525.Az

Avropa İttifaqının missiya qərarı - vasitəçilik səylərinə vurulan zərbə


 

Avropa İttifaqının missiya qərarı - vasitəçilik səylərinə vurulan zərbə<b style="color:red"></b>

Avropa İttifaqı (Aİ) Şurasının yanvarın 23-də Ermənistanda Aİ-nin mülki missiyasının (EUMA) yaradılmasına dair qərarı bu quruma olan etimadı, onun normallaşma prosesindəki rolunu növbəti dəfə zədələmiş oldu. Aİ-nin yaydığı məlumatda missiyanın məqsədinin Ermənistanın sərhədyanı ərazilərində sabitliyə, regionda etimadın yaranmasına töhfə vermək və Aİ tərəfindən dəstəklənən Ermənistanla Azərbaycan arasında normallaşma səyləri üçün əlverişli mühiti təmin etmək olduğu bildirilib. Ermənistanın istəyinə cavab olaraq, missiya müntəzəm patrul xidməti həyata keçirəcək və vəziyyətlə bağlı hesabat verəcək. Missiya iki il müddətinə nəzərdə tutulub.

Aİ-nin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozep Borrell açıqlamasında deyib ki, Ermənistanda missiyasının yaradılması təşkilatın Cənubi Qafqazdakı fəaliyyətində yeni mərhələyə start verir: "Aİ gərginliyin azaldılması səylərini dəstəkləməyə davam edəcək. Aİ regionda davamlı sülhün əsas məqsədinə doğru hər iki tərəflə yaxından işləməyə sadiq qalır".

Avropa İttifaqı 30 ilə yaxın davam edən Qarabağ münaqişəsi zamanı özünü prosesdən kənarda saxlamaqla məşğul olub. Bu qurumun rəsmiləri "Minsk qrupunun səylərini dəstəkləyirik" bəyanatını verməklə işlərini bitmiş hesab ediblər. İkinci Qarabağ müharibəsindən sonra isə Aİ Şurasının Prezidenti Şarl Mişel Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində vasitəçiliyə başlayıb. Borellin söylədiyi "Aİ-nin Cənubi Qafqazdakı fəaliyyətində yeni mərhələ" də elə bu olmalı idi. Çünki Brüssel formatı ümidverici idi və bir neçə üçtərəfli görüşdə müəyyən irəliləyişin əldə edildiyini söyləmək mümkündür. Amma təəssüf ki, Aİ Ermənistanda mülki missiyasının yaradılmasına razılıq verməklə özü bu vasitəçiliyin üzərindən xətt çəkmiş oldu. Eyni zamanda, bir daha Fransanın əlində alətə çevrildiyini sübut etdi. Fransa həm Brüssel prosesini pozdu, həm də özü regiona soxula bilməsə də, Aİ-nin timsalında bu niyyətini gerçəkləşdirmək xətti götürüb. Fransanın niyyəti bəllidir. Ötən müddət ərzində sülh prosesinə kölgə salmaqla məşğul olub, separatçılara açıq dəstək verməkdən çəkinməyib. Bəs Ermənistan bununla nəyə nail olmaq istəyir? Axı, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması, sülh sazişinin imzalanması işlərinə başlanılması, Türkiyə ilə normallaşma prosesinə start verildiyi halda İrəvan Fransanın təsiri ilə prosesi pozmaqla nə qazanacaq? Qalan məsələlərin həllində Azərbaycan qədər Ermənistan da maraqlı olmalıdır. Çünki söhbət regionda sülhün bərqərar olmasından, rifahdan, inkişafdan gedir. Ermənistan isə heç vaxt müstəqil dövlət kimi qərar vermək, davranmaq iqtidarında olmayıb. Hər zaman idarə edilib. Bu gün Ermənistan rəhbərliyi Qərbə üz tutmaqla Rusiyadan tamamilə uzaqlaşmağa, Gümrüdəki 102-ci hərbi bazanı ölkədən çıxarmağa çalışır. Aİ missiyasını regiona gətirməkdə məqsədlərdən biri də budur. Fransanın lobbiçiliyi ilə buna nail olacağını düşünür.

Azərbaycan üçün Aİ-nin regionda yeni missiyası əlbəttə ki, qəbuledilməzdir. Çünki qeyd etdiyimiz kimi, bu, Azərbaycanın razılığı olmadan edilir və birbaşa prosesi pozmağa hesablanıb. Azərbaycanın Xarici İşlər Nazirliyinin bəyanatında da bu məqama diqqət çəkilib.

Xatırladaq ki, ötən il 6 oktyabrda Praqada Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşünün sonunda qəbul edilmiş bəyanatda Azərbaycanla sərhədin Ermənistan tərəfinə Avropa İttifaqının mülki missiyasının göndərilməsinə razılıq vermişdi. Missiya işini oktyabrda başlayıb, 2 ay müddətinə başa çatdırdı. Oktyabrın 20-də Aİ Ermənistana 40 mülki ekspert göndərdi.

Yanvarın 10-da yerli televiziya kanallarına müsahibə zamanı Azərbaycan Prezidenti bununla bağlı bildirib: "Praqa görüşünün bir məqamı da var idi. O, ümumi kontekstin bir qədər kənarında qaldı, o da Ermənistan ərazisinə, bizim sərhədyanı bölgələrə Avropa müşahidəçi missiyasının göndərilməsi idi. Bu məsələ də çox geniş müzakirə edilmişdir. Təkliflərdən biri o idi ki, o cümlədən, Azərbaycan tərəfinə də bu missiya göndərilsin. Biz buna etiraz etdik. Ancaq Ermənistana bu missiyanın göndərilməsinə razılıq verdik. O vaxt da danışıldı və orada müzakirə olundu ki, bu missiya qısamüddətli olacaq, 40 nəfərdən ibarət olacaq və cəmi iki ay çəkəcək. Mən də bununla razılaşdım. Ancaq sonra nədənsə bu danışıq, yəni bu razılaşma pozuldu. Bu, əlbəttə ki, çox məyusedici bir məqamdır. Çünki biz ciddi adamlarıq. Burada ciddi söhbətlər gedir. Biz nəyisə razılaşdırırıqsa, hətta şifahi olsa belə, buna əməl etməliyik. Necə ola bilər? Bir müddət sonra Avropa İttifaqının yüksəkvəzifəli şəxsi demişdi ki, missiya uzadılacaq. Ondan sonra Fransanın xarici işlər naziri demişdi ki, biz missiyanı uzadacağıq. Əlbəttə, biz dərhal hərəkətə keçdik və izahat tələb etdik. Bu, nə məsələdir? Siz bunu necə uzadacaqsınız? Siz axı bu missiyanın göndərilməsini bizimlə razılaşdırmısınız. Nə üçün? Çünki bu, bizim sərhədimizin yanında olacaq. Necə ola bilər ki, bizimlə bu razılaşdırılmasın?

Dekabrın 19-da bu missiyanın müddəti başa çatmalı idi, siz də getməli idiniz öz yerlərinizə. Yəni bu, bizi aldatmaq deməkdir. Biz bundan sonra sizinlə necə işləyək, necə müzakirə aparaq? Əgər siz bizi burada iki ay keçmədən belə xırda məsələdə, - yəni əslində, o qədər də ciddi məsələ deyil, - aldadırsınız. Ondan sonra nə etdilər? Ondan sonra rəsmən dekabrın 19-da missiyanın fəaliyyətini dayandırdılar. Amma dekabrın 20-də yeni missiya göndərdilər. Bu da sadəcə olaraq, manipulyasiyadır. İndi yeni missiyanın nümayəndələri Ermənistandadır, orada yüksəkvəzifəli şəxslərlə görüşlər keçirirlər. Bizdə olan məlumata görə, fevral ayında böyük heyətlə yenə də oraya göndəriləcəklər. Yenə də bizimlə razılaşdırılmadan".

Dövlət başçısı əlavə edib ki, Ermənistanın ən yaxın müttəfiqi, eyni zamanda, ATƏT-in missiyasını da göndərmək fikrində idi, biz isə buna etiraz etdik: "Çünki ATƏT-də belə məsələlər konsensus əsasında qəbul edilir, həll olunur. Biz əlbəttə, dedik ki, biz konsensus verməyəcəyik. Onda orada qaydalarda bir boşluq taparaq ATƏT-in bir heyətini də konsensussuz oraya göndərmişdilər. Yenə də manipulyasiya, yenə də saxtakarlıq. Bu saxtakarlıq üzə çıxandan və biz etirazımızı bildirəndən sonra Ermənistanın ən sevimli müttəfiqi bunu ATƏT-in fəaliyyətdə olan həmsədrinin - Polşanın üstünə yıxmağa çalışırdı ki, bizim xəbərimiz yoxdur, bunu Polşa edib. Yəni bu detalları bir az açmaqla, sadəcə olaraq, mən riyakarlığın dərəcəsini sizin və ictimaiyyətin diqqətinə çatdırmaq istəyirəm ki, biz öz haqqımızı tələb etmək üçün görün, kimlərlə və nələrlə üzləşməli oluruq".

Azərbaycan bu gün dünyada etibarlı tərəfdaş kimi tanınır və qəbul edilir. Avropa İttifaqı ilə də, digər beynəlxalq qurumlarla da etimada əsaslanan münasibətlər qurub. Amma təəssüf ki, qarşı tərəf Fransanın pozuculuq fəaliyyətinə ortaq olaraq öz maraqlarını qurban verir, Cənubi Qafqazdakı əsas tərəfdaşı ilə münasibətlərə mənfi təsir göstərəcək qərarlar qəbul edir. Bununla da ilk növbədə özünə zərbə vurur, inamı sarsıdır. Bir vaxtlar necə ki, Azərbaycan cəmiyyətində ATƏT-in Minsk qrupuna inamsızlıq var idi, indi də Aİ öz addımları ilə vasitəçilik səylərinə kölgə salmaqla məşğuldur. Azərbaycanın mövqeyi aydındır və burada dəyişəcək heç nə yoxdur. Ona görə də Bakı ilə səmimi olaraq əməkdaşlıq etmək, prosesə həqiqətən də töhfə vermək istəyən tərəflər öz mövqelərində düzəlişlər etməlidirlər.

 

 





25.01.2023    çap et  çap et