525.Az

Müxəmməd Haqverdinin şeirləri və təbəssümləri - Qəşəm Nəcəfzadə yazır


 

Müxəmməd Haqverdinin şeirləri və təbəssümləri - <b style="color:red"> Qəşəm Nəcəfzadə yazır</b>

Elə bilirəm onu yüz ildi tanıyıram, ya bir yerdə oxumuşuq, ya kəndçimdi, ya da qonşumdu, bilmirəm, bəlkə onu qədər tanıdığım ikinci bir şair yoxdur.

Riyaziyyat müəllimidir, şeir dəftərlərini gətirir, mən də oxuyuram, hər dəftəri verəndə arxasınca belə deyir, hələ evdə bir şeir dəftərim də var, onu gətirmək yadımdan çıxıb, yəni bunu deməklə ikinci dəfə də yanıma gəlməyə yer qoyur. İstəyirəm hər gün gəlsin, təpədən- dırnağa şair olan bu adam üçün hərdən darıxıram.

Bəlkə də riyaziyyat müəllimi olduğu üçün şeirlərini damalı dəftərlərə yazır. Bu dəftərlər mənə o qədər doğmadır ki... Şeirlər şagird dəftərlərində maraqlı göründüyü qədər, heç bir yerdə görünmürlər. Hətta kitab olsa da belə...

Mənim üçün ən maraqlı onun dəftərdə şeirlərin böyür-başına etdiyi düzəlişlərdir. Diqqətlə oxuyuram, düzəlişlər Müxəmmədin özüdür.

Hər şeiri oxuyandan sonra təbəssümlənir, ağayana kürəyini divara söykəyirmiş kimi dayanır, sonra deyir, çap olunsun, qonorarı ilə yaxşı yeyib-içərik. Bununla dilimdən zəmanət alır. Əslində şeirlərinin çap olunub-olunmamağını dəqiqləşdirir. Hələ oturub çay da içməmişik, səbəbsə tələsməyim olub, hər dəfə deyirəm ki, qalsın gələn dəfəyə...

Müxəmməd Haqverdi Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndindədir. Belə deyək, gözəl şairimiz Vaqif Bayatlı Odərin kəndçisi... Vaqifi çox sevir.

Aşağıdakı şeirinə baxaq:

Mayın ortasında

Təəccüblü olsa da,

Qızmar istinin izi ilə

Soyudu hava.

Bir azdan külək əsdi,

əsdi, əsdi...

Qara-boz hava

Bir az da

Qaralaşdı.

Axşam yağış yağdı,

O da çox yox ha,

Bir az,

Dəqiqə olmaz.

Göydən Ay gülümsədi,

Yağışdan sonra

Sakitləşdi gecə...

Elə bil ağappaq sükut

Uddu gecəni.

Görün nə gözəldir, necə safdır, dilin şirinliyinə, sözün doluluğuna baxın. Ağappaq sükutun qara gecəni udması orijinal ifadə olmaqla yanaşı, həm də özündə poetik bir lövhəni sərgiləyir. Müxəmmədin yaradıcılığında belə gözlənilməz ifadələr çoxdur. O, belə poetik misraları yazmaq üçün geniş yaradıcılıq yolu keçib.

Uçasan, uçasan,

Quş olanacan.

Nəfəs dərməyə

Otağın ola,

Şeir yazmağa

Hücrən.

Çiçək açmağa

Budağın ola,

Xoşbəxt olmağa

Gecən.

Gözəl arzulardır. Çoxuna elə gələ bilər ki, bu cür misraları yazmaq asandır. Əslində belə deyil, olduqca çətindir. Çünki Müxəmmədin təfəkküründən bu cür misralar təbii şəkildə doğulur, əsas məsələ düşünməklə başa gəlmir, qələm fırlatmaqla düzəlmir, kağız korlamaqla yaranmır. O, necə yazılıbsa, eləcə də şagird dəftərinə tökülür. Əgər siz Müxəmmədi görsəniz, o saat tanıyacaqsınız, çünki bütün şeirləri onun təbəssümləridir. Aşağıdakı şeirə diqqət yetirək:

Bir az saçımın

Ağlığına

Bir az alnımın

Qırışlarının sıxlığına,

Atamın yoxluğunu da

Alışdım.

Hərdən

Məndən kiçiklər

Qoca deyəndə

Acığım qaynardı,

Yavaş-yavaş

Daha acığım soyuq,

Alışdım,

Dözə-dözə

Ümidimə dirsəklənə-dirsəklənə,

Ömür yaşayıram

Üzü sabaha.

Bu həyat lövhəsi dəqiqliyinə qədər işlənib, alındakı qırışın sıxlığından tutmuş, acığın soyumasına qədər, hər nə var, bütün detallar yerindədir. Hamısı dübbədüzdür, laxlayan, köntöy görünən misra yoxdur. Ola da bilməz. Çünki hamısı Müxəmmədin mənalı təbbəssümləridir.

Çılpaqlaşan gecə,

Mürgülü səma

Sübhü eynək kimi

Gözünə taxar...

Bu gözəlliyə.

Heç bilirsinz, çılpaqlaşan gecə nədir? İşıqla dəlik-deşik olmuş gecə. Həm də çılpaqlığı gecənin qaranlığı gizlədir. Çılpaq olanların fövqündə gecə də çılpaqlaşır. Səmanı yuxu tutur. Açığı, Müxəmməd bu cür düşüncələri məni heyrətləndirir. Sübhü eynək kimi gözünə taxıb gözəlliyə baxmaq müasir şeirimiz dayanacaq nöqtəsidir bu gün.

İş otağımda qarşımda xeyli şeirlər var. Müəlliflər "Azərbaycan" jurnalına çap üçün göndəriblər. Şeir dağının arxasında acizəm. Yaxşı şeirlər oxumaq istəyirəm. Bozluqda, yoruluram, bezirəm, şeir axtarıram. Bu dəfə də qarşımdakı şeir qalağını kənara itələyirəm.

Qaçıram, məni "Sahil" metrosunun qarşısında gözləyən, əlində şeir dəftərini barmaqlarının son gücünə qədər sıxıb saxlayan təbəssüm topasını ətrafa səpələyən ümidsizliyində də ümid işaran şairin, Müxəmməd Haqverdinin yanına.

 

 





24.01.2023    çap et  çap et