525.Az

Baş qatmaq üçün alınan oyuncaqlar... - Şahanə Müşfiq yazır


 

Baş qatmaq üçün alınan oyuncaqlar... - <b style="color:red"> Şahanə Müşfiq yazır</b>

Bu günlərdə türkiyəli şair, yazıçı, jurnalist, İstanbul Oyuncaq Muzeyinin qurucusu Sunay Akının belə bir fikrinə rast gəldim. Ədib yazır: "İnkişaf etmiş ölkələrdə uşaqlar üçün oyuncaqlar alınır. Uşağın qabiliyyət və intellektini artıran oyuncaqlar... Uşaq həmin oyuncaqla oynayarkən ana-ata onu müşahidə edirlər. Valideynlər uşağın oyunlarına baxaraq bacarıqlarını ölçürlər. Həmin cəmiyyətlərdə oyuncaq valideynlər və uşaqlar arasında "sağlam körpü"yə çevrilir. Bizdə isə oyuncaq uşağın valideynlərindən uzaqlaşması üçün alınır. Uşaq üçün oyuncaq alınır ki, ayaq altında gəzməsin, bir küncdə başını qatsın, sual verməsin... Bu qədər çox fərq var. Uşaqlıq insan həyatında mümkün qədər tez keçilməli olan bir dövrdür. "Ah, bu uşaq böyüsəydi..!" deyirik. Halbuki UŞAQLIQ insan həyatının ən gözəl dövrüdür. Oyuncaqlar uşaqlara xəyalları, arzuları çoxalsın deyə deyil, başını qatsın deyə alınır..."

Oxuduğum andan etibarən diqqətimi çəkən və məni düşünməyə vadar edən bu fikirlər, həm də öz cəmiyyətimizə nəzər salmağıma səbəb oldu. Bəli, təəssüf ki, bizdə də valideynlər uşaqların qayğılarına bəzən səbrlə yanaşa bilmir, ya qatı qanunları, ya da bu cür oyuncaqlarla, indiki dövrümüzdə telefon, planşet, kompüter kimi texnoloji vasitələrlə onların başını qatmağa, özlərindən uzaqlaşdırmağa çalışırlar. Valideyn aldığı oyuncağı uşaqla birlikdə oynamaq, ya da uşaq oynarkən onu seyr edib, övladını kəşf etmək yerinə, öz işlərinin, gündəlik qayğılarının, ya da sadəcə istirahətinin arxasıyca getməyi üstün tutur. Təəssüf ki, biz uşaqlığın qiymətini, onun övladımızın şəxsiyyət kimi formalaşmasındakı ən böyük faktor olduğunu anlamır, ya da ciddiyə almırıq. Buna görə də cəmiyyətə öz içinə qapanıq, çəkingən, kompleksli, sosial bacarıqlara sahib olmayan, insanlardan qaçan, ya da insanlarla dil tapmağı bacarmayan fərdlər və həmin fərdlərin bu əskikliklərindən yaranan həyat problemlərini hazırlayırıq.

Bəs görəsən, həqiqətənmi bütün bunlar üçün oyuncaq seçimi və oyuncaqla davranış böyük önəm daşıyır? Valideynlər övladlarına oyuncaq seçərkən nələrə diqqət etməlidirlər?

 

"Doğru oyuncaq körpənin sosial və zehni bacarıqlarını artırar"

 

Mövzu haqqında qəzetimizə danışan "Azərbaycan Psixiatriyasına Dəstək" İctimai Birliyinin sədri, "Nefes" Psixi-Sağlamlıq Akademiyasının uzman psixiatrı, uşaq və yeniyetmə psixiatrı Aydan İsgəndərzadə deyir ki, oyun körpələr və uşaqlar üçün bir öyrənmə şəklidir: "Hər yeni təcrübə, fərqli bir hadisə uşağın gələcəkdəki zəkasının, xəyal gücünün və yaradıcılığının təməllərini atır. Hal belə olunca, ana-atalar körpələrinə oyuncaq seçərkən yalnız şirinliyinə, əyləndirici olmasına deyil, oyuncağın sağlam və etibarlı olmasına, körpələrinin inkişafına kömək olmasına da diqqət göstərir.

Bir oyuncaq seçərkən nəyə diqqət edilməlidir? İlk növbədə oyuncaq təhlükəsiz materiallardan hazırlanmalıdır. Uşağın yararlana biləcəyi, kəskin çıxıntılı hissələri və iti küncləri olmayan oyuncaq olmalıdır. Rənglər mümkün qədər təbii olmalıdır. Oyuncaqlarda bakteriyaların yığılmaması üçün mütəmadi olaraq təmizlənməyə uyğun olmalıdır.

Diqqətlə seçilmiş oyuncaqlar uşaqlarda sağlam bir fiziki və psixoloji inkişafı təşviq edə bilər. Doğru oyuncaq körpənin sosial və zehni bacarıqlarını artırar, nitqin və yerimənin tez başlamasına səbəb olub, məntiq və xəyal gücünü artıraraq uşağın sağlam inkişafına təsir göstərə bilər. Valideynlərə demək istərdim ki, uşağınızı izləyin, qulaq asın və nəyi sevib, nələrlə maraqlandığına diqqət yetirin. Körpənizlə birlikdə böyüyün və onunla bol-bol oynayın!"

 

"Oyuncaqlarla çox oynamaq emosional ehtiyacdan irəli gələ bilər"

 

Psixoloq Elmir İsgəndərov isə deyir ki, uşaqlara çox oyuncaq almaq edilən ən böyük səhvlərdən biridir: "Bəzən valideynlər düşünür ki, uşağa nə qədər çox oyuncaq alsa, o qədər yaxşı inkişaf edər. Amma əslində bu, belə deyil. Uşaqların oyuncaqları mümkün qədər az olmalıdır. İlk olaraq uşaqlara hər yaşa uyğun oyuncaq almağa diqqət etmək lazımdır. İkincisi, xüsusən, 3 yaşından sonra hər cinsin özünə uyğun oyuncaq alınmalıdır. Yəni qızlara qız oyuncağı, oğlanlara oğlan oyuncaqlarının alınması tövsiyə olunur.

Oyuncaqların müəyyən bir hədəfi olmalıdır. Oyuncaq uşağın başı qarışsın deyə istifadə olunan bir ləvazimat və ya vasitə deyil. Hər oyuncağın bəlli bir məqsədi olmalıdır. Hansı oyuncaqla biz uşağa nə öyrətmək istəyirik?! Valideynlər buna diqqət etməlidirlər. "Get oyna" yox, "Gəl, oynayaq!" prinsipinə riayət etmək lazımdır. Uşaq oyuncaqlarıyla təkbaşına oynayan zaman inkişaf etmir. Uşaq valideyniylə, insanla oynayarkən inkişaf edir. Oyuncağın çoxluğu hədəf olmamalıdır. Ola bilər ki, az oyuncaqla uşağa çox şey öyrədə bilərik. Oyuncaqların çoxluğu daha sonra uşaqlarda diqqət dağınıqlığı, qavrama çətinliyi, paxıllıq, xəsislik, asosiallıq və sair kimi fəsadlara səbəb olur. Uşağın hər istədiyini almaq onu inkişaf etdirməz, əksinə, onu geriyə aparar. Oyuncaqlarla çox oynamaq bəzən də emosional ehtiyacdan irəli gələ bilər. Uşaq istədiyi vaxt tapa bilmədiyi, çata bilmədiyi ana-atasını oyuncaqlarla əvəz edə bilər. Bu, çox acınacaqlı haldır".

Beləliklə, boşuna deməyiblər ki, bəzən ən həyati məsələlər detallarda gizlənir. Deməli, uşaqların düzgün tərbiyə olunmasında, doğru şəxsiyyət kimi yetişməsində çox zaman etinasız yanaşdığımız, sadəcə uşağın başını qatmaq, işlərimizi rahat görmək üçün aldığımız oyuncaqların və onlarla davranma şəklimizin, az qala, həyati önəmi varmış. Ümid edirik ki, artıq bizim cəmiyyətimizdə də bu kimi hallara daha həssas yanaşılacaq və valideynlər uşaqlarına oyuncaqları Sunay Akının dediyi kimi, başını qatsın deyə deyil, xəyalları, arzuları çoxalsın deyə alar...

 





25.01.2023    çap et  çap et