Avstraliya dəniz yollarını və limanlarını potensial təhlükələrdən qorumaq üçün dəniz müdafiəsinə təxminən 1 milyard dollar xərcləyəcəyini bildirib. Həmçinin "9News"un xəbərində bu xərcin dəniz minaları üçün ediləcəyi bildirilib.
525.az xəbər verir ki, dəniz rabitə xətlərinin təhlükəsizliyini təmin etmək və Avstraliya sularını qorumaq üçün ağıllı dəniz minalarının əldə edilməsinin sürətləndiyini qeyd edən Müdafiə Nazirliyinin sözçüsü müasir dəniz silahlarından istifadənin "potensial təhdidlərə qarşı mühüm maneə" olacağını söyləyib.
Avstraliyanın dəniz minalarına təxminən 1 milyard dollar xərcləyəcəyini bildirən Müdafiə Nazirliyinin sözçüsü, bu ağıllı minaların düşmən gəmisini digər gəmilərdən ayıra bildiyini qeyd edib.
Avstraliya Baş naziri Entoni Albanese də "ABC News"a dəniz minalarının alınmasını şərh edib. Albanese bildirib ki, məqsəd “milli təhlükəsizliyi dəstəkləmək üçün müdafiəyə hər qəpiyi ən yaxşı şəkildə xərcləməkdir”. Mümkün olan ən yaxşı müdafiəyə sahib olmaq istədiklərini vurğulayan Albanese raketdən müdafiə, kiber təhlükəsizlik və əlaqəli sahələrə diqqət yetirdiklərini qeyd edib.
2021-ci ilin oktyabrında Avstraliya ABŞ və Böyük Britaniya ilə nüvə sualtı texnologiyası sahəsində əməkdaşlığı nəzərdə tutan AUKUS müqaviləsini imzalayıb.
Bundan əlavə, Avstraliya AUKUS, həmçinin ABŞ, Yaponiya və Hindistanın daxil olduğu "QUAD" təhlükəsizlik alyansına da qoşulub.
Qeyd edək ki, bu hadisələr Çin tərəfindən Sakit okeanda özünə qarşı ittifaq kimi şərh edilib və iki ölkə arasındakı münasibətləri korladığı üçün Pekin rəhbərliyi Avstraliyadan idxal olunan məhsullara qoyduğu məhdudiyyətlərlə siyasi gərginliyi iqtisadi sferaya daşıyıb.
Fərid Sançar
çap et