.

Sezarın tərəfdarları belə şayiə yayırdılar ki, guya köhnə kitablarda deyilir ki, parfiyalılara yalnız çar qalib gələ bilər. Bir dəfə bir neçə adam onu görəndə "Yaşasın çar!" deyə qışqıranda o, sakitcə demişdi ki, "Siz nəyisə səhv salırsınız. Mənim adım çar yox, Sezardır".

Özünün axırıncı konsulluğunda ona sədaqətli olan Mark Antonini ikinci konsul təyin etmişdi: bir bayram vaxtı Forumda Antoni onun başına qızıl tac qoymaq istədi. Az sayda adam buna əl çaldı. Lakin Sezar tacı kənara itələdi, bu vaxt alqışlar daha gur səsləndi. Antoni əmin idi ki, Sezar ona görə imtina etmişdi ki, ondan bunu yenidən xahiş etsinlər.

Bu məsələdə uğursuzluğuna görə, Sezar öz müxalifləri ilə, onların ictimai vəziyyətinə baxmayaraq, haqq-hesab çəkmək istədi. Xalq tribunaları onun heykəlinin başına qoyulmuş tacı qoparıb atanda, o, tribunları vəzifədən kənarlaşdırdı və senatdan qovdu. Köhnə aristokratlar onun pozuculuq fəaliyyətindən ehtiyat edirdilər. Hakimiyyətə gəldikdən sonra o, çox dəyişmişdi və xalqa verdiyi vədləri heç də yerinə yetirmək fikrində deyildi. Aristokratlar Sezara nifrət edirdilər. Lakin həm də onun diktaturasına qarşı mübarizədə gücsüz olduqlarını hiss edirdilər. Yeganə ümidləri isə Yuli Sezarın ölməsi, həyatı tərk etməsi ilə bağlı idi.

Senatorlar arasında qəsd ideyası meydana gəldi, onlar Sezarı məhv etmək və respublika qaydalarını möhkəmlətmək istəyirdilər. Qəsdin başında Mark Brut, Detsim Brut, Albin və Kassi dururdu. Qəsdçilərin sayı tezliklə 60-a çatdı və hazırlanan sui-qəsd təhlükəsi barədə söhbət şəhərə yayıldı. Dostları Sezara öz mühafizəsini gücləndirməyi məsləhət görsələr də, o, onlara qulaq asmaq istəmədi. Çuğulçuluq halları günbəgün artırdı. Lakin onların çoxu yalan və saxta idi. Çuğulçular öz düşmənləri ilə haqq-hesab çəkmək istəyirdilər. Sezar apatiyayla üzləşirdi, deyirdi ki, daimi bir qorxuda yaşamaqdansa, bir dəfə ölmək yaxşıdır.

Qəsdçilər diktatoru mart idilərində (ayın ortasında, 15 martda) öldürməyi qərara almışdılar. Həmin gün Senatın iclasında Sezar dənizin o tərəfindəki bütün torpaqların çarı elan edilməli və İtaliyadan kənarda çar tacını daşımalı idi. Bir falçı onu sui-qəsd barədə xəbərdar etmişdi, Sezar ona inanmasa da, bu dəfə arvadı da ona dedi ki, xəstəliyini səbəb gətirib, evdən çıxmasın. Qiyamçılar qəsdin məlum olmasına görə, senatın iclasının təxirə salınacağından qorxurdular. Ona görə də Detsin Brutu onu senata gəlməyə təkid etməyə göndərdilər. Axı o, Qalliyada Sezarın komandanlığında vuruşmuşdu.

Sezar arvadının xəbərdarlığına məhəl qoymayıb, evdən çıxdı. Yolda həmin falçıya dedi ki, mart idiləri gəlmişdir, mən isə hələ sağam. Falçı dedi: "Gəlib, amma keçib getməyib". Bu sözlər sonra zərb-məsələ çevrildi.

Sezar senatın iclas zalı olan kuriyanın girişinə yaxınlaşanda, ona hazırlanan sui-qəsd barədə papirusdakı yazını verdilər. Lakin çox saydakı xahişçilər onun diqqətini yayındırdı və Sezar senata girdi. O, yazılanı oxuya bilməmişdi.

Sezar kuriyaya girəndə hamı ayağa qalxıb, diktatoru salamladı. Qəsdçilərdən çoxu onun kreslosunu mühasirəyə aldılar. Onlardan biri xahiş edirdi ki, onun sürgündə olan qardaşını geri qaytarsın. Sezar rədd cavabı verəndə o, diktatorun toqosunun ətəyindən tutub, bərk çəkdi və onun boynu açıq qaldı. Bu, siqnal idi. Qəsdçilər plaşlarının altından qılıncı çıxarıb, diktatorun üstünə atıldılar. Onlar əvvəlcədən öhdəlik götürmüşdülər ki, hər kəs Sezara ən azı bir zərbə vuracaqdır ki, heç kəs sonra özünün günahkar olmadığını sübut etməyə çalışmasın. Elə qarışıqlıq yaranmışdı ki, qəsdçilər bir-birlərini də yaralamışdılar. Sezar hara üz tuturdusa, ona qarşı zərbə vurmağa hazır olan qılıncları görürdü. Ona 23 yara vurdular, onlardan yalnız ikisi ölümcül idi. Senatorlar isə dinməz qaydada baş verənlərə tamaşa edirdilər. Heç kəs Sezarı müdafiə etməyə cəsarət etmirdi. Diktator qan axıda-axıda Pompeyin heykəlinin ayağına yıxıldı. Elə görünürdü ki, Pompey özünün ayaqlarına döşənmiş əleyhdarına ləzzətlə baxır. Hər şey qurtaranda Mark Brut nitqlə senata müraciət etmək istədi, lakin senatorlar donmuş vəziyyətdən ayılıb, qaçmağa başladılar, onlar şəhərə qorxu və qarışıqlıq yayırdılar.

Sezar öləndə 56 yaşı var idi, Pompeydən dörd il sonra həyatı tərk etmişdi. O, qüdrətindən və hakimiyyətdən istifadə edə bilmədi, onları isə ömrü boyu böyük zəhmətlə əldə etmişdi. Lakin qəsdçilər də öz məqsədlərinə nail ola bilmədilər, senatın hakimiyyəti bərpa edilmədi. Sezarın ölümündə iştirak edənlərin heç biri sağ qalmadı.

SON

 





23.01.2023    çap et  çap et