525.Az

Elektron gündəlikdən səhifələr - Təvəkgül Boysunar yazır


 

Elektron gündəlikdən səhifələr - <b style="color:red"> Təvəkgül Boysunar yazır</b>

(Pandemiya və müharibə günlərindən)

 

Yorğun-yorğun çarpayıya uzandıqdan sonra telefonu əlimə aldım və ingilis dili ilə bağlı açdığım instaqram səhifəsinə yeni bir mesaj gəldiyini gördüm:

"Salam, brat, səndən bir şey soruşum. Bu IELTS (Beynəlxalq ingilis dili imtahanı. Sözün tələffüzü bizim dildə "ayelts" şəklindədir) imtahanı ingilis dilində olur?"

Fikirləşdim ki, yəqin karantində darıxdığına görə kiminləsə zarafatlaşmaq istəyir. Amma elə deyilmiş.

Profilinə baxanda gördüm ki, şəkillərin birində qaqaş "nol yeddi"nin qabağında bir dostu ilə qol-boyun dayanıb. Arxadan aeroportun işıqları görünür və şəklin də altında yazılıb ki: "Sən də getdin, indi dərdimi kimlə bölüşəcəm". Bir videoda qəlyan çəkdiyi yerdə çayxanadan müğənninin qəmli səsi eşidilir: "Gülü güldanda görən, canı cananda görən, məni zindanda görən ağlasın". Bir şəkildə isə Şəhidlər xiyabanının örtülü domino daşları kimi görünən qara məzarları qarşısında dayanıb və altında da yazıb ki: "Vaxtında sizin kimi şəhid olsaydım, indi gecələr boş şeylərə görə yuxusuz qalmazdım".

Mesajlar bölməsinə qayıdıb cavab yazdım:

- Aha, ingilis dilində olur.

- Sağ ol, brat, bağışla narahat elədim.

Gecə saat dördün yarısında qəfildən oyanıb özümdən xəbərsiz yuxuya getdiyimi və telefonumdan hələ də mahnı səsi gəldiyini gördüm. Musiqini dayandırıb, modemi çəkmək istəyirdim ki, ard-arda gələn mesaj səslərinə görə təzədən telefonu əlimə aldım. Yazan günortakı qaqaş idi.

Mesajların özünü açmadan üst pəncərədən oxumağa başladım:

- Brat, mən hazırlaşmaq istəyirəm e, necə edə bilərik? Bilirsən, brat, mənimçün çox vacibdi e. Vaxtında oxumadım. İndi çox peşmanam.

Dalbadal yazılan cümlələr artıq telefonun üst pəncərəsini yarıya qədər doldurmuşdu, ona görə də instaqramın mesajlar bölməsini açdım və aşağıdakı "typing" (yazır) kəlməsini gördükdən sonra oxumağa davam elədim:

"Brat, sən də oğlansan da məni başa düşərsən. Deməli, brat, keçən il bir qızdan xoşum gəlirdi. Qız da universitetdə oxuyurdu. Uşaqlar əvvəl dedilər ki, o qız sənlik deyil, oxumuş qızdı, sənə baxmaz filan. Amma brat, mən hər gün gedirdim bunların Universitetinə. Dərsi gec başlayırdı, axşam səkkizdə zadda qurtarırdı. Mən də metroya qədər qızın dalınca düşürdüm".

Qaqaşın öz macəralarını belə ətr

aflı şəkildə mənə danışması qəribə görsənsə də və yuxumun qaçacağını hiss etsəm də, maraq mənə güc gəldi və mən oxumağa davam elədim:

"Axırda bir gün qız hiss elədi ki, mən hər axşam onun dalınca düşürəm. Rəfiqələri də məni görən kimi bir-birilərinə baxıb nəsə deyirdilər. Brat, nəsə də, başıvı ağrıtmayım. Bir gün yaxınlaşdım qıza. Amma yaxşı danışa bilmədim. Ondan sonra neçə dəfə yenə yaxınlaşdım. Bir dəfə dedim ki, sən oxumuş qızsan, amma mən oxumamışam. Ondan sonra, brat, gördüm ki, qız day mənə heç baxmır da. Əvvəl heç olmasa, arabir baxırdı. Axırıncı dəfə martın əvvəlində yaxınlaşdım. Qız dedi, bir də məni narahat eləmə, dalımca düşmə. Rəfiqələrinin yanına qayıdanda da dedi ki, dəhşətdi e, mən nə haydayam, bu nə hayda, mən ayeltsə hazırlaşıram, həyəcandan ölürəm, bu kefdədi. Yanındakı rəfiqəsi də dedi ki, bəlkə, o da toyfla (Yazılış forması TOEFL şəklindədir və digər beynəlxalq ingilis dili imtahanının adıdır) hazırlaşır. Üçü də güldülər. Brat, bəlkə başa düşərsən e məni. Özümü elə piss hiss elədim ki. Bilmədim neyniyim. Gedib internetdə axtardım, ayelts yazdım, heç nə çıxmadı. O gün dayıoğlu dedi ki, bu ayelts nə deməkdi. İndi, brat, universitetlər də bağlanıb. Qızı da görəmmirəm, ürəyim partlayır. Dedim, heç olmasa dərslər başlayanacan hazırlaşım. Necə eləyə bilərik? Hazırlaşa bilərəm?"

Pəncərədən pişiyin səsi gəldi, həyətə çıxıb yem verdim. Qayıdanda qaqaşdan bir mesaj da gəlmişdi:

"Brat, dünən də sənin səhifəvə girəndə gördüm. O göy, qara üzlü kitabı deyirəm, üstündə IELTS yazılan. Həmin gün qızın qucağında da o kitabdan var idi. IELTS 13 yazılmışdı".

Mən qaqaşın profilinə girib ən köhnə şəkillər arasından 2015-ci ildə paylaşılmış və altına "Tərtərdə axırıncı 3 gün" yazılmış şəkilə baxanda saat beşə işləyirdi. Qaqaş əlindəki avtomatı göyə tərəf qaldırıb, yanındakı əsgər yoldaşlarıyla birgə, onlara tuşlanmış kameraya baxırdı.

Mesajlar bölməsinə qayıdıb cavab yazdım:

- Qardaş, başa düşdüm sizi, olan şeylərdi. Amma elə bilmə ki, guya təhsil olanda sevgi məsələsi də həll olunur.

Sonra ona bir-iki adamın da sevgi həyatından nümunələr deyib, öz aləmimdə təsəlli verməyə çalışdım. Axırda isə hal-hazırda sıfırdan başlayan qrupumun olmadığını və ancaq IELTS dərsləri keçdiyimi deyərək onu başqa bir müəllimə yönləndirdim. O, mənə təşəkkür elədi və sağollaşdıq.

Və mən aylar sonra günlərin birində qardaşın maraqlı söhbətini kiçik bir yazı  şəklində qələmə alıb instaqram hesabımda paylaşdım. Amma rəylərin hamısı gözləmədiyim şəkildə eyni sualı verirdi:

- Bəs davamı hanı?

- Sonra nə oldu?

Bu suallardan sonra birdən ağlıma gəldi ki, həmin oğlanın profilinə yazaraq dərslərinin nə yerdə olduğunu soruşum. Amma indi ingilis dili ilə bağlı olan səhifəni başqa bir tanışım idarə edirdi və kod dəyişilmişdi. Bir-iki saat sonra həmin tanışımdan kodu aldım, səhifəyə girdim və mesajlar bölməsinə baxanda bütün köhnə mesajların silindiyini gördüm. Adamın profilindən heç bir iz qalmamışdı. Qəfildən xatırladım ki, o vaxt onunla bağlı olan bu yazını yazmaq istəyərkən mesajların ekran şəklini çəkmişdim. Əlimi telefona atıb köhnə şəkillərə doğru ekranı sürətlə yuxarı sürüşdürdüm. Amma nə qədər axtarsam da, həmin yazışmaların şəklini telefonumda tapammadım və belə güman elədim ki, o şəkillər də üç ay əvvəl xarab olan telefonumla bir yerdə həmin telefonun daxili yaddaşında qalaraq birdəfəlik itirilib. Bu vaxt instaqramdakı yazı profilimə bir mesaj da göndərildi:

- Salam, bu yazının davamını mümkünsə, bu gün paylaşa bilərsiz? Xahiş edirəm.

Və sanki bu mesajdan sonra ağlıma bir ipucu da gəldi. Tez "Google Photos" proqramına girib bir neçə ay əvvəlin şəkillərini axtarmağa başladım. Və nəhayət həmin yazışmaların ekran şəkilləri ard-arda qarşıma çıxdı. Şəkli açdım, profilin adını axtarış yerində yazıb oğlanın profilinə girdim.

Və nə ilə qarşılaşacağımı təsəvvür etmədən ən son paylaşılan şəkli açdım.

Ətrafında insanlar qaynaşan bir atobusun qabağında dayanmışdı. Sağında və solunda onunla eyni boyda olan iki oğlan da var idi və o oğlanların biri Azərbaycan, biri isə Türkiyə bayrağını tutmuşdu. Ətrafda bir-biri ilə qucaqlaşan bir neçə adam da şəklə düşmüşdü. Şəklin paylaşılma tarixinə və altında yazdığı yazıya baxdım. 5 oktyabr, 2020-ci ildə paylaşılmışdı və altında bunlar yazılmışdı:

"Dostlar, bir həftə əvvəl mən də könüllü yazıldım, dünən zəng edib çağırdılar. Mən də gedirəm. Qismət olsa, bir də görüşərik. Özümün də ciddi planlarım var, qayıtmasam, olmaz. İnşallah, Qarabağı alandan sonra qayıdıb o planlarımı da reallaşdıracam".

Daha sonra boşluq buraxaraq növbəti sətirdə axırıncı sözlərini yazmışdı: "Qarabağ Azərbaycandır!"

Bu şəklindən sonra heç bir paylaşımı yox idi və buna görə də ağlıma nəhs fikirlər gəldi. Şəklin altına 153 şərh yazılmışdı və elə ilk şərhləri görən kimi onun bir də heç vaxt qayıda bilməyəcəyini, heç bir "planını reallaşdıra" bilməyəcəyini anladım. Çünki şərhlərdə belə yazılmışdı:

"Allah rəhmət eləsin, Allah ailəsinə səbr versin".

"Allah şəhidlərimizə rəhmət eləsin".

"Nicat, Allah sənə rəhmət eləsin. İnanmağım gəlmir, Allah haqqı".

"Allah rəhmət eləsin. Heyif səndən, Nicat, heyif. Heyif bütün o cavan oğlanlarımıza".

"Allah bütün şəhidlərin ailəsinə səbr versin".

Mən qeyri-ixtiyari olaraq şərhlərdəki "Allah" sözlərini saymaq istədim və o vaxt ona dərs keçə bilmədiyim üçün peşmançılıq hissi duya-duya fikirləşdim ki, görəsən, o qız indi bu şəkli görsə, altında nə şərh yazar və nə hisslər keçirərdi.

22 noyabr, 2020

 

 





24.01.2023    çap et  çap et