|
|
|
|
Vilayət Quliyev, filologiya elmləri doktoru:
- İki gün öncə erməni ordusunun 15 əsgəri yanaraq öldü. Düşmən də olsalar, gənc insanların belə mənasız və əzablı ölümünə sevinmirəm. Amma xüsusi tapşırıqlar üzrə səfir kimi yeganə işi Azərbaycana qarşı biri-birindən mənasız ittihamlar irəli sürməkdən ibarət olan Marukyan adlı bir idiot yenə günahı bizdə görür. Yazır ki, əgər azərbaycanlılar sentyabr döyüşləri zamanı bu hərbi hissənin kazarmasını dağıtmasaydılar və hərbçilər kənd sakinlərinin fərdi evlərində daldalanmağa məcbur qalmasaydılar, fəlakət də baş verməzdi. İndi belə çıxır sabah İrəvanda 90 yaşlı bir Mkrtıç cəhənnəmə vasil olanda deyəcəklər ki, əgər azərbaycanlı ekoloqlar talançılığın qarşısını almaq üçün Laçın yolunu bağlamasaydılar, Qarabağda yaşayan xalası qızının ayrılığına dözməyən bu Mkrtıç da ölməyəcəkdi...
P.S. Yaxşı ki, Ermənistan İstintaq Komitəsi xüsusi tapşırıqlar üzrə idiotun yalanını çıxararaq bildirib ki, hərbi hissənin yerləşdiyi ərazidə kazarma yerli-dibli olmadığınıdan yanaraq ölən əsgərlər 2022-ci ilin sentyabrından sonra deyil, həmin ilin may ayından fərdi evlərdə yaşamaq məcburiyyətində qalıbmışlar. Ermənistan rəhbərliyinin revanş üçün hazırladığı intiqam ordusunun durumu budur!
Elşad Eyvazlı, jurnalist:
- Avropa Parlamenti son sarsaq qərarını Fransanın diktəsi ilə qəbul edib. Buna kimsənin şübhəsi olmasın.
1) Laçın Azərbaycan ərazisidir və bütün dünya, hətta Paşinyan bunu qəbul edir. O zaman Laçından Şuşa və Xankəndiyə gələn yolun Ermənistana nə aidiyyəti var?
2) Laçından Şuşa və Xankəndiyə gələn yolda bir sivil insan durduruldumu, bir ərzaq daşıyan, dərman daşıyan maşın dayandırıldımı? Əsla, o zaman Qarabağa yenidən müharibə ixrac edən Fransakimilər nə istəyirlər? Yenə də bölgəni silahla doldurmaq keçir könüllərindən?
3) Ağdərə Azərbaycan ərazisidir və hazırda rus sülhməramlılarının nəzarətindədir. Oradan köçkün düşən azərbaycanlılar hələ öz evlərinə qayıda bilməyiblər və yalnız ermənilər yaşayır o bölgədə. Azərbaycanın digər bölgəsi Kəlbəcərə yol Ağdərədən keçir. Ermənilər rus sülhməramlıları ilə birgə Ağdərədən Kəlbəcərə gedən yolu bağlayıblar. Avropa Parlamentini həqiqətən insan amili düşündürürsə, bu fakta niyə kar, kor, laldır?
4) Erməni lobbisinin və Fransakimilərin əməllərinə ölən erməni əsgərlərinin anaları ağlayır və onlar davam etdikcə daha çox erməni əsgərlərinin anaları ağlayacaq. Axı erməni əsgərinin Azərbaycan ərazisində nə işi var?
5) Cənubi Qafqazda böyük güclərin 100 illər əvvəlki oyunu yeni fazaya keçib.
6) Yaşasın ŞUŞA BƏYANNAMƏSİ.
İlham Əzizov, yazıçı:
- İTV-də yayımlanan "Əqrəb mövsümü" serialının 8 seriyasına baxıb tamamladım. Azərbaycan şəraitində belə serialın çəkilməsinin bütün çətinliklərinə rəğmən, işin öhdəsindən gəliblər. Rejissor, operator, aktyor işi əladı. Görüntü, rəng normaldır. İlk dəfə Azərbaycan serialı bu cür kütləvi baxılır, bəyənilir.
Bu serialı mən niyə bəyəndim? Neçə illərdi Azərbaycan tamaşaçısı Türk seriallarının aludəçisinə çevrilib. Bu aludəçiliyin bizə nə maddi, nə mənəvi xeyri var. Yerli seriallar o tempdə izlənmədiyi üçün reklam ala bilmirlər. Biz öz seriallarımıza baxmalıyıq ki, TV-lər reklam ala bilsin, maddi xeyirləri olsun, yenilərinin çəkilməsində, avadanlıq alınmasında maraqlı olsunlar. Bu serial "bayağı şeylər izlənir" stereotipini qırdığına görə alqışlanmalıdır. Maksimalist yanaşmanı buraxıb, birmənalı müsbət impulslar ötürməliyik. Bir ciddi məqamı da qeyd etməliyəm. Son illərdə türk seriallarının əsas mövzuları xəyanətdir. İnsest, xəyanət mövzuları bütöv nəsilin deqredasiyasına aparır. Türklər bu məsələləri bilə-bilə qabardır, zərərli şeylərin aludəçisi boldur. Və bu böyük xəstəliyin çarəsi özümüzün çəkdiyimiz, hətta detektiv janrı da olsa belə, serial və filmlərdir. Mental, ailə dəyərlərini heçə sayan, gənclərdə ülvi hissləri öldürən, bütöv bir nəsli sənətdən uzaq salan yuxarıda dediyim seriallar rasionumuzdan ancaq belə çıxa bilər. Bu yolda İTV-yə, yaradıcı kollektivə uğurlar diləyirəm. Nüfuzu olan sənət, ədəbiyyat adamlarının bu işi dəstəkləmələrini niyaz edirəm!
Mənim sevimli aktyorlarım: Azər Aydəmir, Hikmət Rəhimov, Səmimi Fərhad möhtəşəm performans göstərirlər.
Uğura sevinməli, dəstək olmalıyıq!
Yeganə Hacıyeva, politoloq:
- Danimarkalı-isveçli sağçı ekstremist Rasmus Paludan Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quran yandırmaq üçün keçirəcəyi nümayiş üçün polisdən icazə alıb.
İsveç hökuməti də Paludana Türkiyə səfirliyinin qarşısında Quranı yandırmağa icazə verib.
Paludan 2017-ci ildən başlayaraq hər Ramazan ayında Danimarkanın müsəlman azlıqlar yaşanan müxtəlif şəhərlərində Quranın nüsxələrini yandırır.
Axrıncı dəfə keçən il 13 may tarixində İsveçdə müsəlmanların yaşadığı ərazilərdə Quranı yandırıb.
O təşkil etdiyi aksiyalarda Quranı həmişə polislərin himayəsi altında yandırır.
2022-ci ildə buna görə etirazçılarla polis arasında baş verən münaqişədə 26 polis və 14 etirazçı yaralanmışdır.
Türkiyə səfirliyinin önündə Qurani Kərimin yandırılmasına etiraz olaraq Türkiyənin şəhərlərində müsəlman gənclər kilsəyə gül dəstələri gətirməklə etiraz ediblər.
Asif Nərimanlı, jurnalist:
- Türkiyədə seçkilərin tarixi bəlli olub: 14 mayda prezident və parlament seçkiləri eyni gündə keçiriləcək.
Çətin seçki olacağı bəllidir, o da bəllidir ki, bu seçkilərin təkcə Türkiyənin yox, Azərbaycanın, ümumilikdə regionun da gələcəyinə təsiri olacaq.
14 maya qədər Azərbaycanın üçtərəfli razılaşmalarla bağlı, xüsusilə 10 noyabr bəyanatının 4-cü bəndinin (erməni qoşunların çıxarılması) icrası istiqamətində praktiki addımlar ata biləcəyi də istisna deyil. Ümumilikdə təkcə Türkiyədə yox, bizim regionda da maraqlı proseslər gözlənilir.
Orxan Cəbrayıl, həkim:
- Sosial şəbəkələrdə əsasən orta və yaşlı insanların "Laçın 30 il əvvəl necə olubsa, indi də o cür bərpa olunsun" fikirləri qarşıma çıxır.
İnsanların nostalji hisslərinin olması anlaşılandır. Lakin bir şeyi unutmamalıyıq ki, Laçın işğal olunmasaydı belə, keçən bu 30 il ərzində öz simasını dəyişəcəkdi.
Zamanı durdurmaq və yaxud keçmişi qaytarmaq mümkün deyil, ancaq gələcəyə yön verə bilərik.
Orta və yaşlı nəsil üçün Laçına qayıtmaq bütün hallarda ən ümdə arzudur, amma quruculuq işləri elə aparılmalıdır ki, Laçını görməyən yeni nəslin gedib Laçında yaşamağa həvəsli olsun. O cümlədən də digər şəhər və kəndlərdə.
Bunun üçün isə məşğulluq əsas məsələdir. Dünən öyrəndim ki, bərpa işləri ilə bərabər, ilk mərhələdə Laçına qayıdacaq olan insanların orada boş-bekar qalmamaları, məşğulluğunun təmin edilməsi üçün əsaslı layihələr həyata keçirilir.
Şahin Məmmədov, həkim:
- 20 yaşdan etibarən bütün insanlar hər il əzələ kütləsinin həcmini itirməyə başlayır. Bunun faizi insanın fiziki aktivlik dərəcəsinə bağlıdır.
30 yaşdan sonrakı on il təxmini 2 faiz itki.
40 yaşdan sonrakı on il təxmini 4 faiz,
50 yaşdan sonrakı on ildə təxmini 6 faiz itki olur!
60 yaşdan yuxarı sürət daha da artır.
Buna yaşa bağlı sarkopeniya deyilir.
Ən böyük əzələ qrupları ayaqlarda və kürəkdədir, ona görə ilk olaraq bu nahiyələrin zəifləməsinin nəticələrini izah edim.
Ayaqların zəifləməsi tez yorulmağa, o isə öz növbəsində gündəlik hərəkətin getdikcə azalmasına, daha çox oturmaq, uzanmaq istəmənizə səbəb olur. Bu isə piy faizinin artmasına gətirir. Əzələ kütləsi itirməyinizə baxmayaraq, ümumi çəkiniz getdikcə artmağa meyilli olur, piy faizi artdığı üçün. Xüsusən orqanların arasına yığılan visseral piy gələcəkdə ürək-damar xəstəlikləri yaradır, bu barədə sonra yazaram, mövzudan uzaqlaşmayım. Yaşlı adamların tez tez yıxılması, travma alması da ayaq əzələlərinin gücü və həcminin azalmasına görədir.
Dedik ki, ikinci ən böyük əzələ qrupları kürəkdədir. Sarkopeniya nəticəsində bütün bədəndə olduğu kimi, kürək əzələləri də zəifləyir, bu, ilk olaraq insanın qamətini pozur. Xüsusən komputer və smartfonlarla çox işləməyimiz boyun düzləşməsini tezləşdirir. Təkcə boyunda yox, əzələlərin zəifləməsi onurğanın müxtəlif şöbələrində protruzya və yırtıqlara səbəb olur. Günün bir günü səbəbi bilinməyən bel, qol, ya kürək ağrılarına görə yoxlananda onurğa yırtığı aşkarlanması heç də təəccüblü deyil.
Xoş xəbər odur ki, əzələ itkisinin qarşısını almaq, hətta bərpa etmək mümkündür: Əzələ kütləsinin itirilməsini minimuma endirmək üçün protein ağırlıqlı yeməklər, omeqa 3 qəbulu, ən əsas isə idmanla məşğul olmaq məcburidir.
Heç kimin idmana getməyə vaxtı yoxdur indiki dövrdə. Amma vaxt ayırmalıyıq, başqa yol yoxdur, bizim kefimizlə deyil.
Hacıbəy Heydərli, jurnalist:
- "Toppuş bacı" uşaqlığımızın xatirəsi idi. Hər həftə "Çal-çağır" verilişində izləyirdik, pozitiv insan idi, həmişə üzü gülürdü. Ancaq o gülüşün içində dünya boyda bir kədər yatırmış, o kədər, o niskin "Toppuş bacı"ya xərçəngi bəxş etdi, Tünzalə xanım gözümünüz önündə əridi, arıqladı, zəiflədi, çarəsiz duruma düşdü.
Son gününə qədər "tik-tok"da canlı yayımlarda idi, dəfələrlə şahidi olmuşdum ki, canlı yayımlarda saçının keçəl olmasına ilişirdilər, bəzi həmkarları onun pul yığmasını lağa qoyurdu. Bu gün "Toppuş bacı" öz ölümü ilə o adamları susdurdu, hamısı ona rəhmət oxumağa başladı.
Sağlığında kədərini görmədiyimiz adamlar öz ölümünü bizə hədiyyə edir, ən böyük acını bizə ən böyük xoşbəxtlik, gülüş yaşadanlar yaşayır. Bir mahnının verdiyi xoşbəxtliyi bizə verə bilməyən insanları həyatımıza alırıq...