525.Az

Azərbaycanın enerji təhlükəsizliyindəki rolu Davos Forumunda 


 

Azərbaycanın enerji təhlükəsizliyindəki rolu Davos Forumunda <b style="color:red"></b>

Hər il Davosda təşkil edilən Dünya İqtisadi Forumu bu il də müxtəlif ölkələrdən dövlət rəsmilərini, böyük şirkətlərin rəhbərlərini, biznes sektorunun aparıcı nümayəndələrini bir araya gətirdi. "Parçalanmış dünyada əməkdaşlıq" mövzusuna həsr edilmiş qlobal forumda dünyanın 130 ölkəsindən rekord sayda - 2700-dən artıq tanınmış şəxs, habelə 52 dövlət və hökumət başçısı iştirak etdi. Azərbaycan Prezidenti İlham Əliyev İsveçrəyə 19-cu səfərini edərək 15-ci dəfə Davos Forumunda iştirak etdi. Forumda həmişə olduğu kimi, Azərbaycana yüksək maraq müşahidə olundu. Prezidentin Davos Forumunda iştirakı hər zaman çoxsaylı yüksək səviyyəli görüşlərlə yadda qalır. Bu görüşlərin təşəbbüskarları bir qayda olaraq qarşı tərəf olur. Bu, bir tərəfdən Prezident İlham Əliyevin şəxsiyyətinə marağın və rəğbətin göstəricisidir, digər tərəfdən də ölkəmizdə xarici investisiyalar üçün yaradılmış münbit şəraitin sübutudur. Azərbaycanın iqtisadi tərəfdaşlarının sayının artması da bunun göstəricisidir.

Forum çərçivəsində Prezident İlham Əliyev 8 qlobal şirkətin rəhbər şəxsləri, Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti, BMT-nin Məskunlaşma proqramının icraçı direktoru ilə görüşüb. Bununla yanaşı, dövlət başçısının Latviya, Litva, Xorvatiya, Monteneqro, Niderlandın dövlət və hökumət başçıları ilə də görüşləri olub. Bu görüşlərdə Prezident İlham Əliyev regional vəziyyət haqqında da ətraflı məlumat verib. Xüsusilə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması, bu məsələdə Ermənistanın destruktiv mövqeyi, Azərbaycanla sülh müqaviləsinin imzalanmasına mane olan müxtəlif bəhanələri və danışıqlar prosesindən yayınmaq cəhdləri geniş müzakirə mövzusu olub. Prezident keçirdiyi bütün görüşlərdə Laçın yolu ətrafında yaranmış vəziyyət, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərimizin talan edilməsinə qarşı etiraz aksiyasından danışıb. Bu aksiyanın legitim əsaslara söykəndiyi vurğulanıb. Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində kriminal qruplaşmaların mövcudluğu, Laçın yolundan uzun müddət minaların daşınması üçün istifadə edildiyi diqqətə çatdırılıb.

Məlumdur ki, Ermənistan və onun havadarları beynəlxalq arenada Azərbaycana qarşı hansısa sanksiyaların tətbiq edilməsi iddiaları ilə, ölkəmizin beynəlxalq aləmdən  təcrid edilməsi ilə bağlı tezislərlə çıxış edirlər. Amma Davos forumu bu iddiaların həqiqətə uyğun olmadığını və Azərbaycanla müxtəlif sferalarda əməkdaşlıq etmək istəyən tərəflərin sayı gündən günə artdığını növbəti dəfə göstərdi. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu və bu rolun artan istiqamətdə davam etməsi Avropa İttifaqı rəsmiləri tərəfindən müxtəlif sessiyalarda vurğulanıb.  Avropanın enerji təchizatında mühüm istiqamət olan elektrik enerjisi ilə təminatda da Azərbaycanın rolu yüksək qiymətləndirilib.

Davos Forumunda dünyanın aparıcı daşınma və logistika şirkətləri də təmsil olunurlar. Bu iri şirkətlərin nümayəndələrinin xüsusi vurğuladığı məqam ondan ibarətdir ki, Ukraynada davam edən müharibə səbəbindən dünya ticarət sistemi nəqliyyat və logistika baxımından ciddi problemlərlə üz-üzədir. Bu xüsusda Azərbaycandan keçən və ölkəmizin illər boyu təşviq etdiyi Orta Dəhlizin əhəmiyyəti daha da artmaqdadır. Eyni zamanda, Şimal-Cənub xətti üzrə də Azərbaycanın kəsb etdiyi əhəmiyyət sürətlə artmaqdadır. Bir çox ölkələr bu yolun istifadəsində maraqlıdırlar. Xəzər dənizində ölkəmizin malik olduğu külək əsaslı bərpaolunan enerji potensialı, işğaldan azad edilmiş ərazilərimizdəki günəş əsaslı bərpaolunan enerji potensialı, Azərbaycanın xarici investisiyalara birbaşa açıq olması və bu istiqamətdə ölkəmizin cəlbediciliyi Davos Forumu çərçivəsində aparılan müzakirələrdə xüsusi qeyd edildi.

Milli Məclisinin deputatı Sevinc Fətəliyeva mövzu ilə bağlı bildirib ki, Prezident İlham Əliyevin Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirakı və keçirdiyi görüşlər xüsusi önəm kəsb edir. Qlobal problemlərin müzakirə olunduğu və dünyanın iqtisadi həyatında önəmli qərarların verildiyi Dünya İqtisadi Forumuna Prezident İlham Əliyevin növbəti dəfə dəvət olunması dövlətimizin başçısının beynəlxalq aləmdəki yüksək nüfuzunun daha bir göstəricisidir. Deputatın sözlərinə görə, iqtisadi xarakter daşımasına baxmayaraq, Forum dünya siyasətində, beynəlxalq münasibətlərdə ciddi təsirə malikdir. Bu tədbir dünyanın iqtisadi mənzərəsinin formalaşdırılmasında önəmli rol oynayır. Burada təqdim edilən müasir texnologiyalar, irəli sürülən yeni fikirlər, təkliflər qlobal iqtisadiyyata yeni istiqamətlər verir. Forum həm də ölkələrin özlərini dünyaya yaxından tanıtması, təşviq etməsi baxımından mühüm platformadır: "Dövlətimizin başçısı hər dəfə Davos Forumu kimi nüfuzlu platformadan istifadə edərək Azərbaycan həqiqətlərini, habelə ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm regional nəqliyyat və enerji layihələrinin əhəmiyyətini dünya liderlərinin və ictimaiyyətinin diqqətinə çatdırıb. Bu dəfə isə işğaldan azad olunan ərazilərimizdə postmüharibə dövründə görülən işlər və həyata keçirilməsi nəzərdə tutulan regional layihələr, həmçinin, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı və dayanıqlı tərəfdaş kimi Azərbaycanın mühüm rolu diqqət mərkəzində oldu".

 

 





24.01.2023    çap et  çap et