525.Az

Estoniyadan Rusiyaya zərbə - Xaqani Cəfərli yazır


 

Estoniyadan Rusiyaya zərbə - <b style="color:red"> Xaqani Cəfərli yazır</b>

Rusiya Xarici İşlər Nazirliyi Estoniya ilə diplomatik münasibətlərin səviyyəsini aşağı saldığını açıqlayıb. Bununla əlaqədar Estoniyanın Moskvadakı səfiri Marqus Laydre yanvarın 23-də Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ona diplomatik münasibətlərin müvəqqəti işlər vəkili səviyyəsinə endirildiyi bildirilib. Bundan sonra səfirdən 2023-cü il fevralın 7-dək Rusiyanı tərk etmək tələb olunub.

Son zamanlar iki ölkə arasında münasibətlər gərginləşməyə başlayıb. Estoniya hökuməti bir neçə gün öncə Ukraynaya 113 milyon avro dəyərində hərbi yardımın göndərilməsi haqqında qərar qəbul edib. Bu, Estoniyyanın Ukraynaya fevralın 24-dən bəri ən böyük hərbi yardım paketidir. Xanım Kaya Kallasın başçılıq etdiyi hökumət görünməmiş bir addım ataraq Estoniya ordusunun malik olduğu bütün 155 mm-lik haubitsaları Ukraynaya verdiyini elan edib. Estoniyanın Ukraynadakı səfiri Kaimo Kuusk təmsil etdiyi hökumətin bu addımını belə izah edib: "Biz bu yolla presedent yaratmaq istəyirik ki, digər ölkələrin Ukraynanı lazımi silahlarla təmin etmləri üçün heç bir bəhanələri qalmasın". Çünki bəzi dövlətlər məhz özlərinin təhlükəsizliklərinin təmin edilməsini bəhanə gətirərək Ukraynanın istədiyi silahları verməkdən yayınırlar. Estoniya isə bu bəhanəyə son qoyulması üçün çox qəti addım atıb.

Estoniya bununla yanaşı, Rusiyaya münasibətdə daha bir neçə qəti addım atmağa hazırlaşır. Estoniya hökuməti Fin körfəzində sahilboyu "bitişik zona" qaydasını tətbiq etmək niyyətindədir. Bu təşəbbüslə Estoniya Xarici İşlər Nazirliyi çıxış edib. Əgər Nazirlər Kabineti bu təklifi dəstəkləsə və 24 dəniz mili məsafəsində "bitişik zona" qaydasını tətbiq edərək Estoniya qanunvericliyinin təsirini bu ərazilərə yaysa, bu , Fin körfəzinin Rusiya üçün bağlanması anlamına gələcək. Bu addım Estoniyaya Leninqrad vilayəti və Kronştadt limanlarından çıxan Rusiya hərbi və mülki gəmilərini yoxlamağa imkan verəcək. İmtina edildiyi təqdirdə isə onların Fin körfəzindən keçməsinə qadağa qoyula bilər.

Xanım Kaya Kallasın başçılıq etdiyi hökumət Moskvanı qəzəbləndirəcək daha bir presedentə də imza atmağa hazırlaşır. Estoniyanın Xarici İşlər və Ədliyyə nazirlikləri dondurulmuş Rusiya aktivlərindən Ukraynaya kömək məqsədilə istifadə edə bilmək üçün hüquqi əsasların yaradılması üzərində işləyirlər. Baş nazir Kaya Kallas dekabrın 29-da Nazirlər Kabinetinin toplantısında nazirliklər qarşısında Estoniya ərazisində "dondurulmuş" Rusiya aktivlərinin müsadirə edilməsinin hüquqi əsaslarını işləyib hazırlamaq tapşırığı qoymuşdu. Estoniyanın xarici işlər naziri Urmas Reinsalu bildirib ki, aktivlərin "dondurulması" onların öz yerində qalması deməkdir. "Məqsəd həmin resurslardan Ukraynaya dəstək üçün istifadə etmək olmalıdır". Estoniya hökuməti bununla Avropa İttifaqında presedent yarada bilər. Avropa Komissiyasının rəhbərliyi Estoniyanın bu təşəbbüsünü dəstəkləyir. Estoniya hökumətində hesab edirlər ki, beynəlxalq hüquq zərərə səbəb olan tərəfin təzminat ödəməsini nəzərdə tutur. Məhz bu hüquqa istinad edərək Estoniya Rusiyanın aktivlərini müsadirə edərək Ukraynaya yönləndirmək niyyətindədir.

Baş nazir Kaya Kallas müsahibələrinin birində deyib ki, Ukrayna məğlub olsa, dünyanın digər hissəsində də azadlıq təhlükə altına düşəcək. "Ukraynanı müdafiə etməklə biz bütün dövlətlərin, o cümlədən, Estoniyanın azadlığını və demokratiyasını müdafiə edirik".

Estoniya həm təkbaşına, həm də Litva və Latviya ilə birlikdə Ukraynaya hərbi yardım göstərilməsi üçün NATO və Avropa İttifaqı üzrə müttəfiqlərinə təzyiq göstərməyə də çalışır. Estoniya Litva və Latviya ilə birlikdə "Ramşteyn formatı" kimi tanınan Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun son toplantısında Ukraynaya "Leopard" tanklarını göndərməkdən imtina edən Almaniyaya təzyiq göstərməyə çalışır. Bununla bağlı üç ölkənin xarici işlər nazirləri müraciət yayıblar. "Biz Litva, Latviya və Estoniyanın xarici işlər nazirləri Almaniyanı Ukraynanı dərhal "Leopard" tankları ilə təmin etməyə çağırırıq. Bu, Rusiyanın təcavüzünü dayandırmaq, Ukraynaya kömək göstərmək və Avropada sülhü tez bir zamanda bərpa etmək üçün lazımdır. Avropanın aparıcı dövləti kimi Almaniya bu məsələdə xüsusi məsuliyyət daşıyır".

Rusiyanı Ukrayna şəhərlərinə qarşı həyata keçirdiyi raket zərbəsinə görə terrorçu dövlət adlandıran Kaya Kallas törədilən bütün cinayətlərə görə Moskvanın cavabdehlik daşıdığını bəyan etməkdən də çəkinmir.

Rusiya Estoniyanın bütün bu addımlarını düşmən münasibət kimi dəyərləndirir. Çox maraqlıdır ki, rəsmi Moskva ilə yanaşı, Rusiya sakinlərin də Estoniyaya qarşı münasibəti pisləşir. "Levada Mərkəz"in rəy sorğusuna görə, Estoniya Rusiyaya dost olmayan ölkələr reytinqində 10-cu yerdədir. Rəyi soruşanların 9 faizi Estoniyanı dost olmayan ölkə adlandırıb. Halbuki bir il əvvəl bu rəqəm 7 faiz idi.

Rusiya rəsmiləri Ukraynaya yardım edən ölkələri, o cümlədən də, Estoniyanı tənqid etməklə yanaşı, təhdid də edirlər. Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Ukraynaya silah yardımı edən ölkələri "qlobal fəlakət" və "məhv"lə hədələyib. Dövlət Dumasının sədrindən öncə Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev və Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov da oxşar açıqlama ilə çıxış etmişdi. Vyaçeslav Volodin son bir ayda Ukraynaya verdikləri dəstəyə görə ABŞ və Avropanı nüvə zərbələri ilə hədələyən üçüncü yüksək rütbəli Rusiya rəsmisidir. Ekspertlər hesab edir ki, Rusiya rəsmilərinin təhdidləri reallaşsa, hərbi zərbənin ilk hədəflərindən biri Estoniya ola bilər. Lakin belə görünür ki, Rusiya rsəmilərinin təhdidləri kiçik Estoniyanı çox da narahat etmir. NATO Nizamnaməsinin məşhur 5-ci maddəsinin yaratdığı təhlükəsizlik çətirinin altında özünü toxunulmaz hesab edən Estoniya Rusiyaya ard-arda zərbə endirir.

 

 





25.01.2023    çap et  çap et