525.Az

Şəhid Mirmöhsümün dəyişməyən yaşı - Şahanə Müşfiq yazır


 

Şəhid Mirmöhsümün dəyişməyən yaşı - <b style="color:red"> Şahanə Müşfiq yazır</b>

Azərbaycanımızın son 200 illik tarixinə möhtəşəm qələbəylə həkk olan Vətən müharibəmizin ən gənc şəhidlərindən biridir Mirmöhsüm Əhmədov. Cəmi 18 yaşı vardı, üç ayın əsgəri idi torpaqlarımız uğrunda düşmənlə üz-üzə dayananda, mərdcə, cəsurca vuruşanda. 18 il idi dünyaya gəlişi, amma dünyanı tanımağa gənc ömrü yetməmiş gülləylə tanış oldu sinəsi, torpaqla bütünləşdi vücudu.

Yanvarın 21-də isə 21 yaşı oldu əziz şəhidimizin. Onsuz keçəcək saysız-hesabsız doğum günlərindən üçüncüsü idi bu. O qədər erkən, o qədər körpə ayrılıb ki, aramızdan üç ildir şəkil olmasına baxmayaraq, yaşasaydı hələ də doğmaları onun haqqında "uşaqdır" deyə bəhs edəcəkdilər.

O isə uşaq yaşına uyuşmayan kişilik dastanı yazdı qeyrətiylə, cəsarətiylə, ucaldığı şəhidlik zirvəsiylə...

lll

Mirmöhsüm Əhmədov 2002-ci il yanvarın 21-də Neftçala rayonunda anadan olub. Babası, nənəsi, dayısı və dayısının ailəsi, anası və qardaşı ilə birlikdə yaşayırdı. Orta təhsilini Neftçala rayonu Elton Həbibov adına 4 saylı tam orta məktəbdə başa vurub. Sonra Bakı Biznes və Kooperasiya kollecində təhsilini davam etdirib.

Təhsilini başa vurduqdan sonra 2020-c

i ilin iyulun 13-də həqiqi hərbi xidmətə yollanıb. Səhhətinə görə dörd dəfə əməliyyat olunan Mirmöhsüm Vətən müharibəsi başlanan gündən, yəni həmin ilin 27 sentyabrından müharibəyə qatılıb. O, Füzuli, Xocavənd və Qubadlı istiqamətində gedən döyüşlərdə fəal iştirak edib. Sonuncu dəfə ailəsi ilə oktyabrn 26-da günorta saat 12:45-də danışıb və hər şeyin yaxşı olduğunu deyib, narahat olmamağı tapşırıb. Oktyabrın 28-də isə Qubadlı uğrunda gedən döyüşlərdə yaralı yoldaşını çiynində ərazidən çıxaran zaman erməni tərəfindən açılan güllə Mirmöhsümə dəyir və qəhrəman əsgərimiz şəhidlik zirvəsinə yüksəlir. O, doğulub boya-başa çatdığı Neftçala rayonunda torpağa tapşırılıb.

Prezident İlham Əliyevin sərəncamları ilə Mirmöhsüm Əhmədov şəhadətindən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

lll

Onun yoxluğu, sözsüz ki, ən çox anası Arzu xanım Əliyevanı yandırıb yaxır. Cəmi 38 yaşında "şəhid anası" statusuna yiyələnən, şəvə kimi qara saçlarını bala dərdiylə bircə gecədə ağardan, həyat eşqiylə dolu gözlərinə balasının həsrətini sığdırıb, o həsrəti hər gün göz yaşlarıyla "suvaran" Arzu ana yoxluğuna dözə bilmədiyi oğlunun şəhadətiylə fəxr edir.

"O, həmişə 18 yaşında mərd, məsum, igid bir oğul olaraq qalacaq. Balamın arzuları çox idi... Amma oğlum elə bir zirvə fəth etdi ki, indi onunla təkcə böyüdüyü el-oba deyil, bütün Azərbaycan qürur duyur. Mənim oğlumun adı Vətən müharibəsində qəhrəmanlığı ilə tarix yazan igidlərin sırasındadır" - deyir Arzu ana.

Ta uşaqlığından polis olmağı arzulayan Mirmöhsüm Vətənin təəssübünü çəkən, vətənini anası, anasını da vətən qədər sevən oğul idi. O, üzünü görmədiyi, işğalından düz 10 yaş kiçik olduğu Qarabağın da dərdini çəkir, bu işğalla barışmaq istəmirdi. Elə buna görədir ki, 18 yaşı tamam olar-olmaz hərbi xidmətə getmək üçün həsrətlə vətənin çağırışını gözləyirdi. Bu çağırış gələndə isə böyük xoşbəxtliklə, sevinclə yollanmışdı Vətənin keşiyində durmağa. Cəmi 3 ayın əsgəri olsa da, müharibəyə də öz istəyiylə qatılmış, ailəsinin narazılığını, xahişini dinləməmişdi. Bu, onun uşaqlığından gözlədiyi gün idi. Axı ta uşaqlığından "Vətən bizim anamızdır, onun bir qarış torpağı düşmən əsarətində qalmamalıdır" deyən oğul idi Mirmöhsüm.

2021-ci ilin aprel ayında Neftçala səfərimizdə əziz şəhidimizin evini də ziyarət etmək, anası Arzu xanımın əllərindən öpmək, hətta yenicə qayıtdığım işğaldan azad olunmuş, oğlu Mirmöhsüm və onun kimi minlərlə şəhidimizin qanı qarışan Ağdam torpağını ona təqdim etmək şərəfinə nail olmuşduq. Cəmi 38 yaşlı şəhid anası bizi qəlbindəki sonsuz sevgi, gözlərindəki dərin hüznlə qarşıladı. Şəhid balanı anadan dinləmək nə qədər ağır olsa da, Arzu ana kədərini qürurunun kölgəsində gizlədib danışdı balasından. Yalnız 18 il bağrına sıxdığı, qoxusundan doymadan torpağa əmanət etdiyi, 3 ayın əsgəri olmuş balasından danışdıqca doymurdu. Dilindən çıxan hər kəlməni balası kimi əzizləyirdi sanki.

Arzu xanım yoxluğuyla barışmayıb qəhrəmanlığıyla fəxr etdiyi oğlundan danışarkən gənclərdəki vətənpərvlik hissinin önəmindən də söz açdı. Onun bu sözlərini isə heç unutmuram: "Siz gənclərə səslənirəm. Əgər bundan sonra bizim torpaqlarımızın bircə qarışını da düşmənə versəniz, biz şəhid anaları balalarımızın o torpağa qarışan qanını sizə halal etmərik!" O qədər haqlıdır ki... Bundan sonra bir məqsədimiz də şəhidlərimizin ruhuna layiq olmaq, onların əmanətinə sonunadək sahib çıxmaq olmalıdır deyə düşünürəm.

Doğuluşu Vətən üçün, xalq üçün mübarək olan Mirmöhsüm, sən 18 illik ömrünə böyük bir qəhrəman taleyi yazdın. İllər dəyişəcək, qərinələr, əsrlər ötəcək, amma sən, 18 yaşında igid kimi yaddaşlarda, ürəklərdə, tariximizin ən şanlı səhifəsində yaşayacaqsan! Ananın da dediyi kimi, uğrunda canını verdiyin torpaqlara sahib çıxa bilməsək, sənin qanın, ananın göz yaşları, ağ saçları bizə haram olsun!

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

 





24.01.2023    çap et  çap et