525.Az

Göz yaşının kölgəsi - Barat Vüsal yazır


 

YAXUD YALNIZLIĞIN YALQUZAQ SƏSİ

Göz yaşının kölgəsi - <b style="color:red"> Barat Vüsal yazır</b>

Adamın özü olanda öz sözü də olur.

Adamın öz sözü olanda özü də olur!

Sən demə, bütün dahi şairlər eyni şairlərmiş. Adlarından başqa!

Şairlər eyni şeyi yazırlarmış.

Sən demə, "Mənim bütün əsərlərim, dramaturgiyam da, poeziyam da bir şeirdir" deyən Vaqif Səmədoğlu həm də bir zamanlar "Divanam, nöqtə şəklində" söyləyən Nəsimiymiş. "Şeirə söykənib baxmaq istəyirəm dünya dediyimiz şeyə" deyəndə Əli Kərim kimi başını Sözün yamacına qoyubmuş.

"Hər itkim bir şeirə dönür" söylərkən Şəhriyar olub "Hər şeirim ən yaxın əzizlərimi itirməyimin hesabına yaranıb" qənaətinə gəlibmiş.

"Özümü öldürmək istəmişəm iki dəfə" yazanda, iki dəfə intihara cəhd etmiş atası Səməd Vurğunu xatırladırmış...

Səməd Vurğun dörd dəfə şair olduğuna peşman olduğu kimi o da "Hayıf, min hayıf, kaş şair olmayaydım" deməyə məcbur olmuşdu (Məcbur edilmişdi!)

Professor Tofiq Hacıyev "Yeni ədəbiyyat yaranır" adlı məqaləsində Vaqifin dahiyanə poeziyası qarşısında heyrətini bildirəndə bir ittihamı da eyləməyi özünə borc bilmiş, "Hayıf, Vaqifi hamı oxumur, çoxları onu Moşu Göyəzənliyə görə tanıyır" deyərək təəssüfləndiyini bildirmişdi.

Halbuki vaxtilə "Yol" qəzetinin dərc etdiyi məlumata görə, 1996-cı ilin aprelində Azərbaycan şairi Vaqif Səmədoğlu şeirlərinə və milli azadlıq hərəkatındakı roluna görə Nobel mükafatına təqdim edilmişdi.

Keçən əsrin 80-ci illərində polyak "Həmrəylik" təşkilatının intelektualları Vaqif Səmədoğlunu "Elitar poeziyanın sonuncu mogikanı" adlandırmışdılar.

Latviyada şeirləri məktəb proqramına daxil edilmişdi.

lll

1999-cu ilin dekabrında Vaqif Səmədoğlu həyat yoldaşı Nüşabə xanıma bağışladığı kitabında "Məni zülmətdən işığa çıxaran, taleyimin bəxt üzüyünə dönən, ömrümün mənası və yaraşığı olan sevgilim, Dostum Nüşabə xanıma-diz üstə əllərindən öpərək" avtoqrafını yazarkən görəsən, ağlına gələrdimi ki, bir gün ona Nüşabə xanım onun haqqında yazdığı xatirələr kitabı ilə təzə heykəl qoyacaq?!

"Bəxt üzüyü" filmində şairin qəhrəmanlarından birinin üzüyü itir, tapılmır.

Həmin üzüyü Nüşabə xanım öz əsəriylə tapıb həm həmin qəhrəmana qaytardı, həm də Vaqifin qəlbini bu üzüntüdən bir yolluq qurtardı...

lll

Vaqif Səmədoğlu özünü də, sözünü də yaxşı tanıyırdı. Özünü də, sözünü də çoxdan tapmışdı. "Özümçün gerçəkdən darıxıram hərdən" deməyə haqqı vardı! Nə yaxşı ki, V.Səmədoğlu hər darıxanda belə darıxırmış. Bilirmiş ki, şairin sənəti odu: iş yeri darıxmaqdı".

Və həm də bilirmiş ki, şairin vəzifəsi də oxucularını, onu sevənləri darıxdırmaqdı.

Özündən ötrü! Sözündən ötrü!

Alman şairi Göte deyirmiş ki, "Ağıllı insan çox bilən deyil, özünü tanıyandır".

V.Səmədoğlunun özünü və sözünü necə yaxşı tanıması baxımından da Nüşabə xanımın yazdığı xatirələr kitabı Vaqifin xarakterini doğru-dürüst açır.

O, Vaqifi Vaqifin öz sözüylə, öz diliylə bir daha bizə tanıdır. Vaqifin özü haqqında dediyi bu sözlər də o qəbildəndir:

"Nizami Gəncəvi ilə görüşmək istəməzdim. Öyüd-nəsihət verməyə başlayacaq o saat. Amma Füzuliylə görüşərdim, o, ruh şairidir".

lll

"Anam məni çağa ikən kəfənə bələyibmiş" yazırdı Vaqif. Böyük sələfi M.V.Vidadinin "Qəbrə girmədən qəbrim doldu qan ilə" fəryadını xatırlayırsınızmı?

Bu paraleli bir daha ona görə aparmıram ki, Vaqifin fikirlərinin yalnız kimlərinsə fikirləriylə səsləşdiyini bildirim. Həm də ona görə xatırladıram ki, istəyirəm Vaqifin ruhunun da bir vaxtlar necə Vidadiləşdiyinin, Nəsimiləşdiyinin, Səmədləşdiyinin, Şəhriyarlaşdığının şahidi olsun oxucular.

Görsünlər ki, böyük adamlar böyük köklərə bağlı olanlardır, böyük kökdən rişələnib özləri də daha böyük kökə dönənlərdir!

"Qardaşlar bir atadan, anadan olanlar deyil, bir Allahdan olanlardır". Elə şairlər də, Vaqif Səmədoğlu!

Bu iman, bu inam qarşısında adamın sevincdən gözləri yaşarır, ağlamağı gəlir. Xüsusən də görəndə ki, V.Səmədoğluya görə göz yaşının da, yağışın da kölgəsi varmış. İnsanın, Ağacın, Dağın-daşın kölgəsi kimi!

 

...Yağış kölgəsi çiləyir,

Payız kölgəsində duran

başıaçıq musiqiçinin üstünə.

...Ağlayır insan kölgəsi.

...Damır, damır

valsın açıq yaxasına

damla-damla

göz yaşının kölgəsi...

lll

Vaqif Nüşabə xanımı çox sevib, Nüşabə xanım da Vaqifi! Lap Leyli-Məcnun sayağı! Biz Leyli-Məcnun sevgisini eşitmişdik. Məcnun Leylinin qəbri başında olarkən bir qarışqaya necə yalvardığını da bilirik: "Leylinin cəsədində nəyə toxunursan toxun, bircə xalına toxunma!"

Biz dekabristlərin qadınlarının ərlərinin yolunda fədəkarlıqlar göstərdiklərini də tarixdən, Nekrasovun məşhur poemasından da yaxşı bilirdik. Ərlərinin dalınca Sibirə - onların sürgün olunduqları yerə getdiklərini, yollarda hansı məşəqqətlərə qatlaşdıqlarını da eşidib, oxuyub yetərincə təsirlənmişdik.

Amma heç yerdə qadının öz əri haqqında fədakarcasına dediyi bu sözləri eşitməmişdik: "Uşaqlığımın, gəncliyimin, bütün ömrümün üstünə "Vaqif Səmədoğlu" sözləri yazıldı".

Göründüyü kimi, akademik R.Hüseynovun təbirincə desək, "Nüşabə xanım şərqşünasdan çevrilib oldu Vaqifşünas!"

Ədəbiyyatşünas olmaq çox asandır. Hətta təbiətşünas, lap kainatşünas olmaq da! Əsl hünər Nüşabə xanım kimi Vaqifşünas olmaqdır.

Yaxşı ki, Nüşabə xanım kimi Vaqifşünasımız var! Bu adın böyüklüyünü o, özü də yaxşı dərk edir, yazır: "Vaqifşünas adı mənimçün bütün elmi dərəcələrdən, elmi adlardan daha yüksək fəxri addır!"

Vaqifi kim sevmir və kim sevməz ki?!

Dahi şair haqqında xatirələr müəllifi çox doğru deyir ki, "Öz qadınına yazdığı şeirləriylə qürur duyan ikinci bir adam tanımıram mən".

lll

Xatirələr kitabında Vaqif Səmədoğlunun hətta bütün gizlinləri də açıq-aşkar açılıb böyük səmimiyyətlə qoyulub ortaya.

Nüşabə xanım bu günün özündə də Vaqiflə ölü adam kimi yox, diri adam kimi danışır. Bax, belə: "Biz kimisə bu dünyaya gəlmək haqqından məhrum etdik, günaha batdıq. Peşmanlıq hissi oldu sonralar. Doğulmayan körpəyə şeir də yazmaq istədin. Dedin: "Deyəsən, ən qəmli şeirimi yazacağam. Kədəri səndən uzaqlaşdırmaq üçün".

"Vaqif, niyə təəssüflənirsən, əvəzində Səni "doğmuşam". Sən milyon uşağa dəyərsən", - dedim".

Gəlin, açıq deyək: Dünyanın belə eşq hekayəsi, belə sevgililəri ("Ana-bala"ları! çoxmu olub?)

...Nüşabə xanım Vaqifin özünün də bir körpə olduğunu, bir uşaq olduğunu nə gözəl verib bu kitabda. Axı doğrudan da dünyanın ən böyük şairləri ən böyük uşaq olduqları üçün dahi olublar! Uşaq ola bilməyənlər böyük sənətkar ola bilmirlər!

Görün, Vaqifin də bir məsum uşaq olduğu (uşaq təbiəti!) necə də ustalıqla açılıb bir neçə cümlədə. Nüşabə xanım xatırlayır:

"Bir gün mənə dedin: Dəmiryolu istəyirəm quraşdırım evdə. Üstündə qatarlar getsin. Al da, mənimçün!"

lll

Vaqif Səmədoğlu təkcə Nəsimi, Vidadi, Abbas Tufarqanlı, Səməd Vurğun kökündən gəlmirmiş. Onun bir şeiri var: "Mənə şeir yazmaq öyrət, canavar izi!" V.Səmədoğlu həm də Canavar-Bozqurd kökündən, izindən gəlirmiş!

Nüşabə xanım bunun belə olduğunu da yaddaşında qoruyub yaxşı-yaxşı saxlayıbmış. "Bakıya Yesentukidə aldığı tünd-boz rəngli yarım metrlik, üzünü yuxarı tutub ulayan Canavar heykəliylə qayıtdıq.

- Nuşa, Bozqurd türk xalqlarının müqəddəs heyvanıdır, - deyə aldım.

Nə vaxtsa səndən soruşmuşdum. "Hansı heyvana çevrilmək istərdin?

- Canavara!"

Aman Allah, doğrudan da ot kökü üstə bitirmiş, alma budağından gen düşmürmüş!

lll

Kitabda yer almış Siyavuş Məmmədzadənin "Vaqif Səmədoğlu polifonik şəxsiyyətdir. Mən hətta deyərdim ki, o, orkestr adamdır" - sözləri də dahi şairimizin xarakterini hər tərəfli şəkildə açmaq, çözmək baxımından çox əhəmiyyətlidir.

Bir adam ki, bir bülbülün tək olmağına dözmür, onu başqa bir bülbüllə "evləndirir" - nə böyük ürəyi varmış onun!

Ürəyi bülbül ürəyiymiş ki!

O, "Ölümün üstünə yüyürdüm" deyəndə də toya, nişana yüyürürmüş kimi yüyürürmüş!

"Nəyə vaxtın çatmır?" sualına belə cavab verirmiş: "Yaşamağa!"

Ölümə doğru yüyürən bu adam ölüm ayağında da öz zarafatından qalmırmış. Rejissor Eldar Quliyev ondan soruşanda ki, "Vaqif, necə kömək edə bilərəm sənə?"

- Eldar, bu filmi Əzrayıl çəkir. Sən isə ona montaj işində kömək edə bilərsən!" deyib, gülümsəyib.

V.Səmədoğlu ölümün üstünə gülə-gülə, qaça-qaça getməyi bacarmasaydı, xanımının da xatırlatdığı kimi deyə bilərdimi ki, "Ölümdən qorxmuram, çünki mən onu tanımıram. Və hamını yasıma dəvət edirəm!"

Ürfanı baxışa, təbiətə, ruha baxın, Siz Allah! Qurd ürəyi yeyibmiş bu şair!!!

Yoxsa deyə bilərdimi ki:

"Nuşa, bağışla, mən çox şıltaqlıq edirəm, nə olar, öldür də məni! Vallah, heç kimə demərəm!"

Və görür ki, Nişanın əli gəlməyəcək onu öldürməyə, özü yıxılıb ölür. Son nəfəsdə deyir: "Nuşa, mən ölürəm".

Bu, onun son sözləri olur.

lll

Nüşabə xanım o anı belə xatırlayır. "Fərman təzə çapdan çıxmış ikicildlik "Dramaturgiya" kitablarını gətirir... Gecdir".

Xatirələr... xatirələr... xatirələr...

Şairin nəşini məscidə yumağa aparırlar. Ölümdən də insafsızcasına öldürür bir səhnə insanı! "Bacımın kürəkəni Mətin dedi ki, məscidin həyətinə qış vaxtı oxuyan quşlar hardan gəldi, bilmirəm".

lll

Vaqif Səmədoğlu öləndə yağış yağmağa başlayıb. "Deyirlər, yağışın yağması həyatdan köçən yaxşı insan üçün təbiətin axıtdığı göz yaşıdır".

V.Səmədoğlu deyirmiş ki:

 

Bir bayraq da enməyəcək,

Mən dünyadan köçəndə.

 

Yanılırmış şair.

"Gənc ədib Sərxan Carçı bu şeiri oxuyaraq evində olan Azərbaycan bayrağını endirdi".

lll

Bir xalq bayatısında deyilir ki, "Bir ayrılıq, bir ölüm - heç biri olmayaydı".

Amma oldu yenə.

Ölüm də! Ayrılıq da!

Ölümdən (ölümündən!) qorxmayan kişinin qadını da, sən demə, Ayrılıqlardan qorxub-eləmirmiş. Ürfani ruhla "Ey Ayrılıq, gəl, yaramı sarı!" deyib Ayrılığı utandırır, yaxıb-yandırırmış! Şairi (ni!) sağ-salim bilir, ona həsr etdiyi bir şeirində bu misraları pıçıldayırmış. Əlbəttə ki, ilk növbədə şairin qulağına!

 

...Hər səhər otağınla salamlaşır,

  Gecələr sağollaşıram.

...Araqçınını sıxıram

sinəmə bərk-bərk,

Öpüşürəm içində qalan ətrinlə.

 

Vaqif Səmədoğlu məhz belə ülvi məhəbbətli, dəyanətli, fədakar qadının yolunu o dünyada 50 il gözləyəcəyini deyib getmişdi bu dünyadan.

Və nə qədər haqlıymış! Özü də nə qədər böyük məhəbbət sahibiymiş. Aşiqmiş!

lll

Atası Səməd Vurğun şairliyi böyük dərd adlandırsa da, Vaqif Səmədoğlu məsələni bir az da kəskinləşdirirdi, şairliyi "ilahi bəla" hesab edir, yazırdı: "Qardaşım Yusifin, dostum Anarın başlarına gələn ilahi bəlaya mən də düçar olmuş, ədəbiyyatın, poeziyanın tilsiminə düşmüşdüm".

O, nəinki ilahi bəlaya düşmüşdü, üstəlik, məşhurların diqqətini çəkən pianoçu da olmuşdu. K.Simonovun dostu professor Fliyer onu dinləyən kimi qətif ikrini belə açıqlamışdı:

"Sizin Şərqdə şair çoxdur, amma belə əlləri olan pianoçu azdır".

Lakin şair həyatını poeziyaya qurban vermişdi.

lll

Vaqif Səmədoğlu öz şair fəhmiylə həmişə uzaqlara - "Uzaq yaşıl ada"ya baxırdı. O, bugünkü Zəfərimizi də irəlicədən hiss etmişdi, görmüşdü.

Qarabağ torpaqları kimi, Vaqifin Məqbərəsinin də uzun müddət işğalda, qar altında qalmayacağına əmindi. Bilirdi ki, bir gün Qarabağ torpağının, eləcə də Molla Pənah Məqbərəsinin üstündə buza dönmüş qarı da nə əridəcək, kim və kimlər əridəcək!

Həmin suala şair bir mənalı şəkildə belə cavab yazmışdı:

"Əsgərlərimizin nəfəsi!

O gün onun Məqbərəsinə baş çəkəcəm.

Deyəcəm:

- Salam, adaş! Xoş gördük, nənəm Məhbubun babası!"

Əzizimiz Nüşabə xanım! Bu cür təkcə xatirələr kitabı yox, böyük bir əsər yazdığın üçün sənə sonsuz təşəkkürlərimi bildirirəm!

Qaldı o məsələ... Yəni 50 ildən sonra Vaqifin yanına getmək məsələsi. İnanmıram ki, buna ehtiyac olsun. Hamı yaxşı bilir ki, Vaqif Səmədoğlu sənə - görkəmli  Vaqifşünasa, görkəmli Gözəlşünas bir şair kimi vurulmuşdu.

O, Vaqifdi!

Vaqifə hamımız yaxşı bələdik.

O dediyi 50 il var, ha, ona qədər bir də gördün, Vaqif budu, qayıdıb, gəlib. Gəlib bir daha sənə vurulmağa!

Orda səni 50 il gözləməyə onda səbr, hövsələ hardandı?!

 





25.01.2023    çap et  çap et