Xorvatiyada sanitariya işçiləri üç həmkarının işdən çıxarılmasına və aşağı maaşa görə tətilə başlayıblar.
525.az xəbər verir ki, Xorvatiyanın paytaxtı Zaqrebdə sanitariya işçiləri keçən həftə üç həmkarının işdən qovulması və aşağı əmək haqqını əsas gətirərək tətilə başlayıblar. Tətildə iştirak edən "Cistoca" təmizlik şirkətinin 1000-ə yaxın əməkdaşı işdən çıxarılan həmkarlarının işə dönməməsi və maaşların artırılmaması halında işə qayıtmayacaqlarını bəyan ediblər. "Cistoca Zagreb Birliyi" isə işləməkdən imtina edən işçilərin maaşlarının və iş şəraitinin yaxşılaşdırılmasını tələb etdiklərini açıqlayıb.
Qeyd edək ki, sözügedən işçilərin plastik tullantıları və digər tullantıları eyni maşına atarkən bir vətəndaş tərəfindən fotoşəkilləri çəkilmiş və sosial şəbəkələrdə yayılan görüntülərdən sonra onların əmək müqaviləsinə işlərinə laqeyd yanaşdıqları əsası ilə xitam verilmişdi.
Məhəmməd Tağıyev